Hikmət Babaoğlu: ""Yeni Azərbaycan" qəzetinin ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri var"

- Medianın daim təkmilləşən, yeniləşən, dövrün iqtisadi, siyasi, ictimai münasibətlərinin tələblərini ödəməyə çalışan vasitə olduğunu nəzərə alsaq, o zaman biz milli medianı bütövlükdə zəncir kimi götürə bilərik. Ayrı-ayrı dövrlərdə milli mətbuatda fəaliyyət göstərən, onun inkişafında müəyyən rol oynayan mətbu orqanlar da bütöv bir zəncirin həlqələridir. Dolayısı ilə Azərbaycanın mətbu yaddaşı tək, vahiddir və milli yaddaşın əsas komponentlərindən biridir. “Yeni Azərbaycan” qəzeti Yeni  Azərbaycan Partiyasının rəsmi mətbu orqanıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 mindən çox olduğunu nəzərə alsaq, o zaman “Yeni  Azərbaycan” qəzetinə təkcə partiyanın rəsmi orqanı kimi nə qədər böyük bir auditoriyanın müraciət etdiyini görərik. Bundan əlavə, partiyaya maraq göstərənləri, ölkənin ictimai-siyasi həyatında partiyanın rolunu qəbul edən, mənimsəyən çoxsaylı insanların da olduğunu nəzərə alsaq o zaman biz Ulu Öndər Heydər Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyası Ümumxalq Partiyasıdır” tezisinə gəlib çıxacağıq. Dolayısı ilə “Yeni Azərbaycan” qəzetinin müraciət etdiyi auditoriya da əslində elə Azərbaycan xalqıdır. Bu, çox məsuliyyətli prosesdir. Çünki media əksər hallarda bir sıra mühüm məsələlərə cavab verir, ictimai rəyi maraqlandıran suallara cavab verir, dünyada baş verənlər haqqında informasiyalar yayır, insanları partiya həyatında baş verən hadisələrlə bağlı məlumatlandırır, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin fəaliyyəti qəzetimizin təbliğ etdiyi istiqamətlərdən ən birincisidir. Bütün bunları ümumi olaraq nəzərdən keçirsək görərik ki, “Yeni Azərbaycan” qəzeti ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri olan bir qəzetdir və eyni zamanda müstəqilliyimizi əldə etdikdən sonra müasir mərhələdə milli medianın formalaşmasında yenə də özünəməxsus yeri olan bir qəzetdir. Bu rol və yer “Yeni Azərbaycan” qəzeti boydadır.

- Son dövrlər cəmiyyətin və dövlətin inkişafında mətbuatın böyük rol oynadığını söyləsək yanılmarıq. “Yeni  Azərbaycan” qəzetinin bu istiqamətdəki rolu haqqında məlumat verərdiniz?

