Əsl sənətkarlar heç

vaxt şou ardınca getmirlər

 

Müsahibimiz Xalq artisti Zaur Rzayevdir

 

- Zaur müəllim, yaşadığınız ömrün müəyyən bir hissəsi ötən əsrə təsadüf edib. O əsr ki orada dəyər ölçüləri tam başqa idi. Əsrlər arasındakı fərqi necə xarakterizə edərdiniz?

- Bilirsiniz, hər vaxtın, hər zamanın öz gözəlliyi var. Danılmaz faktdır ki, ötən əsr mədəniyyətin, incəsənətin, hətta iqtisadiyyatın yüksəlişi ilə zirvədə idi. O zaman Filarmoniyada ayda iki dəfə konsert verirdim. Yığılan pullarla simfonik orkestrin maaşını verirdilər. Çünki Filarmoniya o zaman təsərrüfat hesabı ilə işləyirdi. Həmkarlarım Teymur Mustafayev, Niyaməddin Musayev, Süleyman Abdullayev və digər sənətçilərlə birlikdə rayonlarda konsertlər verirdik. İnsanlar hər şeyə qane olurdu. Biz o dövrdə Yaponiyadan başlayıb Afrika ölkələrinə qədər aylıq səfərlərdə olurduq. O zaman hər kəs öz yerini çox gözəl bilirdi, böyüyə xüsusi hörmət var idi. İndi meyarlar çox dəyişib. Kiçik böyüyün bostanına daş atır, böyük kiçiyin. İnsanlar bu gün daha çox texniki vasitələrlə vaxt keçirməyə can atırlar. Hətta o dövrdə çəkilən filmlərimiz Uzaq sahillərdə, Gün keçdi, Uşaqlığın son gecəsi, Bəxtiyar və s. bir-birindən maraqlı idi. İndi də seriallar çəkilir, amma baxırsan ki, o keyfiyyət yoxdur. Ancaq bu gün əsasən muğam və klassik musiqinin inkişafından çox razıyam. Əvvəlki illərdən fərqli olaraq indi oxumaq daha asandır. Texniki vasitələrlə səsyazma studiyalarında səsi necə istəsən düzəltmək mümkündür. İstərdim gənc nəsildə peşəkarlıq daha yüksək səviyyədə olsun, əziyyətdən qorxmasınlar. Zamanla hər şey öz yoluna düşəcək. 50 ilə yaxındır bu sənətdəyəm, çox çətinliklərdən keçmişəm, heç vaxt əziyyət çəkməkdən qorxmamışam. Ömrümün 20 ilini orduya sərf etmişəm. Naxçıvan da daxil olmaqla bütün cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişəm. Səngərlərdə əlimizdə ritm vura-vura xalq mahnıları oxumuşuq. Əsgərlərə mənəvi dayaq olmuşuq. Müqayisədə əvvəllər bəstələnən və oxunan mahnıların ömrü çox uzun idi. Bu gün də həmin mahnılar sevilə-sevilə ifa edilir. Əfsuslar olsun ki, indi bəstələnən mahnılar bir neçə dəfə oxunduqdan sonra unudulur, ömrü çox qısa olur. Mənim nəzərimdə efir müqəddəsdir, qeyri-peşəkarları ora çıxarmaq olmaz. Onsuz da xalqımız istedadlı xalqdır, kifayət qədər peşəkar sənətçimiz var.

- Cavanlığım sizin ifanızda son dərəcə həzin, kövrək səslənir...

- Cavanlığım mahnısı artıq 30-35 ildir oxunur. O mahnını mən gənc olanda ifa etmişdim. Əlbəttə, cavanlıq insana Allah tərəfindən verilən ən böyük var-dövlətdir. Bunu düzgün dəyərləndirərək elə yaşamaq lazımdır ki, yaşlananda arxaya dönüb peşman olmayasan. Cavanlıq kök, bünövrə deməkdir. Çünki hər şey cavanlıqda öz həllini tapır. Allaha şükür ki, elə gənclik dövrü keçirmişəm ki, bu gün arxaya baxanda peşmançılıq keçirmirəm. Ayın bütün günü bölgələrimizdə zəhmətkeşlərlə görüşlərdə olurduq. İstirahətimiz isə konsertdən sonra ölkəmizin füsunkar təbiətini seyr etmək olurdu. Bugünkü yaşam tərzimə görə cavanlığıma minnətdaram.

