Muğam xalqımıza verilən ilahi vergidir

 

Dünyadakı bütün dahiləri yetişdirən pedaqoqlar, müəllimlər olub. əllimin ən böyük hədiyyəsi isə yetişdirdiyi tələbələrinin uğurunu görmək, onların sevincini yaşamaqdır. Budəfəki  müsahibimiz güclü səsi, muğama olan dərin bağlılığı, Azərbaycan muğam sənətinin inkişafındakı xidmətləri ilə yanaşı, həm də uzun illərdir yetişdirdiyi tələbələri ilə mədəniyyətimizə  xidmət edən Azərbayanın Əməkdar müəllimi Qəzənfər Abbasovdur.

 

- Qəzənfər müəllim, söhbətimizə ilk olaraq sizin uşaqlıq və gənclik illərinizdən başlamaq istəyirəm. Bəlkə o illərə bir ekskurs edək?

 

-Mən Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuşam. Orta məktəbi də həmin kənddə bitirmişəm. Daha sonra bir neçə dəfə ali məktəbə qəbul olunmaq istəmişəm. Xatırlayıram ki, Bakı Dövlət Universitetinə gəlirdim. Ən böyük arzum hüquqşünas olmaq idi. Ancaq arzuma nail ola bilmədim  və hərbi xidmətə  getdim. Hərbi xidmətimi uzaq Sibirin Çita şəhərinin Çinlə sərhəd olan hissəsində keçirmişəm. Daha sonra Vətənə qayıdıb bir müddət kənddə işləmişəm. 1984-cü ildə Sumqayıtda Nəriman Nərimanov adına mədəniyyət evində muğam ansamblı var idi. Burada musiqi təhsili almağa başladım. Orada müəllimim Mənzura Rüstəmova olub. Paralel olaraq  həm də zavodda işləyirdim. Həmin illərdə fəhlələrə növbəlilik əsasında ev verirdilər. Mən də oradan ev aldım. Hazırda da həmin evdə yaşayıram. 1986-cı ildə hazırkı Azərbaycan Milli Konservatoriyasının tərkibində olan musiqi kollecinə qəbul olundum. Seyid Şuşinski irsinin böyük davamçısı olan respublikanın Əməkdar artisti, çox böyük müəllim Nəriman Əliyevdən dərs aldım. Təhsilimi başa vurduqdan sonra Nəriman müəllim məni muğam teatrının nəzdində fəaliyyət göstərən muğam studiyasında muğam müəllimi kimi işə qəbul etdi. Arif Qazıyev muğam teatrının direktoru, İslam Rzayev isə bədii rəhbəri idi. O zamandan bu günə kimi müəllim kimi fəaliyyət göstərirəm. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum, böyük sənətkarımız ustadımız, professor Arif Babayevin sinifində təhsil aldım. Tələbələrimdən Sevinc Sarıyeva, Humay Məmmədova, Mütəllim Dəmirov, Bəxşeyş Mehdiyevi və s. tanıyırsınız.

 

- Siz həm pedaqoq, həm də gözəl xanəndəsiniz. Bəs səsinizi ilk dəfə kim kəşf etdi?

 

- Gənc yaşlarımdan artıq hiss edirdim ki, səsim var. 1972-ci ildə “Qarabağ bülbülləri” ansamblı var idi və onların səsi hər yerdən gəlirdi. Bir vaxtlar Tacir Şahmaroğlu “Bayatı-şirazı” inprovizasiya etmişdi. O zamanlar hamıya bir ruh gəlmişdi. 10 yaşım var idi. Kənddə musiqi məktəbi yox idi, amma mədəniyyət evi vardı. Evdə səkkiz uşaq olmuşuq, dördü rəhmətə gedib. Hamımızın səsi olub. Babam Mirzə Mahmudun səsi-sorağı Təbrizdən, Dərbənddən, Şamaxıdan gələrmiş. Mənə elə gəlir ki, səs irsidir.

 

- Təxminən 1991-ci illərdə tanınmış xanəndə-pedaqoq Nəriman Əliyev sizin ifanızda  Şüştər”i dinləyəndən sonra belə söyləmişdir: “Heç nə oxumasan da “Şüştər”in şöhrəti sənə bəsdir”. Bu, 1991-ci ildə söylənmiş bir sözdür. Sizcə bu illər ərzində sizin “Şüştər”i üstələyən hər hansı bir ifanız olubmu?

