Bərdədə maddi mədəniyyət nümunələri aşkarlanıb

 

Bərdə rayon mərkəzindən beş kilometr aralıda yerləşən Şortəpə abidəsində arxeoloji materiallar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, bu barədə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun Bərdə ekspedisiyasının rəhbəri, professor Arif Məmmədov məlumat verib. Ekspedisiyanın rəhbəri deyib ki, aparılan arxeoloji qazıntılar zamanı bizim eradan əvvəl VII əsrə aid olduğu ehtimal edilən müxtəlif növ əşyalar aşkarlanıb. Arxeoloji tədqiqatlar nəticəsində dörd metr enində qala divarları, bizim eradan əvvəl VII əsrə aid olan maddi mədəniyyət nümunələri müəyyənləşdirilib.

Bir neçə il bundan əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinib ki, bizim eradan əvvəl I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. Sənətkarlığın əkinçilik maldarlıqdan ayrılması nəticəsində Bərdə şəhəri meydana gəlib. Bu prosesin bizim eradan əvvəl II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının üç min ildən az olmadığı bir daha təsdiqlənir. Qazıntılar zamanı şəhərin tarixini üç təbəqədə izləmək mümkün olur. Üst təbəqə IX-X əsrləri, ikinci mədəni təbəqə II əsrdən VIII əsrədək, üçüncü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinədək olan dövrü əhatə edir.

 

İki sahil.- 2015.- 1 avqust.- S. 14.