Tar etibarlı əllərdədir

 

Müsahibimiz Xalq artisti Möhlət Müslümovdur

 

- Möhlət müəllim, Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndərin xidmətləri əvəzsizdir. İstərdim söhbətə Ulu Öndərlə bağlı xatirələrlə başlayaq...

- Allah Ulu Öndərimizə rəhmət eləsin. Mən o sənətkarlardanam ki, yaradıcılığımın ən yaxşı, inkişaf edən dövrü Ulu Öndərin hakimiyyəti illərinə təsadüf edib. Bildiyiniz kimi, Azərbyacan Televiziyasının Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbəriyəm. 1993-cü ildən bəri demək olar ki, dövlət tədbirlərinin əksəriyyətində bizim ansambl iştirak edib. O konsertlərdə iştirak etmək hər zaman çox qürurverici və həyəcanlı idi. Çünki bilirdik ki, konsertdən sonra Ulu Öndər pərdə arxasına gəlib bizimlə görüşəcək və sənətimiz haqqında öz fikirlərini söyləyəcək, irad və təkliflərini bildirəcək. Ümummilli Liderin hər bir fikri bizim üçün böyük bir məktəb idi. Yaxşı yadımdadır, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış, Ulu Öndərin yaxın dostu İhsan Doğramacının 2000-ci ildə 80 illik yubileyi Bakıda qeyd olunurdu. Canlı efirdə müxtəlif xanəndələri müşayiət etməklə fasiləsiz dörd nömrə ifa etməli idim. Elə ilk çıxışda tarın ən əsas aparıcı iki simi qırıldı. Bu, elə bir hadisə idi ki, heç bir təcrübə ilə bunu ört-basdır etmək mümkün deyildi. Simlər elə qırılmışdı ki, qopub yana doğru sallanırdı. Ancaq ifanı yarımçıq kəsmədim. Fikrim də elə Ulu Öndərin reaksiyasında idi. Gördüm ki, ulu öndər Heydər Əliyev Ehsan Doğramacıya deyir: İki simi qırılıb, amma çalır haa...O söz elə bildim məni göylərə qaldırdı. Bütün həyəcanım yox oldu. İnanın ki, elə ifa etdim ki, nəinki xanəndələr, hətta yubiley iştirakçısı olan peşəkar tarzənimiz belə tarın siminin qırılmasından xəbərsiz oldu. O tədbirdə heç bir peşəkar musiqiçi tarın siminin qırılmasını hiss etməmişdi, ancaq Ulu Öndər o dəqiqə hiss etmişdi. Çox şükür ki, bu gün Ulu Öndərin ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, bizim tarımız UNESCO- da şah alət elan olundu. Bir tarzən kimi bu məni çox xoşbəxt edib.

- Solist kimi çıxış etmək asandır, yoxsa müşayiət etmək?

- Hərəsinin öz çətinliyi var. Amma solist elədir ki, özün- özünə cavabdehsən. Müşayiət aparıcı alətdir. Həm xanəndəyə, həm kamançaya həm də özünə cavabdeh olursan. Müşayiət etmək çox çətindir.

- Ən çox sevə-sevə müşayiət etdiyiniz sənətçi kim olub?

- Çox dəyərli insanları müşayiət etmişəm. Əbülfət Əliyev, İldırım Həsənov, Hacıbaba Hüseynov, Sara Qədimova, Tükəzban İsmayılova...saymaqla qurtarmaq olmaz. Amma ən çox sevdiyim, tələbəlik, gənclik, uşaqlıq dostum Səxavət Məmmədov olub. Bizim çox gözəl günlərimiz olub. Birlikdə Qarabağı qarış-qarış gəzmişik.

- Xanəndə səhv ifa edəndə reaksiyanız necə olub?

- Tamaşaçı qarşısında reaksiya verə bilmirəm, əksinə, onu vəziyyətdən çıxarmağa çalışıram. Ancaq məşq zamanı belə hallar baş verərsə, ifanı saxlayıb səhvin aradan qaldırılmasına nail oluruq. İnsanlar müxtəlifdir. Elə insan var iradı yaxşı qəbul edir, ancaq bir az kaprizli xalq artistlərimiz var ki, əvvəlcədən məşq zamanı bildirir ki, baş verən nöqsanları ansamblın üzvləri arasında deyil, təklikdə bildirin. Muğam böyük dəryadır. Heç kim deyə bilməz ki, mən bu dəryanın gözəl üzgüçüsüyəm. Bu dəryada özümü bir damla sayıram. Bunu öyrənməyə bir insan ömrü çatmır, yenə də öyrənməyə çalışıram. Belədir ki, insan qəbir evinə qədər öyrənir. Muğamda bilirəm söhbəti yoxdur.

