Mustafa Kamal Atatürk-Heydər Əliyev: Daş qala, qoşa səngər

 

Beynəlxalq aləmdə tanınmağı, xalqlarla birgə yaşayış qaydalarına əməl etməklə qarşılıqlı münasibətlərin yaranmasını əsas məqsədlər kimi qarşıya qoyan ümummilli lider Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alır. Ulu Öndər bu dövlətin qurucusu Mustafa Kamal Atatürkə olan hörmət və ehtiramını bu sözlərlə ifadə edir: “Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz lideridir.”

Sevindirici haldır ki, bu gün bütün türk xalqları eyni sözləri ümummilli lider Heydər Əliyev haqqında söyləyir, Ulu Öndəri müdriklik nümunəsi adlandırırlar.

Türk dünyasının iki korifeyinin bənzərsiz həyat yolu, böyük idealları, dahiyanə fikirləri, Vətən yolunda mübarizələri, dövlət quruculuğu sahəsindəki fədakarlıqları türk xalqlarının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edən amallardandır. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir” söyləyən ümummilli lider Heydər Əliyev də Müstafa Kamal kimi həyatını xalqının müstəqillik və azadlığının əbədiliyi naminə sərf etmiş, özünün də vurğuladığı kimi, bütün ömrünü millətinin rifahına həsr etmişdir.

Bəşər tarixi inqilablar edən, dövlətlər yaradan, millətləri üçün müəyyən xidmətlər göstərən çox böyük insanlar yetirib. Amma onların adları mənsub olduqları millətin, dövlətin tarixində o qədər də iz salmadığı kimi davamçıları da olmayıb. Yəqin ki, onların gördükləri işlər çox da uzaq gələcək üçün hesablanmayıb. Lakin Mustafa Kamal Atatürk kimi Heydər Əliyevin irsi keçmişdə olduğu kimi bu gün də dəyərlidir, sabah da yaşayacaqdır.

...Tarixə nəzər saldıqda bir daha bəlli olur ki, müxtəlif illərdə dünyaya gəlsələr də oxşar tale yaşayan, atalarının adları belə eynilik təşkil edən, Əlirza adlı elinə, obasına bağlı valideynlərin yetirmələri olan, mənalı ömürlərini türk dünyasının birliyi, həmrəyliyi naminə sərf edən hər iki dahi- Atatürk -Heydər Əliyev fenomeni, onların vəsiyyətləri bu güntürkçülük ideyasının əsasını təşkil edir.

Mustafa Kamal Atatürk böyük üzaqgörənliklə dünya xəritəsində yer alan türk xalqlarının gələcək taleyini sanki əvvəlcədən duyurdu: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq.”

Eyni müdriklik türk xalqlarının birlik və həmrəyliyi naminə tarixi xidmətləri ilə seçilən Heydər Əliyevin siyasətində də hiss olunur: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Yəni Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki, Azərbaycan və türkdilli digər xalqlar- Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, öz azadlıqlarına nail olacaqlar.”

Türk dünyasının hər iki korifeyinin əqidə və məramı eyni məqsəd və amala yönəlib: Mənəvi körpüləri qoruyub saxlamaq, köklərimizə qayıtmaq, imperiya siyasətinin zaman-zaman parçaladığı tariximizin içində bütövləşmək, ortaq dəyərlərimizi birləşdirmək, qoruyub, saxlamaq.

 

Atatürk çətin illərdə Türkiyənin istiqbalını Antanta qoşunlarının həmlələrindən xilas etdiyi kimi, Heydər Əliyev Azərbaycanın müstəqilliyini daxilixarici bədxahlarımızın təsir və təzyiqlərindən qorumuşdur.

Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə Azərbaycan xalqına qarşı pərdəarxası oyunlara, siyasi anarxiyaekstremist hallara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Heydər Əliyev türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. Onun adı bütün türk dünyasının ən nüfuzlu şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürklə birgə çəkilir.

Şəxsi həyatı, uzaqgörən, müdrik siyasəti ilə tarixi salnamə yazan ümummilli lider Heydər Əliyev kimi dahilər tarixdə bir dəfə yetişir söyləyənlər səhv etmirlər. Bu aforizmi başqa şəkildə ifadə edən Türkiyənin doqquzuncu prezidenti, mərhum Süleyman Dəmirəl isə Ulu Öndərə inamını, məhəbbətini bu sözlərlə bildirirdi: “Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var.” Ulu Öndərə eyni münasibətini türk dövlət cəmiyyətlərinin XI dostluq qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında bir daha təkrarlayaraq müstəqil Azərbaycanın qurucusu, böyük dövlət adamı, türk dünyasının ulduz korifeylərindən olantürk dünyasına mənsub olmağın qururunu yaşayan, ona dəstək olan Dəmirəl Heydər Əliyevi türkçülüyün banisi adlandırmışdır:Türk dünyası 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, “mən türkəm” deyən, əfsanəsi, dilitarixi bir olan insanların dünyasıdır. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır.”

