Sevginin ömrü bir an,

qalanı xatirədir...

 

Müsahibimiz nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur

 

- Baba müəllim, həyat yolunuzda kino, kinematoqrafiya xüsusi bir xətlə keçir və hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibisiniz. Bir neçə sənədli filmin ssenari müəllifisiniz, kinomuzun bugünkü durumu sizi qane edirmi?

 

- Hər sahədə olduğu kimi kino sahəsində də ziqzaqvari inkişaf, enişlər və yoxuşlar, yüksəliş və tərəqqi olub. Əlbəttə ki, kinonun bugünkü durumunu Azərbaycan kinosunun qızıl dövrü ilə müqayisə etsək çox solğun görünər. Azərbaycan kinosunun qızıl dövrü olub, böyük rejissorlar yetişib, gözəl ssenarilər yazılıb, yüksək keyfiyyətli əsərlər çəkilib. Bunların zəminində də böyük aktyorlar məktəbi yaranmışdı. Bu gün bizə qalan bu zəngin irslə, gözəl əsərlərlə fəxr edirik. Mənə elə gəlir ki, su gələn arxa bir daha gələr. İnanıram ki, bütün sahələrdə olduğu kimi, kino sahəsində də yenidən bir dirçəliş mərhələsi başlayacaq. Azərbaycan kinosu öz layiqli yerini tapacaq.

- Bu gün kinomuzda nələri görmək istərdiniz?

- Kinomuzda bu gün yeni rejissorlar görmək istəyirəm. Yeni Rasim Ocaqovlar, Eldar Quliyevlər, Şeyx Əbdül Mahmudbəyovlar, Oqtay Mirqasımovlar, Hüseyn Seyidzadələr, Tofiq Tağızadələr görmək istəyirəm. Görün nə qədər gurultulu və möhtəşəm adlar sadaladım. Bu gün də çox istedadlı gənclər var. Ancaq təəssüf ki, o cür adların kölgəsində demək olar ki, görünmür. Bəlkə də bu, müvəqqəti bir haldır. Gün gələcək bugünkü istedadlı gənclər sənətdə öz bacarıqlarını göstərə biləcəklər. Amma bunun üçün yəqin ki, zaman lazımdır.

- Demək olar ki, daha çox sənədli filmlərə ssenari yazmısınız. Sənədli filmlər çəkmək sahəsində Azərbaycan kinematoqrafiyasının işini qənaətbəxş hesab etmək olarmı?

-Gənc yaşlarımdan televiziya sahəsində çalışmışam. İlk əmək fəaliyyətimə Azərbaycan Dövlət Radio və Televiziyasından başlamışam. Uzun müddət bir çox məşhur verilişlərin aparıcısı, ssenari müəllifi olmuşam. Sonradan Azərbaycan televiziyasında yüksək vəzifələrdə çalışmışam. Yeni proqramların studiyalarının yaradılmasında iştirak etmişəm. Sənədli filmlərə sevgim, həvəsim, gəlişim elə o dövrdən başlayır. Çünki elə o zamanlardan televiziya imkanlarının o dərəcə geniş olmadığı qənaətinə gəlmişəm və kino estetikasını qəbul etmişəm. Görmüşəm ki, həqiqətən də kino estetikası ilə film çəkmək yaradıcı insana nə dərəcədə böyük imkanlar yaradır. Çox zaman insana elə gəlir ki, sənədli film çəkmək çox asandır. Bəlkə də qısa 10-15 dəqiqəlik bir sənədli film böyük seriallar, tam metrajlı bədii film çəkməkdən çox çətindir. Dünya kino arenasında çox gözəl sənədli filmlər çəkilir. Bizdə o səviyyədə sənədli filmlər hələ yoxdur. Bu da Azərbaycan həqiqətlərinin dünya səviyyəsinə çıxmasına mane olur. Yəni biz o cür filmlər yarada bilmirik ki, dünya tamaşaçısı o sənədli filmlərə baxıb Azərbaycan həqiqətlərinə inansın, dərk etsin və kimin haqlı olub olmamasını o sənət əsəri ilə müəyyənləşdirsin. Təbii ki istisnalar var. Əlbəttə ki, rəhmətlik Çingiz Mustafayev sənədli film ustası deyildi, reportyor idi. Sənədli film tam başqa bir şeydir. Yəqin ki, Çingiz kimilər yaşasaydı sənədli filmlər sahəsində bizim uğurlarımız daha çox olardı. Bu işin müəyyən pioneri var idi. Çox təəssüf ki, davam etmədi. Amma mən böyük kinonun gələcəyinə inandığım üçün ümid edirəm ki, sənədli filmlərin gələcəyi ölkəmizdə gözəl olacaq.

