Musa Quliyev: 2017-ci ildə ölkə

səhiyyəsini böyük uğurlar gözləyir -

 

Artıq 2016-cı ilin son günlərini yaşayırıq. Maraqlıdır, tarixə çevrilməkdə olan 2016-cı il ölkədə hansı hadisələrlə yadda qaldı? Budəfəki müsahibəmizdə cari ildə ölkə səhiyyəsində yaddaqalan məqamlardan, baş verən yeniliklərdən, qazanılan uğurlardan danışacağıq. Müsahibimiz isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Musa Quliyevdir.

 

- Musa müəllim, 2016-cı ili Azərbaycan səhiyyəsi üçün uğurlu il kimi qiymətləndirə bilərikmi?

- Ümumiyyətlə, 2016-cı il dünyada gərgin, münaqişələrlə yaddaqalan bir il kimi qiymətləndirirəm. Eyni zamanda, bu il dünyaya sıx inteqrasiya edən Azərbaycanın maliyyə- iqtisadi sektorunda modern dəyişikliklərlə xarakterizə olundu. Bilirsiniz ki, 2016-cı il Azərbaycanda postneft erasının başlandığı il kimi də yadda qaldı. Dünyada baş verən iqtisadi böhrana, hərbi-siyasi gərginliyə baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olundu, iqtisadi inkişaf davam etdi. Sosial proqramlarla qarşıya qoyulan məqsədlərin demək olar ki, hamısına nail olundu. İstər mədəniyyət, təhsil, istərsə də səhiyyə sahəsində ölkəmiz bütün hədəflərinə çatdı. Xüsusilə son 13-15 ildə səhiyyədə başlanılmış inqilabi xarakterli dəyişikliklər, islahatlar 2016-cı ildə də davam etdi. Bu ildə bir sıra yeni səhiyyə obyektləri tikildi. Poliklinikalar, xəstəxanalar, o cümlədən regionlarımızda yeni tibb mərkəzləri açıldı. Onların böyük əksəriyyətinin açılışında cənab Prezident İlham Əliyev şəxsən özü iştirak edib. Eyni zamanda ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da ölkə səhiyyəsinin inkişafında müstəsna xidmətlərinin şahidi olduq. Əhalinin sağlamlığının qorunması, uşaqların dispanserizasiyası, əhalinin tibb xidmətlərinin təmini, dərman preparatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, icbari tibbi sığortanın pilot şəkildə həyata keçirilməsinə başlanılması 2016-cı ildə ölkə səhiyyəsini xarakterizə edən əsas cəhətlərdir. Bütövlükdə, Azərbaycanda səhiyyə sisteminin inkişafı müsbət tendesiya ilə davam edir. Bu gün Azərbaycanda ən müasir əməliyyatların aparılması, müasir tibbi texnologiyanın tətbiqi, dünyanın bir çox ölkələrində həlli çətin hesab olunan əməliyyatların ölkədə icrası Azərbaycanda tibbi xidmətin kifayət qədər yüksək səviyyədə olmasından xəbər verir. Həqiqətən də 10 il öncə biz Azərbaycan səhiyyəsi haqqında bədbin fikirdə idik. Həm texnoloji, həm maddi-texniki bazanın zəif olması, idarəetmə sisteminin köhnəlməsi, həm də kadrların müasir texnologiyanı kifayət qədər mənimsəməməsi baxımından geri qalırdıqsa, artıq bu problemlərin hamısı aradan qaldırılıb. 2003-cü ildən keçən 13 il ərzində Azərbaycanda 600-ə qədər səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub və hamısı müasir tələblərə cavab verən tibb texnologiyası ilə təchiz edilib. Həmin illər ərzində Azərabycanda yüzlərlə yeni tibb müxtəxəssisi yetişdirilib. Həm xarici ölkələrdə, xüsusiləTürkiyə, Almaniya, Avropanın başqa aparıcı universitetlərini bitirib, uzman kimi gələn həkimlərimiz, həm də Azərbaycan Tibb Unuiversitetinin yetişdirdiyi savadlı mütəxəssislərin varlığı bunu deməyə əsas verir. Bilirsiniz ki, Azərbaycanda artıq rezidentura pilləsi fəaliyyyətə başlayıb. Bu il onun ikinci buraxılışı oldu.   Rezidentura tibb təhsilinin ən ali pilləsi sayılır. Ölkəmizdə uzman səviyyəsində mütəxəssislər hazırlanır. Bu mənada ölkə səhiyyəsinin 2016-cı ildəki ümumi fəaliyyətini uğurlu hesab edir, yüksək qiymətləndirirəm.

- İnkişafın fonunda yəqin ki, hansısa problemlər, çatışmayan cəhətlər də nəzərə çarpır...