Təkcə Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri olduğunu Dünya azərbaycanlılarının qurultayını təşkil etməklə bildirən, türk dövlətlərini eyni məqsəd naminə birləşdirən Ulu Öndər bununla da türkçülük ideyasının təkmilləşdirilməsi kimi tarixi missiyanı həyata keçirdi.

Dünya Azərbaycanlılarının II qurultayındakı çıxışında soydaşlarımızın təşkilatlanma prosesinə Ulu Öndərin təşəbbüsü ilə başlanıldığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, dünya dövlətlərini maraqlandıran siyasi, iqtisadi problemlərin həllində Azərbaycanın yerirolunun əhəmiyyəti üzaqgörən siyasətinin nəticəsi olmaqla müdrik siyasətçinin daim sadiq qaldığı regional əməkdaşlığa böyük önəminin ifadəsidir: “Heydər Əliyev siyasəti Azərbaycanda hər bir sahədə davam etdirilir. Xarici siyasətimiz çox uğurludur, çox fəaldır. Biz qonşu ölkələrlə çox gözəl münasibətlərimizi saxlaya bilmişik, onları möhkəmləndiririk və bu bizim inkişafımız üçün çox vacibdir.”

Təbii ki, bu dostluq coğrafiyasında türk xalqları ilə birgə inkişafın, əməkdaşlığın böyük önəmi var və olacaqdır.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edir, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyini qətiyyətlə təsdiqləyirdi. Natiqlik məharəti Heydər Əliyev fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsi kimi diqqəti cəlb edirdi.

Ulu öndər Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.

Heydər Əliyevin neft strategiyasının bəhrəsi olan “Əsrin müqavilsinin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı. Layihələri reallaşdırmaq üçün o qədər maddi imkanlara malik olmadığı bir zamanda, başqa dövlət və maliyyə təşkilatlarının vəsaitləri hesabına inşa olunacaq, neft-qaz kəmərlərinin qardaş Türkiyənin ərazisindən keçməsində israrlı olmaqla türkçülüyün etibarlı qarantı kimi daşıdığı missiyanı məsuliyyətlə doğrultdu. Bu gün eyni məqsəd və məram əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış Ulu Öndərin siyasi kursu davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.

Yeni dünya düzənində vahid güc, ortaq maraqlar, milli birlik türk dövlətlərinin timsalında özünü büruzə verməkdədəir. Dünyada zəngin qaz ehtiyatlarına malik türk dövlətləri eyni zamanda qlobal enerji dəhlizlərinin təşəbbüsçülərinə çevrilib. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. Çünki Xəzər dənizinin neft-qaz ehtiyatlarının, eləcə də “Şahdəniz” qazının nəqli coğrafi ərazi baxımından türk dövlətləri birliyinin təməlini qoymaqla bölgədə siyasi qüdrətinin artmasına təkan verir. Bircə faktla bu reallığı təsdiqləmək mümkündür. Ulu öndər Heydər Əliyevin neft strategiyasının istiqamətlərindən olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olan “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın yaradılması da türk dövlətlərinin vahid iqtisadi məkanının formalaşması üçün əsas təməldir.

Neft-qaz sahəsində Azərbaycan Türkiyə, Türkmənistan, Qazaxıstan ilə çox səmərəli fəaliyyət göstərir. İmzalanmış sazişlərə görə Qazaxıstanın neft-qaz ehtiyatlarının şaxələndirmə yolu ilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılması hər iki ölkənin maraqlarına uyğundur. Əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də bu dostluğa sadiqlik göstərildiyini bəyan edir.

Siyasi, iqtisadi sahədə birlik nümayiş etdirən türk dövlətlərinin mədəni, humanitar sahədə əməkdaşlığı gücləndikcə ortaq maraqları birləşdirmək imkanları da genişlənir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri, diaspor təşkilat başçılarının iştirakı ilə keçirilən forumlarda səslənən “Dildə, Fikirdə, Əməldə birlik” şüarlarının real həyatda fəaliyyətdə özünü doğrultması da Heydər Əliyev kimi türkçü ideoloqların varislik irsinə sədaqətdən irəli gəlir.

TürkPA-nın, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması üçün maraqlı təkliflərin reallaşması istiqamətində işlərin sürətlənməsi bu birliyin əbədiliyi naminə həyata keçirilən tədbirlərdir.

Qardaş ölkədə ötən il baş verən iyul hadisələri zamanı Türkiyə ilə həmrəyliyini bildirən Azərbaycanın dost ölkə ilə həmrəyliyi hər zaman özünü göstərir. 15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məqbul hesab etmədiyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayrağının dalğalana biləcəyini söyləmiş, ölkəmizə qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir :Azərbaycan bizim ailəmizin üzvüdür.” Əsrlərin dostluğunu, qardaşlığını özündə ehtiva edən bu sözlərdə ulu öndər Heydər Əliyev ideyalarının izi, Türkiyə və Azərbaycan xalqlarını birləşdirən illərin sınağından çıxmış sədaqət, inam, etibar əksini tapır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2017.-15 iyun.- S.17.