- Müsahibələrinizin birində özünüzün köhnə kişilərdən olduğunuzu, müasir bölgüləri qəbul etmədiyinizi deyirsiniz və bunu daha çox qadınlara münasibətə aid edirsiniz. Bugünkü dövrümüzdə, dünya miqyasında qadına, qadının hüquqlarına olan münasibət sizi qane edirmi?

-Dünya ilə işim yoxdur. Mənim işim öz məmləkətim, xalqımla bağlı nüanslar, məsələlərdir. Köhnə kişiyəm, deyəndə həmişə təməl prinsipləri nəzərdə tuturam. Biz bu ölkədə doğulmuşuq. Vaqif Səmədoğlunun məşhur bir şeiri var: ...mən Afrikada doğulsaydım nə olardı? başqa bir ölkədə doğulsaydım nə olardı? Amma mənim qismətimə də Azərbaycanda doğulmaq düşüb. Bu torpaq, hava, su, buradakı, təbiət və insanlar məni formalaşdırıb. Başqa cür ola bilmərəm, öz kökümdən ayrıla bilmərəm. Amorf bir məxluq kimi düşünə bilmərəm. Bu mənada əsl müsəlman kişisiyəm. Yəni köhnə prinsiplərlə tərbiyə almış, köhnə əxlaq kodeksləri ilə yaşamış bir insanam. Amma texnologiyanın gətirdiyi bütün normal nailiyyətləri qəbul edən, lakmus kağızı kimi həmin dəqiqə özümə hopduran bir insanam. Bu mənada həm də müasir insanam. Amma müasirlik təməl prinsiplərə heç vaxt zidd olmamalıdır. Yəni texnologiyanın yenilikləri əxlaq kodeksinin pozuntusuna gətirib çıxarmamalıdır. Əgər biz özümüzü müsəlman, Şərq insanı sayırıqsa, elə o cür də olmalıyıq. Etiraf edək ki, qadının Şərqdə hörməti hər zaman yüksək tutulub. İstər müqəddəs Kitabımızda, istər məişətimizdə, istərsə də cəmiyyətimizdə qadın hər zaman yüksəkdə olub. Müqəddəs kitabımızda da qeyd olunur ki, Cənnət anaların ayaqları altındadır. Birdən-birə Avropadan bizə bəzi əxlaq dərsləri gəlir çıxır ki, məmləkətdə gender problemi mövcuddur. Ayrıca qadın institutları yaratmaq lazımdır, onları müdafiə komitəsi yaratmaq lazımdır. Məni əsəbiləşdirən, qıcıqlandıran bunlardır. Axı Azərbaycanda qadın hüquqlarını kim pozur, ailələrə kim müdaxilə edir ki? Bizdə bu problemlər olmaya-olmaya qabardılır. Gender bərabərliyindən söhbət gedirsə sadaladıqlarımdan kişilər üçün də yaradılsın. Onlara da kömək komitəsi yaradılsın. Bir də ki, gender bərabərliyi necə mövcud ola bilər, Allah qadınla kişini eyni yaratmayıbsa, biz bəndələr kimik ki, onları eyniləşdirək. Hərənin öz missiyası, işi var. Hər kəs öz yerində böyükdür və əvəzolunmazdır. Qadın əgər mətbəxtdə, ailədə, ocağının başında, onun qorunmasında əvəzolunmazdırsa, kişilərin missiyası isə başqadır. Niyə biz qadınları kişilərlə müqayisə edib, həyatın, məişətin başqa sahələrində görmək istəyirik? Qadın qadın olanda gözəl olur, kişiyə çevriləndə eybəcər bir məxluq olur. Bunları biz süni şəkildə Avropadan gəlmiş prinsiplərlə eybəcərləşdirə bilmərik. Kimin üçünsə bəlkə bu prinsiplər yararlıdır, amma bizim üçün deyil. Min illərdir bu ənənələr formalaşıb. Birdən-birə hər şeyi qırıb ata bilmərik. Biz şirnikləndirici vədlərə inanaraq öz yolumuzdan dönməməliyik.