- Zaur müəllim, müsahibələrinizin birində də demisiniz ki, dostlarınız çox gözütox insanlardır. Ötən müddət ərzində onlar haqqında fikirləriniz sizi yanıltmadı ki?

-Dost anlayışı birtərəfli olmur. Əgər yaxşı dostlarım varsa, burada mənim də rolum az deyil. Belə bir deyim var: Sən mənə qarşı bir addım gəl, mən sənə beş addım gələrəm. Dostluqda təmənna güdən insan deyiləm. Yaxşı dostunun olmasını istəyirsənsə, ilk növbədə gərək özün yaxşı olasan. Dostluq o zaman yaxşı alınır ki, qarşındakı insanın dünyaya baxışı səninlə eyni olsun, onunla həmdəm ola biləsən. Mənim nəzərimdə dostluğun mənası çox yüksəkdir. Hər insana da dost demək olmur. Xalq mahnımızda vurğulandığı kimi, Canı yanan ya bir olar, ya iki. Ətrafım genişdir, amma etiraf edim ki, qəlb dostum, ailə dostum iki-üç nəfərdən çox deyil.

- Bu gün şou biznesdəki sənətçilər qınaq obyekti olsalar da, etiraf edək ki, gündəmdə də elə onlardır. Bir sənətkar kimi sizin fikrinizi də bilmək maraqlı olardı...

- Dünyanın hər yerində şou anlayışı var. Bir şeyin ki, adının əvvəlində şou, arxasında biznes gələcəksə burada sənətdən, musiqidən, mədəniyyətdən söhbət gedə bilməz. Çünki əsl sənətkarlar heç vaxt şou ardınca getmirlər. Ancaq heç bir yerdə iş-güc tapa bilməyən insanlar bu sahəyə müraciət edir. Ucuz şoularla gündəmdə qalmaq istəyirlər. Ancaq inanıram ki, böyük Üzeyir Hacıbəyov məktəbi daim yaşayacaq. Ucuz şou təlxəkləri isə ələnib sıradan çıxacaq. Hamı peşəkar olmur. Hər yerindən qalxan ağa olsa dünya maraqsız olar. Kiçik bir ölkə üçün Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov kimi insanlar Allahın bizə bəxş etdiyi böyük dahilərdir. Ona görə o xırda şeylər ki var, onlara baxıb gülürəm.

- Adətən istedad irsən keçir. Oğlunuz Azər də sizin yolunuzu uğurla davam etdirir...

- Oğlum Azər 2014-cü ildə ciddi sınaqlardan keçərək dünyanın məşhur La Scala Vokal Akademiyasına daxil olmuşdur. Bu böyük uğur idi, çünki müxtəlif ölkələrdən olan 500 iddiaçı arasından seçilən dörd nəfərdən biridir. İlk azərbaycanlıdır ki, La Scala Vokal Akademiyasının tələbəsidir. Xoşbəxt atayam ki, oğlum uşaqlıq arzularının zirvəsinə doğru inamla, qətiyyətlə addımlayır. İstedad zəhmətlə yoğrulmasa, bəhrə verməz. Azər Tanrının ona lütf etdiyi səsi, istedadı insanlara yüksək səviyyədə təqdim etmək üçün səylə çalışır. Müəllimlərindən - Renato Bruzon, Luçana Serra, Luçana D`Intino kimi dünya şöhrətli musiqiçilərdən sənətin sirlərini öyrənir.

- Ölkəmizdə demək olar ki, hər il davamlı olaraq musiqi müsabiqələri keçirilir. Gənc istedadların üzə çıxarılmasında bunun nə kimi əhəmiyyəti var?

- Çox gözəl təşəbbüsdür. Hər bir müsabiqədə mütləq bir neçə gözəl simalar üzə çıxır. Son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan musiqisinin dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilir. İstedadlı uşaqları üzə çıxarmaq üçün mütəmadi şəkildə ümumrespublika baxış-müsabiqələri keçirilir, qaliblərin təhsil almalarına şərait yaradılır. Bu mənada, bizi millət kimi dəyərli edən bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

- Şəxsi həyatınızdan razısınızmı?

