Azərbaycan dinlərarası,

millətlərarası dialoq məkanıdır

 

“Multikulturalizm ili” kimi tarixə qovuşan 2016-cı ildə Azərbaycanda keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədbirlər  böyük məna daşımaqla ölkəmizi dünyada tanıtdı. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunda və digər tədbirlərdə ölkəmizin multikultural dəyələrindən danışıldı, malik olduğumuz tolerantlıq təcrübəsinin təbliği yüksək dəyərləndirildi. Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi müsahibədə sivilizasiyalararası dialoq məkanı kimi tanınan, mühüm layihələrin təşəbbüskarı Azərbaycanın dünya siyasətində möhkəmlənən mövqeyi regional əməkdaşlıq üçün amil kimi dəyərləndirildi.

 

Xüsusilə Şərq ölkələrində davam edən münaqişələr və müharibələr nəticəsində yaranan miqrantlara dəstək aksiyalarında Azərbaycanın xidmətləri, yardımları diqqətə çatdırıldı.  Hələ dünya dövlətlərinin üzləşdiyi miqrant böhranının yaranmadığı, Avropada, başqa yerlərdə dini ayrı-seçkiliyin güclənmədiyi, evlərini tərk etməyə məcbur qalmış insanlara qarşı alçaldıcı hərəkətlərə yol verilmədiyi, islamofobiya ilə bağlı açıq-aşkar aqressiv siyasətin şahidi olmadığımız bir zamanda multikulturalizmə alternativin olmadığını subuta yetirən Prezident İlham Əliyev siyasi iradəsini, gücünü, xeyirxah niyyətini dünyaya bəyan etdi.

Bütün dünya xalqları gördü ki, ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir, islamofobiyaya, ksenofobiyaya qarşı mübarizə dövlət siyasətinin əsas istiqaməti kimi diqqətdə saxlanılır. Dünyada İslama qarşı təxribatların artdığı, Avropada müsəlman miqrantlara qarşı ədalətsiz münasibətlərin davam etdiyi məqamda Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması o deməkdir ki, sülhün, sabitliyin qorunmasına töhfəsini verən Azərbaycan həqiqətən dinlərarası, millətlərarası dialoq məkanıdır.

Dövlət başçısı İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə davamlı rəsmi və işgüzar səfərləri də Azərbaycanın islami dəyərlərə bağlılığının təzahürüdür.

Ötən aylarda dövlət başçımızın  Səudiyyə Ərəbistanı Krallığına səfəri, dost ölkənin şirkət və fondlarının Azərbaycana investisiya yatırmaları barədə aparılan danışıqların hər iki dövlətin iqtisadi inkişafına səmərə verəcəyi barədə səslənən sözlər reallaşır. Təkcə ötən il Səudiyyə Ərəbistanından ölkəmizə 10 min turistin gəlməsi, cari ildə bu rəqəmin 30 minə çatacağının proqnozlaşdırılması Azərbaycanın Şərq ölkələrində tanınması, milli mənəvi dəyərlərimizin təbliği baxımından əhəmiyyətlidir.

2017-ci il həm də  Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının təşkili, müsəlman ölkələri ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Birinci Avropa Oyunlarının keçirildiyi ilk məkan kimi göstərilən etimadı doğruldan Azərbaycan növbəti dəfə İslam dövlətləri idmançılarını qarşılayacaq. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dövlətlərarası münasibətləri də stimullaşdıracaq.

İlin əvvəlindən Azərbaycanın Şərq ölkələri ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərən mühüm əhəmiyyətli səfərlərdə söylənilən xoş sözlər  Cənubi Qafqazın lider ölkəsi olan respublikamıza marağı daha da artırır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə bir qrup jurnalistin Səudiyyə Ərəbistanına səfəri, səfər çərçivəsində təşkil olunan görüşlər, Əli Həsənovun mətbuata və televiziya kanalına verdiyi müsahibələr müsəlman aləminin üzvü kimi islami dəyərlərə sadiq Azərbaycan haqqında geniş təsəvvür yaratdı. İslam əleyhinə aparılan kampaniyalara qarşı barışmaz mövqeyini, islamofob təhdidlərə əməli fəaliyyəti ilə cavab verən Azərbaycan müsəlmanlar arasında birlik və həmrəyliyin formalaşmasında da yaxından iştirak edir.

Azərbaycan dost müsəlman ölkələri ilə siyasi, iqtisadi sahədə əməkdaşlığın tərəfdarı olmuş və bu gün də öz siyasətinə sadiqdir. İslam ölkələrinə maddi-mənəvi dəstəyini əsirgəməyən Azərbaycan Yaxın Şərq ölkələrinin üzləşdiyi problemlərin sülh yolu ilə həllinə tərəfdar olduğunu əməli fəaliyyəti ilə sübut edir. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə göstərdiyi dəstək, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələr İslam birliyinin və həmrəyliyinin nümunəsidir.

Prezident İlham Əliyevin son günlərdə Qətər Dövlətinə və  Pakistan İslam Respublikasına səfəri də ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Qətərdə olarkən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sahəsində aparılan islahatlardan söz açan dövlət başçımız əlaqələrin möhkəmlənməsində, xalqların bir-biri ilə təmasının gücləndirilməsində böyük əhəmiyyətə malik turizm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir.

Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak  etmək üçün dost ölkəyə səfər edən cənab İlham Əliyevin İslamabadda keçirdiyi görüşlər də qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edir. Sammit çərçivəsində pakistanlı və türkiyəli həmkarları Məmnun Hüseyn və Rəcəb Tayyib Ərdoğanla görüşləri, energetika, iqtisadi, mədəni sahədə  əməkdaşlığın gücləndirilməsinə diqqətin artırılması sahəsində layihələrin müzakirəsi,  Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksi  məhsullarının ölkəmizə ixracı ilə bağlı danışıqlar bir məqsədə yönəlib: İslam ölkələrinin birlik və həmrəyliyinin gücləndirilməsinə birgə səylə nail olmaq.

Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları bu istiqamətdə atılacaq ən önəmli addımdır. “İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin” söyləyən, kütləviliyi ilə seçilən belə oyunlara xüsusi diqqətlə yanaşan Prezident İlham Əliyev belə idman yarışlarını ölkəmizlə, tarixi abidələrimizlə tanışlıq baxımından əhəmiyyətli hesab edir.

Azərbaycanın Birinci vitse-prezidenti, İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, IV İslam Həmrəylik Oyunlarında 57 İslam ölkəsi nümayəndələrinin iştirakı, yarışlara 5 mindən çox idmançının qatılması oyunlara marağı artırmaqla, islami dəyərlərin mənəvi zənginliyini də dünya ictimaiyyətinə göstərəcək.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2017.- 7 mart.- S.29.