- Sevgiyə çatanda artıq o sevgi olmur, maddiləşir Siz maddiləşməyən, yəni platonik sevginizə çatmısınızmı?

- Platonik sevgiyə çatmaq mümkün deyil. Sevgidən söhbət gedəndə müəyyən bir qisim insanların kəbin kağızı ilə sonuclanan sevgisini nəzərdə tutmuram. Sevgi ilahi bir hissdir. Əlbəttə ki, şair sevgisindən söhbət gedir. Şair sevgisi də ilahi sevgidir. İlahi sevgi isə heç vaxt maddiləşə bilməz. Bu mənada şairlərin ilhamı ona görə tükənməz olur ki, onlar ilahi sevgini vəsf edirlər. Müsahibələrimdə dəfələrlə qeyd etmişəm ki, şairin vəsf etdiyi xanım, həm bizim o dediyimiz xanımların hamısıdır, həm də heç biri deyil. Hər xanımdan nəsə gözəl bir şey, bir cizgi var. Konkret qadından bəhs edən əsərlər publisistikadır, jurnalistikadır, sənədli xroniki əsərlərdir. Amma poeziya dəqiq elmə sığışan bir fəlsəfə deyil. Poeziyanın obyekti həmişə göylərdədir. Onlar yerə enib, bu torpağa ayaq basanda artıq poeziyanın subyekti olmaqdan kənara çıxır. Bu mənada, şair ömrü boyu öz sevgisindən yazır, amma mövzu tükənmir. Təkcə söhbət bir şairdən getmir. Bəşər yaranandan bütün şairlər o gözəlliyi vəsf edir, həyat durduqca, dünya qaldıqca yenə də vəsf edəcək və bitməyəcək. Real mövcud gözəldən bir, iki əsər, lap yüz əsər yazmaq olar, sonu var bunun. İlahi sevginin isə sonu yoxdur. Poeziyanın vəsf etdiyi qadın real deyil.

- Bütün insanların günahı var, yəni günahsız insan yoxdur. Belə deyək, siz Tanrı ilə söhbət edəndə hansı günahınızın ondan bağışlanmasını istəyirsiniz?

-Bütün insanlar günahkardır. Əgər biz bu günahkar dünyada yaşayırıqsa, deməli günahlar içindəyik. Sadəcə fərq ondadır ki, kim nə dərəcədə günaha batıb. Ancaq ilahi varlıqlar günah etməz. Hətta mən dəfələrlə deyirəm ki, peyğəmbər özü insan olduğu üçün o da günahlar edib. Bizdən az və ya çox etməsini yaradan müəyyənləşdirir. Günahlar varsa tövbə də var, bağışlanmaq da var. Bağışlamaq əlbəttə ki, Yaradana məxsusdur. Mənə elə gəlir ki, yaradan özü də ağır günahları, bağışlamır. Allaha ibadəti unutdun və ya hansısa ayini yerinə yetirmədin kimi günahları yəqin ki, Tanrı bağışlayar. Amma insan ki, əqidəsinə xilaf çıxdı, sözünə düz olmadı, millətinə xəyanət etdi, xalqına üz çevirdi, məmləkətini satdı, bunları nə bəndə bağışlayar, nə də Allah. Amma bu da var ki, tövbə qapısı hər zaman açıqdır. Günahkar insanların, günahı o zaman bitir ki, onlar tövbə qapısına yaxınlaşırlar. Mənə elə gəlir ki, tövbə qapısına yan alan insan bir daha günah etməz.

- Qəlbimdən asılan bir daş imiş, daş,

Sən getmə deyəndə gözlərində yaş,

Dinə bilməyəydim, lal olaydım kaş.

Dilim quruyardı yox deyəndə mən.

