Ad günün mübarək!

Dövlət Miqrasiya Xidməti

 

Martın 19-u Dövlət Miqrasiya Xidmətinin yaranması günüdür. Miqrasiya Xidmətində çalışan bütün əməkdaşları ad günü münasibətilə təbrik edirəm! Onlara saf qəlb, parlaq ulduzlu paqonlar və Vətəni ovcunun içində qoruyan xeyirxah, təmiz əllər arzulayıram! Bu kiçik yazını da onların ad gününə bağışlayıram!

 

Bu ilin Qara Yanvar günləri idi, “Şəhidlər” kitabının müəllifi kimi məni Dövlət Miqrasiya Xidmətinə görüşə çağırmışdılar. Yeni təşkilat, yeni xidmət sahəsi, bir də bağ yolumun üstündə yeni bina. Çox maraqlı idi mənim üçün. Qapıdan içəri girəndə göz oxşayan bir səliqə-sahman, nizam-intizam. Bu səliqə-sahman yanımdan ötən əməkdaşların həm üst-başında, həm daxilində, həm də davranışında hiss olunurdu. Girəcəkdə xeyli insan toplaşmışdı, hamısının da əlində müxtəlif sənədlər. Hiss olunurdu ki, hər hansı bir işlə bağlı Miqrasiya Xidmətinə müraciət etmək üçün gəliblər. Diqqətimi nə çəkdi bu yerdə? Çox sakitlik idi. Heç kimin səsi çıxmırdı. Demək iş gedir və hamı razıdır.

Sonradan Miqrasiya Xidməti haqqında sənədlərə baxanda bir bölmə diqqətimi çox çəkdi və girəcəkdəki o epizodu xatırladım: “Xidmətin hüquq mühafizə orqanı olması ilə yanaşı, həm də bir xidmət orqanı kimi fəaliyyətinin əsası - müraciət edənlərin məmnunluğunun təmin edilməsidir”. Bunu öz gözlərimlə gördüm.

Sənədlərdən daha bir cümlə: “Xidmətdə müasir iş şəraiti, xidmətin keyfiyyəti, nizam-intizam, səmimiyyət...” Bunların da şahidi oldum.

Və ən nəhayət, birbaşa iştirakçısı olduğum bölmə: “Vətənpərvərliyin möhkəmləndirilməsinə xidmət edən tarixi və əlamətdar günlərin qeyd olunması, hadisələrin miqyası barədə, əməkdaşlarda, o cümlədən əcnəbilərdə təəssürat yaratmaq üçün sərgilər təşkil etmək, ziyalılarla görüşlər keçirmək”. Məhz belə bir görüşdə mən də iştirak etdim. Yüksək səviyyədə keçirən görüşdən sonra 90-cı ilin Qara Yanvarı haqqında sənədli film nümayiş etdirildi. Axşam evə gələndə köhnə bir dostum zəng edib dedi ki, Azertag.az saytına bax,  Dövlət Miqrasiya Xidmətində görüş haqqında xəbər və şəkillər orda yerləşdirilib. Nəvəmə dedim, saytı açdı, baxdı və heyrətlə:

- “Baba, nə yaxşı yerdi. Şəklin də yaxşı düşüb”, - deyib, o şəkli telefonunun və kompyuterinin açılış səhifələrinə yerləşdirdi. Doğurdan da Miqrasiya Xidmətinin həm əməkdaşları, həm salonu, həm də tribunası çox gözəl və möhtəşəm görünürdü. Üstündən bir neçə gün keçdi nəvəmlə maşında Novxanıya bağa gedirdik. “Azadlıq” metrosunun üst tərəfindən Azadlıq prospektinə dönəndə-düz Miqrasiya Xidmətinin binası qarşısında tıxaca düşdüm. Binanı nəvəmə göstərib dedim.

- Atam, bax, Miqrasiya Xidmətinin binası buradır. Baba burada görüşdə olub. O telefonundakı şəkil də burada çəkilib.

- Nəvəm böyük maraqla üzünü maşının yan şüşəsinə dirəyib binaya baxmağa başladı. Və höccələyə-höccələyə üstündəki yazını oxudu:

- Dövlət Miqrasiya Xidməti!

İçəridən şux geyimli əməkdaşlar çıxırdı. Nəvəm onları maraqla süzürdü.

- Baba, onlar hamısı dayday kimi cavandı?

Dedim:

- Hə, burada işləyənlərin çoxu cavandı, özü də gör nə yaxşı yaraşır forma onlara.

Nəvəm soruşdu:

- Baba, bu formanı onlar özləri alır?

Dedim:

- Yox, dövlət verir.

Nəvəm heyrətlə:

- Nə yaxşı...

Bir anlıq fikrimi nəvəmdən ayırıb, tıxaca baxdım. Heç bir metr belə yerimdən tərpənməmişdim. Bekarçılıqdan nəvəm bir də binanın üstündəki yazını oxudu:

- Dövlət Miqrasiya Xidməti.

Və məndən soruşdu:

- Baba, miqrasiya nə deməkdir?

Ürəyimdən o dəqiqə bir fikir keçdi ki, yaxşı yerdə axşamladıq. Bu tıxac bir az qabaqda ola bilməzdi? Sonra özüm-özümə cavab verdim. Yox ola bilməzdi. Bu tıxac burada məhz ona görə yaranıb ki, mən nəvəmə və onun timsalında müstəqil dövlətimizin bu yaşda olan balalarına Miqrasiya Xidməti haqqında bildiklərimi anladım, başa salım. Nəvəm susduğumu görüb, bir də soruşdu:

- Nə oldu, baba, bilmirsən miqrasiya nədi? Bəs necə orada çıxış eləmisən?

