Yollar əsgərlərin ürəyindən keçir

Yaz gəldimi, dağların qarı əriyir, axıb çaylara yeriyir...

Yaz həm də selləmələrlə gəlir...

Qar əriyəndə də, selləmədə də dağ çayları məcrasına sığışmır. Özünü qayım-qədim sayan daşları kürüyüb aparır...

Yaza az qalıb. Qarlar əriyəcək, selləmə olacaq. Dağ çayları qara daşları qabağına qatıb birdəfəlik uzaqlaşdıracaq. Mütləq uzaqlaşdıracaq!.. El-elat arxayınlıqla nəfəs dərəcək...

Təbiətdə də belədi, cəmiyyətdə də...

Cəmiyyət üçün ordu el-elat üçün dağ çayı misallıdı...

Tovuz rayonunda ezamiyyətdəydik. Ön səngərlərdə əsgərlərlə görüşmüşdük. Səmimi söhbət eləmişdik. Rəhim Qasımovun dedikləri bizə həm könül xoşluğu vermişdi, həm də inamımızı bir boy da dikəltmişdi. Xəyallarımızda Şuşada qala qapısının həndəvərlərində bir sevincin cazibəsində göy üzünə boylandığımız, uzaqlaşan (uzaqlaşdırılan) buludların iziycə uzanan baxışlarımıza hökm edə bilmədiyimiz anları yaşamışdıq. Bu anları arzusunda olduğumuz günə ərəfə bilmişdik.

- Səngərin bu üzü canımızdı, o biri üzü çəkir bizi - demişdi Rəhim. - Səngərin o üzü üçün ürəyimiz göynəyir. Şuşa var o tərəfdə, Laçın var, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Ağdam, Fizuli, Zəngilan var. Ürəyimizin bir parçası o tərəfdədi...

Elə bilmişdik Cavanşirin təəssüfünü eşidirik, Xətainin əlini qılıncının dəstəyinə uzatdığı anı görürük, Cavad xanın çatılan qaşlarının sorğusundan sıxılırıq...

Ürəyimiz səngərlərdə qalsa da düşüncələrlə qayıdırdıq. Yuxarı Öysüzlü kəndindən keçirdik. Yolda uşaqlartop qovurdu”. Bizi - hərbi mundirliləri görüncə dayanıb hərbi salam vəziyyəti aldılar. Maşından düşüb onları bağrıma basmaq istədim...

Kənddə uşaqların hərbi mundirə belə duyğusal sayğısından ürəyim dağa döndü.

Qazaxda tam artilleriya generalı Əlağa Şıxlinski 150 illik yubiley tədbirindəydim. Səngər çəkirdi məni, ürəyim səngərlərə meyllənirdi; səngərlərin istisində isinmək, səngərdəki əsgərlərlə könül söhbəti eləmək istəyirdim. Ufacıq meh əsirdi. Ağacların xırdaca budaqları elə həvəslə tərpənirdi ki...

... Yoldan azca aralıda ermənilərin postları aydınlığıyla görünürdü. Yuxarı Öysüzlü kəndində qoyunları döşə yayan kişini görüncə qəlbimdə başaçılmaz duyğular qımıldandı; ermənilərin “beş addımlığında” çəkinmədən gəzişən, qoyunları örüşdən örüşə keçirən bu kişinin yerə-göyə sığışmayan cəsarətinə heyrətləndim, heysiyyətlə heyrətləndim. Şahmurad Məmmədovmuş. “Sənə bu dağların Qaraca Çobanı desəm inciməzsən ki”?- soruşdum. Gülümsədi. Qaraca Çobanın kim olduğunu soruşmadı. Bilirdimi, bilmirdimi?- bilmədim...

Nəsə soruşmaq istəyirdim, soruşa bilmirdim. Elə bil deyəcəyim kəlmələr köz olub dodaqlarımı yandırırdı, köksüm ürəyimə darlıq eləyirdi.

- Narahatlıq var, qorxumuz yoxdu. Ocağımızın istisi , tüstüsü bizə əzizdi, - dedi Şahmurad kişi. - Zərrəcə qorxumuz yoxdu. Belə ordusu olan xalq düşməndən çəkinməz. Ev-ev gəz, bircə adamın üzündə-gözündə qorxu hiss edə bilməzsən. Camaat əsgərlərin qətiyyətinə yaxşı bələddi. Burda əsgər hər evin əzizidi, hərə bir əsgərdi. Biz narahatıq. Kəndimizdən, özmüzdən yox, işğalda qalan torpaqlarımıza görə narahatıq. Quşçu Ayrım Qarabağdan xeyli aralı olsa da fikrimiz-zikrimiz oralardadı. Torpaqlarımızın azad edilməsində yaxamızı qırağa çəkmirik. Oraların hər kəndini Quşçu Ayrım bilirik...

Qürurlandım: Quşçu Ayrım əsgərlərə inanır, inanır ki düşmən bu həndəvərlərə yaxın düşə bilməz...

x             x             x

...Məmləkət boyu yollar uzanır. Üzü şəhərlərə gedən yollar da var, sərhəd kəndlərinə gedən yollar da. Sərhəd kəndlərinə gedən yollar əsgərlərin ürəyindən keçir. O yollar boyunca gələnləri camaat uğurlayır. Şahmurad Məmmədov kimi...

Rəşid FAXRALI

İki sahil.- 2015.- 14 fevral.- S.28.