Çox mənalı, gözəl bir şeirdir Baba müəllim. Bu şeirin tarixçəsini bilmək istərdik...

-Şeirin tarixçəsi ümumiyyətlə insan ömrüdür. Mənə elə gəlir ki, hər bir insan ömründə bir dəfə bu hissləri keçirir. Təbii ki gündə insan neçə dəfə yox deyə bilər, müəyyən şeylərə etiraz edə bilər. Məsələlərdən razı olmaya bilər. Amma taleyüklü insanın həyatında bir an olur ki, orada hə yerinə yox deyirsən. Bax o ömürlük faciəyə çevrilir. Bax o faciə haqqındadır o şeir. Mən heç kimə arzulamıram ki, ömründə bircə dəfə hə deyən məqamda yox desin. Şeirin axırıncı bəndi belə:

Mən indi bilirəm nə deməliydim,

Sənsiz nə günüm var söyləməliydim.

Ömrümdə bircə yol hə deməliydim,

Dilim quruyaydı yox deyəndə mən.

İndi gücüm təkcə qarğışa çatar,

Dilim quruyaydı, yox deyəndə mən.

Sonradan görürsünüz heç nəyə gücün çatmır. Ancaq qarğış etməklə kifayətlənirsən. Onda da heç kimə faydası olmur. Ona görə mən gənclərə nəsihət edirəm ki, yaxşı-yaxşı düşünün, yüz ölçün bir biçin bəlkə hə demək lazımdır. Səbirsizlik edib yox deyirsiniz və onunla da hər şey məhv olur.

- Peşmançılığınızın əziyyətini çəkmisinizmi?

-Bilirsiniz, lap uşaqlıq yaşlarından o qənaətə gəlmişəm ki, sonrakı peşmançılığın heç nəyə faydası yoxdur. Ona görə də bir kitabımın adı belədir: Dünya dəyməz göz yaşına. Yəni peşmançılıq əgər heç nəyi geri qaytara bilməyəcəksə, əziyyət çəkməyə, özünü şam kimi yandırıb yaxmağa ehtiyac yoxdur. Sadəcə hərdən retro düşüncələrə dalanda deyirəm ki, bunu belə etsəydim daha yaxşı olardı. Sonra deyirəm ki, həyatdır, belə olmalı idi.

- Çoxlu dost, tanışı, bir az da geniş mənada deyək, qohumu-əqrəbası olan, amma tənhalığı sevən bir adam təsiri bağışlayırsınız...

- Özün-özünlə tək qalmaq, ikilikdə qalmaq üçün mütləq insanlardan aralanmalısan. Cismən yox, mənən aralanmalısan. Ola bilsin milyonlarla insan içərisində sən tənha ola bilərsən. Özün- özünlə ola bilərsən. Bu mənada mən özümün-özümlə söhbətini çox xoşlayıram. Çünki heç kimə deyə bilmədiyim sözləri ancaq özümə deyə bilərəm. Heç kimlə bölüşmədiyim sevincimi, kədərimi özümlə bölüşə bilərəm. Heç kim məni özüm qədər anlaya, tanıya bilməz. Mən şeirimdə də bildirmişəm ki, ən böyük dostum da, düşmənim də özüməm. Həm də özüm çox etibarlıyam, mənim sirrimi heç kimə verməz, el içində faş etməz, mənə əyri yol göstərməz. Bu mənada ən çox inandığım insan elə özüməm. Ona görə də tez-tez tək qalmaq istəyirəm.

- Hansı ayrılıqdan daha çox qorxursunuz?

- Ayrılığın yaxşısı var? Yəni, görün ayrılığa bizim müdriklərimiz nə cür yandırıb yaxıcı bir qiymət, dəyər veriblər ki, hətta ölümdən də betər adlandırıblar. Ölüm sondur, bunu dərk edirsən, anlayırsan ki, bu sondur və təsəlli olur. Amma ayrılıq ölümdən də betərdir ki, ayrılığın sonu olmur. Hər zaman kimisə gözləyirsən. Düşünürsən ki, bir gün gələr. Dünyada gözləməkdən pis heç nə ola bilməz. Ona görə ayrılıq bu qədər ağırdır. Amma mənim məşhur bir şeirim var ki, sevgi ayrılıqdan güclüdür. Ayrılığın yeganə bir düşməni varsa o da sevgidir. Sevgi olsa ayrılıq güc gələ bilməz.

