Amerikadan Yaponiyaya qədər musiqilərim ifa olunmağa başladı

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, “Şərəf” ordenli, professor Firəngiz Əlizadədir

- Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edildiniz. Yəqin ki, bu dəfə doğum gününüzü - mayın 28-ni bir başqa təntənə ilə qeyd etdiniz...

-Bəli, mən respublikamızla eyni gündə doğulmuşam. Həqiqətən bu ilin 28 mayı mənim üçün çox xoş təəssüratlarla yadda qaldı. Həm Azərbaycanın milli bayramı olan 28 May - Respublika Gününü, həm doğum günümü, həm də “Şərəf” ordeni ilə təltif olunmağımı qeyd etdik. Bundan əlavə, gözəl konsert oldu. Mənim “İntizar” operam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  göstərildi. Muğam Mərkəzində kamera musiqisindən ibarət möhtəşəm konsert keçirildi. Məni hədsiz sevindirən hallardan biri odur ki, gənc musiqiçilər musiqimi bu konsertdə ifa etdilər. Daha sonra Bəstəkarlar İttifaqında böyük elmi konfrans keçirildi. Orada müxtəlif mövzulara toxunuldu, mühazirələr oxundu. Bütün bunlar hamısı mənim musiqimə göstərilən diqqətdir. Mən möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdaram ki, zəhmətimi, fəaliyyətimi belə yüksək qiymətləndirib.

- Azərbaycan musiqi mədəniyyətini xaricdə kifayət qədər tanıdan bəstəkarlarımızdansınız. İstərdik ki, bəstəkar kimi ilk böyük və ürəyinizə yatan işiniz haqqında danışasınız...

- Artıq böyük bir həyat yaşanıb və o qədər səyahətlər, konsertlər olub ki, onlar arasında təkcə birini seçib qeyd etmək çətin olardı. 1970-ci illərdən demək olar çoxşaxəli fəaliyyətə başlamışdım. Çünki mən Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə üzrə bitirmişdim. 1970-ci ildə fortepiano, 1972-ci ildə isə bəstəkarlıq sinfini bitirmişəm. Təhsil aldığım müddətdə müəllimlərim o zaman konservatoriyanın rektoru işləyən Cövdət Hacıyev, üçüncü kursdan sonra isə dünya şöhrətli Qara Qarayev olub. Pianoçu  kimi müasir musiqinin ifasında kifayət qədər məşhurluq qazanmışdım. Keçmiş Sovet İttifaqının, müxtəlif şəhərlərində konsertlərim  keçirilirdi. Diplom işim fortepiano və simfonik orkestr üçün konsert də elə mənim ifamda müxtəlif şəhərlərdə ifa olunmuşdu. Yeri gəlmişkən qeyd edim ki, həmin o konsertlər diplom işi mövzusu olduğuna görə qeyri-adi faktdır. Sonralar həm musiqi yazırdım, həm ifa edirdim. Fəaliyyət sahəmi bir az da genişləndirərək dirijorluğa da başladım.

1990-cı illərdən başlayaraq xarici ölkələrdən xeyli sayda sifarişlər almağa başladım. 1992-ci ildə Türkiyənin Mədəniyyət Nazirliyindən dəvət aldım. Məqsəd Mersin şəhərində Opera və Balet Teatrının açılışı üçün balet bəstələmək idi. 1993-cü il yanvarın 3-də sözügedən “Boş beşik” baleti səhnəyə qoyuldu. Yenə həmin il aprel ayında Amerikada, Nyu-Yorkda məşhur “Lincoln Center”də Kronos kvartetinin ifasında “Muğamsayağı” əsərimin premyerası oldu. 1997-ci ilə qədər Türkiyədə yaşadım. Lakin yenə də Almaniyadan, Fransadan, İsveçrədən, Avstriyadan, ABŞ-dan və digər ölkələrdən öz əsərlərimin premyeralarına dəvətlər alırdım. Çox festivallara “composer-in-residence” statusunda qatılmışam. Amerikada, Almaniyada, Fransada kompakt disklərim çıxdı. Sevindirici fakt odur ki, dünyada fəaliyyət göstərən ən məşhur musiqiçilər mənim musiqimə müraciət edirlər. Mstislav Rostropoviç, Yo-Yo Ma, Evelin Qlinni, Hilari Han kimi meqastarlar mənim musiqimə müraciət ediblər. Dahi musiqi biliciləri mənə musiqi sifarişləri verirlər.

 

Bu ilin aprel ayında isə son irihəcmli əsərimin Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası oldu. Əsər “Nasimi Passion” adlanır.

- Firəngiz xanım, belə uğurlu, qibtəolunası yaradıcılığa sahib bəstəkarın çox güman ki, ona dəstək olan valideynləri olub. Valideynləriniz, həyat yoldaşınız sizin musiqi uğurlarınızı necə qarşılayırdılar?