- 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqil mətbuat yeni formalaşır və yalnız çap mediası ilə məhdudlaşırdı, indiki müasir texnoloji vasitələr isə yox idi. İlkin mərhələdə milli mətbuatı təmsil edən, onun komponentləri olan çap mediası kimi “Yeni Azərbaycan” qəzeti də məhz çap mediası statusunda idi və qarşısına qoyduğu məqsədi də məhz həmin vasitə ilə həyata keçirirdi. Müəyyən məsələlər istisna olmaqla, qəzetimizin mövqeyi dəyişilməz idi. Bu məqsədlərdən birincisi maarifləndirmək, ikincisi ictimai rəyi düzgün, obyektiv əsaslarda formalaşdırmaq, üçüncüsü fikir istehsalçısı olan insanlar üçün tribuna olmaq idi. Düşünürəm ki, “Yeni Azərbaycan” qəzeti bunun da öhdəsindən layiqincə  gəlməyi bacarıb. Bütövlükdə bir qəzetin üzərinə düşən ən böyük tarixi missiya xalqın tarixini, mədəniyyətini, sosial kimliyini özünə göstərməklə yenidən bu əsaslarla xalqın gələcəyini ideoloji müstəvidə inşa etməkdir. 90-cı illərin əvvəlləri həm axtarışlar, həm də milli özünüdərk, hadisələri yenidən qiymətləndirmək baxımından xüsusi mərhələ idi. Çünki o dövrdə Azərbaycanda formalaşacaq ictimai şüur sonrakı mərhələdə ölkəmizdə baş verən siyasi proseslərin eləcə də ictimai, intellektual münasibətlərin keyfiyyətini müəyyənləşdirəcəkdi. Ona görə də sözügedən dövrdə düzgün mövqe tutmaq, tapşırılan missiyasını düzgün yerinə yetirmək, Yeni  Azərbaycan Partiyasının rəhbərliyinin, icra katibliyinin tövsiyələrini məhz qarşıya qoyulan məqsəd əsasında ictimailəşdirərək auditoriyaya təqdim etmək çətin məsələ olmaqla yanaşı eyni zamanda şərəfli idi. Bu proseslərdə çoxsaylı Azərbaycan mediası, mətbu orqanı iştirak edirdi. “Yeni Azərbaycan” qəzeti də bu mərhələdə öndə olan qəzetlərdən biri kimi üzərinə düşən missiyanı yerinə yetirirdi. Ancaq biz bilirik ki, bu mərhələ həm də müəyyən mənada bir qədər məhdudiyyətlər mərhələsi idi və 1996-cı ildə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, bütün milli mediamız üzərinə bir azadlıq gətirdi, mediaya yeni dəyərlər qazandırdı və bundan sonra milli mediamız artıq özü-özünün fəaliyyət çərçivəsini müəyyənləşdirməklə, məqbul hesab etdiyi bütün informasiyaları cəmiyyətə çatdırmaq imkanı qazandı. Amma biz bilirik ki, internet 2000-ci illərin əvvəllərində bütün dünyada ictimai həyatın əsas atributlarından birinə çevrilməyə başladı. 90-cı illərin əvvəllərində əgər bu pərakəndə şəklində idisə, 2000-ci ilin əvvəllərindən sonra artıq biz yeni media nümunələrini görürük. Artıq “Yeni Azərbaycan” qəzetinin də elektron səhifəsi var və qəzet çapa getməmişdən öncə, qəzetin işi yekunlaşan kimi dərhal onun PDF variantı qəzetimizin saytının xüsusi səhifəsində öz əksini tapır. Gün ərzində qəzetin əldə edəcəyi və səhəri gün oxucuya çatdıracağı fikirlər və məlumatlar da elə bir gün əvvəl yenə də qəzetin elektron səhifəsində öz əksini tapır. Bəzən çap mediasının məhdudlaşdırıldığı, internet resursların, sosial şəbəkələrin qəzetin təsir imkanlarını azaltdığı deyilir. Amma unudurlar ki, qəzet hazırkı mərhələdə müasir qəzetçilik təkcə çap müstəvisində deyil, qəzetlər eyni müvəffəqiyyətlə internetdə, elektron səhifələri olmaqla yanaşı, digər sosial resurslardan fərqli olaraq onun çap versiyası var. Belə olan halda, qəzetin rolunu kiçiltmək, onu ictimai rəyə təsirini azalması kimi fikirlər səsləndirməyi məqbul hesab etmirəm. Hazırkı mərhələdə də milli mediamız özünü sürətlə, çox böyük keyfiyyətlə, qlobal informasiya məkanında baş verən proseslərə uyğunlaşdıra bilib. İndiki mərhələdə ideoloji mübarizələrin, psixoloji rəqabətin, ictimai rəyin, informasiya ilə yeni insanlar formalaşdırmaq cəhdlərinin də böyük bir hissəsi internet resursları üzərindən həyata keçirilir. Qəzetlər də bu işin fəal iştirakçılarıdır.

- “Yeni Azərbaycan” qəzeti son illər böyük təkmilləşmə yolu keçib. Auditoriya cəlb etmək üçün hansı yeniliklərdən istifadə edirsiniz və bundan sonra oxucularınızı hansı yeniliklər gözləyir?

- Dediyimiz kimi, qəzet bu gün öz məlumatlarını “vətəndaş mediası” dediyimiz mediaya paralel olaraq ondan da irəliyə götürə bilir. Çünki, “vətəndaş mediası” adlandırdığımız sosial münasibətlərdəki informasiya mübadiləsində çox böyük fərqin olduğunu düşünürəm. Qəzetdə peşəkarlıq məsuliyyəti var. Sosial mediada hansısa fərd məlumatı sizdən əvvəl yaya bilər. Lakin bu xəbərin ciddiliyi nə dərəcədədir, nə qədər auditoriya bunu ciddi informasiya kimi qəbul edir, inanır? Əksər insanlar buna inanmırlar. Təcrübələr də göstərir ki, belə informasiyalar yalan çıxır. Lakin qəzetin peşəkar məsuliyyəti var. Qəzet “facebook” səhifəsində yaydığı hər bir informasiyaya görə, Azərbaycan qanunları və özünün ictimai nüfuzu qarşısında məsuliyyət daşıyır. Ola bilsin ki, “Yeni Azərbaycan” digər internet resursları kimi populyar, operativ deyil, amma etibarlılıq və mötəbərlilik baxımından, əlbəttə, qəzet öndədir. Bu gün Azərbaycan əhalisinin 75 faizi internet istifadəçisidir. Bu istifadəçilər informasiya mübadiləsi prosesində əksər hallarda bir-birinə istinad edirlər. Lakin hər bir istifadəçi üçün aydındır ki, bu informasiyaya inanmaq olmaz. Bax bu rəqabətdə artıq önə çıxan informasiya saytları, agentlikləri və qəzetlərdir. Ona görə də hesab edirəm ki, mötəbər informasiya mənbəyi kimi qəzet çıxış etməyi bacarır.

