"İşığa Gedən Yol" kitabının təqdimat mərasimi keçirilib

 

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Həsən Bəy Zərdabi yaradıcılığına həsr olunan "İşığa Gedən Yol" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, media kapitanları, QHT nümayəndələri, yazarlar, jurnalistlər və digərləri iştirak ediblər.

 

Təqdimatda ilk növbədə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxış edib. Kitabın maraqlı olduğunu deyən natiq qeyd edib ki, əsəri məzmununa görə bioqrafik əsər adlandırmaq olar. Onun sözlərinə görə, kitab tarixi olduğu qədər bədii, bədii olduğu qədər tarixidir: "Bu əsərdə bədii obrazdan çox tarixiliyə üstünlük verilib. Kitab 1848-ci ildən Həsən Bəy Zərdabinin ölümünə qədər dövrü əhatə edir".

 

A.Rüstəmli söyləyib ki, kitabın özəlliyi onun faktlarla təqdim edilməsidir: "Oxucu kitabı oxuduqda həmin dövrə səyahət etmiş olur. Kitabda Zərdabi hərtərəfli təqdim olunub. Kitabın rəmzi qatlarına ensək görərik ki, "İşığa Gedən Yol" istiqlala gedən yoldur. Əsər bütövlükdə hazırkı dövrün aktual məsələlərinin həlli ilə bağlı fikirlər səsləndirilib".

 

A.Rüstəmli kitabdaəyyən yanlışlıqların olduğunu da dilə gətirib: "Amma bəzi yanlışlıqlara baxmayaraq, nəhəng əsəri ərsəyə gətirmək böyük qəhrəmanlıq tələb edib. Sona xanım bunun öhdəsindən layiqincə gəlib ".

 

Tədbirdə çıxış edən AMEA Tarix institutunun direktoru, millət vəkili Yaqub Mahmudov söyləyib ki, bu gün milli mənəvi varlığımıza sel kimi təcavüzlər edilir: "Bu gün keçmişimizi öyrənmək istəyənlər çox təəssüf ki, internet vasitəsilə bəlkə də ermənilər tərəfindən yanlış yayılan məqalələri oxumaqla fikir formalaşdırır. Lakin biz tariximizi əsərlər vasitəsilə öyrənməli, yanlışlığa yol verməməliyik".

 

Y. Mahmudov qeyd edib ki, sözügedən əsər tariximizin düzgün çatdırılmasında mühüm əhəmiyyət daşıyır:" Tarixi əsərlər daxili duyğular əsasında deyil, araşdırmalar nəticəsində yazılmalıdır. “İşığa Gedən Yoləsil tarixi əsərlərdəndir. Belə yolları tutmaq çox çətindir. Sona xanım bu yolu tutmaqla yanaşı ölkəmizin təhsil tarixində də öz izi ilə seçilir".

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxışında bildirib ki, İşığa Gedən Yol kitabı modern tarixi romançılığı özündə əks etdirir: "Kitabda tarixi faktlar var. Bu əsər tariximizin 1848-1907-ci illərini daha yaxından öyrənmək üçün mükəmməl kitabdır".

 

Təqdimatda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov kitab çap olunan gündən daim şuranın diqqətində olduğunu, 2016-cı ildə əsərə "Ali Media Mükafatı" verildiyini qeyd edib.

 

Mətbuat Şurasının sədri söyləyib ki, tariximizdə bir sıra şəxsiyyətlərimiz var ki, onlar haqqında da belə əsərlər yazılmalıdır: "Gənclərimiz tarixi şəxsiyyətlər haqqında məlumatları belə kitablardan öyrənməlidirlər. Əgər biz onlar gənclərə düzgün tanıtmasaq, o zaman kimlərsə düzgün olmayan məlumatlarla Zərdabi kimilərini gözdən sala bilərlər. Bu baxımdan düşünürəm ki , Sona xanım tərəfindən qələmə alınan bu roman çox mühümdür. Əminəm ki, kitab jurnalistlərin stolüstü kitabına çevriləcək".

 

Daha sonra söz alan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli kitabın real vəziyyətdə lazımlı olduğunu bildirib. O Sona Vəliyevanı Zərdabinin davamçısı olduğunu qeyd edib.

 

Kitab haqqında fikirlərini bildirən Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, roman Zərdabini dərindən dərk etmək üçün mühümdür: " Əsər Zərdabini oxuculara hərtərəfli təqdim edib. Ümumilikdə əsər roman janrının bütün tələblərinə uyğundur".

 

Tədbirin davamında çıxış edən natiqlər də əsərlə bağlı öz müsbət fikirlərini bildirərək onun tarixi ədəbiyyatda mühüm yer tutacağına əminliklərini ifadə ediblər.

 

Natiqlərdən sonra yekun nitqi ilə çıxış edən Sona Vəliyeva ünvanına, eləcə də əsərlə bağlı müsbət fikir ifadə edənlərə öz təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Zərdabinin yaradıcılığında ən çox insanı cəlb edən məqam onun millətinə bağlı olmasıdır: "Zərdabini sevməmək və bu romanın yazılmaması mümkün deyil. Əsərdə elə obrazlar var ki, onları axtardıqda millətimizin nə qədər böyük olduğuna bir daha əmin oldum. Mən Həsən bəyi sevdim. O mənə millətimizi daha da sevdirdi. Zərdabi mənə sevginin kökünü, yəni ilahı sevgini öyrətdi".

Təranə Məhərrəmova

İki sahil.- 2017.- 9 mart.- S.8