Sənin ürəyində hansı fəsildir,

o fəslə uyğun geyinib gəlim...

 

Müsahibimiz, “Xalq cəbhəsi” qəzetinin, “Baymedia” informasiya agentliyinin və “Via della tesa” jurnalının baş redaktoru, şair, rejissor Elçin Mirzəbəylidir

 

- Elçin müəllim, Sank-Peterburqda rejissorluq təhsili almısınız, bir sıra tamaşalara, o cümlədən Naxçıvanda “Nadir şah” tamaşasına quruluş vermisiniz. “Sevil” kinoteatrının direktoru olmusunuz. Sizi incəsənətdən ayrı salanoldu?

- Proseslərin özü. İnsan haradan başlayıb hara gedəcəyini heç özübilmir. Həyat səni özü yönləndirir. Mən Sankt-Peterburqdan qayıdandan sonra xeyli müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm. Bu gün tələbələrim ölkənin ayrı-ayrı telekanallarında  uğurlu fəaliyyət göstərirlər. Bundan qürur duyuram. Böhran dövrünə düşdü. Elə bir dönəmdə ölkəyə gəldim ki, teatr böhran keçirirdi, televiziya sahəsində də ciddi problemlər vardı. Azərbaycan yeni dövrünü yaşayırdı. Yeni telekanallar hələ yaranmamışdı. Bütün bu proseslər təbii ki, mənim fəaliyyətimin başqa bir istiqamətə yönlənməsinə zəmin yaratdı. Taleyim bir çox hallarda mətbuatla bağlı olub. Azərbaycanda ilk çıxan “İlham” adlı mədəniyyət qəzetində Sankt-Peterburqa getməmişdən öncə fəaliyyət göstərmişəm. Daha sonra ayrı-ayrı mətbuat orqanlarında çalışmışam və dövlət televiziyasından başlamış bir çox telekanallarda işləmişəm. Məndə jurnalistika ilə incəsənət hər zaman bir-birinə bağlı olub. Burada özümü daha çox büruzə verməyə nail olmuşam. Əslində televiziyada bu gün də fəaliyyətim var. “Lider” telekanalında proqram aparıcısıyam. Daha öncə dostlarımızla birlikdə “Geosiyasət” verilişini hazırlayırdıq. Əslində bu fəaliyyətdən heç zaman ayrılmamışam. Daha geniş şəkildə öz potensialımı büruzə vermək istəyərdim. Bunun üçün televiziyanın imkanları daha genişdir, nəinki çap mediasının. Amma ömürdür, yoldur bu günə qədər yaşadıqlarımdan qətiyyən peşman deyiləm. Bu gündən sonra da əlimdə nə imkan varsa, yaradıcılığımla bağlı bütün potensialımı xalqın, insanların mənafeyi naminə sərf edəcəm.

- Artıq bir neçə gün sonra rəhbərlik etdiyiniz  “Xalq cəbhəsi” qəzetinin 15 yaşı tamam olur. Qəzetin yaranması hansı zərurətlə bağlı olub? İstərdik ötən illərə bir nəzər yetirək...

-2001-ci il noyabr ayının 20-si qəzet işıq üzü görməyə başlayıb. 11 ilə yaxındır ki, bu qəzetə rəhbərlik edirəm. Çox sayılan peşəkar jurnalistlər bu günə qədər “Xalq cəbhəsi” qəzetində fəaliyyət göstərib, bu gün də Azərbaycan mətbuatında öz sözlərini deyirlər. Biz təkcə öz keçdiyimiz yolla deyil, həm də onlarla qürür duyuruq. Bu müddət ərzində “Xalq cəbhəsi” qəzeti öz prinsiplərinə sadiq qalıb və çox azsaylı  mətbuat orqanlarından biridir ki, bu günə qədər  nə təkzib vermişik, nə də hansısa bir məsələ ilə bağlı qəzeti məhkəməyə veriblər. Yəni araşdırılmamış, öz təsdiqini tapmamış, hər hansı bir məlumat “Xalq cəbhəsi” qəzetində öz əksini tapmayıb. Qəzetin spesifik bir siyasəti var. Azərbaycan milli dəyərlərinin və azərbaycançılıq  ideyalarının təbliğ olunmasında özünə məxsus yanaşması və oxucu kütləsi var. Bu baxımdan 15 ilin qəzet üçün əhəmiyyətli tarix olduğunu düşünürəm. Təbii ki, qəzet bundan sonra da əməkdaşları ilə birgə üzərinə düşən ənənəvi missiyanı yerinə yetirəcək.

