Novruz gəlişi ilə sevinc bəxş edir

 

Həmin günün bayram əhval-ruhiyyəsi, Kosa ilə Keçəlin zarafatları insanlarda xoş ovqat yaradır

 

Beləcə gün-günə calanıb ay oldu. Aylar birləşib ili tamamladı. Şərq dünyasında Yeni ilin başlanmasını birdirən astanasında olduğumuz Novruz bayramının ab-havası duyulmaqdadır.

 

Milliyyətindən asılı olmayaraq hər bir xalqın elliklə qeyd etdiyi milli bayramlarının əsrlərdən bəri yaşayan və yaşadılan adət-ənənələri var. Azərbaycan xalqının da minilliklərdən bugünümüzə gələn, xalqımızın ulularımızdan ərmağan qalan miras kimi qoruduğu inancları vardır. Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, zehnindən çıxarmağa müvəffəq ola bilməmişdir.

Novruza hazırlıq biri- birini əvəz edən çərşənbələrlə başlayır. Od, Su, Yel, Torpaq çərşənbələrində od qalanır, uşaqlar şənlik edir, hər kəs ötən ilin ağrı-acısını arxada qoymaq üçün “ağırlığım-uğurluğum bu tonqalda yansın” deyərək odun üstündən tullanır, milli mətbəximizə aid yeməklər hazırlanır. Qonşular bir yerə toplaşır, deyir, gülür, şənlənirlər.

Çoxlarının ilaxır çərşənbə adlandırdığı sonuncu çərşənbəyə hazırlıq isə daha möhtəşəm olur. Qız-gəlinlər qışın ətalətindən qurtarmaq üçün evlərdə təmizlik işlərinə başlayırlar. Yazın gəlişini tumurcuq gözləri ilə soraqlayan ağacların ətrafı təmizlənir, dibi yumşaldılır, qurumuş budaqları təmizlənir.

Soyuq qışın qar yorğanını üstündən atan, oyanışını günəşə yenicə boylanan bənövşənin gözü ilə bildirən torpaq yavaş-yavaş isinməyə başlayır. Yazın gəlişini çaylarda artan suların bolluğu, təbiəti oyadan yelin əsməsi ilə qarşılayan qız-gəlinlər böyükkiçik çillələrin çətinliklərindən qurtardıqları üçün sevinclərini evlərdə təmsizlik aparmaqla bildirirlər.

İnsanlar axır çərşənbəyə xüsusi hazırlıq görürlər. Bolluq, bərəkət rəmzi sayılan, inanclara uyğun olaraq hər bir evdə göyərdilən, bayram süfrəsinin bəzəyi olan səməni haqqında nənələrdən qalma deyimlər hər kəsin dilində səslənir.

...Bu gün çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir. Torpağın oyanışını xəbər verən səməni göyərtməklə bayram hazırlıqlarına başlayan xalqımız digər inancları da əsasən ilaxır çərşənbədə yerinə yetirir.

Novruzun atributlarından sayılan səməni el-el, ev-ev dolaşır. Qarşıladığımız ilin yurdumuza bolluq, bərəkət gətirməsini arzulayan hər kəs evində rəmzi məna daşıyan səməni göyərdir.Səməni saxla məni, ildə göyərdərəm səni”, - deyən nənələrimiz bir araya gələrək səməni halvası bişirir, ondan hər kəsə pay verilir. Qız gəlinlər bayramın ən özəl nemətlərindən sayılan şəkərburalara saldıqları naxışları, paxlavalarının ləzzətliliyi ilə seçilməyə çalışırlar. El adətlərindən qaynaqlanan, təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən qədim inanclara söykənən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur.

Təmtarağı ilə seçilən həmin axşam həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas simalarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənirlər. Özünə ərzaq toplayan, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına hamıdan çox maraq göstərən uşaqlar bu cütlüyün hərəkətlərini təqlid edir, onlarla birgə oynayırlar. Evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının xoş ətri ətrafa yayılır.

Bayram günlərində körpələri alınan yeni geyimlərlə sevindirmək adəti Novruza xas milli xüsusiyyətlərimizdəndir. Tonqal ətrafına toplaşan uşaqlar əvvəlcədən boyanmış qırmızı yumurtalarısınaqdan çıxarır”lar. Püstə, nabat, noğul, qoz, fındıq, qoğal, ləbləbidən ibarət bayram xonçalarından hər kəsə pay verilir. Ömrünün yaşanan illərinin sayı qədər bayram tonqalının istisini ürəyində saxlayan, qız -gəlinlərin sevincində artıq tarixə qovuşmuş gəncliyini xatırlayaraq köks ötürən nənələr cavanların sevincinə şərik olurlar. Babalar belə tonqalların ətrafında gözaltı etdikləri yarıları ilə keçirdikləri gəncliklərini yada salır, qurduqları isti ocaqlarından pərvazlanan övladlarının əhatəsində olduqları üçün özlərini xoşbəxt hesab edirlər.

