Tərtər ölkənin ən qabaqcıl aqrar

mərkəzlərindən birinə çevrilir

 

2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektarda şəkər çuğundurunun əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulub

 

Düşmən qarşısında mərd dayanan, itirilmiş torpaqların geri qaytarılması üçün hər an Ali Baş Komandanın əmrini gözləyən bu torpaqların insanı cəsarətli və qorxmazdır. Mütəmadi olaraq pozulan atəşkəs, hər gün eşidilən güllə səsi bizim üçün təhlükəli görünsə də, onlar üçün adi hala çevrilib. Həyat davam edir, hər kəs öz işində-gücündədir...

 

Tərtərin mərkəzindən tutmuş, cəbhəboyu kəndlərinə kimi böyük inkişaf, insanlarda yüksək əhval-ruhiyyə müşahidə edilir. Bu ilin aprel ayında təmas xəttində baş verən qanlı döyüşlərdə erməni silahlı birləşmələrinin təxribatı nəticəsində Tərtərin 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına və əhalinin mal-qarasına və digər əmlaklarına müxtəlif dərəcədə ziyan dəyib. Ölkə başçısının müvafiq Sərəncamı ilə zərər dəymiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılıb, yaşayış evləri yüksək səviyyədə bərpa edilərək sakinlərin ixtiyarına verilib.

Artıq o dağıntılardan əsər-əlamət yoxdur. Bu gün Tərtər cəbhəboyu rayon kimi, inkişafı, yeniliyi, müasirliyi ilə digər mərkəzi bölgələrdən geri qalmır, hətta bəzi məqamlarda onları qabaqlayır. İnsanlar rahat, təhlükəsiz şəraitdə yaşayır, yaradırlar. Bunun əsas səbəblərindən biri də Milli Ordumuzun Tərtərdə cəbhə boyunca yerləşən birləşmələridir. Kənd sakinləri düşmənlə qarşı-qarşıya dayanan igid Azərbaycan əsgərinə arxalanır, ona güvənirlər. Çünki düşmən tərəfdən atılan bir güllə belə cavabsız qalmır, işğalçı daha böyük müqavimətlə qarşılaşır. Bir sözlə, ölkəmizin suverenliyi, təhlükəsizliyi yüksək səviyyədə qorunur. 

Bu gün Tərtər tikinti meydanını xatırladır. Həyata keçirilən quruculuq-abadlıq işləri rayonun simasını müasirləşdirir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, YAP Tərtər rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatıb, mebel və avadanlıqlarla təchiz olunub. Mühüm strateji əhəmiyyətə malik, 18051 nəfər əhalisi olan, rayonun 19 yaşayış məntəqəsini birləşdirən Sarıcalı kəndi ərazisində, Tərtər çayı üzərində uzunluğu 106 metr, eni 11.5 metr olan 3 aşırımlı yeni körpünün tikintisi davam etdirilir. Bu ilin yanvar-sentyabr ayları əzrində Tərtər çayı sahilində, 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb. Ərazi təmizlənib, hamarlanıb. Parkın ərazisindən keçən Buruc arxı 300 metr məsafədə beton kanal şəklinə salınıb. Bu işlərin görülməsinə rayonun daxili imkanları hesabına 645 min manat  investisiya qoyulub. Hazırda işlər davam etdirilir.

Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artaraq 108.5 milyon manat təşkil edib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 27 sahibkarlıq subyekti 192 min manat kerdit alıb. Həmin layihələrdə 29 iş yeri açılacaq. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə isə 930 nəfər işaxtaran vətəndaşdan 396 nəfəri öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Məşğulluq Mərkəzi tərəfindən 52 nəfər vətəndaşa işsizlik statusu verilib, 55 nəfərə işsizliyə görə müavinət təyin edilib. Rayonda 2140 yeni iş yeri açılıb ki, onların da 1459-u daimidir.

Tərtərin torpağı məhsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Bu il rayonda 1035 hektar sahədə pambıq əkilib-becərilib. Əvvəlki ilə nisbətən pambıq əkini 88.2 faiz artıb. Qəbul məntəqələrinə bugünədək 1235 ton məhsul təhvil verilib. Bu da əvvəlki ilə nisbətən 2 dəfə çoxdur. Pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə bu ildən emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0.1 manat subsidiya veriləcək. Bu da pambıqçıların sevincinə səbəb olub. 2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulub. Bununla yanaşı, dövlət fond torpaqlarından 2279 hektar istifadə olunmayan, və ya təyinatı üzrə əkilməyən torpaq sahələri geri qaytarılıb. Həmin torpaq sahələrində kənd təsərrüfatı məhsulları əkilib-becəriləcək.