- Bir çox şeirinizə mahnı yazılıb. Ən çox sevdiyiniz mahnıdan birinin adını çəkə bilərsinizmi?

- Əlbəttə iki mahnı var ki, mən xüsusilə qeyd edə bilərəm. Biri bəstəkar Kamal ilə yazdığım Sən elə bir zirvəsən mahnısıdır. Bu siyasi motivli mahnı olsa da, böyük məhəbbətin nəticəsində yaranmış bir mahnıdır. Sanki ulu öndər Heydər Əliyevlə o zaman görüşdüyüm, səfərlərdə olduğum o günləri xatırlayıram. O anlar yadıma düşür. Mən o zamanlar çox gənc idim, elə Ümummilli Liderin özü də o zamanlar gənc idi. Söhbət sovet dönəmindən gedir. Ulu Öndər o zaman əkinçilərlə görüşə biz yazıçı və şairləri də aparırdı. O zamankı söhbətlərimizi xatırlayıram. O mahnının təməli o zamandan qoyulmuşdu, amma illər sonra yazıldı. Mahnıda böyük bir səmimiyyət var. Ona görə bu mahnı ulu öndər Heydər Əliyev haqqında yazılan yüzlərlə mahnının içindən fərqləndi və sevildi. Mən hər dəfə o mahnını dinləyəndə sadəcə o unudulmaz görüşlər gözümün önündə canlanır. Elə bil ömrümün o illərini yenidən yaşayıram. İkinci mahnım isə bu gün çox məşhur olan Səndən nigaranam mahnısıdır. Özüm də çox nigaran adamam. Deyərdim ki, nigarançılıq hissi xalqımıza da aiddir. Dünyadakı bütün insanlardan ölçüyə gəlməz dərəcədə fərqli nigarançılıq hissinə malik bir millətik. Hər zaman hər kəsdən nigaranıq. Yaxınlarımızdan, obamızdan, böyük mənada millətimizdən, xalqımızdan hər zaman nigaranıq. İnsan çox istədiyi kimsələrdən, nəsnələrdən hər zaman nigaran qalır. Ancaq azərbaycanlılarda bu aşırı qədərdir. Çünki bu xalq kimisə sevəndə də, nifrət edəndə də ürəkdən edir.

- Bütün şeirləriniz bir hadisədir, bir olaydır... Bu qədər hadisəni, bu qədər olayı necə daşıya bilirsiniz?

- Əvvəlcə onu deyim ki, bunlar konkret yazıçının, şairin, ümumiyyətlə, sənət adamının başına gələn hadisələr deyil. Çünki onda şair olardı mirzə, salnaməçi, qeyd aparan bir yazar. Burada tək şairin başına gələnlər yox, bütün insanların başına gələn və gələ biləcək hadisələr yer alır. Yəni şair tək özünü yazmır. Şair bütün xalqının keçmişini, bu gününü, gələcəyini, olacaqları, olmuşları qələmə alır. Yəni şair qəribə, istehsalat dili ilə desək, böyük bir fabrikdir. Bütün o duyğuları, hissləri hamısını içindən keçirir. Onları daha sonra poetik dillə oxuculara çatdırır. Şairin başqa insanlardan fərqi ondan ibarətdir ki, o hər şeyə poetik gözlə baxır. Hamı hər hansı bir şəklə baxıb eyni qənaətə gələ bilər, gözəldir və ya deyil. Ancaq şair ona fərqli, bədii gözlə baxaraq başqa fikir bildirir. O ikinci planı görür. Azərbaycan dilinin lüğətindən hamı istifadə edir. Bu lüğətdəki sözləri hər kəs əzbərdən bilir. Ancaq gördüyünüz kimi hamı şair ola bilmir. Məsələn, mən səni sevirəm, cümləsi informasiyadır. Amma şair mən səni sevirəm demir, onu elə deyir ki, artıq sən onun sevgisinə inanırsan. Dünyada bədii sənət olmasaydı, heç kim heç kimi sevməzdi. Bir şeir oxuyanda düşünürsən ki, elə mən də bunu düşünürdüm. Amma təbii ki, onu deyən insan onu yaza bilməz. Bax sənətin gücü budur. Bu mənada şairlər xüsusilə fərqlənir. Peyğəmbərlər kimi onlara başqa bir missiya verilir. İlahidən o sözlər gəlir və şairlər də oxuculara çatdırır.