- “Xalq cəbhəsi” qəzeti ilə yanaşı, “Baymedia” informasiya agentliyinə və “Via della seta” jurnalına da rəhbərlik edirsiniz. Eyni zamanda yaradıcılıqla da məşğul olursunuz. Çox gözəl şerlərin müəllifisiniz...

-Mahiyyət etibarilə üç də prinsipcə eynidir. Şübhəsiz çətindir, ağırdır, bu ağırlığın altına girmək də hər kəsin işi deyil. Amma işimiz budur, öz seçimimizdir. Şeirin yazılması üçün xüsusi bir zamana ehtiyac yoxdur. Harada o ideya, fikir, ağlından keçirsə, misranı o anda da kağıza köçürürsən. Bu sənin otağındada, evdə də, yolda da ola bilər. Poetik duyğuların köçürülməsinin texnologiyası fərqlidir.

- Bu gün mətbuata kifayət qədər dövlət qayğısı göstərilir, bunun müqabilində gənc jurnalistlər ümidləri doğrulda bilirmi?

- Azərbaycanın həm gənc jurnalistləri, həm də gənc yazarları haqqında çox müsbət, yüksək fikirdəyəm. Azərbaycanın çox güclü potensialı olan gəncliyi var. Gənclər arasında elə imzalar var ki, onların bir şeiri bir çox əsərlə bərabər tutula bilər. Bu baxımdan oxumaq lazımdır. İnsanlar gəncliyi oxumurlar. Onların əsərləri ilə tanış olmurlar, sonrada gənclik haqqında mühakimə, fikir yürütməyə çalışırlar. Mən gəncliyin bütün addımlarını oxuyuram, izləyirəm. Elə bir gənc yazar yoxdur ki, o diqqətimdən kənarda qalsın. Hər uğurlu misra görəndə, yeni bir tapıntı kimi  sevinirəm. O cümlədən, publisistika sahəsində də kifayət qədər yüksək yaradıcılığı, qabiliyyəti olan Azərbaycan gəncliyi var. Bu gün Azərbaycan ədəbiyyatının da, jurnalistikasının da gələcəyini uğurlu görürəm. Yetər ki, biz bu gəncliyin potensialını ortaya çıxarmağı bacaraq. Azərbaycan dövləti mətbuata, jurnalistikaya ciddi dəstək verir.  Bəlkə də buna oxşar hər hansı bir nümunə tapmaq mümkün deyil. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi Fondu yaradılıb. Fond artıq uzun illərdir ki, Azərbaycan mətbuatına dəstək verir. Müxtəlif layihələr, müsabiqələr  həyata keçirir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində çox ciddi addımlar atır. Bu Azərbaycan dövlətinın intellektual mühitinə və Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Bu gün bu istiqamətdə xərclənən hər qəpik, Azərbaycana milyonlarla dividend gətirəcək.

- Bu gün diqqət çəkən məqqamlardan biri elektron media çap arasındakı rəqabətdir.

- Bu problem bütün dünyada var. Bir müddət internet media yeni yaranmağa başlayanda dünyanın bir çox ölkələrində çap mediasının tirajları azaldı. Bu gün ayrı-ayrı ölkələrdə artıq çap mediasının tirajı qalxır. Çap mediası vaxtsa sıradan çıxacaqsa, o zaman çox güman ki, yeni bir formata transformasiya olunacaq. İnternet mediası üzərindən ya fərqli yayımlana bilər. Bu gün Azərbaycanda fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələrinin, o cümlədən “İki sahil” in artıq internet versiyaları var. Media mahiyyətini itirmir. Amma onun kağız üzərində olması ya elektron formada olması o qədər önəmli deyil. Önəmli olan peşəkarlıq prinsiplərinə medianın ənənələrinə xidmət etmək, onu qoruyub saxlamaqdır.

- Bildiyimizə görə sosial şəbəkələrdə son dərəcə aktivsiniz. Necə hesab edirsiniz, sosial şəbəkəni media vasitəsi kimi qəbul etmək olarmı?

- Xeyr. Əslində sosial şəbəkələr insanlar arasında ünsiyyət qurmaq üçün yaranmış bir vasitədir. Mən onu sadəcə ünsiyyət vasitəsi kimi istifadə edirəm. Birinci növbədə şeirlərim üçün, digər aspektdən isə qəzetdəki “Baymedia”da çap olunan materialların təbliğatı baxımından istifadə edirəm. Düzgün şəkildə istifadəsi zamanı əlbəttə ki, müsbət dividendlər gətirir. Düzgün istifadə edilmirsə, kimlərsə onu öz maraqları ya kiməsə qarşı qara piyar kampaniyası kimi istifadə edirsə təbii ki, bu mənfi amillər yaradır.

