Nəqşi-cahanda adına türbə ucaldılan

Yusif Küseyir oğlu kim olub?

Uşaqlıq illərində tez-tez Naxçıvan şəhərinə gələrdik. Memarlıq abidələri ilə zəngin olan Ordubadda yaşayan biri kimi müasir Naxçıvan diqqətimi fərqli aspektlərdən çəkirdi. Hər dəfə Naxçıvana gələndə evlərin ardından görünən bir türbə məni valeh edirdi. O zamanlar bu türbə haqqında məlumatım yox idi. Sonralar tarix kitablarından öyrəndim ki, sən demə, bu abidə Yusif Küseyir oğluna aid imiş. Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir. Sərdabə və yerüstü qülləvarı hissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

İllər sonra türbəni ilk dəfə ziyarət etdim. Mənə buranın dizaynı və fərqli aurasını hiss etmək lazım idi. Bir memar gözüylə türbəni müşahidə edə bilməsəm də, onun necə qiymətli yadigar olması gerçəyini anlaya bilirdim. Və o zamandan mənim kimi, bir çoxlarını da düşündürən “Yusif Küseyir oğlu kimdir?” sualının cavabını aramağa başladım. Və sualıma cavab almaq üçün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə həmsöhbət oldum.

Fəxrəddin müəllim bizə türbə haqqında bu məlumatları verdi: “Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən tikilib. Digər qaynaqlardan Yusif Küseyir oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” – tanınmış rəis) titulları və bir sıra epitetlərlə (“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”) təqdim olunub. Orta əsrlərdə “xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi. Göründüyü kimi, Yusif Küseyir oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin kitabədə adına əlavə olunan “şeyxlərin başçısı” sözləri isə Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir”.

Dəyərli fikirlərindən ötrü Fəxrəddin müəllimə minnətdarlığımızı bildirdik. Və bu mövzuyla bağlı araşdırmalarımızı davam etdirdik.

Öyrəndik ki, əvvəllər “Küseyri” titulu daşıyan bir çox İslam və sufi alimləri yaşayıblar. Hətta onlardan bəzilərinin adına türbələr də ucaldılıb. Ağlımıza belə bir sual gəldi. Görəsən, Yusif Küseyir oğlu həmin İslam alimlərinin nəslindən ola bilərmi?

Gəlin bu sualı cavablandırmağı bu sahənin tədqiqatçılarının öhdəsinə buraxaq.

Yusif Küseyir oğlu türbəsinin memarlığı ilə bağlı suallarımıza cavab tapmaq üçün Qadir Əliyevin yazdığı “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitaba müraciət etdik. Kitabda Yusif Küseyir oğlu türbəsi barədə aşağıdakı məlumatlar verilir: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir”.

Bəli, Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə diqqəti cəlb edir. Bişmiş kərpicdən tikilmiş türbə yüksək tikinti texnikası ilə seçilir.

Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlu­lu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi – qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xacə Yusif Küseyir oğlunun xatirəsinə ithaf olaraq hicri 557-ci ildə, miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkir oğlu”. Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməyib. Onun bayır taxçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənib. Taxçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında bir keçid yaradır.

Rahibə Əliyevanın “Memar Əcəmi Əbubəkir oğlu Naxçıvani” adlı kitabında oxuyuruq: “Yusif Küseyir türbəsi həcm etibarilə bir o qədər böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı, yüksək səviyyəli inşaat işləri, gözəl daş nəqqaşlıq işləri memar Əcəminin yüksək sənətkarlığından xəbər verir. Türbənin taxçalarının səthində kərpic dekorun “girih” adlanan xüsusi həndəsi ornamentlərindən istifadə olunmuşdur. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır”.

Hər dəfə onun yanından keçəndə, ya da o tərəflərə yolumuz düşəndə bizə binaların ardından boylanan keçmişimizə baxıb fəxr edirik. Keçmişimizin şahidi olan gözəl mədəniyyət abidələri üslubunda yaradılan müasir mədəniyyətimizin memarlarına isə min­nətdarlığımızı bildiririk.

Nərgiz İsmayılova

İki sahil.- 2015.- 14 mart.- S.18.