- Sözləri sizə aid olan, görkəmli sənətkar, böyük ustadımız Alim Qasımovun ifasında səslənən Xatirədir mahnısının sözlərində çox böyük yanğı var və ustad onu məharətlə dinləyicilərə çatdırır...

- Mahnının uğurunu xüsusilə qeyd etməliyəm. Mahnının uğuru tək söz müəllifinə aid deyil, mahnı kino kimi sintez bir sənətdir və eşitdiyiniz bir mahnıda müxtəlif insanların hisslərinin sintezi var. Bir neçə dəqiqəlik mahnıda neçə insanın ürəyi döyünür. O döyüntülərdən asılıdır mahnının uğuru. Burada söhbət mahnının müəllifi bəstəkar Kamaldan və Azərbaycan musiqisinin, muğamımızın dünyadakı vizit vərəqəsi olan Alim Qasımovdan gedir. Təbii ki, şeir də bu mahnının bir komponentidir. Nə yaxşı ki, bu üç ürəyin döyüntüsü bir ritmdə vurub və mahnı alınıb. Mahnı doğrudan da az bir zamanda rəğbət qazandı, sevildi. Mahnının qısa bir müddətdə bu qədər sevilməyinin səbəbi o idi ki, hissiyyatlar səmimi idi. Sanki dünyanın gəldi gedərliyi haqqında, faniliyi haqqında bir eligiyadır, eyni zamanda da dünyanın əbədiliyi haqqında bir nəğmədir. Yəni dünya keçir gedir, ömür bitir, amma xatirələr qalır.

- Aygün Bəylərin ifasında da sizin şeirinizə yazılmış bir mahnı var, Bizə olan oldu. Baba müəllim, həyatınızda elə bir hadisə, elə bir məqam, an olubmu ki, həqiqətən deyəsiz ki, artıq gecdir?

- Əlbəttə. Nə yaxşı ki o gecdir deyəndə, belə bir fikir meydana gəlir ki, yadındamı bir zamanlar mən səninlə xoşbəxt idim. Həyatın iki rəngi var - ağ və qara. Qara mərhələni yaşayanda ağ günləri xatırlamaq lazımdır ki, yadındamı bir zamanlar mən səninlə xoşbəxt idim. Amma bu normal həyatın axarıdır. Zamanla hər bir insan deyə bilər ki, gecdir daha. Bu bir az çətin sual oldu, çünki gecdir deməyin özü çox kədərli bir mənzərədir. İnsan niyə ən çox vətənini qürbətdə sevir. Çünki geriyə dönüş, yol yoxdur. İnsan niyə yaşlı çağlarında gənclik illərini, hətta ac-yalavac, bir qarnı tox, bir qarnı ac keçirdiyi günlərin xiffətini çəkir? Çünki artıq geriyə yollar bağlanır, hər şey əlçatmaz olanda o qədər şirin, gözəl olur ki, ömür boyu onun xatirələri ilə yaşayırsan.

- Müasir dünyamızın, ədəbiyyatımızın ən böyük problemindən biri də oxucu qıtlığıdır. Əvvəllər ictimai nəqliyyatda insanları daha çox qəzet oxuyan, kitab oxuyan görərdiksə, indi bu mobil telefonlarla əvəzlənib...