Axır çərşənbənin qədimdən bəri qorunub saxlanılan xüsusiyyətlərindən biri həmin axşam nişanlı qızlara, təzə ailə qurmuş gəlinlərə bayram xonçasının aparılmasıdır. Novruzu əbəs yerə mehribanlıq, səmimiyyət bayramı kimi əziz tutmurlar. Bu günlərdə küsülülər barışır, qonşular biri-birinə bayram aşından pay göndərir.

Gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edən, baharın gəlişindən xəbər verən Novruzunbir addımlığındaolan ilaxır çərşənbə həm niyyətlərin çin olduğu gündür. Məhz axır çərşənbədə yeniyetmə qız oğlanlar sevib- seçdikləri yarısına qovuşacağına əminlik nümunəsi kimi bağlı qapı arxasındaaçar salmakimi el adətinə inamlarını nümayiş etdirir, gələcəkləri ilə bağlı eşitdikləri sözləri xəyallarında canlandırır, şirin anlar yaşayırlar. Artıq illərin təcrübəsindən çıxmış həmin inanc bu günə qədər etibarını qoruyub saxlaya bilir. Nənələr, el ağsaqqalları təsdiqləyir ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan niyyətlərə işıq salır, güzgü kimi əks olunur.

Kəndlərdə mağar, el məclisi qurulur, aşıqlar Azərbaycan xalqına məxsus dastanlardan söz açır, Dədə Qorquddan ərməğan qalmış sazın, sözün qüdrətini öz məharətləri ilə bir daha göstərirlər.

İlaxır axşamının səhəri, gün doğmamış, elliklə axar suda yuyunmaq, bu sudan içmək, qarşıdan gələn ilin bolluq, bərəkət gətirməsinin simvolu olan bulaqlardan daş gətirmək, götürülən suyu evlərə, həyətlərə səpmək kimi adətləri yerinə yetirmək insanlarda sabaha inam yaradan inanclardandır.

Xalqın bu birliyindən ehtiyatlanan, Sovetlər dönəmində Novruza, xas xüsusiyyətlərə İslam donu geyindirmək istəyənlər niyyətlərinə çata bilmədilər. Azərbaycan xalqı milli-mənəvi dəyərlərin əks olunduğu Novruzu öz atributları, inancları ilə qoruyb saxladı, gələcək nəslə ərmağan etdi.

Ümummilli lider Heydər Əliyev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirməklə insanlarda ünsiyyət, mehribanlıq, dostluq duyğularını gücləndirdi. Prezident İlham Əliyevin dediyi kimi sözün əsl mənasında ümumxalq bayramı mahiyyətini illərdən bəri qoruyan Novruzun respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin bəhrələrindəndir. Bayramın kütləvi el şənlikləri mərasimləri ilə dövlət səviyyəsində keçirilməsi yurdumuzun hər bir güşəsində sonsuz sevinclə qarşılanması xalqımızın tarixi keçmişinə bağlılığı, varlığının təsdiqidir. Xalqımızın illərdən bəri qoruyub yaşatdığı ən ülvi keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun beynəlxalq səviyyədə tanınması da təqdirəlayiq haldır.

Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində YUNESKO tərəfindən mədəni irs nümunələri siyahısına daxil edilməsi Şərq aləmində özünəməxsusluğu ilə seçilən bu el şənliyinin bəşəri dəyərlərlə zənginliyindən xəbər verir.

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna rəmzləri ilə xalqımızın tarixi-mədəni irsinə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.

Milli- mənənəvi dəyərlərimizə daim böyük hörmət qayğı ilə yanaşan Prezident İlham Əliyevin hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi, paytaxt sakinləri ilə birgə şənliklərdə iştirakı artıq ənənə halını alıb. Paytaxtda bölgələrdə keçirilən bayram yarmarkalarında Prezident İlham Əliyevin tövsiyə tapşırıqlarına uyğun olaraq süni qymət artımına qarşı mübarizənin gücləndirilməsi bayram əhval-ruhiyyəsində olan insanların sevincini bir daha artırır. Korrupsiya rüşvətxorluğu böyük bəla adlandıran Prezident İlham Əliyevin ölkə daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarını süni şəkildə bahalaşdıran inhisarçılıq hallarına qarşı gördüyü inzibati tədbirlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır. “Bu proses birillik, ya ikiillik proses deyil bu kampaniya deyil, bizim şüurlu seçimimizdirsöyləyən Prezident İlham Əliyevin tələbinə müvafiq olaraq bayramqabağı həyata keçirilən tədbirlər bütün ailələrin ərzaq səbətinin bolluğunda özünü büruzə verir. Bunun özü ölkə vətəndaşlarına dövlət başçısının ən layiqli hədiyyəsidir.

...Elimizdə, obamızda bayram əhval-ruhiyyəsi duyulur. Novruz gəlişi ilə insanlara sevinc bəxş edir. Tonqallarımız gur alovlansın, ocağımız isti, süfrələrimiz dolu olsun. Elimizə, obamıza qədəm qoyan Novruzumuz - Yeni ilimiz yurdumuza bolluq, bərəkət gətirsin.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 18 mart.- S.22.