Xalq artisti: Opera Səsim var, istədiyim

Mahnını oxuya bilərəm demək deyil

 

Məncə, səs uca Tanrı tərəfindən nadir insanlara göndərilən möcüzədir. Elə bir möcüzə ki, bütün insanları öz orbitinə çəkir. Dil, din, irq tanımadan hər kəs onu dinləyir. Qeyri - adi səs tembri ilə həm Azərbaycanda, həm də dünyada çoxlarını özünə heyran qoyan, üçrəngli bayrağımızı dünyanın dörd bir yanında dalğalandıran belə sənət adamlarından biri də Samir Cəfərovdur. O həm bəstəkar, həm xalq mahnılarının, həm də muğmımızın əvəzsiz ifaçılarından, eyni zamanda operamızın nadir səslərindəndir. Beləliklə, budəfəki həmsöhbətim, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovdur.

- Artıq isti yay aylarını geridə qoyduq. Necə istirahət etdiniz, yeni mövsümə hazırsınızmı?

- Doğulduğum Naxçıvan Respublikasının Babək rayonunun Nehrəm kəndinə getmişdim. Əsas istirahətim bir həftə valideynlərimin yanında qalmağım oldu. Bilirsiniz ki, sənət adamlarının istirahəti olmur. Televiziya verilişləri, konsertlər, səfərlər, yəni gərgin iş rejimi hər zaman var. Hazırda Azərbaycanın səsi layihəsində münsiflər heyətinin üzvüyəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul oluram. Yeni mahnılar təklif olunur, aranjimanlar edirik. Gələcəklə bağlı planlar da çoxdur.

- Samir bəy, mən sizi opera ifaçısı kimi təqdim etdim. Amma sənətinizə bələd olanlar bilirlər ki, siz həm də bəstəkar mahnılarının mahir ifaçısısınız. Bu yaxınlarda televiziya verilişlərinin birində sizi həm də muğam ifa edərkən izlədik. Halbuki, hər ifaçı müxtəlif janrlarda ifaya risk etmir. Boğaz bu qədər ifaya necə tab gətirir?

-I əməliyyatı və ya Şurikin başqa macəraları filminə baxmısınız yəqin. Orada Fedyadan nə soruşurlar deyir,Mən, o da mən, bu da mən. Bu, çox gözəl bir şeydir. Əvvəl xanəndə olmuşam, sonra estrada ilə məşğul olmuşam. Daha sonra ulu öndər Heydər Əliyevin təklifi ilə klassik opera ifaçılığına başlamışam. Ümummilli Liderimiz mənə çox böyük dəstək olub. Düşünürəm ki, mən bu gün də onun ruhu qarşısında imtahan verirəm. Ulu Öndər musiqini dərindən bilən bir insan idi. Belə insanlar həyata nadir hallarda gəlir. Estrada maraqlı janrdır. Opera isə elə bir janrdır ki, 100 faiz insanın sadəcə 0,1 faizi bu sənətə qulaq asır. Rəşid Behbudov, Müslüm Moqamoyev, Azər Zeynalov kimi Azərbaycan sənətkarları, Andrea Boçelli kimi italiyan ifaçısı, Aleksandr Paskov kimi rus ifaçısı- bunlar hamısı opera ifaçıları olmalarına baxmayaraq, estradaya önəm veriblər və daha çox tanınıblar. Allah bu səsi verib. Ondan istifadə edib, insanlara xidmət etmək borcumdur.

- Muğam bizim canlı sərvətimizdir, musiqimizin beşiyidir. Maraqlıdır, bir opera ifaçısı üçün muğam nədir?

- Muğam Azərbaycanın varlıq simvoludur. Opera, jaz, klassika - bunlar hamısı bizə gəlmədir. Bizim əsl musiqimiz aşıq mahnıları və muğamlardır. Əgər aşıq musiqisi bizim türkçülüyümüzü bəyan edirsə, muğam artıq bizim bəşəri bir millət olduğumuzu sübut edir. Hər bir azərbaycanlı kimi, muğam mənim üçün də böyük məktəb, iliklərimdə hiss edərək oxuduğum müqəddəs bir janrdır.

- Dövlət Akademik Opera və Balet Teatrında vəziyyət necədir?

- Əladır. Düşünürəm ki, Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycanda tək-tük teatrlardandır ki, bütün tamaşaları anşlaqla keçir.

