“Yaşasaydı yazardı…”

 

Xeyli vaxtdır ki,  kövrək hisslərin təsirindən qeyd dəftərçəmdə bir nakam şairin adını yazmışdım: Akif Afşan! Azərbaycan Yazıçılar Birliyinin 2001 – ci il 2 fevral tarixli  “Ədəbiyyat qəzeti”ndə getmiş nekroloqda oxumuşdum:” Gənc, istedadlı şair Akif Afşan dünyasını dəyişmişdir.

 

…Akif Afşanın imzası mətbuatda 1990 – cı ildən görünməyə başlamışdı. Məğrur, təvəzökar insan kimi ədəbiyyata öz gücünə gəlmək yolunu tutmuşdu və yaradıcılığa çox ciddi münasibət bəsləyirdi. Şüarçılıqdan, yalançı vətənpərvərlikdən uzaq idi. Onun şeirlərində real varlığın ağrı – acıları həqiqi boyasında təsvir edilir.

Akif Afşan hələ dəyərli çox əsərlər yaradacaqdı, lakin ölüm macal vermədi…”

Mən onu həyatda görməmişdim, tanımırdım. Özü ilə tanışlığım olmasa da, sözü ilə tanışlığım “Ruhumdur döyür qapımı” adlı kitabını bir təsadüf nəticəsində oxuduqdan sonra olmuşdu.  Tərlan xanım həmin kitabı mənə verdikdə oxuyub fikirimi bildirməyimi xahiş etmişdi. Demişdi ki, həyat yoldaşının vəfatından sonra şeirlərindən ibarət kitabın nəşr olunmasına övladları ilə birlikdə təşəbbüs göstərib.

… Minlərlə əməkdaşı özündə birləşdirən, mənim də çalışdığım bir kollektivdə çörəyini halal zəhməti ilə qazanan müxtəlif taleli insanlar var. Onlardan biri də Tərlan Salahovadaır. Neftçilərin peşə bayramı münasibətilə keçirilən müsabiqədə “İlin ən yaxşısı” nominasıyasının qalıbi olmuşdu. Mən də o zaman qalib olduğuna görə onun haqqında məqalə yazmışdım.     Tərlan xanım dünyadan nakam getmiş həyat yoldaşına sədaqətini qibtə ediləcək sevgisi ilə yaşadır. Onun adını bircə gün də könlündən kənar tutmur. Akif Afşanın şeirləri çap olunmuş, səhifələri saralıb solmuş qəzet və jurnalları ən əziz xatirə kimi qoruyub saxlayır Tərlan xanım. Bu, çox ali bir hissdir. Bunun yerini heç nə ilə əvəz etmək olmaz. Çünki Tərlan xanım bu şeirlər haqqında danışarkən, vəfalı və cəfalı ömür – gün yoldaşı kimi necə ülvi hisslərlə yaşadığının şahidi olursan; saf, təmiz, Aydan arı, sudan duru!

Mən həmin kitabda toplanmış  şeirləri oxuyub təsirlənmişdim. Dünyadan nakam getmiş bir şairin şeirlərini oxuyanda həmişə kövrək hisslərin təsirinə düşürəm. Bir daha məlum qənaətə gəlirəm. Doğrudan da “şairlər ölmürlər” deyənlər yanılmırlar.

Haqqında yazı yazmaq üçün adını dəftərçəmə çoxdan qeyd etmişdim. Amma aylar, illər bir – birini əvəz etsə də, bu yazını indi – Akifin doğum günündə yazmağa qərar verdim. Oktyabrın 30 – u Akifin doğum günüdür. Qoy ruhu şad olsun!

Duyğularının söz çələngini ilhamının işığına bələyən, könüllərə yol tapan şeirlər yazan Akif Afşan nakam taleli ömür yaşayıb. Keçirdiyi ağır xəstəlik səbəbindən bu gözəl dünyamızla çox cavan yaşlarında vidalaşıb. Özündən sonra çiçək ətirli iki qız balası və ürək boyda şeirlər kitabı yadigar qalıb. Tərlan xanım bu yadigarların keşiyində kişi qızı kimi dayanıb.

İndi nakam taleli şair Akif Afşanın ölümündən sonra işıq üzü görən yeganı kitabındakı şeirlərlə üz – üzə qalmışam.

 

Nəyim varsa, aparmısan xəbərsiz,

Mənə qalan quru canı neynirəm.

Gəl öyrətmə məni sənsiz günlərə,

Sənsiz ötən o dövranı neynirəm.

 

Yüz boylanıb, yüz baxaram yoluna,

Min dolanıb, min çıxaram yoluna.

Gəlib çıxsan qısılaram qoynuna,

Gəlib çıxmadığın anı neynirəm.

 

Bu misraları oxuduqca hiss edirsən ki, Akif Afşan öz yaşantılarına poetik nəfəs verməyi bacarıb. Ona görə də bu misralar oxucu qəlbində özünə yer ala bilib. Yaşasaydı yenə yazardı.  Nə yazıqlar ki, gənc yaşlarında dünyasını dəyişib. Yaşasaydı, indi ömrünün 55 – ci baharına qədəm qoyacaqdı.

 

Həzi Həsənli

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair – publisist Həzi Həsənli

 

İki sahil.- 2015.- 31 oktyabr.- S.23.