- Ümumiyyətlə, insan elə bir varlıqdır ki, yüz faiz heç nədən razı olmur. Amma çox şükür, narazı olmağa heç bir səbəbim yoxdur. Gözəl sənətim, ailəm və uşaqlarım var. Allah insanı elə yaradıb ki, yer üzündə ondan güclü varlıq yoxdur. Hər şeyə qarşı çox diqqətciləm. İstər evdə, istər bağda. Evin demək olar ki, çox problemlərini özüm həll edirəm. Ailəm üçün gördüyüm işdən həzz alıram, xoşhal oluram. Əsas odur ki, insanın ailəsi dürüst olsun, övladları tərbiyəli olsun. Əgər övladlarını yaxşı tərbiyə etmisənsə, demək, dünyanın ən xoşbəxt insanısan. İki oğlum var. Biri polis kapitanıdır. BDU-nu bitirib. Digər oğlum isə İtaliyada təhsil alır. Bəli, həyatımdan razıyam.

- Sənət adamlarımızın əksəriyyəti toylara gedir. Toylarımızın bugünkü vəziyyəti sizi qane edirmi?

- Toy gəlir mənbəyidir. Bu adət-ənənə min illərdir yaşayır. Ancaq əvvəlki toylarla indiki toylar arasında çox fərq var. Əvvəllər üç-beş ay əvvəldən gəlib vəd alırdılar. Bizi Sabirabada və yaxud hansısa rayona toya dəvət edəndə ev sahibi səni maşınla 40 km əvvəldən qarşılayırdı ki, Habil Əliyev, Zaur Rzayev kimi hörmətli qonaqlarımız gəlir. İndi bir çox adət-ənənələrimiz kimi toylarda iştirak da adiləşib.

- Bəzən eşidirik ki, hansısa müğənni toyda döyülüb və yaxud məclisdən qovulub. O zamanlar da belə hallar olurdumu?

- Əgər belə hallar olubsa demək düz edib döyüblər. Yaxşı müğənnini yuxarı başa keçirərlər, qovmazlar. O zaman sənətə, sənətkara böyük hörmət edilirdi. Çünki təsadüfi adamlar bu sənətdə olmurdu. Xanəndələr, müğənnilər səsləri ilə birlikdə ədəb-ərkanları ilə də seçilirdilər. Bu gün isə bir çox dırnaqarası oxuyanlar var ki, efirlərdə, toylarda çox qeyri-etik hərəkətlərə yol verirlər. Belələri təbii ki, döyülər də, qovular da. Xalqın gözü tərəzidir. Hər kəsə layiq olduğu qiyməti verir.

- Dinlədiyiniz müğənnilər kimlərdir?

- Əsasən yaşlı nəslin ifalarını dinləyirəm. Arif Babayev və İslam Rzayevin ifalarını çox sevirəm. Gənclərin içərisində də bu gün yaxşı oxuyanlar və mənim zövqümdə olanlar var ki, onları da sevə-sevə dinləyirəm. Ehtiram Hüseynov və Aygün Bayramovanın ifalarını bəyənirəm. Yumşaq, həzin oxuyurlar, bəziləri kimi çığırmırlar. Çığırmaq yox, oxumaq lazımdır. Axı Şövkət Ələkbərova, Rübabə Muradova nə qədər lirik, nə qədər yumşaq oxuyub. Sevə-sevə qulaq asdığım ifalar çoxdur. Musiqi də bir növ qidadır. Mahnılara ürəyini qoymalısan. Heç vaxt mahnını məşhur olmaq üçün oxumamışam. Sevib oxumuşam və bilmişəm ki, xalq da bunu bəyənəcək. Çox şükür ki, oxuduğum mahnılara xalq yüksək qiymət verdi. Ümumiyyətlə, peşəkarlıqla ifa olunan musiqinin ömrü uzun olur və tarixdə qalır.

 

Şəmsiyyə Əliqızı,

Röya Şahbazi

 

İki sahil.- 2016.- 7 dekabr.- S.11.