 

- İlk dəfə  1990-cı ildə Azərbaycan televiziyasında Oqtay Rəcəbovun aparıcılıq etdiyi məktəblilərin musiqi qrupunda “Şüştər”i ifa etmişəm və daha sonra həmin ifa 1991-ci ildə radionun fonduna yazılıb. Gülyaz Məmmədova “Mahur” muğamını, İrşad Hüseynov “Mirzə Hüseyn seygahı”, Səbinə Niftəliyea isə qadınlar arasında ilk dəfə “Rahab” muğamını ifa etdi. “Şüştər” mənə bundan sonra şöhrət gətirdi. Nəriman müəllim o zaman bu ifadəni işlətmişdi. Deyirdi ki, bu ifanla “Şüştər”ə möhür vurdun. “Şüştər”i belə oxumaq hər xanəndəyəəssər olmur. Elə onun dediyində bir həqiqət varmış. Artıq həmin vaxtdan 26 il keçir. Desəm ki, “Şüştər”i ən gözəl ifa edən mən olmuşam bu, eqoistlik olar. “Şüştər”i Cabbar Qaryağdıoğlu, Məşhədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər mükəmməl ifa ediblər. Desəm ki, “Şüştər” mənim ifamda ən mükəmməl muğamdır, düzgün olmaz. Mənim ifamda “Xaric seygahı”, “Vilayəti”, “Orta mahur” muğamları da var. Uzun müddətdir ki, muğamı tədris edirəm. Heç vaxt düşünməmişəm ki, muğamın biri digərindən daha yaxşıdır. Hər gün onların nazı ilə oynayıram. Nə qədər fiziki gücüm, səhhətim imkan versə, yüksək səviyyədə oxumağa çalışacağam. Hesab edirəm ki, bütün müəllimlər mənimlə eyni fikirdədirlər.

 

- Azərbaycan muğamında siz yeddi lad məqamı fəth edən bir xanəndə kimi tanınırsınız. Bu, ilk dəfə sizin ifanızda Güney Azərbaycan telekanalı vasitəsilə bütün dünyaya yayımlanıb. Bu məqama çatmaq, o yeddi ladı mənimsəmək üçün hansı yolları keçmisiniz?

 

- Uşaq ikən səsimi bəzi sənətkarlara bənzədirdim. Arif müəllim, “Mirzə Hüseyn seygahı” oxumuşdu, onu təkrar etməyə çalışırdım. Qədir Rüstəmovun “Sona bülbülləri”ni, Baba Mirzəyevin “Üç telli durnası”nı, Xan Şuşinski kimi sənətkarların ifalarını dinləyib səsimi onların səsinə bənzədirdim. Uzun müddət təhsil almışam. Ancaq bu 9 il mənə kifayət etməyib. Elə bu gün də özümdən narazıyam. Çünki xanəndəlik sənətində bilmədiyim çox şeylər var. Elə muğamlarımız var ki, yaddan çıxıb. Biz onların hamısını bərpa etməyə çalışmalıyıq.  Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisinin əsasları ilə yeddi əsas muğamın lad sistemini qurub. Bu, proqramlaşdırıldı və Seyid Şuşinski bu proqramın əsas tədqiqatçılarından biri olub. Bu gün də bu proqram davam edir. Sovet hökuməti zamanı bu muğamların heç adı çəkilə bilməzdi. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. Bugünkü müstəqilliyimiz bizə hər cür şəraiti yaratmağa imkan verir. Muğam elədir ki, yazılı surətdə harasa keçmir. Not vasitəsilə gələcəyə ötürülür.

 

- Bu gün dərs dediyiniz tələbələr Azərbaycan muğam sənətinə, öz töhfələrini verəcəklər. Tələbələriniz arasında gələcəyinə ümid bəslədiyiniz, muğamlarımızın tanınmasında, səs baxımından daha böyük inqilablar edəcək tələbəniz varmı?

 

-Gələcəyinə ümid bəslədiyim tələbələrim çoxdur. Tələbələrimdən Zülfüqar Mahmudov Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidir. Muğam müsabiqəsinin laureatı Səbinə Ərəbli, mən deyərdim ki, “Kəsmə şikəstəni Fatma Mehrəliyevadan, Şövkət Ələkbərovadan sonra gənc xanəndələr arasında ən mükəmməl ifa edən xanəndədir. Nəriman müəllimin mənə dediyini mən Səbinə üçün deyə bilərəm ki, Səbinə Ərəbli bu gündən sonra heç nə ifa etməsə də “Kəsmə şikəstəyə  öz möhürünü vurdu. Hər dəfə onu dinləyəndəəllim kimi deyil, tamaşaçı kimi heyranlıqla izləyirəm.

 

- İfalarınızı bəziləri Seyid, bəziləri isə Cabbar Qaryağdıoğlu üslubuna bənzədirlər. Siz hansı üslubu özünüzə daha yaxın hesab edirsiniz?

 

-”Ot kökü üstə bitər” - boşuna deməyiblər. Bunun qısa cavabı budur. Mən də daim klassiklərdən bəhrələnirəm və bu yola sadiqəm. Fikrimcə, bu yolu dəyişmək olmaz. Bütün xanəndələrə, müəllimlərə, tələbələrə də bunu tövsiyə edirəm. Biz bunu qoruyub saxlamalı, nəsildən-nəsilə ötürməliyik. Muğam əsrlər boyu yol gəlib. Özü-özünü ayrı-ayrılıqda daim qoruyub saxlayıb. əyyən dövrlərdə çətinliklərdən keçməsinə baxmayaraq muğam muğamlığında da qalıb. Muğama kimsə nə yamaq vura, nə də dəyişə bilib. Muğam elə bir sənətdir ki, nə qədər itirməyə çalışılsa belə, haradansa üzə çıxmağı bacaracaq. Mənə elə gəlir ki, muğam xalqımıza verilən ilahi vergidir.

