Cavidi xatırlayarkən…

 

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi məkandır. Bu baxımdan muzeylərin öyrənilməsi son dərəcə əhəmiyyətli mövzudur. Mən öz adıma deyim ki, hansı ölkəyə səfər edəcəyəmsə, getməmişdən öncə həmin ölkənin tarixi, ədəbiyyatı, incəsənəti ilə maraqlanıram əlalxüsus da muzeyləri ilə. Biz ötən yazılarımızdan birində hətta Luvr muzeyi ilə bağlı xatirələrimizdən danışmışdıq. Oradaki izdihama heyranlğımızdan. Muzeylərə insanlar zorla getmirlər, sevərək, könüllü olaraq, səyahət etdikləri ölkənin tarixinə, incəsənətinə, ədəbiyyatına hətta idarə etmə sisteminə bələd olmaq üçün ziyarət edirlər muzeyləri.

 

Bu gün Naxçıvan Muxtar Respublikasında da muzeyçilik sahəsində əhəmiyyətli işlər görülmüşdür, görülməyə də davam edir. Naxçıvanlı mütəfəkkirlərin istedadının, əməyinin qiymətləndirilməsi həm də gələcək istedalara stimul verir. Dövlətin qayğısı sövq edir ki, hər bir vətəndaş yadda qalmaq üçün əhəmiyyətli işlərlə məşğul olsun. Bu isə həqiqətən də qələbədir.

 

Bu yazımızda sizə haqqında danışacağımız muzey Naxçıvan şəhərində, 1981 – ci ildə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərar ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu məhəllədə yaradılan Hüseyn Cavidin ev muzeyidir.

Heydər Əliyevin yüksək dəyər verdiyi sənətkarlardan olan Hüseyn Cavid Naxçıvanda doğulmuş, burada təhsil almış, sonralar təhsilini Türkiyədə davam etdirmişdir. Ümumtürk bəşəri fəlsəfi fikrini qədim Naxçıvan torpağından bütün dünyaya yayaraq Avropa demonist fəlsəfəsindən önə keçən bu dahi sənətkarın nəşi 1937-ci illərin repressiyasının nəticəsində Sibir torpaqlarında idi. Azərbaycan fəlsəfi fikrinin inkişafında böyük xidmətləri olan sənətkarın cənazəsi Sibirdən Azərbaycana gətirildi və Naxçıvanda torpağa tapşırıldı.

Onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 1982-ci ildə Naxçıvanda “Hüseyn Cavid poeziya teatrı” yaradıldı. Məzarın üzərində məqbərə tikilməsi qərara alınsa da, bu yerinə yetirilmədi. Hətta Heydər Əliyev Naxçıvana gəldiyi zaman Hüseyn Cavidin məzarını ziyarət edərkən məzarın götürülmədiyini gördükdə çox narahat olmuş və bu iş üçün lazımi tədbirləri yerinə yetirmək üçün əlindən gələni etmişdir. Sonralar Heydər Əliyev çıxışlarının birində bu haqda deyirdi: “Mən böyük bir fasilədən sonra – 1990-cı ildə Moskvadan Azərbaycana döndüm, Naxçıvana getdim və elə həmin gün Hüseyn Cavidin qəbrini ziyarət etdim, oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum. Gördüm ki, qəbrin üstünə sadəcə olaraq daşlar qoyulub, məqbərə də tikilməyib. Düzdür, mənim təzyiqimin nəticəsində Vilayət Partiya Komitəsinə bir layihə gətirdilər. Layihə xoşuma gəlmədi. Mən hesab etdim ki, bu layihə “məqbərə” məfhumunu əks etdirmir.

Mən bu fikrin tərəfdarı idim ki, bir tərəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdə isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax, mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o fikirlə yaşayıram. Nəhayət, hesab edirəm ki, indi bu məsələ ilə ciddi məşğul olmalıyıq. Oktyabr ayında Hüseyn Cavidin anadan olmasının il dönümüdür. O vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə qəbul etdiyimiz qərarı hökmən həyata keçirməliyik” .