Təcrübəmdə belə çətin vəziyyətə düşməmişdim.. Bilsəydim söhbət gəlib bu yerə çatacaq, əvvəlcədən səmtini dəyişərdim. Bir tərəfdən də tıxac. Maşın yerindən tərpənmirdi. Başqa çıxış yolum da yox idi. Böyük adam soruşsaydı onu başa salmağa nə var idi ki, oxuduqlarımdan, bildiklərimdən müxtəlif sənədlərdən sitatlar gətirib deyərdim:” Əcnəbilərin son illər Azərbaycana artan marağı, turistlər, ölkəmizə təhsil almağa gələnlər, iş axtaranlar, Yaşamaq üçün ölkəmizi seçənlər, Azərbaycan vətəndaşı olmaq istəyənlər və sair bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam və inkişaf etdirdiyi siyasətin nəticəsi kimi miqrasiya proseslərini tənzimləmək üçün Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə hüquq mühafizə orqanı statuslu Dövlət Miqrasiya Xidməti yaradıldı. İlk gündən icimaiyyətlə əlaqə işinin təşkilinə və xalqın maarifləndirilməsinə xüsusi fikir verildi.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti yaşama icazəsinin verilməsi halları və qanunsuz miqrasiya ilə bağlı hazırlanmış video-çarxlar, slaydlar, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair, eləcə də əcnəbi işçi qüvvəsindən istifadə qaydalarından bəhs edən filmlər, mütəmadi olaraq ölkə televiziyalarında yayımlanmağa başladı. Bununla yanaşı, adları çəkilən video materiallar, Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Dəmir Yolları”nin xətti ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi  vasitəsilə şəhərin avtobus dayanacaqlarında, Azərbaycan Dəmir yollarının kassa zallarında, Xəzər Dəniz Gəmiçiliyinin Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edən gəmilərində, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun uçub gəlmə zallarında müntəzəm olaraq yayımlanmış, eləcə də Azərbaycan hava yollarına məxsus təyyarələrdə bələdçilər tərəfindən elan olunması təmin edilmiş və Xidmətin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bütün bu oxuduqlarımı, bildiklərimi, beynimdən keçənləri, əlbəttə ki, maşının arxa oturacağında əyləşib, gözlərini Miqrasiya Xidmətinin yaraşıqlı binasına dikən on yaşlı uşağa demək olmazdı. Bəs onu necə başa salım? Böyüklər onsuz da Miqrasiya Xidmətinin fəaliyyəti haqqında az-çox bilirlər. Bilirlər ki, Miqrasiya Xidməti nə deməkdir. Ancaq uşaq heç nə bilmir. Və ən əsası da Azərbaycan Respublikasının gələcəyi olan bu uşaqların bilməsi vacibdir. Bunu özüm də çox gözəl başa düşürdüm. Amma haradan başlayıb, harada qurtarım, onu necə başa salım, bilmirdim. Bu arada nəvəm yenə dilləndi:

- Nə oldu, baba?

Dərindən nəfəs alıb dedim:

- Atam, bax Azərbaycana xaricdən həm işləməyə, həm yaşamağa, həm də oxumağa gələnlərin gəlib getməsinə miqrasiya deyilir. Onlar ölkəmizə gələndə bu idarədə işləyən əmilər onların sənədlərini yoxlayırlar. Onların adını dəftərə yazırlar.

- Kompyuterə də yazırlar?

- Hə, kompyuterə. Sonra pasportlarına möhür vururlar ki, “olar” ya da “olmaz”.

- Niyə olmaz?

- Sənədləri düz deyilsə olmaz. Sonra onların ölkəmizdəki işlərinə nəzarət edirlər.

- Bəs, xarici uşaqlar gələ bilərlər?

- Əlbəttə, gələ bilərlər ata-anaları ilə.

- Bəlkə onların pasportu yoxdur?

- Onların yoxdur, ata-analarının var. Yadına gəlir, həyətimizdə kirayədə qalan Şotlandiyadan ata-anası ilə gələn uşaqlar var idi. Biz bağdan gələndə onlara əncir verdik.

- Hə, onlar nə oldu bəs?

- Vaxtları qurtardı, çıxıb getdilər evlərinə. Bax bütün bu işlər Miqrasiya Xidməti adlanır. Bu qəşəng bina da onların iş yeridir. Keçən dəfə mən orada olanda eşitdim ki, “Şəfa” stadionunun yanında onlar üçün təzə bina tikilir.

Bir qədər fikirləşəndən sonra nəvəm dedi:

- Yaxşı yerdi. Baba, mən də böyüyəndə burada işləyəcəyəm.

- Allah qoysa, - deyib, qarşıma baxdım. Tıxac çoxdan açılmışdı. Biz isə hələ də Miqrasiya Xidmətinin sehrində, gözəl aurasında idik. Maşını yerindən tərpədib dedim:

- Ad gününüz mübarək olsun!

Nəvəm isə onların ad gününü ingilis dilində təbrik etdi:

- Happy birthday!

 

Rafiq Səməndər

 

Əməkdar jurnalist

 

İki sahil.- 2015.- 17 mart.- S.20.