- Əlbəttə. Müəyyən qrup vətəndaşların səhiyyə xidmətinə əlçatanlığı tam təmin olunmayıb. Bəzi bahalı əməliyyatlar var ki, bütün vətəndaşların o əməliyyatları etdirməyəimkanı çatmır. Bütün problemlər icbari sığorta işə düşəndən sonra yavaş-yavaş aradan qalxacaq. Onu da qeyd edim ki, 2017-ci ilin dövlət büdcəsində əvvəlki illərlə müqayisədə müəyyən azalma olmuşdur. Amma bu azalma səhiyyə, sosial müdafiə, təhsil, mədəniyyət sahəsinə o qədər də təsir etməyəcək. Əksinə, səhiyyə sahəsində artımların şahidi olacağıq. Bu, onu göstərir ki, cənab Prezidentin daxili siyasətində əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin həm təbliği, həm də həyata keçirilməsi prioritet istiqamətdir.

- 2016-cı ilin ölkə səhiyyəsində yaddaqalan məqamlardan biri də Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi prosesi oldu. Bu addım vətəndaşların dərmanla təchizatında nə kimin problemlərin həllinə gətirib çıxardı?

- Bilirsiniz ki, Azərbaycanda bütün sahələrdə bazar iqtisadiyyatı inkişaf edir. O cümlədən səhiyyə və dərman preparatları ilə təchizat istiqamətində də bazar iqtisadiyyatı əlaqələri qurulmuşdur. Amma bazar iqtisadiyyatı o demək deyil ki, hər şeyi sahibkar özü həll etməldir. Xüsusilə sosial əhəmiyyətli məsələlər var ki, onlarda dövlət tənzimlənməsi siyasəti lazımdır. Tarif Şurasının qərarı ondan ötrüdür ki, əhalinin ən çox ehtiyacı olan dərmanlara əlçatanlığı təmin olunsun, eyni zamanda, qiymətlərin həddindən artıq şişirdilməsinə yol verilməsin. Dərman bazarında son illərdə zərərli bir ənənə formalaşmışdı. Bir mərkəz hər bir dərman preparatının qiyməti baxımından digər mərkəzlərlə rəqabətə girirdi ki, görək kim daha baha satacaq. Nəticədə bunun əziyyətini Azərbaycan vətəndaşları, xüsusilə də aztəminatlı ailələrçəkirdi. Məsələn, bir il öncə Milli Məclisdə dərman vasitələrinin qiymətinin tənzimlənməsi haqqında qanun layihəsi təqdim olundu. Tarif Şurası uzun müddət dərman preparatlarının qiymətini araşdırdı, bir çox ölkələrin təcrübəsi öyrənildi, o ölkələrdə dərmanların qiymətləri götürüldü və ortaq bir qiymət çıxarıldı. Yaxşı ki, biz bu prosesi vaxtında həyata keçirdik. Çünki manatın qiymətinin dəyərdən düşməsi, dolların bahalaşması dərman bazarında təsəvvür edə bilməyəcəyimiz şəkildə gərginlik yarada bilərdi. Ona görə də hazırda dərman bazarında dərmanların 90 faizinin qiyməti tənzimlənir. Onların qiyməti kifayət qədər əlçatandır. Amma bu da son hədd deyil. Həm Tarif Şurası, həm də Nazirlər Kabineti səviyyəsində bu problem düşünülür və müəyyən addımlar atılır ki, daha nə etmək lazımdır ki, əhalinin dərman vasitələrinə əlçatanlığı daha da yüksəlsin. Bunun üçün Azərbaycanın daxili bazarında dərman istehsalı üçün müəyyən tədbirlər görülür. Bilirsiniz ki, Pirallahıda artıq böyük bir dərman zavodunun bünövrəsi qoyulub. Yaxın zamanlarda o zavodun inşasına başlanılacaq. Ondan sonra Azərbaycan öz daxili tələbatını ödəcəyək, eyni zamanda, digər ölkələrə dərman ixrac edəcək. Bu da dərman qiymətlərinin daha da aşağı düşməsinə gətrib çıxaracaq. İkinci bir məsələ vergidir. Milli Məclisdə əlavə dəyər vergisinin aşağı salınması müzakirə olunur. Üçüncü bir məsələ isə icbari tibbi sığortanın tətbiq olunmasıdır. Biz dərmanların alınmasını da icbari tibbi sığorta paketinə daxil edəcəyik. Artıq vətəndaş həkimin ona yazdığı resept əsasında pul vermədən, sığorta paketi hesabınaaptekdən dərman götürəcək. Bu da vətəndaşlarımızın dərmanla təchizatında mühüm addım olacaq. Vətəndaşlarımız düşünməsinlər ki, manatın dəyəri düşdü, dollar bahalaşdı, ona görə də hökumət dərmanların qiyməti barədə düşünmür. Düşünülür. Amma hər şey balanslaşdırılmış şəkildə baş verir. Biz bu gün populist vədlər verək, çıxış edək ki, dərman preparatları, əhalinin tibbi xidmətləri pulsuz olacaq. Amma bu fikirlər real deyil və dünyanın heç bir yerindəbelə bir şey yoxdur. Bu prosesi davam etdirsək, addım-addım dərmanların qiymətini tənzimləsək, yavaş-yavaş qiymətləri aşağı salsaq vəziyyət düzələcək.

