İlham Əliyev:  Azərbaycan bu gün zirvədədir

 

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu strateji hədəflərdəndir

 

Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.” Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir: “Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır.”

Hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Dövrün çağırışlarına yüksək səviyyədə cavab verilməsi uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənənAzərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da bu məqsədlərin gerçəkləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyev uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılmasını vacib amil kimi önə çəkir. İnkişaf Konsepsiyasının icrasında əsas istiqamətlərdən biri də məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunmasıdır.

Bir əsas məqamı da nəzərə alaq ki, büdcə iqtisadiyyatın güzgüsü olaraq gələcək inkişaf barədə aydın təsəvvür yaradır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, büdcə artdıqca məsuliyyət də artır. Cari ilin dövlət büdcəsi 25 milyard dollardan artıqdır. Dövlət büdcəsindən ayrılmalarda ilbəil artımların olması iqtisadi tərəqqiyə, ölkənin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya əsaslanır. Müdafiə xərclərindən sonra təhsilin, elmin inkişafına xeyli vəsaitin ayrılması ölkənin yüksək ixtisaslı kadrlarla təminatına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir” söyləyərkən Prezident İlham Əliyev bu vəsaitlərin ildən-ilə artırılmasında ölkədə kadr hazırlığının beynəlxalq standartlara çatdırılmasını nəzərdə tutur. Dövlətimizin başçısı onu da qeyd edir ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək. Qarşıya qoyulan məqsədə nail olmaq üçün ilk növbədə təhsilin bütün pillələrində maddi-texniki bazanın möhkəmləndirilməsinə, məktəblərin ən müasir İKT vasitələri ilə təminatına kadr hazırlığının təməli kimi diqqət yetirilir. Təhsil problemlərinin həlli istiqamətində zəruri addımların atılması, uşaqların gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olması, beynəlxalq standartlara uyğun hazırlanması üçün Azərbaycanda əsaslı baza yaradılıb. Əsas vəzifə odur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin. “Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Həmçinin, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir. Hazırda ilk peykimiz var. Biz kosmos sənayesinə malik olan ölkəyik. Buna görə informasiya texnologiyaları çox sürətlə inkişaf edir və burada gənc nəslimiz aparıcı qüvvədir” söyləyən cənab İlham Əliyev hər zaman bu fikri də önə çəkir ki, uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Müstəqil, azad, demokratik respublika kimi dünya birliyində böyük nüfuz qazanan, zəngin təbii resurslara malik, şaxələnmiş iqtisadiyyatı sayəsində maliyyə imkanları artan və möhkəmlənən Azərbaycanın daha da qüdrətlənməsi, yeni-yeni hədəflərə çatması üçün peşəkar, yüksək ixtisaslı kadrların olması mütləqdir. Ölkə Prezidenti bildirir: “İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir.” 2013-cü il “İKT ili”ndə Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasını ölkə Prezidenti belə dəyərləndirmişdir: “Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.” Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir. Ölkə Prezidenti bu inamı da ifadə edir ki, dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da müasir texnologiyaların tətbiqi nəticəsində iqtisadi uğurlarının davamlılığının təmin edilməsi xüsusi qeyd olunur. O da məlumdur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən, Azərbaycan son on ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk on ölkə sırasındadır.

Göründüyü kimi, yeni texnologiyaların öyrənilməsi və tətbiqi günün tələbi kimi kadr hazırlığını da aktuallaşdırır. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesi üçün bacarıqlı kadrların hazırlanmasında da Azərbaycan təcrübəsi özünü təsdiqləyib. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyev SOCAR-ın qarşısında müasir, güclü və rəqabətə davamlı transmilli şirkətə çevrilmək vəzifəsini qoymuşdur. Hazırda Şirkət nəinki ölkəmizdə, həm də xaricdə böyük investisiya layihələri həyata keçirir. Bu işlərin yüksək səviyyədə görülməsi üçün SOCAR elm və texnikanın son nailiyyətlərini mənimsəmiş, bacarıqlı və yaradıcı təfəkkürlü kadrlara böyük ehtiyac duyur. Neftçi ixtisaslarına əvvəlki marağı artırmaq üçün çoxşaxəli fəaliyyət proqramı mövcuddur və uğurla həyata keçirilir. Belə ki, SOCAR 2005-2006-cı tədris ilindən etibarən istedadlı məktəblilərin beynəlxalq fənn və layihə olimpiadalarında iştirakına maliyyə dəstəyi göstərir. 2007-ci ildən etibarən isə hər il Bakıda ekologiya və təbii fəlakətlər, ekstremal hallara həsr edilmiş INEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası keçirilir. İldən-ilə olimpiada iştirakçılarının sayının artması da bu reallığı ortaya qoyur ki, məktəblilər yenilikləri öyrənmək, öz bilik və bacarıqlarını ortaya qoymaqda maraqlıdırlar. Perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, istedadlı tələbələrin neft-qaz sənayesi üzrə müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə SOCAR tərəfindən 2005-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) təhsildə xüsusi uğurları ilə seçilən tələbələri üçün təqaüdlər təsis edilmişdir. Şirkət sonrakı illərdə neft ixtisasları üzrə təhsil alan tələbələrin ADNA ilə məhdudlaşmadığını nəzərə alaraq, ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbələrinin bu proqrama qoşulması haqqında qərar qəbul etmişdir. Bu tələbələr daim diqqət mərkəzində saxlanılaraq, istehsalat təcrübəsini Şirkətin aparıcı müəssisələrində keçmələrinə əlverişli şərait yaradılır. “Yay məktəbi” və “Yay təcrübəsi” layihələrinin həyata keçirilməsində də məqsəd tələbələrin biliklə istehsalat təcrübələrinin vəhdətini təşkil etməkdir. Təbii ki, təcrübə əldə olunan biliyin daha da təkmilləşdirilməsinə stimul verir. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq SOCAR 2006-cı ildə Təqaüd Proqramını qəbul etmişdir. Proqram çərçivəsində hər il 50 tələbəyə xarici ölkələrin ən nüfuzlu universitetlərində neft ixtisasları üzrə təhsil almaq imkanı yaradılır. Tələbələr Təqaüd Proqramında iştirak etməklə, həmçinin təhsillərini başa vurduqdan sonra SOCAR-da ixtisasları üzrə işləmək imkanı əldə edirlər. Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.

Bütövlükdə bəşəriyyətin innovasiyalardan, müasir texnologiyalardan faydalandığını qeyd edən ölkə Prezidenti təhsilin ölkəmizdə də prioritet sahə olduğunu və bu istiqamətdə davamlı addımlar atılacağını bildirir. Elmin, təhsilin və iqtisadiyyatın birliyi günün əsas tələblərindəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı illər üçün hədəfləri özündə əks etdirməklə yanaşı, nəzərdə tutulan 2013-2023-cü illərdən sonrakı dövrün də aydın mənzərəsini yaradır. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz və bu hədəfə çatmaq üçün göstərilən səylər dövlətimizin siyasətinin əsasında davamlı, dayanıqlı inkişafın əsas yer tutmasının bir daha təsdiqidir. Bir sözlə, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü ““qara qızıl”ı insan kapitalına çevirmək” tezisi artıq reallıqdır.

 

Yeganə Əliyeva,

 

İki sahil.- 2015.- 25 avqust.- S. 2.