- Çox gözəl qarşılayırdılar. Onlar mənim hər nailiyyətimə sevinirdilər. Özləri musiqiçi olmasalar da, musiqiyə çox bağlı insanlar idilər. Atam həvəskar tar ifaçısı olub. Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Qori seminariyasını bitirdikdən sonra onu müəllim kimi Lənkərana göndərirlər. Burada M.Maqomayev gənc tar çalanlardan ibarət qrup yaradır və onlarla ciddi məşğul olmağa başlayır. Atam da həmin o qrupda tarda ifa edib.

Valideynlərim musiqini çox sevirdilər. Məni həmişə konsertlərə aparırdılar. Onlar görürdülər ki, mən artıq 5-6 yaşlarımdan musiqiyə çox böyük maraq göstərirəm. Bir müddətdən sonra atam bizə Sankt-Peterburqdan royal gətirdi. O vaxtlar heç kimin evində royal yox idi. Mən elə o zamandan bu alətdən daha heç vaxt ayrılmadım. Bütün günümü demək olar ki, royalın arxasında keçirirdim.

Atam  Bakıda ən zəngin kitabxanası olan ziyalılardan biri idi. Anam musiqini, muğamı çox sevirdi. Biz dörd uşaq olmuşuq- üç bacı, bir qardaş. Evimizdə həmişə ciddi qayda-qanun olub. Dərslərimizi həmişə əla oxumuşuq. Ancaq mən və kiçik bacım musiqiçi olduq. Qısası, musiqi bizi bütün həyatımız boyu müşayiət edib.

- Sadaladığınız uğurlara hələ çox gənc ikən imza atmısınız. Maraqlıdır sizə bu qədər stimul verən nə idi?

-Artıq tələbəlik illərindən biz xaricdə konsertlər verirdik. Müxtəlif ölkələrdə, o cümlədən Polşada, İtaliyada festivallarda iştirak edirdik. Bütün bu konsertlər, festivallar məndə özümə əminlik yaratdı. Bir qədər sonra həmin ölkələrdən mənə musiqi sifarişləri gəlirdi. Beləliklə, Amerikadan Yaponiyaya qədər mənim musiqilərim ifa olunmağa başladı.

- Bilirik ki, tez-tez xarici ölkələrdə səfərlərdə olursunuz. Yaradıcılığınız boyu ən möhtəşəm auditoriya ilə nə zaman qarşılaşmısınız?

- İtaliya, Almaniya, Avstriya klassik musiqinin vətənidir. Bu üç Avropa ölkəsi həqiqətən klassik musiqidə çox nailiyyətlərə imza atıblar. Klassik bəstəkarlar da elə adını çəkdiyim bu ölkələrdəndirlər. Orada yaşamaq, konsertlərə getmək, festivallarda iştirak etmək mənim üçün böyük şərəf idi. Bu günə qədər də hər yay fürsət olduqca festivallarda iştirak edirəm. Orada auditoriya çox fərqlidir. Onlar artıq konsertə gələndə hansı əsərlərə qulaq asacaqlarını, hansı hissədə alqışlamaq lazım olduğunu, hətta əsərin hər hissəsinin neçə dəqiqə olduğunu belə bilirlər. Danışdığımız o ölkələrin tamaşaçıları dinləməyə gəldikləri əsərləri qabaqcadan öyrənirlər. Mənim çox sevdiyim məqamlardan biri də odur ki, həmin ölkələrdə abonnement  sistemi var. Yəni artıq sentyabr ayında hər musiqisevər bilir ki, sentyabrdan iyuna qədər harada və hansı konsertlər keçiriləcək. Orada kimlər iştirak edəcəklər. Hansı əsərlər yeni, hansılar kimin sifarişi ilə yazılıb, kimlər dirijorluq edəcək və s. bunlar hamısı kitabçalarda öz əksini tapır. Hər konsert salonunun öz dinləyicisi var. Həmin dinləyicilərə də internet vasitəsilə qeyd etdiyimiz o məlumatları bir daha göndərirlər. Hər dəfə Almaniyada, Avstriyada, Fransada, İtaliyada olanda bu sistemə valeh oluram. Zənn edirəm ki, Azərbaycanda da belə bir sistem olsa, çox gözəl olar.

- Firəngiz xanım, auditoriyadan söz düşmüşkən, Azərbaycan tamaşaçısı, dinləyicisi sizi qane edirmi?