Dövlət büdcəsi hesabına hər hektar buğda səpininə görə 304 min 80 manat, əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 7421 istehsalçıya 1 milyon 198 min manat yardım verilib, mineral gübrələrin orta hesabla 70 faiz güzəştli satılması qaydalarına uyğun olaraq 891 istehsalçıya 986 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Bu il 12 min 2014 hektar taxıl sahələrində biçin aparılıb. 7932 hektar buğda sahəsindən hər hektardan orta məhsuldarlıq 37.3 sentner olmaqla, 29 min 586 ton buğda, 4282 hektar arpa sahələrindən hər hektardan orta məhsuldarlıq 27.2 sentner olmaqla 11 min 647 ton arpa məhsulu istehsal edilib. Ötən 9 ayda 967 ton paxlalı, 742 ton dən üçün qarğıdalı, 2148 ton dən üçün günəbaxan, 13655 ton şəkər çuğunduru, 5831 ton kartof, 11745 ton tərəvəz, 6591 ton meyvə istehsal edilib. Hazırda məhsul toplanışı davam edir. Gələn ilin bol məhsulu üçün 289 hektar sahədə təkrar əkin aparılıb.

Bu ilin yanvar-sentyabr aylarında heyvandarlığın da inkişafı təmin edilib. İribuynuzlu mal-qaranın sayı 26.7 min başa, xırdabuynuzlu mal-qaranın sayı isə 73.1 min başa çatıb. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 2134 ton diri çəkidə ət, 15.3 min ton süd, 7 milyon 670 min ədəd yumurta, 125 ton yun və son 20 ildə ilk dəfə 959 kiloqram barama istehsal edilib.

Tərtərdə diqqət yetirilən əsas məsələlərdən biri də kəndli üçün normal suvarma sisteminin təşkilidir. Belə ki, əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə suvarma sistemlərində 602 min kubmetr lildən təmizləmə işi aparılıb, daşqın və selə qarşı mübarizə məqsədilə 35 min kubmetr torpaq işləri görülüb, 21 ədəd hidrotexniki qurğu, 26 ədəd hidrometrik post cari təmir edilib. Buruc-Sarıcalı arxının 300 poqonometrinə, Qaraağacı kanalının 1000 poqonometrinə beton üzlük çəkilib və hazırda bu işlər davam etdirilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə rayonda son 10 ildə 123 subartezian quyusu qazılıb istifadəyə verilib. Sərsəng Su Anbarından ermənilər tərəfindən əkin, səpin və becərmə işləri zamanı suvarmada çətinliklər yaradılsa da, həmin artezianlar vasitəsilə təsərrüfatlarda su qıtlığı xeyli aradan qaldırılıb.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Tərtərin bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması üçün işlər uğurla davam etdirilir. 2016-cı ilin 9 ayında rayonda 6 yaşayış məntəqəsi - Sarov, Bəyimsarov, Kəbirli, İlxıçılar, Dəmirçilər və Xoruzlu kəndləri qazlaşdırılıb, 3 yaşayış məntəqəsində isə qazlaşma işləri aparılır.

Hesabat dövründə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması da diqqət mərkəzində saxlanılıb. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı aparatına 724 müraciət daxil olub. Müraciətlərin hamısı elektron informasiya sisteminin tələblərinə uyğun olaraq işlənilib, aidiyyəti üzrə icraçılara verilib və icrasına nəzarət edilib. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 736 vətəndaş qəbul edilib, qaldırılmış məsələlərdən 452-si müsbət, 94-nün icrası isə qismən həll edilib, 61-i əsassız sayılıb, 129-u aidiyyəti üzrə baxılması üçün idarə, müəssisə və təşkilatlara göndərilib.

Sadaladığımız faktlar onu deməyə əsas verir ki, rayonun sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülüb, uğurlu nəticələr əldə edilib. Təbii ki, həllini gözləyən məsələlər də var. Şübhəsiz ki, həyata keçirilən tədbirlər nəticəsində bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq, Tərtər respublikanın ən qabaqcıl aqrar mərkəzlərindən birinə çevriləcək.

 

Nail Rəhimzadə

 

İki sahil.- 2016.- 1 noyabr.- S.5.