Füsunkar təbiətli Şahbuz

 

Ölkəmizdə yay turizmi üçün ən ideal məkanlardan biri

 

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu isti yay günlərində istirahət etmək, təbiətdən zövq almaq üçün ölkəmizin ən ideal məkanlarından biridir. Bu füsunkar bölgəmizdə mövcud olan turizm potensialına və rayonun müasir inkişaf mənzərəsinə baxdıqda bir daha əmin olursan ki, buraya gələn hər bir turist Şahbuzdan xoş təəssüratlarla ayrılacaq. Şahbuza, onun kəndlərinə gələn qonaqlar üçün ekoturizm, kənd-yaşıl, tibbi-sağlamlıq, fotoovçuluq, kamp, habelə mədəni-tanışlıq turizmi üçün yaxşı imkanlar var.

Şahbuza bir bələdçi gözü ilə nəzər salaq: Şahbuz Naxçıvan Muxtar Respublikasının şimalında, dağlıq və dağətəyi ərazidə yerləşir. Rayonun, demək olar ki, bütün ərazisi bol sulu olub, iti axan dağ çayları və füsunkar təbii yaşıllıqlarla əhatələnib. Havası çox təmiz, oksingenlə bol, yayda sərin, qışda mülayimdir. Rayonda bir şəhər, bir qəsəbə və 23 kənd var. Şahbuz şəhəri və Badamlı qəsəbəsi ilə yanaşı, Kolanı, Kükü, Biçənək, Badamlı, Külüs kəndləri rayonun iri yaşayış məntəqələrindəndir. Bütün kəndlər müasir yol və digər sosial infrastruktur şəraiti ilə təmin olunub.

Şahbuzu üzük qaşı kimi dövrəyə alan sıra dağların Salvartı, Küküdağ, Keçəldağ kimi hündürlüyü 3 min metrdən yüksək olan zirvələri vardır. Yaşıl libaslı məşhur Batabat meşəsi və gözəl mənzərəli Biçənək dağ aşırımı da bu məkandadır.

Bu rayon özünün mineral bulaqları və müalicəvi dərman bitkiləri ilə təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqaz regionunda yaxşı tanınır. Dərələyəz silsiləsinin cənub yamacları, Küküdağ, Qanlıgöl və Batabatda rast gəlinən çox sayda nadir bitki, kol və ağac nümunələri özünün müalicəvi xüsusiyyətləri ilə hələ on illər öncəsindən ölkəmizdə və xaricdə yaxşı tanınıb. Şahbuzda geniş panoramalı dağlıq relyef, atmosferin təmizliyi və qayğı ilə qorunan biomüxtəliflik burada fotoovçuluğun, elmi-müşahidə turizminin və ekoturizmin müxtəlif növləri üçün geniş imkanlar açır.

Çox geniş yayılmış kənd turizmi üçün rayonun bütün kəndlərində müasir tələblərə uyğun normal şərait vardır. Mövcud sosial infrastruktur, əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəlməsi nəticəsində, xüsusən, isti yay günlərində öz tətilini sərin-səfalı Şahbuz kəndlərində keçirmək istəyənlərin sayı artır. Hazırda xaricə səfər edən iki nəfərin bir həftəlik istirahəti qiymətinə Şahbuz kəndlərinin birindəki müasir evlərdə yerləşməklə dörd nəfərlik bir ailənin bir ay müddətində istirahət etməsi mümkündür. Üstəgəl, istirahət üçün kəndə gəlmiş uşaqları yeni dostlar, təbiətin qucağında əyləncələr, bol meyvə və bir də kəndin nağıl kimi təsərrüfat həyatı ilə tanışlıq gözləyir.

Şahbuzda turizm deyərkən səyahətsevərlərin yadına ilk olaraq Batabat yaylağı, onun ətraf gözəllikləri düşür. Ancaq gəlin tələsmədən, bir az geri qayıdıb, hələ Naxçıvan şəhərindən başlayan yolumuza bir də nəzər salaq. Şahbuza gələrkən Heydər Əliyev Su Anbarına çataratmaz Salvartının zirvəsindən üzüaşağı heyrətamiz bir mənzərə açılır. Bir yandan da yayın bu istisində hamar asfaltla sürətlə irəliləyən avtomobilin pəncərəsindən içəri dolan sərin dağ havası şəhərdəki istini bircə anda unutdurur.

Məhz bundan sonra su anbarının ətrafındakı kölgəliklərdə balıq tutub istirahət etmək, yaxud Batabat yolu üzərindəki müasir restoranlarda ləzzətli təamlardan dadmaq mümkündür.

Şahbuz şəhərindən rayonun müxtəlif istiqamətlərindəki marşrutlar üzrə yola çıxdıqda turistləri çox sayda qeyri-adi mənzərələr və zənginliklərlə tanış etmək mümkündür. Rayon mərkəzindən böyük kəndlərdən biri olan Küküyə qədər cəmi 12 kilometr məsafəni avtomobillə 15-20 dəqiqəyə getmək olur. Ancaq bu istiqamətdə tanışlıq məqsədilə təkcə yolboyu səyahətimiz bir neçə saat da çəkə bilər. Misal üçün, Şahbuz şəhərindəki təmiz və səliqəli mehmanxanada gecələyib səhər sübhdən bu istiqamətdə yola çıxsaq, Qızıl Qışlağa çatmamış asfaltın lap kənarından axan iti çaydan su içməyə enmiş vəhşi dağ keçilərinin ürkək baxışlarına nə qədər desən, tamaşa etməyə dəyər. Əgər üzərinizdə fotoaparat da varsa, buradan çəkə biləcəyiniz kadrlar səyahətdən qayıdanda sosial şəbəkədəki dostlarınız üçün ən heyrətamiz sürpriz, Şahbuza edilmiş səyahətdən sonra ən yaddaqalan təəssüratlardan biri olacaqdır. Bir çıqqıltıdan sonra dağ keçilərinin ildırım sürəti ilə yox olduğu qayalıqlardan pırıltı ilə qalxan kəkliklərin qaqqıltısı isə bu günə qədər eşidilməmiş bir nəğmə kimi uzun müddət qulaqlarınızda səslənəcək.

Xülasə, belə gözəl etüdlərlə Şahbuzun Qızıl Qışlaq-Kükü, Batabat, Badamlı, Külüs-Keçili, Ağbulaq-Gömür, Nursu istiqamətlərində də bir-birindən bənzərsiz təbiət gözəllikləri, unikal fauna və flora nümunələri hər birinizi heyrətləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikasında müasir turizm infrastrukturu yaradılması baxımından Şahbuzdakı Ağbulaq İstirahət Mərkəzini də xüsusi qeyd etmək lazımdır. Bu mərkəzin əhəmiyyətini təkcə burada təklif olunan rekreasiya xidmətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Artıq neçə ildir ki, fəaliyyətdə olan Ağbulaq istirahət məkanı muxtar respublikada həyata keçirilən sosial layihələrin də bir mərkəzi halına gəlib. Belə ki, mərkəzin yaradılmasını təkcə Ağbulaq və Gömür kəndlərinin əhalisinin təsərrüfatı, gənclərin məşğulluğu baxımından deyil, həm də ilin müxtəlif fəsillərində öz asudə vaxtını səmərəli keçirən məktəbli gənclərin ekoloji tərbiyəsi və müxtəlif həssas əhali qruplarının zəruri tələbatlarının ödənilməsi baxımından da uğurlu layihədir.

 

İki sahil.- 2015.- 7 avqust.- S. 10.