- Adətən sənətkarlar məşğul olduqları sənətin çox ağır olduğunu etiraf edir, amma övladlarını da arxalarınca aparırlar. Oğlunuzun bu sənəti seçməyində rolunuz olubmu?

- Onun bu sənəti seçməyində rolum olmayıb. Düzünü desəm heç istəmirdim. Ondan böyük iki övladım var, heç birinə icazə verməmişəm. Kiçik oğlum Rüstəmlə bacara bilmədim. Hərdən baxıram, ürəyim ağrıyır, deyirəm ki, sən necə dözəcəksən, buna dözmək lazımdır. Fikirləşəndə ki, mən necə dözmüşəm, bir az təskinlik tapıram. Bunun adı incəsənətdir, əslində çətin sənətdir. İncə olduğu qədər də çətindir. Rüstəm kiçik olanda iki ay Mərakeşdə qastrol səfərində idim. Mərakeşdən gələndə gördüm ki, Rüstəmin artıq tar əlindədir. Atam aparıb onun sənədlərini musiqi məktəbinə verib. Bizdə də belə bir adət var ki, atanın dediyi sözü iki etməzlər. Hətta atamın yanında uşaqlarımı qucağıma belə almamışam. Gördüm artıq iş-işdən keçib. Gözlədim ki, qabiliyyəti, bacarığı necə olacaq? Şükür Allaha bu gün qabiliyyətindən narazılığım yoxdur.

- Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil etmisiniz. Hansı ölkədə olanda özünüzü Vətəndə olduğu kimi hiss etmisiniz?

- Vətəni heç bir ölkə əvəz etmir. Mənim uşaqlıqda ən böyük arzum Hindistana səfər etmək idi. Təbii ki, bu istək o zamanlar hind filmlərinə olan sevgidən yaranmışdı. Allah qismət etdi, iki ay Hindistanda səfərdə olduq. Vətən üçün ağılasığmaz dərəcədə çox darıxırdım. Uzun müddət Vətənsiz yaşaya bilmirəm. Başqa ölkələrə baxanda Cənubi Azərbaycanda bir az rahat oluram. Çünki orada 30-40 milyon azərbaycanlı var. Onların arasında elə bil kimliyimə qayıdıram. Ərdəbili, Urmiyanı, Təbrizi, Zəncanı görəndə elə bil, ulu babalarım yadıma düşür. Amma sizi əmin edə bilərəm ki, dünyanın heç bir guşəsi Vətənin yerini verə bilməz. Müstəqilliyimizin ilk illərində bir çox ölkələrdən-Türkiyədən, Fransadan, İtaliyadan təklifləri almışdım. Heç birini qəbul etmədim. Fikirləşdim ki, iki ayı başqa ölkədə çətinliklə keçirmişəmsə uzunmüddətli ayrılığa heç vaxt dözə bilmərəm. Bundan əlavə, evin tək övladı olmuşam. Valideynlərimin də tək qalmasına heç vaxt yol verə bilməzdim.

- Qeyd etdiniz ki, tez-tez xarici ölkələrdə səfərlərdə olmusunuz. Bu səfərlər zamanı hansısa xoşagəlməz hadisələrlə rastlaşmısınızmı?

