QURTULUŞDAN BAŞLANAN DAVAMLI

İNKİŞAF VƏ MÜASİRLƏŞMƏ

 

Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini zaman keçdikcə daha dərindən dərk edir, böyük qürur hissi keçiririk. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan kimi qüdrətli dövlətin vətəndaşı olması ilə fəxr edir, uğurlarımızın dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inam və qətiyyətlə bildirir.

 

Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Hakimiyyətinin hər iki dövründə bütün fəaliyyətini Azərbaycanın qüdrətlənməsinə, zənginləşməsinə yönəldən ümummilli lider Heydər Əliyev qarşıya bu mühüm vəzifəni qoymuşdur: «Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.»

Ulu Öndərin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi bizləri hər zaman müstəqilliyimizin ilk illərində yaşanan duruma nəzər salıb, bugünkü uğurlarımızı düzgün dəyərləndirməyi bir tələbə çevirir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ucbatından dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Silahlı qüvvələrin ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi torpaqlarımızın işğalına geniş yol açmışdı. Xalqın sabaha ümidi yox dərəcəsində idi.

Belə çətin anlarda ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider uğurlu daxili və xarici siyasəti ilə yeni, müstəqil Azərbaycanı qurdu. Dahi şəxsiyyət 1992-ci ildə xalqın istəyini özündə əks etdirən 91 nəfər ziyalının müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabında da bu fikirləri xüsusi qeyd etmişdir: «İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan idarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir.»

15 iyun 1993-cü il əbəs yerə tarixə Milli Qurtuluş Günü kimi daxil edilməyib. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsası kimi dəyərləndirilir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazılıb. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.

2005-ci ildə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə Prezident İlham Əliyev 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını bildirərək bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək söyləmişdir: «O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.»

Ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi dövlət siyasətinin əsasında dayandı. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsi ölkəmizin bu gününə və gələcəyinə olan inamın ifadəsi kimi dəyərləndirildi. Bu reallıq hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, mailk olduğu təbii resurslara görə dünyanın diqqətində olub.

Lakin müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Xarici investorlar ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması Azərbaycana investisiya axınını sürətləndirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının günbəgün artmasına stimul oldu.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr icra olunur. Heydər Əliyev bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur.

Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixində qazandığı uğurların təhlili fonunda bir daha bu reallıq özünü təsdiqləyir ki, hər bir ölkənin inkişafı, tərəqqisi onun güclü, gələcəyi düşünən liderinin olması ilə şərtlənir. Dünya tarixinin təcrübəsi də göstərir ki, böyük şəxsiyyətlərin ideyaları ölkədə baş verən proseslərə çox ciddi təsir göstərir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyaları ölkəmizin qarşısında daim yeni-yeni imkanlar açır, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amilə çevrilir. Məhz bu fonda «əbədiyaşar lider» məfhumu yaranır. Dahi şəxsiyyət Heydər Əliyevin «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» fikri də onun əbədiyaşarlığının təsdiqi, Azərbaycanın qarşıdakı illərdə əldə edəcəyi uğurların bələdçisidir.

Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. «Heydər Əliyevin əsəri olan Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır» söyləyən cənab İlham Əliyev Prezident kimi faliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayaraq «Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm» bəyan etdi. Son on bir ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Qeyri-neft sektorunun inkişafını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyevin atdığı biri-birindən əhəmiyyətli addımlar göz qabağındadır. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışandan sonrakı dövrdə təsdiqlənən, 1993-1995-ci illəri əhatə edən «Azərbaycanda sahibkarlığın Inkişafı Dövlət Proqramı», «Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı»nın ardınca «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)», «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» uğurla həyata keçirildi. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası növbəti ikinci və üçüncü Dövlət Proqamlarının qəbulunu və uğurlu icrasını zərurətə çevirdi.

Hazırda «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» (2006-2015-ci illər)”, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı», eyni zamanda regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramları uğurla icra edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq inkişaf proqramlarının əsas məqsədlərinə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritetlərdir.

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalırsa, bu dinamikanın özü düşünülmüş siyasətin uğurlu nəticəsidir. İqtisadiyyatın düzgün təməl üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına səbəb oldu. Zəngin təbii resurslara malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini artırır, həm də maliyyə imkanlarını genişləndirməklə iqtisadiyyatın şaxələndirilməsinə, mühüm sosial layihələrin həyata keçirilməsinə nail olur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi qeyri -neft sənayesinin ənənəvi istehsal sahələrinin ( hərbi və kimya sənayesi, metallurgiya, elektrotexnika, elektronika, yüngül, yeyinti sənayesi) inkişaf etdirilməsi ixrac imkanlarının artırılması, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması ilə qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlbi bütünlükdə iqtisadi tərəqqi üçün başlıca amil və mənbədir.

Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi kimi mərhələr üzrə qəbul olunan və icrası uğurla başa çatdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsi ilə Azərbaycanın qüdrətli ölkələr sırasına çıxarılması kimi mühüm vəzifələr həllini tapıb.

İnzibati amirlik üsul-idarəsi yeni rəqabət münasibətləri- bazar iqtisadiyyatı ilə əvəz olundu, ümummilli lider Heydər Əliyevin hazırladığı neft strategiyasının həyata keçirilməsi ilə əldə olunan neft gəlirləri bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektorunun formalaşdırılmasına yönəldildi, özəl bölmənin inkişafı təmin olundu. Bu siyasəti uğurla və yeni, müasir tələblər səviyyəsində davam etdirən Prezident İlham Əliyevin qətiyyəti ilə Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzu artdı, ölkəmiz dünya birliyinə inteqrasiya yolu ilə irəliləyərək yeni geoiqtisadi məkanda önəmli, etibarlı, strateji tərəfdaşa çevrildi. Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin məntiqi uğuru olan Azərbaycan iqtisadiyyatının şaxələnməsi ilə sənayedə mühüm nailiyyətlər qazanıldı.

Bu gün böyük inam hissi ilə qeyd edirik ki, müstəqil daxili və xarici siyasətə, iqtisadi qüdrətə, siyasi iradəyə malik Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. Şaxələnmiş iqtisadiyyatı 3 dəfədən çox artan ölkəmizdə sənayenin, aqrar sahənin, qeyri -neft sektorunun inkişafı da diqqətdə saxlanılmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən rəqəmlər gələcək inkişaf barədə aydın mənzərə yaradır.

Belə ki, 2004-cü ildən bu günə qədər qeyd olunduğu kimi, ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Son 11 ildə Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bir milyon 360 min yeni iş yeri yaradılıb ki, bunların bir milyonu daimi iş yerləridir. İşsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. 2004-cü ildə ölkədə orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu rəqəm 565 dollardır. Orta aylıq pensiya 24 dollar idisə, bu gün 221 dollardır. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcək. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hər ilin konkret bir sahənin adı ilə bağlanması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir.

«Biz qarşımıza məqsəd qoymuşuq ki, məhz 2013- 2023-cü illərdə ÜDM-ni iki dəfə artıraq» söyləyən Prezident İlham Əliyevin tövsiyələrindən biri də sənayenin inkişafının dinamikasını artırmaqla, iri tutumlu yeni istehsal sahələrinin yaradılmasına nail olmaqdır. Prezident İlham Əliyev bunun üçün yeni müəssisələrin yaradılmasını, iş yerlərinin açılmasını günün tələbi kimi qarşıya qoyur. Bildirilir ki, ölkəmizin perspektiv inkişaf planında bir neçə il bundan əvvəl başlanan və davam etdirilən sənayeləşmənin daha da sürətləndirilməsi, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün zəngin təbii ehtiyatlar, əmək potensialı, xammal mövcuddur. Göstərilən diqqətin nəticəsidir ki, indi ölkəmizdə əhalini ərzaqla təmin edən emal, tikinti, sənaye, inşaat materialları istehsal edən müəssisələrin sayı artmaqdadır.

Bütün imkanları nəzərə alaraq 2014-cü il Azərbaycanda «Sənaye ili» elan edildi. Prezident İlham Əliyev bildirmişdir ki, texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin yaradılması, böyük sənaye komplekslərinin salınması ölkəmizin gələcək inkişafını təmin etməklə, iqtisadiyyatın dayanıqlığı təmin olunacaq, neft -qaz amilindən asılılıq azaldılacaq, xarici bazarlarda mövqelərimizin möhkəmlənməsi imkanları artacaq. Buna görə də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, dayanıqlı nəqliyyat sisteminin qurulması, ölkədaxili və beynəlxalq daşımaların fasiləsiz həyata keçirilməsi istiqamətində də qlobal layihələrin reallaşması nəzərdə tutulur.

İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu ilə xarici bazarlara çıxış imkanları artan Azərbaycanda əlavə tədbirlər həyata keçiriləcək. Belə ki, Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində ölkəmizin rəqabət qabiliyyətinin artırılması, yükdaşımalar ilə bağlı xərclər azaldılacaq, idxal-ixrac əməliyyatları və tranzit üçün sərf olunan vaxt itkisinə qənaət olunacaq. Biliyə əsaslanan iqtisadiyyatın qurulması, İKT-nin tətbiqi ilə «ASAN xidmət» kimi elektron xidmətlərin inkişafı prioritet kimi önəmini gələcəkdə də qoruyacaq. «Sənaye ili»ndən başlayaraq önəmli islahatların aparıldığı ölkəmizdə bütün proseslərin elektronlaşdırılması üçün əhəmiyyətli layihələrin tətbiqi genişləndirilir. «Bizim gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır» söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bu, ölkəmizdə yüksək texnologiyalar tətbiqində, müasir industrial ölkəyə çevrilməsində, yeni müəssisələrin açılmasında özünü büruzə verir.

Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri də təbii ki, aqrar sahədir. Aqrar sahənin də ən aktual mövzularından biri ərzaq təhlükəsizliyidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məsələyə də diqqət yönəldir: “Ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşdur və icra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.»

2015-ci ilin dövlət başçısı İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə «Kənd təsərrüfatı ili» elan edilməsində də məqsəd bu kimi hədəflərə nail olmaqdır. Sərəncamda da bildirilir ki, ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ- hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə imzalanan Sərəncam qarşıya qoyulan məqsədlərə çatmaq üçün mexanizm rolunu oynayır.

«Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir» söyləyən Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaq.

Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Aparılan siyasi, iqtisadi, demokratik islahatlar nəticəsində dövlətçilik ənənələrini qoruyub saxlayan, güclü iqtisadi baza formalaşdıran, modernləşən Azərbaycan orta gəlirli ölkələr sırasından yüksək gəlirli ölkələr səviyyəsinə yüksəlir. Bu tərəqqinin başlıca amillərindən söz açan Prezident İlham Əliyevin bildirdiyi kimi, yüksəliş yolundə «bələdçimiz» dəqiq konsepsiya, keyfiyyət, müasir texnologiyaların tətbiqi və əhalinin sosial müdafiəsinin yüksələn xətlə təminatıdır. «Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə dinamik, kompleks inkişaf, regionlarda aparılan quruculuq, abadlıq işlərinin davam etdirilməsi, qeyri-neft iqtisadiyyatının inkişafının dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılması bütünlükdə ölkənin ümumi tərəqqisinə təkan verir.

Əsas odur ki, islahat və layihələrdə kəmiyyətdən çox keyfiyyətə üstünlük verilir. Bu gün əldə olunan uğurlar belə əminlik yaradır ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında investisiya yönümlü dövlət büdcəsindən strateji istiqamətlərə daha çox diqqət yetiriləcək. Əvvəllər başlanmış və davam edən layihələr bəhrəsini verir. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.

«Biz strategiyamızı müəyyən etmişik və növbəti onillik üçün strateji inkişaf planlarımızı hazırlamışıq: 2013-2023-cü illəri əhatə edən inkişaf planı» söyləyən Prezident İlham Əliyev bildirir ki, hədəf qarşıdakı 10 ildə Azərbaycanı daha yüksək gəlirli ölkəyə çevirməkdir.

Bunun üçün siyasi və iqtisadi güc, potensial mövcuddur. Azərbaycanın bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirməsində də uğurlu sosial-iqtisadi islahatları önəmli yer tutur. Qarşıdakı 10 ildə əsas hədəfi ÜDM-ni daha iki dəfə artırmaq olan ölkəmizdə tarazlığın dəyişməsi və bununla əlaqədar strukturun yenidən qurulması, regional, iqtisadi əməkdaşlığın güclənməsidir. Uğurların artırılması üçün əsas istiqamətlərin yer aldığı «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da bu istiqamətlər aydın göstərilir. Əhalinin gəlirlərinin daha da yüksəlməsi, işsizlik səviyyəsinin minimuma endirilməsi inkişaf etmiş insan kapitalına malik məkan kimi mövqeyni qoruyub, inkişaf etdirən Azərbaycanın dövlətçilik siyasətində əsas prioritet kimi dəyərini qoruyur. BMT-nin İnkişaf Proqramının hesabatında Azərbaycanın insan inkişafı indeksinin orta illik tempinə görə son 10 il ərzində keçmiş sovetlər birliyi ölkələri arasında aparıcı dövlət kimi fərqlənməsi göstərir ki, ölkəmizdə milli inkişafın əsasında prioritet insan amilinə diqqətdir.

Son illərdə milli səviyyədə həyata keçirilmiş tədbirlər, ölkədə orta sinfin formalaşması üçün yaradılan şərait inkişaf etmiş demokratik cəmiyyət olan Azərbaycan iqtisadiyyatının xarakterini keyfiyyətcə dəyişir, milli istehsalçının rolunu və əhəmiyyətini artırır, müstəqil dövlət olan Azərbaycanın inkişafının və dünya ilə münasibətlər qurmasının məzmunca yeni mərhələsini zənginləşdirir. Uğurlarımız bu reallığın təsdiqidir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Yeni-yeni hədəflər yeni-yeni uğurlara yol açmaqla yanaşı, dövlətimizin həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir.

 

Şahin Məmmədov

Ağcabədi RİH-nin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

İki sahil.- 2015.- 21 aprel.- S.16-17.