- Opera səhnəsində dünya şöhrətli yazarların əsərlərinin əsas rollarını ifa etmisiniz. Maraqlıdır, ifa etmək arzusunda olduğunuz elə bir rol varmı ki, hələ onu canlandırmaq sizə qismət olmayıb?

- Bilirsiniz, opera ifası üçün zaman lazımdır. Tələb olunan səs üçün vaxt keçməlidir və səs lazım olan vəziyyətə gəlib çatmalıdır. Bu, estrada ifaçılığı kimi, Səsim var, istədiyim mahnını oxuya bilərəm demək deyil. Opera səhnəsində mikrafon da olmur. Burada bir səsindi, bir Allahın, bir özün. Ya Allah deyib çıxırsan səhnəyə. Buna görə səs özünü tutmalıdır.

- Bu gün Azərbaycan opera sənətində çatışmayan cəhətlər desəm, nələri sadalayarsınız? Tez-tez xarici səfərlərdə olursunuz. Düşünürəm ki, dünya ölkələri ilə müqayisədə ölkəmizdə olan çatışmazlıqları ən yaxşı siz görə bilərsiniz.

- Bu, qlobal bir problemdir. Müasir dövrdə klassik musiqiyə maraq azalıb. Bu gün bütün dünyada dinlənilənlər arasında estrada, pop, rok kimi janrlar çoxluq təşkil edir. Gənclərimiz də bu sahəyə meyillənirlər. Özünüz də görürsünüz ki, bu gün hansı musiqilər dinlənilir. İnternetdə baxırsan ki, dinləmə sayı rekord həddədir, amma musiqi heç musiqi deyil. Fakt odur ki, milyonlarla baxışı var. Zövqsüzlüyün özü də bir zövqdür. Yəni, bu barədə insanlarla mübahisə etməyə dəyməz. Ümumiyyətlə, son günlər Azərbaycan efirində belə mövzular geniş vüsət alıb. Heç bir insana deyə bilməzsən ki, sən zövqsüzsən. Amma biz düzgün yoldayıq. Çünki Azərbaycan musiqisi zəngindir. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə bir çox tədbirlərdə iştirak etmişik. Bizim simamız Azərbaycan muğamıdır. 50-80-ci illər aralığında o qədər möhtəşəm klassik Azərbaycan musiqiləri yarandı ki. Təsəvvür edin ki, Fransada yevreylərin moda həftəsində modeller Sənə də qalmaz musiqisinin sədaları altında paltarları nümayiş etdirirdilər. Bizim mədəniyyətimiz çox genişdir. Həmin illərdə biz bəstəkarların sanki bolluğuna düşdük. Hərdən fikirləşirəm ki, kaş təkcə həmin illərdə yox, o bəstəkarlar 50-80-ci illərdən sonrakı dövrlərdə də yazıb yaradaydılar. Arada boşluq yaranmazdı. Həmin bəstəkarlar toy üçün, hər hansı bir sərgi üçün yox, sadəcə mən ondan yaxşı yazaram prinsipi ilə yaradırdılar. Bax həmin prinsip artıq inkişafdır.

- Biz konkret olaraq bəstəkar və xalq mahnılarından danışdıq. Müasir dövrdə gənclər bu janrları biri-biri ilə qarışdıraraq yenilik etməyə çalışırlar. Muğamla jaz, klassika ilə rep və s. Bu cür yeniliklərə münasibətiniz necədir?

- Əla. Əgər kökü saxlayırlarsa, yaxşıdır. Dəyişiklik lazımdır, amma kökə toxunmadan. Muğam elə bir janrdır ki, istənilən mahnını onunla sintez etmək olar. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Ağaxan Abdullayev, Alim Qasımov - hər birinin səsində fərqlilik, özünəməxsusluq var. Hərəsi bir cür yenilik, daxili dünyasını gətirir musiqiyə. Bütün dünya musiqilərini Azərbaycan muğamının üstündə qurmaq olar. Bu, istər Afrikanın cəngəlliklərində yaranan musiqi olsun, istərsə də bizə yaxın olan ölkələrin birində. Hər bir janrı Şur, Bayati- Şiraz üstündə qurmaq olar. Bu, bizim musiqimizin zənginliyidir.

- İllərdir, Azərbaycan mədəniyyətini həm də dünyada təmsil edirsiniz. Maraqlıdır, fərqli ölkələrdə sizə və sizin simanızda Azərbaycan mədəniyyətinə olan münansibət necədir?