 

-Təbii ki, qane edir. Bizim çox istedadlı xalqımız var. Muğam, aşıq sənəti çox yüksək səviyyəli musiqidir. Saatlarla əyləşib muğam dinləyən insan haqqında ancaq müsbət fikirlər bildirmək olar. Amma klassik musiqidə müəyyən işlər aparılmalıdır. Avropada klassik musiqi yüzilliklərdən bəri inkişaf edib. Lakin bizim ilk peşəkar bəstəkarımız dahi Üzeyir Hacıbəyli olub. Onun ilk əsəri 1908-ci ildə “Leyli və Məcnun” muğam-operasıdır. Təbii ki, inkişaf dövrləri arasında çox böyük fərq var. Amma buna baxmayaraq Azərbaycan musiqisi çox böyük inkişaf yolu keçib. Qara Qarayevin dəyərli fikirləri var: “O inkişafı ki, Avropa yüzilliklərlə keçdi, Azərbaycan o yolu onilliklərlə fəth etdi”. Ona görə ki, bizim musiqi təhsilimiz yüksək səviyyədə olub. Biz də çalışırıq ki, o inkişaf davam etsin və gənclərimiz  bu gün də ali təhsil ala bilsinlər.

- Bəs siz özünüz istər klassik, istərsə də müasir bəstəkarlardan kimin əsərlərini daha çox dinləyirsiniz?

- Dinlədiyim bəstəkarlar çoxdur. İnsanın əhval-ruhiyyəsindən, yaşından və bir çox səbəblərdən asılı olaraq onun dinlədiyi musiqi də fərqli olur. Lakin yaşım neçə olursa-olsun, əhvalım necə olursa-olsun həmişə iki dahi musiqiçi mənim ən çox dinlədiyim və sevdiyim bəstəkarlar olublar - Volfqanq Amadey Motsart və Üzeyir Hacıbəyli. Mən hətta deyərdim Ü.Hacıbəyli elə Azərbaycanın Motsartıdır. Çünki hər iki bəstəkarın musiqiləri insana ruh yüksəkliyi gətirir, zövq oxşayır, gözəl hisslər bağışlayır. Üzeyir Hacıbəylinin “Koroğlu”, onu dinləyən hər insanı valeh edən “Leyli və Məcnun” və Fikrət Əmirovun “Sevil” operalarını həmişə dinləyirəm. İohann Sebastyan Bax, Bethoven, Yohans Brams kimi bəstəkarları çox sevirəm. Son zamanlar Qustav Maler ən çox qulaq asdığım bəstəkarlardandır. Müasirlərdən Luici Nono, Arnold Şonberqi dinləyirəm.

- Hansı intellektual vərdişləriniz var?

 

- Mən daha çox kitab oxuyuram. Hər gün mütləq 30-40 səhifə ədəbiyyat oxumalıyam. Elçinin “Baş” romanı ən son oxuduqlarımdandır. Hətta internet saytlarında belə qarşıma çıxan romanları, povestləri dönə-dönə oxuyuram. Rey Bredberi, Ayzek Azimov, Struqatski qardaşları, Paulo Koelyo, Artyur Rembonun adlarını sevə-sevə çəkə bilərəm.  Hər gün mən mütləq nə isə yeni bir şey oxumalıyam. Yəni bu, qəzet də ola bilər, hekayə də, roman da. Məsələn, Markesin əsərlərini neçə dəfə oxumuşam, yenə də təkrar oxuyuram və həzz alıram. Bu yaxınlarda “Anna Karenina” filmini göstərdilər. Tez müəllifi Lev Tolstoy olan romanı təzədən oxudum. Çünki filmdə bəzi səhnələr mənə qeyri-adi gəldi. Mənə elə gəldi ki, o səhnələr düzgün çəkilməyib. Romanı yenidən oxuduqca gördüm ki, mən haqlıyam. Bəzi faktlar yanlış lentə alınıb. Təbii ki, rejissor o səhnələri özünün istədiyi kimi çəkə bilər. Boş zamanlarımda kitab oxuyuram. Amma təbii, daha çox notlarla işləyirəm.

- Firəngiz xanım, hazırda Bəstəkarlar İttifaqında hansı işlər görülür və nə kimi yeniliklər var?

 

-Bu il bizim üçün gərgin keçir. Çünki həddindən çox yubiley tədbirlərimiz var. Yeni kitabların təqdimatlarını reallaşdırırıq. Silsilə konsertlər keçiririk. O konsertlərdə gənc musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər. Belə konsertlərimiz artıq uzun illərdir davam edir. Hal-hazırda Şəkiyə getməyə hazırlaşırıq. Orada artıq Şəki VIII “İpək Yolu” Beynəlxalq musiqi festivalı keçiriləcək. Müxtəlif ölkələrdən onlarla ansambllar, kollektivlər gələcəklər. Türkiyədən, İrandan, Gürcüstandan, Macarıstandan, Polşadan və s. ölkələrdən qonaqlarımız gələcək. Bundan başqa, “Qədim musiqi alətləri” Dövlət ansamblının konserti olacaq. Aygün Səmədzadənin müəllif gecəsi keçiriləcək. Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunan böyük konsert baş tutacaq. Orada xor musiqisi, fortepiano üçün əsərlər ifa olunacaq. Bir sözlə, çox böyük proqram hazırlamışıq.

 

Şəmsiyyə Əliqızı.

İki sahil.- 2017.- 22 iyun.- S.20.