-Məşhur bir fraza var, Uşaqlar valideynlərindən çox, zəmanəyə bənzəyirlər. Hər şey öz təbii axarı ilə gedir. Axar çayın qarşısını kəsmək mümkün deyil. Yəni hər bir xalqın, dövlətin, cəmiyyətin öz qızıl dövrləri olur və sonra ziqzaqvari bir eniş dövrü də olur. Bunu normal qarşılamaq lazımdır. Təsəvvür edin ki, XIX əsr Rusiyanın ən qızıl dövrü idi. Ədəbiyyat, rəngkarlıq, dövlətçilik. Sonra inqilablar, müharibələr başladı və görürsünüz, imperiyaların belə qızıl dövrü və eniş dövrü olur. Bu mənada mədəniyyətdə də, mənəviyyatda da bu dövrlər hər zaman bir-birinin ardınca gəlib. Qeyd edim ki, hər keçid dövründə müəyyən dəyərlər itir. Bizim bir vaxt müqəddəs sandığımız o kriteriyalar yox oldu. Kitab sıradan çıxdı, bir maklaturaya, tullantıya çevrildi. Biz bu dövrləri də gördük. İndi şükr etməliyik ki, yenidən kitaba qayıtmaq meyilləri var. Kitab çap etmək mümkündür. Hətta çox kiçik bir xərclə istənilən insan senzurasız, heç bir qadağasız aparıb öz kitabını istədiyi qədər çap edə və yaya bilər. Azadlıq var. O kitabı kim oxuyur, bax bu, problemdir. Sovet dövründə çap problemi vardı, oxumaq problemi yox idi, indi çap problemi yoxdur, oxucu problemi var. Mən hətta bir zaman əlimi üzmüşdüm ki, ciddi oxucu artıq rəhmətə gedib. İndi heç olmasa reanimasiyada olsa da, artıq dirilir. Bu mənada mən optimistəm. İnanıram ki, insanlar kitaba qayıdacaqlar. Ola bilsin başqa formada qayıdacaqlar. Elektron formada və ya başqa formada fərqi yoxdur, əsas odur o məğz dəyişməsin.

- Adətən ziyalılar, şairlər, yazıçılar, cəmiyyətin dərdlərini, ağrılarını içində gəzdirən insanlar olurlar...

-Bəxtiyar Vahabzadənin məşhur bir şeiri var. Deyir ki, Qorxuram dünyada bir zaman gələ, insanlar yaşaya insanlıq ölə. Nəsə mən get-gedə görürəm ki, Bəxtiyar müəllimin dediyi o həqiqətə gəlib çıxırıq. İnsanları birləşdirən o bağlar yavaş-yavaş nazilir və qırılır. Mən bunlardan qorxuram. Mənə elə gəlir ən dəhşətli problem elə bu mənəviyyat problemidir. Təhsildən, kitabdan, ədəbiyyatdan aralı düşürük. Bədii ədəbiyyatdan aralı düşmək elə insanlıqdan aralı düşmək deməkdir. Məndən bir dəfə soruşdular ki, müəllim, həkim ədəbiyyatı niyə oxumalıdır ki? Onda belə bir cavab vermişdim ki, ədəbiyyat adam olmaq üçün, cəmiyyətin layiqli bir üzvü olmaq üçün lazımdır. İnsanın insan kimi formalaşması üçün bədii ədəbiyyatın əvəzi yoxdur.

- Bir şairlə söhbət etmək və ondan bir şeir istəməmək günah olar...

- Böyük bir məmnuniyyətlə, hər zaman istəyirəm ki, necə ki mənim üçün bu görüşlər xoş xatirə olaraq qalır, eyni zamanda məni dinləyən və mənimlə həmsöhbət olan insanlara da xoş xatirə bağışlasın.

 

Niyə yanır bu ocaq

Yanıb, külü qalacaq

Bilmirəm nə olacaq

Olanı xatirədir.

Qar yağır narın-narın

Üzü gülür dağların

O yaşıl yarpaqların

Solanı xatirədir.

Ay çəmənin çiçəyi

Niyə soldu ləçəyi

Bu dünyanın gerçəyi

Yalanı xatirədir.

Niyə çıxdıq yola biz

Dəli olub bu dəniz

Bir adadır sevgimiz

Hər yanı xatirədir

Gerçəkdir yoxsa yalan

Gəlib keçdi nə zaman

Sevginin ömrü bir an

Qalanı xatirədir...

 

Röya Şahbazi,

Şəmsiyyə Əliqızı

İki sahil.- 2016.- 25 noyabr.- S.6; 9.