- Azərbaycan Prezidenti İlham Əliyev ölkə mətbuatına diqqət və qayğı göstərir. “Yeni Azərbaycan” qəzeti də bu diqqətdən kənarda qalmır. Bu diqqət qəzetin yaradıcı kollektivinin işinə təsir edirmi?

- “Yeni Azərbaycan” qəzetinin YAP-ın mətbu orqanı olması üzərimizə böyük məsuliyyət qoyur.  Əgər başqa mətbu orqanının bir dəfə səhv etmək haqqı varsa, bizim belə haqqımız yoxdur. Çünki regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası bu qəzetə etimad göstərir. Qəzetin bu günə qədər formalaşmış ciddi imici təkcə Azərbaycan oxucuları içərisində deyil, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri içərisində reputasiyası var. Bu bizim üzərimizə daha çox məsuliyyət qoyur. Bütün bunlar qəzetin bugünkü səviyyəyə çatması partiya rəhbərliyi və icra katiblərinin çox böyük rolu var. Əgər onların tövsiyələri, ideoloji yardım olmasa, bu qədər uğurlu şəkildə fəaliyyət göstərmək, ən azından bu qədər populyar qəzet olmaq olmaz. Bütün bunlar qəzet kollektivinin hər bir üzvünün məsuliyyətini müəyyənləşdirir. Azərbaycan mətbuatı bütövlükdə Ölkə başçısının qayğısı ilə əhatə olunub, Onun himayəsindədir. Azərbaycanda söz, mətbuat azadlığının hamisi və ən böyük təminatçısı Azərbaycan Prezidentidir. Azərbaycan Prezidentinin mətbuata qayğısı təkcə bununla məhdudlaşmır. Eyni zamanda qəzetin məişət problemlərinin həlli ilə bağlı ciddi addımlar atılıb. Jurnalistlərə pulsuz mənzillər verilib, “Yeni Azərbaycan” qəzeti də bundan faydalanıb. Bundan başqa, jurnalist peşəsinin ictimai nüfuzunun artırılması ilə bağlı ölkə başçısı tərəfindən ciddi addımlar atılıb. Biz hər əlamətdar gün dövründə Azərbaycan Prezidenti tərəfindən milli mediamız çox əhəmiyyətli institut kimi xatırlanır, media mənsublarına fəxri adlar verilir, müxtəlif mükafatlarla təltif edilir. Hər bir cəmiyyətin mediası onun lokomativi, cəmiyyətin aparıcı, ən intellektual institutlarından biridir. Digər intellektual institutlarla müqayisə də ən populyar olanıdır. Media birbaşa informasiya axınında olduğu üçün daha çox fərq edilir, görülür, öndə olunur. Azərbaycan prezidenti də medianın bu keyfiyyətlərini dövlətimizin ictimai-siyasi həyatında mühüm rola malik olduğunu nəzər alaraq bu sahəyə diqqət və qayğı göstərir. Bu gün milli mediamızı internet resursları da daxil olmaqla bütün parametrlərlə götürsək, milli maraqlarımızın, təhlükəsizliyimizin təmin olunmasında çox böyük rol oynadığını görərik. Bu gün informasiya təhlükəsizliyi hər bir millətin, dövlətin əsas təhlükəsizliklərindən biridir. Ona görə də bu gün qlobal informasiya məkanında, millətin, xalqın maraqlarını qorumaq hər bir xalqın milli mediasının əsas vəzifəsidir. Düşünürəm ki, Azərbaycanda da milli media bu işlərin öhdəsindən layiqincə gəlməyi bacara bilir və “Yeni Azərbaycan.

İki  sahil.- 2017.- 11 aprel.- S.12