Naxçıvanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub

 

 Naxçıvanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il aprelin 2-də “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunub və görkəmli sərkərdənin yubileyi silsilə tədbirlərlə qeyd edilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

 

Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli sərkərdənin yubileyinin qeyd olunması barədə Sərəncamı və bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planı, Cəmşid Naxçıvanskinin həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, portretlər, onun hərb sənəti sahəsində işləyib hazırladığı sənədlər, yazdığı məqalələr, təltif olunduğu orden və medalların şəkilləri, yubiley münasibətilə buraxılmış poçt markası, istedadlı hərbi xadimin döyüş yoluna həsr olunmuş kitablar, qəzetjurnal materialları nümayiş etdirilirdi.

 

Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün Azərbaycanın görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyini qeyd edirik. Cəmşid Naxçıvanski nəsillərə nümunə olan hərb xadimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 2 aprel tarixli Sərəncamında qeyd olunduğu kimi, “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir”.

 

Ali Məclisin Sədri deyib: Azərbaycan türkləri tarixən böyük hərb sənətinə malik olmuşlar. Bu sənətin inkişafında və davam etdirilməsində Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların da mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gənc nəsil üçün bütöv bir vətənpərvərlik dərsliyi hazırlamışlar. Cəmşid Naxçıvanski bu nəslin yetişdirdiyi altı generaldan biri idi. İlk hərbi təhsilini Tiflis Yunker Məktəbində alan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsi başlayandan sonra Qərbi Ukraynadakı qvardiya məktəbində qısamüddətli kurs keçmişdir. O, müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində əsl şücaət və qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralanmasına baxmayaraq, yenidən döyüş cəbhəsinə qayıtmış və nümunə göstərmişdir.

 

Qeyd olunub ki, Cəmşid Naxçıvanski müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnaklardan və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən Bakıya dəvət olunan Cəmşid Naxçıvanskiyə Azərbaycan Birləşmiş Komanda Məktəbinə rəhbərlik həvalə olunubilk milli atıcı diviziyanın yaradılması tapşırılıb. 1921-1931-ci illərdə milli atıcı diviziyasının komandiri olan Cəmşid Naxçıvanski 1931-1934-cü illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb, sonra isə hərbi pedaqoq kimi həmin akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında gərgin fəaliyyət göstərib.

 

Bütün bunlara baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası görkəmli sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. Sovetlər birliyi dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli fəaliyyətinə, dəfələrlə mükafatlandırılmasına baxmayaraq, Cəmşid Naxçıvanski əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılmışdı.

 

Ali Məclisin Sədri deyib: Həyat – ömrün müddətinə görə deyil, bu ömrü necə yaşamağa görə qiymətlidir. Cəmşid Naxçıvanski şəxsiyyətinin böyüklüyü ondadır ki, bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuş, həyatının məqsədini vətənə xidmətdə görmüşdür. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində almışdır. Xalqımızın Ümummilli Lideri Azərbaycanın rəhbəri seçiləndən qısa müddət sonra “Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar vermişdir. Bundan sonra Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanskinin ev muzeyi yaradılmış, bir məktəbə və küçəyə Cəmşid Naxçıvanskinin adı verilmişdir.

 

“Cəmşid Naxçıvanski qısa ömür yaşadı. Onun 43 illik ömrünün 26 ili hərb sənətinə sərf olunmuş, sıravi əsgərdən general rütbəsinədək şərəfli yol keçmişdir”, - deyən Ali Məclisin Sədri çıxışını ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri ilə tamamlayıb: “Naxçıvanlılar hərbi peşəyə keçmiş zamanlardan çox böyük maraq göstəriblər. Əgər keçmiş tarixi götürsək, burada Naxçıvanskilər, Kəngərlilər sülalələri olubdur. Onlardan böyük zabitlər, çar Rusiyasının generalları çıxıbdır. O qədər yüksək zəka nümayiş etdiriblər ki, böyük rütbələrə nail olublar. Həmin nəslin yetirmələrindən biri də Cəmşid Naxçıvanskidir. Onun xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayıb və yaşayacaqdır”.

 

Tədbirin aparıcıları Cəmşid Naxçıvanskinin diviziya komandiripedaqoq kimi müxtəlif illərdə “Bakinski raboçi”, “Hərbi bilik”, “Krasnaya zvezda” qəzetlərində dərc etdirdiyi məqalələrindən parçaları oxuyub, onun ordu quruculuğu ilə bağlı tövsiyələrini və görkəmli hərb xadimlərinin Cəmşid Naxçıvanski haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə hazırladığı “Sərkərdə” televiziya filminə baxıblar.

 

İki üsahil.- 2015.- 19 avqust.- S.6.