- Yazdığınız “Azadlıq” marşı Azərbaycanın yeni dövrü üçün ilklərdən idi...

- “Azadlıq” marşının yaranma tarixi 1989-cu ilə təsadüf edir. Ölkəmizə qarşı mənfur qonşularımızın ərazi iddialarına başlandığı vaxtlarda yazılmışdı. Azərbaycanın milli şüurunun yarandığı bir vaxta təsadüf edirdi. Təbii ki, həmin dövrdə insanlar öz etirazlarını bildirmək üçün meydanlara toplaşırdılar. Mən həmin hadisələrin içərisində idim. Fəal şəkildə bu proseslərdə iştirak edirdim. “Azadlıq” marşını meydanda dizimin üzərində yazmışam. Azərbaycanın yeni dövrü üçün ilk marş idi. Hesab edirəm ki, insanların milli ruhda köklənməsi üçün kifayət qədər əhəmiyyət daşıyan bir əsər olub. Bu gün dərsliklərə əlavə olunub. Bununla yanaşı, bir neçə marşım da var ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində ifa olunur. Mən bundan qürur duyuram.

- Şeirlərinizi oxuyanda, belə bir məqam diqqətimi çəkdi. Siz sözü son dərəcə çox sevirsiniz. Heç olubmu ki, sözün xətrinə dəyəsiniz?

- Düz vurğulayırsınız, sözü həddən artıq çox sevirəm ehtiyatla yanaşıram. Ona görə təkcə şeirlərimdə deyil, publisistik yazılarmda da işarə sayı çox az olur. Uzun-uzadı yazmağı sevmirəm. Heç uzun danışmağı da xoşlamıram. Söz yerində olanda, məqamında deyiləndə o ölür, insanın özü əziyyət çəkir. Əslində söz insanın ruhundan, içindən gəldiyi üçün həmin sözü sən içində dəfn edirsən qədər çox söz öldürürsənsə ürəyin daha çox qəbirstanlığa çevrilir.

- Şeirlərinizin birində ölümə məktub yazıb, ondan cavab gözləmisiniz. Siz o günü yaşamısınız, yoxsa yaşamaq arzusundasınız?

- “Bir gün yaşayasan elə bir gün ki, üstünə yüz ilin savabı gələ, sonra da ölümə məktub yazasan, səni gözləyirəm cavabı gələ” Mənə elə gəlir ki, bu istənilən normal insanın içindən keçən arzudur. Təbii ki, simvolik anlayışdır. ölümə məktub yazmaq olar, ölüm hansısa subyekt deyil ki sənə məktub yazsın. Əslində sənin dolu bir həyat yaşamaqdan bir gününü bütövlükdə insanlığa, bəşəriyyətə, tanrıya  həsr etməyindən gedir söhbət. Tək mən yox, hər kəs bu günün arzusundadır.  Amma yenə deyirəm şüuru, düşüncəsi olan, içində tanrıya sevgi olan bütün insanlar bu düşüncənin daşıyıcısıdır.

- “Durub boylanasan xatirələrdən, götürüb yazalar dəftərə səni”   Elçin müəllim, xatirə dəftəriniz olub?

- Bu şeir əbədiləşmə iddiasından irəli gələn bir şeydir. Yəni unudulmayasan, yaddan çıxmayasan. Xatirə dəftərim olub. Daha doğrusu gündəliyim olub. Hətta çap da etdirmişəm  “İtirilmiş vaxtın gündəliyindən səhifələr” başlığı ilə. 14-15 səhifə idi sonra artıq yazmadım.

- Niyə yazmadınız?

- Çox vaxt apardığı üçün. Başqa səbəblər   var idi.

- “Sənin ürəyində hansı fəsildir, o fəslə uyğun geyinib gəlim” Sirr deyilsə bu şeir kimə yazılıb?

- Bu şeiri bir dostumun ovqatı altında yazmışam. Poeziya əslində elə birşeydir ki, vacib deyil  konkret bir ünvana həsr olunsun. Bəzən elə elementar, başqaları üçün adi görünən bir şey, çox gözəl bir sevgi şeirinin yaranmasına səbəb olur. Ünvana yazdığım şeirlərim var, şübhəsiz ki, sevdiyim və bu gün mənimlə olan həyat yoldaşıma həsr olunub. Digər şeirlər ki, var ünvansız şeirlər onlar hissin özünü vəsf etmək anlamına gəlir.

 

Şəmsiyyə Əliqızı,

Röya Şahbazi

 

İki sahil.- 2016.- 15 noyabr.- S.20.