YAP Gənclər Birliyi 2 Fevral

- Gənclər Gününü qeyd etdi

 

Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ötənilki fəaliyyətinə və 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, Milli Məclisin deputatları və YAP-ın gənc fəal üzvlərinin iştirak etdiyi mərasimdə öncə YAP Gənclər Birliyinin 2014-cü il ərzindəki fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.

 

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov gəncləri 2 Fevral-Gənclər Günü münasibətilə təbrik etdi. Hazırda Azərbaycanın öz tarixinin qızıl dövrünü yaşadığını deyən Əli Əhmədov qeyd etdi ki, müasir gənclik məhz belə bir dövrdə yaşadığı üçün xoşbəxtdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğının xüsusi yer tutduğunu deyən YAP-ın sədr müavini Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi bu qayğının parlaq nümunəsi kimi qiymətləndirdi.

Ə.Əhmədov bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Həm yüksək təhsil almaq, həm ictimai-siyasi fəallığı təmin etmək, həm də dövlət quruculuğu işində yaxından iştirak etmək baxımından gənclər üçün bütün imkanlar yaradılıb: “Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvü var ki, onların 40 faizi gənclərdir. Bu, təxminən 250 minə yaxın gənc deməkdir. Əlbəttə ki, bu, böyük güc deməkdir. Hesab edirəm ki, Azərbaycan tarixində YAP Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib. Biz YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiririk. Partiyamız gənclərə hər zaman dəstək verirbunu davam etdirəcək.”

Ə.Əhmədov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud olan imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi yetişməsinə səfərbər edilməsindən ibarət olub: “Gənclər Gününün təsis olunmasından bu günə qədər keçən illər ərzində Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlərin əsasını Heydər Əliyev ideyaları təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxanözünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb.”

Ə.Əhmədovun sözlərinə görə, bu gənclərin əhəmiyyətli bir hissəsi YAP-ın Gənclər Birliyində toplaşıblar: “Prezidentimizin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdən ibarətdir. Layiqli vətəndaş, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır. Prezident İlham Əliyev ölkə gəncliyinin bu parametrlər üzrə formalaşıb inkişaf etməsi üçün bütün imkanlardan səmərəli şəkildə istifadə edir. Təhsil infrastrukturunun yaxşılaşdırılmasından tutmuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə qədər həyata keçirilən bütün işlər, islahatlar məhz bu məqsədin reallaşmasına xidmət edir. Eyni zamanda, gənclərimizin ölkəmizdən kənarda, müasir dünya səviyyəsində olan universitetlərdə təhsil almaları üçün geniş Dövlət Proqramının həyata keçirilməsi də bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşmaqdadır. Bu gün çoxlu sayda gənclərimiz yüksək reytinqli dünya universitetlərində təhsil alırlar. Onlar dünyanın inkişaf meyillərini, yüksək biliklərini Azərbaycana gətirirlər və bu biliklər əsasında ölkəmizin inkişafına əlavə təkanlar verəcək böyük qüvvədirlər. Həmin gənclərin böyük əksəriyyəti vətənə qayıdaraq ölkəmizin gələcəkdə daha yüksək inkişaf etməsinə təkan verəcəklər. Eyni zamanda, onlar xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.

Bu gün gənclərin dövlət idarəçiliyinə də geniş şəkildə cəlb olunduğunu deyən Ə.Əhmədov bildirdi ki, dövlət idarəçiliyində çox məsul vəzifələrə irəli çəkilmiş gənclər var. O belə gənclər arasında YAP üzvlərinin də olmasını sevindirici hal kimi dəyərləndirib: “Bu ondan xəbər verir ki, gələcək Azərbaycanın formalaşmasında YAP gəncləri də yaxından iştirak edirlər. Biz Azərbaycanın gələcəyinə baxarkən bu gün əldə etdiyimiz səviyyədən gələcəkdə daha yüksək səviyyədə dayanmağa layiq olan Azərbaycanın formalaşmasını arzu edirik. Bu arzu bu gün gəncliyimizin istək və arzularına tamamilə uyğun gəlir. Bu uyğunluq Azərbaycanın bundan sonra da sürətli inkişafının çox fundamental əsaslarından birini təşkil edir. YAP elə bir siyasi təşkilatdır ki, gənclər burada gələcək Azərbaycanın formalaşmasında yaxından iştirak edirlər. Gənclərimiz milli dəyərlərimizə, adət-ənənələrimizə sədaqəti ilə həmişə seçilirlər. Əgər dünya dəyişirsə, dəyərlər dəyişirsə, təbii ki, Azərbaycanın dəyərləri də müsbət mənada inkişaf edir. Həm milli, həm dünyəvi, həm də inkişaf edən dəyərləri mənimsəyən ən əhəmiyyətli sosial qrup gənclikdir. Amma milli dəyərlərimiz heç zaman unudulmamalıdır, azərbaycançılıq ideyaları öndə olmalıdır. Azərbaycanda gənclərin vətən uğrunda fədakarlıq göstərməsi üçün hər cür şərait yaradılıb və inanırıq ki, gənclər ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hər şeyə hazırdır”.

Gəncliyin üzərinə bundan sonra da böyük vəzifələrin düşdüyünü deyən Ə.Əhmədov onlara dövlətimizin gələcək inkişafında iştirakı ilə bağlı tövsiyələr verdi. Qeyd etdi ki, gənclər yüksək biliklərə sahib olmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər, dövlətçiliyimizi qorumalıdırlar. Eyni zamanda, müasir gənclik Azərbaycanı dünya miqyasında daim layiqincə təmsil etməlidir. Çünki Azərbaycanın gələcəyi məhz gənclərin əlində olacaq. Həmçinin gənclər daim milli mənəvi dəyərlərimizə də sadiqliyini nümayiş etdirməlidir. Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayan Əli Əhmədov əlavə etdi ki, partiyada təmsil olunan gənclər həmişə düzgün mövqedən çıxış edərək milli maraqların qorunmasına xidmət ediblər.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova da Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirdi. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin əhəmiyyətini bildirən B.Muradova YAP-ın sıralarında məhz belə gənclərin birləşdiyini vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin aparıcı istiqamətinə çevrilib.”

B.Muradova qeyd etdi ki, bu gün Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanlar yaradılıb: “Dövlətimiz bu istiqamətdə lazımi dəstəyi göstərir. Bu gün Heydər Əliyev ideyaları ilə müstəqil həyata qədəm qoyan gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyin inkişafına xidmət edirlər. Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər vətəndaş olmalıdır ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Eyni zamanda, gənclərin vətənpərvər ruhda böyümələri vacib şərtdir. Sevindirici haldır ki, bu baxımdan da gənclərimizə güvənə bilərik.”

Bayram tədbirində YAP-ın fəal gənc üzvlərindən Arzu Xəlilova və Güllü Eldarzadə çıxış edərək YAP-ın gənclərlə bağlı siyasətinin əhəmiyyətini qeyd etdilər.

Sonda YAP Gənclər Birliyinin bir qrup fəal üzvünə fəxri fərmanlar, mükafatlar təqdim olundu. Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi.

 

Nail Rəhimzadə

 

İki sahil.- 2015.- 3 fevral.- S.12-13.