Zaman keçdi və ümum milli lider Heydər Əliyevin səyi nəticəsində Naxçıvanda Hüseyn Cavidin məqbərəsi tikildi, məqbərənin açılışında iştirak etmək üçün Naxçıvana gələn lideri hava limanında Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbov, MR Nazirlər Kabinetinin digər nümayəndələri qarşıladılar. Heydər Əliyev məqbərənin açılışında iştirak etdi, geniş nitq söylədi, açılışı bildirən lenti kəsdi və Hüseyn Cavidin məqbərəsini ehtiramla ziyarət etdi. Naxçıvan Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov öz nitqində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edərək dedi: “Bu gün açılışına toplaşdığımız Hüseyn Cavidin məqbərəsi Azərbaycan Prezidentinin milli mədəniyyətimizə göstərdiyi yüksək atalıq qayğısının yeni və bənzərsiz təzahürüdür. Möhtərəm Heydər Əliyevin adı ilə bağlı olan Hüseyn

Cavid məqbərəsi zəngin və çoxəsrlik Naxçıvan memarlıq məktəbi tarixində yeni hadisədir”.

“Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilməsi diqqətləri bir daha dahi dramaturqa yönəltdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, görkəmli ədibin yubileyi ilə əlaqədar simpozium keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Cavid yaradıcılığına həsr olunmuşdur. Tədbirlər Planına uyğun olaraq, Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar muxtar respublikamızda silsilə tədbirlər keçirilmiş, AMEA-nın Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan elmi konfrans və tədbirlər təşkil edilmiş, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı işıqlandırılmış, onun bəşəri ideyaları təbliğ olunmuşdur.

Mütəfəkkir şair, görkəmli dramaturq Hüsåyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX əsr Azərbaycan romantizmi hamıdan çox Hüsåyn Cavidin adı ilə bağlıdır. “Şåyx Sənan” və “İblis”, “Xəyyam” və “Səyavuş” bizim dramaturgiyamızda romantizmin bütün problåmatikliyi, idåya və məzmun xüsusiyyətləri ilə təzahür åtdiyi əsərlərdir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının mövzu sərhəddini gånişləndirir, tragik xaraktårin, romantik qəhrəmanın, dramatik konflikt və kolliziyaların yåni tiplərini yaradır, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib və bəşəri idåyalarla daha da zənginləşdirir. H.Cavid bizim dramatik poåziyada qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yår tutur.

Nuh yurdu Naxçıvanın fəxrlərindən olan dahi Cavidi ziyarət etmək üçün yola çıxdıq. Dahi sənətkarın ocağını ziyarət etmək arzusu vücud bulduqca ruhumuzda qeyri-iradi olaraq “Rəqs” şeiri səsləndi dilimizdə:

Ruhum yånə ləbrizi-səadət...

Ya Rəb, bu nə tufani-lətafət!?

Göydən yårə ånmiş kibi cənnət,

Yår-yår saçılır nuri-məsərrət.

Həp qol-qola pürşåvqü şətarət

Rəqs åtmədə – azadåyi-sən’ət –

Ərvahi-lətifi-mələkiyyət.

Cavidi məqbərəsinə salamlarımızı çatdırıb, izin istədik ocağına daxil olmaq üçün.Cavid ocağının həyətində muzeyin direktoru Bəhruz müəllimin rəhbərliyi ilə qızğın iş gedirdi, otlar təmizlənir, ağaclar budanırdı. Muzeydə Hüseyn Cavidin ömür yolu tamaşası sərgilənirdi elə bil. Burada Cavid böyüklüyünün hiss edildiyi hər dəyərlə tanış olduq. Muzeyin fondunda 9000-dən yaxın eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926 – cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl – cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.

Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer almışdır. Muzey bərpa və təmir olunduqdan sonra muzeyin ekspozisiyası və mövzu tematik planı Bəhruz Axundov tərəfindən yenidən tərtib edilmişdir.

Həm bələdçi, həm də muzeyin direktoru Bəhruz müəllimin verdiyi məlumatlarla müasir zamanədən qopub, “Keçmiş günlərə” döndük. Cavid nəfəsinin duyulduğu bu muzeydə səmimilik var idi, hər əsərə duyulan dərin məhəbbət var idi. Xatirə dəftərinə diləklərimizi yazdıq. Turan Cavidin muzey haqqındaki fikirləriylə tanış olduq. Azər Turanın Cavid haqqında yazdığı səmimi etiraflari ilə Cavid əfəndinin fərqli tərəflərini kəşf etdik. Bura həqiqətən də bizim üçün çox doğmadır.

Dilimizin əzbəri olan: — “Başqa sevdiklərin nasıl, yoxmu? — Var... — Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar...”

misralarını xatırlayaraq vida etdik humanizmin hiss edildiyi Cavid ocağına.

 

Nərgiz İSMAYILOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

İki sahil.- 2016.- 26 oktyabr.- S.15.