KİV rəhbərləri Ordubadda tarixi abidələrlə tanış olublar

 

Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərinə səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində Tarix Diyarşunaslıq Muzeyində olublar.

Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan MR -nın əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyəsözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub".

Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazıb. Buradan sonra Nümayəndə Heyəti Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olublar. Muzeydə qonaqlara Y. Məmmədəliyevin həyat fəaliyyəti, elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Səfər çərçivəsində KİV rəhbərləri bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadinin ev muzeyində olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat yaradıcılığı ilə bağlı geniş məlumat verilib.

 

Məhəmmədtağı Sidqinin ev muzeyi ilə tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin sərəncamı ilə 2014-cü ildə yaradıldığı barədə məlumat verilib. Muzeyin girişdən, 3 ekspozisiya 3 otağından ibarət olduğu bildirilib.

 

Daha sonra nümayəndə heyəti14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə tanış olublar. KİV rəhbərləri tarixi mədəni abidələri ilə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq Batabat Dövlət Təbiət Qoruğuna yola düşüblər /

İki  sahil.- 2017.- 4 iyun.- S.9.