Dağıdılmış mədəniyyət

beşiyi Şuşa

 

Azərbaycan musiqisinin məbədi, Qarabağın tacı

sayılan Şuşa şəhərinin işğalından 23 il ötür

 

Dağlıq Qarabağın əsrarəngiz məkanlarından olan Şuşa şəhəri qədim köklərə söykənir. Coğrafi təhlillərə görə, dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada Paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edib.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhər xanın şərəfinə Pənahabad adlandırılıb. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Şuşanın şəhər kimi inkişafını tarixçilər şərti olaraq üç mərhələyə bölürlər. Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib. Bu mərhələdə tikinti işləri bir qədər tələsik aparılıb. Bu dövrdə şəhərin şərq hissəsində doqquz məhəllə salınıb. Pənahəli xanın hakimiyyəti dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq Aşağı məhəllə adlandırılıb.

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. Bu mərhələdə Yuxarı məhəllə adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan Aşağı məhəllənin yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq-qərb hissəsində yeni məhəllələr salınıb və əslində bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb. Şəhərin dağlıq ərazidə salınmış Qazançalı adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlayıb və bütün XIX əsr ərzində davam edib. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Qədim və Yeni Şuşadan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə, Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-cı ildən 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı oldu.

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır.

Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahimxəlil xan Cavanşirinonun qızı Qara Böyükxanımın qəsrləri, Gəncə darvazaları, qala divarı Şuşanın mədəniyyət ünvanları olub. Şuşanı Şərqin konservatoriyası adlandırırlar, bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarlarının və dirijorlarının - Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun, Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun vətənidir.

Çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa XX əsrdə 3 dəfə (1905-1907-ci illərdə, 1920-ci ildə və 1992-ci il mayın 8-də) təcavüzə məruz qalmışdır.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdilər.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdügirov götürüldü. Şəhərin işğalı o dövrdə Azərbaycandakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Düşmən Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb.

Ermənilər Şuşanın sərvətlərini də vəhşicəsinə talan ediblər. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın Haça yal adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub. Şuşanın Topxana meşəsinin qoruq zonasında, hündür ərazilərdə meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb. Bundan başqa, Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan Xan Mağarası amansızlıqla məhv edilib.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidələrin məhv edilməsinə nail olsalar da, Şuşanı bu 23 ildə erməniləşdirə bilməyiblər. Bu barədə Ermənistanın Armtoday agentliyi özü etiraf edir. Erməni mətbuatı yazır ki, bu illər ərzində Şuşa real olaraq erməni şəhəri ola bilməyib. Necə deyərlər, Şuşanı sözdə Şuşi ediblər. Reallıqda isə Şuşa hələ də Azərbaycan şəhəri olaraq qalmaqdadır. Bu gün yaşayış yerlərinin çox hissəsi dağıdıldığı kimi qalır, bərpa edilməyib. Bu da ondan xəbər verir ki, ermənilər bir gün doğma Şuşaya qayıdacağımızı yaxşı bilirlər.

 

Sevinc Azadi

 

İki sahil.- 2015.- 8 may.- S.28.