- Bəs özəl klinikalarda qiymətlərin tənzimlənməsində dövlət nəzarəti varmı? Ümumiyyətlə, həmin klinikalarda qiymətlər hansı standartlara əsasən tənzimlənir?

- Heç şübhəsiz ki, özəl klinikalarda da dövlət nəzarətinin tətbiqi işi aparılmalıdır. Amma bu proses sırf dövlət tərəfindən qiymətlərin müəyyənləşdirilməsi məsələsi deyil. Hər bir özəl klinikanın müəyyən xərcləri, özünün hesablamaları, müəyyən gəliri var. Əgər biz özəl klinikalara dövlət tərəfindən qiymət qoymuş olsaq, bu, artıq bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Dövlət hər hansı tənzimləyici işləri görə bilər. Səhiyyənin dövlət sektorunu inkişaf etdirməklə, burada pulsuz xidmətləri genişləndirməklə qiymət baxımından özəl sektorda rəqabət yarada bilər. Başqa bir yol özəl klinikaların da icbari tibbi sığortaya geniş şəkildə cəlb edilməsi ola bilər. Digər bir yol isə ondan ibarətdir ki, özəl klinikaların, hər bir tibb mərkəzinin sosial məsuliyyəti olmalıdır. Yəni bu ölkədə iş görüb pul qazanırsansa, bu millət gəlib sənə pul ödəyirsə, sən də qarşılığında hər hansı sosial aksiya keçirməlisən. Tutaq ki, bir klinika ayda bir gün Qarabağ əlillərini pulsuz qəbul edə bilər. Klinika böyük bir ziyana düşməyəcək. Amma onun reputasiyası, sosial məsuliyyəti üçün bu, böyük aksiya olacaq. Və yaxud bir klinika ayda bir dəfə, məsələn, uşaqlar,yaxud şəhid ailələri üçün pulsuz aksiya həyata keçirə bilər.Bunların hamısı cəmiyyətin tələbləridir, eyni zamanda dövlət-sahibkar münasibətlərinin daha sivil və hüquqi müstəvidə qurulmasını şərtləndirən amillərdən biridir. Bizim özəl klinkanın rəhbərləri də bu barədə düşünməlidirlər. Bu aksiyaları bəziləri keçirir, amma hamısı keçirsə daha yaxşı olar. Bütün sadalananları etməklə, heç bir özəl klinika bir şey itirməyəcək, əksinə, özünə tərəfdaş toplayacaq.

- 2016-cı ildə ana və uşaq ölümlərinin statsitik göstəriciləri bizə nə verdi? Mümkünsə bu nəticələri dünya ölkələri ilə müqayisə edək. Problemin həllində nə dərəcədə qazanmışıq və ya itirmişik?

- İtirməmişik, əksinə, qazanmışıq. Bizim bu il istər ana, istərsə də uşaq ölümü göstəricisi Avropanın orta statistik göstəriciləri səviyyəsindədir. Hesab etsək ki, dünyada 200 dövlət var və bu qədər ölkənin statistik göstəriciləri sırasında biz 30 dövlətin arasındayıq, bu, çox böyük bir uğurdur. Bəzən KİV nümayəndələri, xüsusilə elektron KİV-lər və sosial şəbəkələrdə kütləvi ajiotajlar yaradırlar. Mən bunun tərəfdarıyam. Tərəfdarıyam o mənada ki, cəmiyyət bu məsələlərə biganə deyil. Eyni zamanda, bu münasibət həmin sahəyə cavabdeh olan məmurları daha səfərbər və məsuliyyətli edir. Digər bir tərəfdən məsələyə elmi və praktik yanaşsaq, etiraf etməliyik ki, belə hallar olur. Amma hər bir ana və ya uşaq ölümütəkcə Səhiyyə Nazirliyi səviyyəsində deyil, hökumət, Nazirlər Kabineti səviyyəsində diqqət mərkəzindədir. Hər bir ölüm faktı araşdırılır. Əgər orada hərhansı həkim səhvi, səhlənkarlığı varsa mütləq onlar cəzalanırlar və məsuliyyətə cəlb olunurlar. İstərdim Səhiyyə Nazirliyi vaxtında əhalini məlumatlandırsın, vətəndaşlara məlum olsun ki, problem var, amma araşdırılır, həlli yolları axtarılır və tapılır. Səhiyyə Nazirliyi son illərdə həqiqətən mətbuatla fəal işləyir. Mən bunu alqışlayıram. Araşdıranda görünür ki, ana və uşaq ölümləri təkcə həkim səhvindən olmur. Bir də görürsən ki, problemlərin 50 faizi vətəndaşların səhiyyə maarifinin az olmasından irəli gəlir. Tutaq ki, ananın elə bir xəstəliyi var ki, ona hamilə olmaq məsləhət görülmür. Vaxtında müalicə olunmur, yoxlanılmır və hamiləliyin elə bir mərhələsində həkimə gedir ki, artıq heç bir şey etmək mümkün deyil. Belə hallar da ola bilir. 2016-cı ilidə ölkəmizdə tibb sahəsində qazanılan uğurlardan biri nikaha girən şəxslərin nikahdan öncəki tibbi müayinəsi məsələsi oldu. Proflaktik baxımdan çox mühüm addmdır. Genetik, irsi qan xəstəlikləri, eləcə də infeksion yolla keçən xəstəliklər var ki, nikahdan öncə hər kəs bunun daşıyıcısı olduğunu bilsə,proflaktik addımlar atsa, müalicə aparılsa gələcəkdə də ölüm riskləri azalar və sağlam uşaqlar dünyaya gələr.