 

- Qəzənfər müəllim, son zamanlar muğamın musiqinin bir çox sahəsi ilə sintezinə rast gəlirik. Məsələn, cazla... Buna münasibətiniz necədir?

 

-Fikrimcə, burada  heç bir qəbahət yoxdur. Muğamın sintezini Azərbaycanda ilk dəfə Vaqif Mustafazadə edib və çox gözəl də alınıb. Orada rəhmətlik Hacıbaba Hüseynovun da ifasında improvizə edilmişdi. Caz musiqisi bizim olmasa da onun içərisində muğam elementlərinə yer verilməsi cazın məşhur olduğu Avropa, Amerika və başqa xalqların musiqisinə muğamın təsirini qoyacaq.

 

- Özünüzü daha çox hansı rolda görürsünüz? Xanəndə, yoxsa pedaqoq Qəzənfər Abbasov rolunda?

 

- Mən həm xanəndə, həm də pedaqoqam. İnsanlara xoş olursa, məni hər iki obrazda da sevirlərsə, bu, mənim xoşbəxtliyimdir. Belə hesab edirəm ki, pedaqoq olmaq asan bir iş deyil. Çünki bütün dahiləri yetişdirən pedaqoqlar, müəllimlər olub. 2015-ci ildə mən iki dəfə konsert vermişəm. Biri Milli Konservatoriyada, digəri isə Beynəlxalq Muğam Mərkəzində. Milli Konservatoriyanın rektoru Siyavuş müəllimə dərin təşəkkürümü bildirirəm. Hər zaman mənə diqqət və qayğısını göstərir və mənim konsert verməyim üçün hər cür şəraiti yaradır. Mən orada “Humayun” dəsgahı oxudum. Son dövrlərdə demək olar ki, “Humayun dəsgahı” heç kim ifa etməyib. Konsert zamanı özüm bəstələdiyim təsniflərimdən, xalq mahnılarımızdan da ifa etdim. Möhtəşəm bir konsert oldu.

 

- Qəzənfər müəllim, Azərbaycan Televiziyasının Seyid Şuşinski haqqında çəkdiyi sənədli filmdə ağanın orta yaşlarını canlandırmısınız. İstərdim bir az bundan danışasınız.

 

- Bəli, mənim bir şəklim var. Həmin şəkil rejissorun əlinə keçir və Seyid Şuşinski ilə məni çox bənzədir. Başımda papaq, əlimdə qaval, deyir ki, Seyidin orta yaşlarına Qəzənfəri çəkəcəyəm. Gəlib çəkdilər. Düşünürəm ki, çox gözəl də alındı. O da mənim ustadımın ustadına bir ehsan olsun. Seyidi yaşatmaq bizlərin borcudur. Seyid Şərqin çox böyük incisidir.

 

- Bilirik ki, Azərbaycan muğamının tanıdılmasında, yeni-yeni istedadların ortaya çıxmasında muğam müsabiqələrinin rolu çox böyükdür və dövlət səviyyəsində bu muğam müsabiqələrinə xüsusi diqqət göstərilir. Bu müsabiqələrdə sizin tələbələrinizdən də iştirak edənlər var. Müsabiqələrdəki obyektivlik sizi qane edirmi?

 

-Bəli, elə bu günlərdə də muğam müsabiqəsi başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  çox hörmətli Mehriban xanım Əliyevanın sayəsində muğam müsabiqələri uzun zamandır ki, davam edir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə illərdir böyük uğurlar qazanır. Yer tutub-tutmamasından asılı olmayaraq hər zaman tələbələrim bu müsabiqədə iştirak edib. Azərbaycan Televiziyasi və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsində iştirak etməyimiz şəxsən mənim üçün böyük fəxrdir. Tələbələrim Rəna Qafarova, Taleh Balakişiyev iyirmilikdə iştirak ediblər. Sonrakı müsabiqələrdə çox tələbələrə dəstək olmuşam. 2011-ci ildə keçirilən müsabiqədə isə tələbəm Səbinə Ərəbli birinci və Nigar Şabanova isə üçüncü yeri tutdular. Tələbələrimin uğurları mənim üçün fəxrdir. Builki müsabiqədə  Arzu Mahmudova, eyni zamanda, Nüşabə Kərimova və Nasir Ətapur və Məcid Əsri  iştirak edirlər. Yeri gəlmişkən, bütün tələbələrimə uğurlar arzu edirəm.

 

Şəmsiyyə Əliqızı

İki sahil.- 2017.- 4 aprel.- S.19