- Bir əhvalat danışım. Güman edirəm ki, elə bu əhvalatla sualınıza tam şəkildə cavab vermiş olacam. Bir dəfə konsert üçün Uruqvaya getmişdik. Bizi apardılar oranın Opera və Balet Teatrına. İzah edirlər ki, bura səhnədir, burada insanlar oturur, ora kulisdir. Hamımız biri-birimizin üzünə baxırıq ki, bunu bizə niyə izah edirlər. Hər kəsə yaxşı məlumdur ki, bizim operamızın 100 illik tarixi var. Deməli, həmin ölkədə hər üç nazirdən biri ermənidir. Həmin ölkədə Azərbaycana qarşı kəskin antipatiya var. Həmin an ürəyimdə öz-özümə dedim ki, eybi yoxdur, sabah konsertə gələrlər, görərlər. Həmin dəqiqə planda olan repertuarı tamamilə başqa bir repertuara dəyişdim. Zalda 600-ə yaxın adam var idi. Onun cəmi 10 nəfəri azərbaycanlı idi. Qalanı ispan, ingilis, erməni idi. Çıxışımın sonunda bütün zal ayağa qalxdı. Dünən bizə operanı başa salan insanlar, bu gün bizi ayaq üstündə alqışlayırdılar və mən səhnədən düşmürdüm. Uruqvay qondarma erməni soyqırımını ilk dəfə tanıyan ölkədir. Belə bir ölkədə Azərbaycanı layiqincə təmsil etmək mənim yaradıcılığımın deyərdim ki, zirvəsidir. Təbii ki, sonra Los-Ancelesdə, Seulda, Moskvada, Baltikyanı ölkələrdə, eləcə də müxtəlif Avropa ölkələrində çox sayda konsertlərlə çıxış etmişik.

- Əvvəllər muğamı və yaxud da hansısa Azərbaycan musiqisini İran, fars musiqisinin tərkib hissəsi kimi qəbul edirdilər. Amma bu gün muğam deyiləndə ağıllara gələn ilk ad Azərbaycan olur. Yəqin səfərlərinizdə bunu da hiss edirsiniz...

- Sözsüz. Müstəqillik əldə etməmişdən qabaq Azərbaycan musiqisi dünyaya İran, fars musiqsinin tərkib hissəsi kimi təqdim olunurdu. Amma müstəqillik qazanandan sonra artıq milli musiqimiz Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi bütün dünyada məşhurlaşdı. Xüsusilə 2000-ci illərdən başlayaraq, musiqimiz dünya miqyasında tanındı. Buna görə Heydər Əliyev Fonduna böyük təşəkkür düşür. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Biz xarici səfərlərdə olarkən təkcə muğamımızı ifa etmirik. Eyni zamanda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və s. kimi klassik Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiririk. Belə bir fikir var: Nə millidirsə, o fərdidir. Çox gözəl bir sözdür. Nə qədər milli olsan, dünya səni bir o qədər fərqli görəcək. Əminliklə deyə bilərəm ki, Azərbaycan musiqisi bütün dünya musiqisindən fərqlidir.

- Sonuncu sualım sırf sizin şəxsi həyatınızla bağlı olacaq. Maraqlıdır, necə bir mühitdə yaşayırsınız? Boş vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz? Ailənizdə yolunuzu davam etdirənlər olacaqmı?

- Boş vaxtlarımda film izləməyi sevirəm. Müxtəlif janrlarda mahnılar ifa edirəm. Ona görə də müxtəlif janrlarda əsərlər dinləməyi sevirəm. Fərqli mədəniyyətlərə xas mahnılar hər zaman diqqətimi çəkib. Bir səhər gözümü fransız musiqisi ilə aça bilərəm. O biri gün könlümdən Zeki Mürenə qulaq asmaq keçər. Sonra yaxşı domino oynamağı xoşlayıram. Hər gün oxumaq olmaz ki. Arada bunlar da lazımdır. (gülür). Üç övladım var. Yəqin ki, yolumu davam etdirən olmayacaq. Bunu özüm də istəmərəm. Bir ailəyə bir nəfər kifayətdir, məncə.

Olduqca səmimi ab-havada keçən müsahibəmiz Samir Cəfərovun canlı ifasında sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluya məxsus ecazkar Əsən yellər mahnısı ilə yekunlaşır...

 

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 7 sentyabr.- S.12.