- Müsahibənin əvvəlində vətəndaşların dərman preparatları ilə təchizatında dövlətin gördüyü işlərdən danışdınız. Maraqlıdır, regionlarda, xüsusilə ucqar kəndlərdə bu problem necə həll olunur?

- O istiqamətdə bizdə heç bir problem yoxdur. Apteki səhiyyə müəssisəsi və yaxud dövlət açmır. Apteki sahibkar açır. Bilirsiniz ki, biril öncəyə qədər hər hansı bir aptekin açılması üçün dövlət rüsumu 5 min 500 manat müəyyənləşdirilmişdi. Təbii ki, bu qiymət xüsusilə kənd yerində kiçik sahibkara sərf etmirdi. Amma artıq bir ildir ki, bu problem aradan qaldırılıb. Həmin rüsum 1000 manata endirilib, yəni beş dəfədən çox azaldılıb və hər bir rayonda, kənddə yaşayan sahibkar aptek aça bilər. Amma dövlət məsələyə hər hansı şəkildə müdaxilə edə bilməz ki, mütləq hər hansı bir sahibkar filan kənddə aptek açmalıdır. Bu, bazar münasibətlərinə ziddir. Amma vətəndaşın səhiyyə xidmətlərinə, o cümlədən dərmanlara əlçatanlığını təmin etmək üçün başqa bir yol var. Tutaq ki, rayon mərkəzində iri bir aptek var. O aptekə səyyar fəaliyyət göstərmə lisenziyası verilib. Məsələn, həftədə bir dəfə kəndləri maşınlarla gəzib, çox tələb olunan dərman vasitələrini sata bilərlər. Amma kənd yerində kimsə getsin aptek açsın və buna dövlət hər hansı bir kömək göstərsin, bu, artıq bazar münasibətlərinə ziddir.

- Musa müəllim, son olaraq bilmək istərdik ki, 2017-ci ildə ölkə səhiyyəmizin inkişafı baxımından gözləntiləriniz nələrdir və Milli Məclisdə bununla bağlı hər hansı qanun layihələri müzakirəyə çıxarılıbmı?

- Bəli. 2017-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait artırılıb. Bu, o deməkdir ki, ən azı 2016-cı ildəki kimi dərman vasitələri, tibbi xidmətlər ala biləcəyik. Ən böyük gözləntimiz icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bilirsiniz ki, 2016-cı ildə İcbari Tibbi Sığorta Agentliyi çox ciddi fəaliyyət göstərdi. Müəyyənləşib ki, 2017-ci il 1 yanvardan Yevlax və Mingəçevir şəhərlərində artıq icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Cənab Prezidentin Fərmanı ilə həmin rayonların səhiyyə xidmətlərinin icbari tibbi sığortası olacaq. Əhalinin, xüsusilə uşaqların kütləvi dispanserizasiyası, analığın mühafizəsi, ankoloji və qan xəstəliklərinin, şəkərli diabet və s. kimi xəstəliklərin müalicəsi üçün dövlət büdcəsindən əhaliyə yardımlar olunacaq. Xəstəxanalar yeni texnoloji avadnlıqlarla təchiz ediləcək. Bütövlükdə, 2017-ci ildə Azərbaycanın səhiyyə sistemində böyük uğurların şahidi olacağıq.

 

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 30 dekabr.- S.13.