- Bədnam qonşularımız tərəfindən olub. Bir dəfə Hollandiyada yaradıcılıq görüşləri keçirilirdi. Bizim üçün proqram tərtib edilmişdi ki, 10-12 konsert verməliyik, bir də yaradıcı görüşlərdə iştirak etməliyik. Hollandiyada bir ansambl var, bütün dünya xalqlarının musiqilərini ifa edir. Orada mizrabla çalınan bütün alətlərdən az-çox baş çıxaran bir oğlan var idi. Onlarla bir görüş keçirməli idik. Elə təzəcə oturmuşduq ki, sarı rəngli bir tar gətirdilər ki, bu, erməni tarıdır. Deməli, tarı təzəcə düzəldəndə sarı rəngdə olur, müəyyən müddətdən sonra isə rəngi qaralmağa başlayır. Mən hər dəfə xaricə gedəndə Vaqif Əbülqasımovun tarın tarixi ilə bağlı bir kitabının ingilis dilində nəşrindən bir neçəsini özümlə götürürəm. Tərslikdən oteldə həmin kitabdan olsa da, özümlə görüşə götürməmişdim. Oğlan təəccübləndiyimi görüb dedi ki, bu, erməni tarıdır və Ermənistanda düzəldilib. Əlimə götürdüm, gördüm, simləri yerində deyil. Təzədən açıb, simləri düzəltdim, köklədim. Soruşdum ki, hansı tar ifaçısını dinləyib? Cavab verdi ki, Bəhram Mansurovun ifasını eşidib və Çahargah muğamını öyrənib. Çaldı, gördüm ki, az-maz bilir. Təzədən buna Çahargah muğamını öyrətdim. Ansambla da Çahargah rəngini və Şəki yallısı öyrətdik. Bunlar çox təəccübləndilər. Amma oğlana dedim ki, onunla söhbətimi bitirməmişəm. Dedim, buradan otelə gedək, sənə balaca bir kitab verəcəyəm, axşam oxuyarsan, sonra söhbətimizə davam edərik. Həmin oğlan kitabı oxuyandan sonra gəlib məndən üzr istədi ki, tar doğrudan da Azərbaycan aləti imiş. Jurnalistlərin iştirakı ilə görüşdə də dedim ki, Bakıda tar düzəldən ermənilər olub. Amma peşəkar tar ifaçıları ancaq azərbaycanlılardır. Ermənilər usta olub. Elə mənim evimi də erməni ustaları tikib. Amma bu o anlama gəlmir ki, ev ermənilərindir. Erməni tarı təmir edə bilər, düzəldə də bilər. Amma bizim kimi tar çala bilməz. Çünki ermənidə əruz, muğam yoxdur. Erməni şuru da çalır, segahı da. Ancaq muğamların sinifləri, adı, guşələri var. Tar Azərbaycana məxsus alətdir. Bu kimi hallarla bir neçə dəfə rastlaşmışam.

Amma indi şükür Allaha ki, tar UNESCO-nun dünya irsi siyahısına daxil edilib. Tar sevilir və ona böyük qiymət də verilir. Dövlətimiz, ölkə rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tarın, muğamın populyarlaşdırılması işində dəstəyini əsirgəmir.

- Pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu gün tələbələrinizin tara, milli musiqi alətimizə olan münasibəti sizi qane edirmi?

- Tar xalqın malıdır. Bunu bizə əmanət ediblərsə, biz də onu kimlərəsə əmanət etməliyik. Gənc tarzənlər tar sənətinə çox böyük qiymət verirlər. Onların fəaliyyətləri təqdirəlayiqdir. Düşünürəm ki, bugünkü tarzənlər və gələcək tarzənlər milli sənətimizi dünyada layiqincə təmsil etməyə qadir sənətkar olacaqlar. Xalq musiqisinə, muğama, milli musiqi alətlərinə verilən qiymət bugünkü nəslin gələcək həyatında mühüm rol oynayacaq. Gənclərin milli dəyərlərə üstünlük vermələri həm kimliyimizi unutdurmayacaq, həm də gələcəkdə xalqımızın dünyada təbliğində müstəsna rol olacaq. Artıq tarı sevənlər daha da çoxalıb və gözəl tarzənlər dəstəsi yetişir. Mənim oğlum Rüstəm Müslümov da tarzəndir. Düşünürəm ki, bizə ərmağan olunan ulu tarı, biz də könül rahatlığı ilə gələcək nəsillərə ötürə biləcəyik. Tar etibarlı əllərdədir. Son dövrlərdə keçirilən beynəlxalq tədbirlər, muğam müsabiqələri, festivallar, simpoziumlar qədim çalğı alətlərimizə gənclərdə bir az da həvəs oyadıb. Deyərdim ki, bu gün tara maraq əvvəlki illərdən daha artıqdır.

- Möhlət müəllim, Qurban Pirimov 80 yaşında belə tarı əlindən yerə qoymamışdı. Ancaq bəzi sənətkarlar var ki, müəyyən yaş həddinə çatdıqdan sonra artıq öz sözlərini dediklərini, missiyalarını başa vurduqlarını düşünürlər. Siz necə düşünürsünüz?

