Ölkəmizin əsrarəngiz təbiəti

turistlər üçün cəlbedicidir

 

Yay mövsümü ilə əlaqədar olaraq ölkəmizə turist gəzintisinə, müalicəyə və istirahətə gələnlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Rəsmi məlumatlarda bildirilir ki, əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə cari mövsümün əvvəlindən indiyədək Azərbaycana  gələn turistlərin sayı 25 faiz artım qeydə alınıb. Ancaq nəzərə almalıyıq ki, yay mövsümü hələ bitməyib. Ona görə də bu göstərici daha yüksək ola bilər.

 

Azərbaycanın füsunkar təbiəti- zirvələrində qartalları qıy vuran dağlar, yaşıl meşələr, ayna bulaqlar, sonalı göllər, mavi Xəzər, “dəli” Kür, sakit Araz,  xoş iqlim, qədim tarixi abidələr, gözəl Bakı xarici turistləri cəlb edən əsas amillərdir. Biz fəxr etməliyik ki, qədim dünyanın görkəmli tarixçi və filosofları olan Ptolomey, Strabon, Herodot, Plutarx, dahi fransız yazıçısı Düma Ata və digər böyük şəxsiyyətlər Odlar yurdu kimi tanınan Azərbaycana səyahət ediblər.

Ölkəmizdə qonaq olan hər hansı əcnəbi onun hüsnünə valeh olur, ömrünün sonunadək Azərbaycanı xoş xatirələrlə yad edir. Saysız-hesabsız əcnəbilər var ki, onlar haqqında əfsanələr eşitdikləri bu yerə gəlməyin arzusunda olduqlarını bildirirlər. Bu günlərdə Moskvada doğulub boya-başa çatan Natalya Nikolayeva Yardımlı rayonunun Avaş kəndində yaşayan doğmalarına teleqram vurub. Teleqramda yazılıb: “ Əzizlərim! Deyirlər ki, Bakı son illərdə çox gözəlləşib. Televiziya kanallarında hərdən Azərbaycandan verilən məlumatlarda özüm də cəlbedici mənzərələr görmüşəm. Mən həmişə Azərbaycana gəlməyə can atırdım, ancaq indi fürsət yaranıb. Həyat yoldaşım və qızımla ora gəlmək üçün avqustun 27-nə təyyarəyə bilet almışıq. Həmin gün biz Heydər Əliyev  Beynəlxalq Hava Limanında yerə enəcək və müqəddəs Azərbaycan torpağını ziyarət edəcəyik. Sevinirəm ki, nəhayət, sizi və gözəl Bakını görəcəyəm.”

Təbii ki, xarici ölkə vətəndaşlarının Azərbaycana can atmasının bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastrukturdur. Bizim 6 beynəlxalq aeroportumuz, ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilib. Bakıda və bölgələrdə otellər tikilib. Dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri özlərinin Bakıdakı  otellərini idarə edirlər. Hətta bölgələrdə də müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə bu sahənin intişar tapmasında mühüm əhəmiyyət daşıyır. Həmin proqram çərçivəsində geniş infrastruktur layihələri sürətlə həyata keçirilib.

Azərbaycanın Ordubad, Şahbuz, Gəncə, Naftalan, Lənkəran, Zaqatala, Şamaxı, Quba, Qusar, Masallı, LerikYardımlı, Şəki və digər bölgələri turistlər üçün maraqlı istirahət məkanlarıdır. Elə bölgələrimiz var ki, həm istirahət, həm də müalicə üçün əvəzsizdir. Naftalan şəhərində beş müalicə mərkəzi var və hər il orada 30-35 minə qədər xəstə şəfa tapır. Möcüzəli Naftalan yağı altmışdan çox xəstəliyin dərmanıdır. Bu ilki mövsümdə indiyədək Naftalana 40 mindən artıq ziyarətçi gəlib. Oradakı məşhur “Qaşaltı” sanatoriyası Avropa standartlarına uyğun inşa edilib. Sanatoriyanın açılışında iştirak edən Prezident İlham Əliyev müalicə və istirahət mərkəzində təşkil edilən xidməti yüksək qiymətləndirib və onun Avropadakı hər hansı bu tipli mərkəzlərdən geri qalmadığını bildirib.

Qusardakı “Şahdağ”, Qəbələdəki “Tufandağ” qış idman kompleksləri, dağların zirvəsində Xınalıq kəndi turistlərin çox sevdikləri istirahət yerləridir. Bu və digər məkanların əsrarəngiz ab-havası, təbiət gözəllikləri, sanki nağılı xatırladan ətraf mühiti turistləri öz qoynuna çağırır. Bakıdakı İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Naxçıvandakı “Əshabi-kəhf” müqəddəs ocağı, İlandağ, Şabrandakı Çıraqqala və bir çox tarixi abidələrimiz, möcüzəli müalicəvi sularımız turistlərdə ölkəmiz barədə gözəl təəssüratlar yaradır. Erməni təcavüzkarları tərəfindən işğal edilmiş ərazilərimizdə də saysız-hesabsız tarixi abidələrimiz var. Torpaqlarımız işğaldan azad ediləndən sonra turistlərimiz insan əli ilə yaradılmış və təbii möcüzələrlə də tanış olacaqlar.

Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ölkəmizə turist axınını intensivləşdirən amillərdəndir. Bu il Bakıda V Humanitar Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, Formula-1-in Azərbaycan Qran-prisi, 24-cü Xəzər Neft-Qaz Sərgisi və digər silsilə tədbirlər keçirilib ki, turizmin inkişafında onların da böyük əhəmiyyəti qeyd edilməlidir.

Turist axınını gücləndirən əsas amillərdən biri də viza məsələsidir. Ölkəmizə gəlmək istəyənlər əvvəllər konsulluqlarda həftələrlə, bəzən də aylarla vaxt itirirdilərsə, indi cəmi iki-üç cün ərzində viza məsələsi həll olunur. “ASAN viza” sisteminin yaradılması ölkəyə gəliş-gedişi çox asanlaşdırıb. Azərbaycan həm cəledici, həm də sabit ölkədir, ona görə də buranı ziyarət edənlərin sayı ildən-ilə artır.

 

Vəli İlyasov

 

İki sahil.- 2017.- 15 avqust.- S.13.