Fransada Novruz bayramı

Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilmişdir.

Şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin üzvü,  Jan-Fransua Mansel və Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul edilmişdir.

Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür etmişdir.  O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd etmiş, elecə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışmışdır.

Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilmişdir.

Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd etmiş və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından bəhs etmişdir.

J.F Mansel Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar üçün təşkil etdiyi səyahətlərdən danışmışdır.

Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat vermiş və  bildirmişdir ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilmişdir. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat vermişdir.

Tədbirin sonunda Xalq Artisti Yusif Qasimovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış etmişdir. Azərbaycan rəqslərini 400-dən çox tamaşaçı böyük maraqla izləmişdir.

İki sahil.- 2017.- 9 mart.- S.17