- Bilirsiniz, tar elə bir alətdir ki, 10 yaşındakı uşaq da onu sinəsində tutduqda yaraşır, 30 yaşında da. Hətta 80-90 yaşında belə əgər əlin mizrab tutursa, tar tutursa dünyanın ən xoşbəxt insanısan demək. Mən hələ nə ifa etdiyimi indi başa düşürəm. Allah nə qədər ömür payı yazıbsa, əlim nə qədər mizrab tutursa, tar əlimdə olacaq. Mənə elə gəlir ki, hələ bundan sonra yaxşı ifalar edəcəyəm. Mənim beynim hələ indi yetkinləşir. Allah bir 60 il də ömür versə, başqa cür tar çalmağa başlayardım. Hələlik o gücü özümdə hiss edirəm.

- Müsahibələrinizin birində bildirmisiniz ki, tar uşaq kimidir, həssasdır, şıltaqdır, küsəyəndir: Onu əlimdə balam kimi saxlayıram, hər nazı ilə oynayıram... Bu nazlı uşağın şıltaqlığından yorulmamısınızmı?

- Hərdən yoruluram. Hətta mənim tardan küsən vaxtlarım da olub. Adam övladından inciyən kimi incidiyim vaxtlar da olub. Çünki hərdən elə olur ki, tarın tərsliyi tutur, sözə baxmır. Tar çox hissiyyatlıdır. Vallah, insan yağışın yağmağını hiss eləmir, amma tar hiss edir. Bir dəfə mən Kanadada yoldaşlarımla konsertə gedirdim. Dedim ki, bir azdan burada leysan olacaq. Heç kim inanmadı. Bir də gördülər leysan yağır. Tar artıq onu hiss eləmişdi. Tərsliyi tutsa da, sözümə baxmasa da, əzizləyirəm onu. Hansı ata övladını ata bilər, tar da mənim bir övladımdır.

- Möhlət müəllim, keçmiş ifalarınızı dinləyəndə hansı hissləri keçirirsiniz? Hesab etmisinizmi ki, bu yeri səhv ifa etmişəm, indi fərqli ifa edərdim?

- Təxminən 40 yaşım olan ərəfələrdə 20-25 yaşımda ifa etdiyim yazıları sildirmək istəyirdim. Ancaq yaşca məndən böyük insanlar dedilər ki, olmaz, hər yaşın öz ifa tərzi var. Bir il əvvəl ifa etdiyim musiqiyə qulaq asanda deyirəm Allah mən niyə bunu belə etməmişəm? İmkan olan kimi təzələyirəm, amma köhnəyə dəymirəm.

- Bir neçə musiqi alətində ifa etməyi bacarırsınız. Necə oldu ki məhz tarı seçdiniz?

- Tarda ifa etmək atamın arzusu olub. Atam hər zaman deyirdi ki, həvəsi ürəyində qalıb, kasıblıq olub tar ala bilməyib. Elə o söhbətlərdən məndə tara həvəs oyanıb və sevmişəm. Amma tarı öyrənəndən sonra gördüm ki, sazda ifa etmək tardan da asandır. Gitarada ifa etdikdən sonra gördüm ki, bu, hər ikisindən də asandır. Ansamblda saz ifaçısı gəlməyəndə hərdən onu əvəz edirəm. Ancaq efirdə istəmirəm göstərsinlər. Sazı bəlkə mən tardan da çox sevirəm. Amma tarı seçdim. Arzu edirəm ki, bizim saz ifaçılarımız sazımızı saz kimi çalsınlar, işgəncə verməsinlər, boyunlarında, yerdə hoqqabazlıqla ifa etməsinlər. Çünki sazımız da, tarımız da bizim milli kimliyimizdir.

- Bir neçə filmdə musiqiçi kimi iştirak etmisiniz. Bu filmlərdən hansı sizin ruhunuza, qəlbinizə daha yaxın olub?

- Görkəmli rejissorumuz Şahmar Ələkbərzadə 1998-ci ildə bildirdi ki, Qəzəlxan filminin çəkilişlərində üçlükdə sənin də çəkilməyini istəyirəm. Sonra elə oldu ki, bizi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə iki aylıq xarici ölkəyə qastrol səfərinə göndərdilər. Təsadüfən də filmin çəkilişləri həmin vaxta düşdü. Qayıtdıqdan sonra Şahmar müəllim bildirdi ki, kinoda bir toy səhnəsi qalıb istəyirəm onu siz ifa edəsiniz. Kiçik səhnə də olsa iştirak etdim, çox xoşuma gəldi. Bundan əlavə bir neçə filmlərdə də ifalarım olub. Yenə dəvət alsam çəkilərəm.

 

Şəmsiyyə Əliqızı,

Röya Şahbazi

 

İki sahil.- 2016.- 13 dekabr.- S.20.