Xocalı harayı dünyaya səs salır

 

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda faciənin 23-cü ildönümünə həsr olunan tədbir keçirildi

 

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 23 il ötür. Bununla əlaqədar olaraq bütün idarə və müəssisələrdə anım tədbirləri keçirilir, erməni vəhşiliyinin ən bariz nümunəsi olan faciənin soyqırım kimi tanıdılması istiqamətində səylərin artırılmasının vacibliyi diqqətə çatdırılır. Dünən “Neftqazelmitədqiqatlayihə” İnstitutunda keçirilən tədbir də bu mərasimlər silsiləsindəndir.

 

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun baş mühəndisi, direktorun birinci müavini Fazil Həsənov bildirdi ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırım siyasəti həyata keçirmişdir. Xocalı soyqırımı bunun bariz nümunəsidir. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı. Hazırda 20 faiz torpaqlarımız işğal altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Ermənilərin “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu, tarixdir. Ermənilər tarixi saxtalaşdırıb, özlərinə saxta tarix yazmaqla, dünyanı yalanlarına inandıracaqlarını düşünsələr də, hər zaman fakt qarşısında aciz qalıblar.

Dövlət başçısı İlham Əliyevin “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinindünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər” fikri bir daha diqqətə çatdırıldı. Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyev hər zaman bu yalan təbliğata qarşı öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü, birliyimizi ortaya qoymağın vacibliyini bəyan edir.

YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov tarixi vərəqləyərək, Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk soyqırım olmadığını bildirdi. Qeyd olundu ki, bu faciə erməni vəhşiliyinin növbəti nümunəsidir.

Bildirildi ki, Azərbaycan 25 ildən artıqdır ki, müharibə şəraitində yaşayır. Ötən bu dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini tədiqləyən yüzlərlə faktlar aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatırılıb. Xocalı faciəsinin soyqırım kimi tanıdılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Pakistan, Meksika, Kolumbiya parlamentinin, ABŞ-ın əksər ştatlarının Xocalı faciəsini soyqırımı kimi tanıması uğurlarmız sırasında qeyd edildi. Təbii ki, bu uğurlar Azərbaycan dövlətinin tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatına söykənir.

Tədbirdə bu fakt bir daha diqqətə çatdırıldı- Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədilib. Hücumdan əvvəl, fevralın 25-i şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş verib. Fevralın 26-sı şəhər tamamilə alova bürünüb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində həlak olan 613 nəfərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olub. 8 ailə tamamilə məhv edilib. Ermənilər sağ qalmış insanlara işgəncələr verib, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarıb. Bu, insanlığa sığmayan hərəkət, vəhşilik, cinayətdir.

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov tariximizin hər bir səhifəsini öyrənməyin vacibliyini bildirdi. Qeyd etdi ki, istər XIX əsrin sonları, istərsə də XX əsrin əvvəlləri olsun, Qarabağda, Zəngəzur mahalında, İrəvan xanlığında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Naxçıvanda, hər yerdə azərbayanlılara qarşı qətilamlar törədilmiş, günahsız insanlar qətlə yetirilmişdir. Baxmayaraq ki, bununla bağlı kifayət qədər faktlar var, dünya hələ də susur. Bu susqunluğun nəticəsidir ki, XX əsrin sonu XXI əsrin əvvəllərində çox dəhşətli faciə-Xocalı soyqırımı baş verdi. Azərbaycan diplomatiyası faciənin soyqırım kimi dünyaya çatdırılması istiqamətində ciddi səylər göstərir.

F.İsmayılov qeyd etdi ki, Azərbaycanı 23 il bundan əvvəlki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan dövlətinin uğurlarının biri-birini əvəzləməsi harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurmalıdır. Azərbaycan öz müstəqilliyinə nail olmaq üçün sınaqlardan uğurla çıxmış, xalqımız mərd, yenilməz olduğunu dünyaya nümayiş etdirmişdir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan oğul və qızlarımız şəhidlik zirvəsinə ucalmışlar.

F.İsmayılov Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, dövlətlər, beynəlxalq təşkilatlar haqqın, ədalətin kimin tərəfində olduğunu aydın şəkildə görür və dəyərləndirir. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb.

O da qeyd olundu ki, birliyimizi möhkəmləndirməklə uğurlarımızın davamlılığını təmin etməliyik.

YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov çıxışında həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin hansı məqsədlər uğrunda mübarizə apardıqlarından bəhs etdi. Bildirdi ki, o dövrdə birlikdən, həmrəylikdən danışmaq qeyri-mümkün idi. Şəxsi ambisiyalarının quluna çevrilən o dövrki iqtidarı torpaqlarımızın işğalı narahat etmirdi.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, həqiqətlərimizin təbliği istiqamətində də mühüm addımların atılmasına stimul oldu. Dövlətimizin uğurlu daxilixarici siyasəti nəticəsində ölkədə sabitlik, birlik yaradıldı və bəyan edildi ki, harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal, məqsəd- azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu istiqamətində atılan addımların müsbət nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həqiqətlərimizin təbliğinə xidmət edən biri-birindən əhəmiyyətli tədbirlər həyata keçirirlər.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini önə çəkən T.Əhmədov qeyd etdi ki, Fond tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Xocalı soyqırımı qurbanlarının xatirəsi onlarla ölkədə anılır. Dövlətin uğurlu siyasəti nəticəsində bu əminlik ifadə olunur ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Çıxışlarda dövlət başçısı İlham Əliyevin bu fikri xüsusi olaraq önə çəkildi ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.

Tədbirdə çıxış edən İnstitutun əməkdaşları erməni vəhşiliyini təsdiqləyən faktları açıqladılar. Bildirdilər ki, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur. Diplomatik mübarizədə uğurlar qazanan Azərbaycan iqtisadi imkanlarının genişlənməsi fonunda hərbi qüdrətini də möhkəmləndirməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2015.- 26 fevral.- S.9.