GƏNCLƏRƏ ÖRNƏK

GƏNC BƏSTƏKAR

 

Son dövrlərdə gənclərin səslərini dünya xalqlarına və gənclərinə çatdırmaları olduqca ürəkaçandır. Ulu öndər Heydər Əliyev məhz gənclərə dəyər verərək deyirdi ki: Gələcək gənclərin əlindədir.

 

Bir çox sahələrdə olduğu kimi musiqi sahəsində də uğur xalqımızladır. Bəzən tanıdığımız və tanımadığımız gənclərin uğurunu eşidib fərəhlənirik. Çünki o gənclər Azərbaycan xalqının adını yüksəldən çıxışları ilə vətənə başucalığı gətirirlər. Belə gənclərdən biri də Kərəm Əkbərovdur. Kərəm Əkbərov 1988-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbdə oxuduğu vaxtlarda digər yoldaşlarından qeyri-adi istedadına və bacarığına görə fərqlənən Kərəm fənn müəllimlərinin, eləcə də məktəb rəhbərliyinin rəğbətini qazanıb. Məktəbin tədbirlərində məsuliyyətli çıxışları onun istedadını daha da qabardıb. İstedadı heç nəylə qazanmaq olmur. Doğrudur onu Yaradan özü bildiyi və məsləhət gördüyü qədər verir. Ancaq bu biliyi artırmaq insanın öz arzu-istəyindən asılıdır. Bu istedad Kərəmin 2006-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin Bəstəkarlıq fakültəsində təhsil almasına səbəb olur. Uşaq yaşlarından musiqiyə böyük maraq və həvəsi olan Kərəm demək olar ki, Azərbaycan Klassik müsiqilərini eləcə də dünya musiqisini öyrənməyə çalışıb. İstedadlı gənc günü-gündən təhsilini daha da inkişaf etdirir, yaradıcılığını daha da genişləndirir, müəllimlərinin verdiyi töhfələri mənimsəməyə çalışır. Və bunun nəticəsidir ki, o, 2010-cu ildə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə daxil olur. Müsiqi sənətinin peşəkarlarından, artıq ustad sayılan ustad görmüş sənətkarlardan dərs almaq sənətin bütün sirlərini mənimsəmək Kərəmin birinci amalı olur. Professor Arif Məlikovun sinfinə daxil olan gənc görkəmli sənətşünasdan bəhrələnir. Tale onun qarşısına həm də elə bir insan çıxardır ki, Arif Məlikov onun gələcək fəaliyyətində, yüksək peşəkarlıq qazanmasında önəmli rol oynayır. O, təhsil aldiğı illərdə həm də 6 prelüd [piano üçün], piano üçün sonata, piano ve violin üçün suita, simli kvartet, simfonik orkestr üçün suita, simfonik poema Azərbaycan və bir-birindən dəyərli bir cox əsərlər yazıb. Günbəgün inkişaf edən Kərəm bununla da kifayətlənməyib təhsilini 2014-cü ildə magistr olaraq tamamlayıb. Səs-sorağı hər yana yayılan bu gənc sənət insanlarının marağını kəsb edib. Onun əsərləri bir cox konsertlərdə səslənib. Bu da o deməkdir ki, Kərəm artıq sənətdə qarşısına qoyduğu məqsədə çatır. Ən uca məqsədə doğru iti addımlarla addımlamaqdadır. Kərəm Əkbərov bu gün gənclərə örnək ola biləcək qədər istedada malikdir. Əgər bu belə olmasaydı, yəqin ki, onun yazmış olduğu əsərlər Rauf Abdullayevin, Fəxrəddin Kərimovun, Teymur Göycayevin dirijorluğu ilə ifa olunmazdı, əsərləri həm də Azərbaycandan kənarda xarici ölkələrdə Kanadanın Niaqara, Rusiyanın Sankt-Peterburq və s. şəhərlərində uğur qazanmazdı. Hazırda Kərəm Bakı Musiqi Akademiyasının nəzdində olan Məktəb-studiyada pedaqoji fəaliyyətlə məşğuldur. Bu da çox sevindirici nüansdır ki, bu cür istedadlı bəstəkar öz biliyini gənclərdən əsirgəmir. Kərəm Əkbərov bu gün həm öyrənən, həm də öyrədəndir.

Sankt-Peterburq Dövlət Filarmoniyasinda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş tədbirdə iştirakı Kərəm Əkbərovun yaradıcılıq uğurlarını daha da artırıb. 2014-ci il 20 noyabrda Bakıda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq uşaqların müdafiə gününə həsr edilmiş tədbirin rəsmi açılışında onun sonatası səslənmişdir. Qəbələ beynəlxalq festifalında gənc bəstəkar Kərəm Əkbərovun əsərləri ifa olunub. Bu da onu göstərir ki, onun əsərləri kifayət qədər qəbul olunub və artıq musiqişünasların, eləcə də sənətsevər insanların rəğbətini qazanıb.

Kərəm Əkbərovun sadəliyi, insanlara olan sevgisi, kimsəsiz uşaqlara olan sonsuz diqqət və qayğısı, ən əsası dünyaya əsil müasir gənclik düşüncəsi ilə baxması diqqətdən kənar qalmamışdır. Belə ki, bu günlərdə onu Dünya Azərbaycanlıları Mədəniyyət mərkəzi gənclər təşkilatına sədr vəzifəsinə təyin etməklə onun istedadına, bacarığına dəyər kimi mükafatlandırıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi silsilə olaraq ictimai-siyasi, vətənpərvər mövzularda tədbirlər keçirir. Məhz Kərəm Əkbərov kimi istedadlı gəncləri ətrafına toplayaraq daha da ciddi layihələri həyata keçirəcək. İnanırıq ki, Kərəm Əkbərov öhdəsinə düşən məsuliyyətli işində də yüksək nəticələr əldə edəcək. Bu bir daha onu özündə ehtiva edir deyək ki, istedadlı gənclərə hər zaman ehtiyac var. Bu cür gənclərin əməyindən, onların ideyalarından, dünyaya elmi çıxışlarından və bacarıqlarından bəhrələnmək lazımdır. Bu cür gənc istedadları Azərbaycan gəncliyinə örnək olaraq nümayiş etdirmək lazımdır. Görünür bu məqsədlə də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Kərəm Əkbərovun bacarığını qiymətləndirmişdir. Bu mərkəz həm də bu cür gəncləri mükafatlandırmaqla gəncliyə olan inamın bir daha sönməyəcəyinə və yetişməkdə olan gənclik üçün bu inamın çox böyük məsuliyyət olduğunu nümayiş etdirməkdir.

 

Aygün Zeynalova,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin

İcraçı direktoru, respublikanın Əməkdar artisti

 

İki sahil.- 2015.- 23 yanvar.- S.17.