Bərdə İmamzadəsi

layihəsinin icrası başa çatır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Dini abidələrdə tarixin izləri proqramı çərçivəsində Bərdə İmamzadəsi kompleksinin abadlaşdırılması, onun tarixinin öyrənilməsi, təbliği layihəsinin icrası başa çatır.

Bilik Fondunun Bərdə rayon nümayəndəsi Vidadi Süleymanov AZƏRTAC-a bildirib ki, Dini abidələrdə tarixin izləri proqramının ilk layihəsi Bərdədən başlanıb və rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə 2 elmi konfrans və Dəyirmi masa keçirilib. Bərdə və Bərdə İmamzadəsi sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb, kütləvi tirajla Bərdə İmamzadəsi bukleti çap edilərək yayılıb. Tarixçi alim, Bərdə arxeologiya ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun rayon məktəbliləri qarşısında silsilə mühazirələri təşkil olunub.

İmamzadə və Bəhmən Mirzə türbələrinin etibarlı mühafizəsini təmin etmək üçün konservasiya tədbirləri də görülüb. Kompleksdə abidənin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. Ərəb və fars dillərində 68 qəbirüstü yazı və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifbamızda dəmir lövhəyə köçürülüb. Ətrafda yaşıllıq salınıb, həyətə su çəkilib. Hazırda kompleksdə qiraətxana və kitab fondu yaradılır.

V.Süleymanov qeyd edib ki, qədim və müasir elmi-tarixi mənbələrdə İmamzadə kompleksində 5-ci imam Məhəmməd Bağırın nəvəsi İsmayılın dəfn olunduğu yazılıb. Ona görə də əsrlər boyu el arasında ziyarətgah İmamzadə adlanıb. İnşa ediləndən 4 əsr sonra 1200cü illərdə İbrahim adlı tacir öz vəsaiti hesabına qəbir üzərində minarəli türbə tikdirib. SSRİ dövründən indiyədək çıxan bütün ensiklopediyalarda, ad, ünvan göstəricilərində bu fakt əsas gətirilərək, ziyarətgah Tacir İbrahim adı ilə qeyd olunub. Yəni abidə burada uyuyan şəxsin deyil, nə vaxtsa burada təmir işi aparılmasına maddi yardım göstərmiş tacirin adına yazılıb. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarında isə bu ziyarətgahın adı İbrahim məscidi və qəbiristanlığı kimi göstərilib. Ona görə də qarabağlıların da istəklərini nəzərə alıb bu uyğunsuzluqların düzəldilməsi, kompleksin el arasında və elmi-tarixi mənbələrdə göstərildiyi kimi, Bərdə İmamzadəsi adının rəsmiləşdirilməsi, həm də inşa tarixindəki qeyri-dəqiqliyin aradan qaldırılması üçün aidiyyəti qurumlara təkliflər verilib.

Qeyd edək ki, Dini abidələrdə tarixin izləri proqramının məqsədi Azərbaycan ərazisindəki tarixi abidələrdə - məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparmaq, abidələr barədə dəqiq məlumatları aşkarlayıb təbliğ etmək, tarix üçün faydalı məqamları üzə çıxarmaq, abadlıq işləri həyata keçirmək, abidələr, ziyarətgahlar barədə düzgün elmi, tarixi bilikləri yaymaq, milli-dini dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi yolu ilə əhalini maarifləndirməkdir.

 

İki sahil.- 2015.- 19 mart.- S.21.