Bəlkə də hər gün ölüb-dirilməkdir yaradıcılıq...

 

Səməd Vurğun əsərlərinin birində qəhrəmanlarının dilindən “Şairdir, qəlbi var şirin sözü var”- deyirdi. Bu gün Azərbaycan xalqının şair kimi sevib, hörmət bəslədiyi şəxsiyyətlərin bəlkə qəlblərinin saflığından, sözlərinin şirinliyindən, bəlkə də ürəklərinin genişliyindəndir ki, hər zaman sözlərinə diqqət, hörmət göstərilib, oxunub. Bugünkü müsahibimiz məhz belə şairlərimizdəndir. “İki sahil” qəzetinin qonağı yazıçı, publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının başqanı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdirinin müavini Əkbər Qoşalıdır.

 

- Artıq yurdumuza bahar gəlib. Düşünürəm ki, şair üçün bu fəslin digər insanlardan daha çox fərqi var. Sizin bu fikrə münasibətiniz necədir?

 

- Hər yaz gələndə xalqımızın ovqatında yeni bir başlanğıc yaranır. Özəlliklə də qələm adamları yazın gəlişini bir başqa ovqatla qarşılayırlar. Deməzdim təkcə yazın, hər bir fəslin özünəməxsus gözəlliyi var. Amma bütün  hallarda yaz yazdır. Təbiətin oyanışı, bütün gözəlliklərin sanki parlaqlığı ilə  üzə çıxması həm də qələmdən, şair ürəyindən bir şeylər tələb edir.  Təsadüfi deyil ki, ulu babalarımız məhz bu ayı yeni ilin başlanğıcı kimi qeyd etmişlər. Yəni göy cisimlərinin hərəkəti, gecə-gündüzün mübadiləsi, təbiətin coşması, odun, suyun, küləyin və nəhayət, torpağın oyanışı heç də təsadüfi deyil. Bunlar bir idrak hadisəsi, təbiətin qanunauyğunluğudur.

 

- Azərbaycanımızın hər bir bölgəsi müəyyən sahələri, təbii sərvətləri ilə məşhurdur. Tovuz bölgəsindən söz düşəndə gözlərimiz önünə ilk olaraq saz, söz gəlir. Necə düşünürsünüz, bu gün ürəyinizdən keçənləri digərlərindən fərqli olaraq qafiyə şəklində çatdırmaq məhz bağlı olduğunuz torpağın, havanın cazibəsidir, yoxsa...

 

- Ta qədim zamanlarda bir çox alimlər təbiət-insan keçidi haqqında yazıblar, önəmli fikirlər söyləyiblər. Mənim özümün də bu mövzu ilə bağlı araşdırmalarım olub. İnsanın doğulduğu, böyüyüb boya-başa çatdığı torpağın onun xarakterinə birbaşa təsiri var. Rəhmətlik Səməd Vurğun demiş, şairlər vətəni bizim tərəflər. Doğulduğum Tovuzun Qoşa kəndi dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə yerləşir.  Qızıl və müxtəlif yeraltı təbii sərvətləri ilə zəngin olan bir yerdir. Əgər yenə təbiət-insan keçidinə inanırıqsa, bir halda ki, torpağın altı qızıldı, onun üstündəkilərin ünsiyyəti, ürəkləri də qızıl olmalıdır. Bu mənada sizin təbiət-insan qiymətləndirmənizə də bir könül borcumuz var.

 

- Sizə məxsus bu misralardan aydın görünür ki, hər gün yazıb yaratmaq təkcə peşəniz deyil, həm də istirahətinizdir...

 

-Bəlkə də hər gün ölüb-dirilməkdir yaradıcılıq. Hər gün düşündüyünü yazmırsan və ya yazdığını ictimailəşdirmirsən. Yazmaq  daxili azadlıqdır. Yazdıqların arasında özün, ən yaxınların, cəmiyyət, dünya üçün olanları var. O yazı ki, cəmiyyətə səndən nəsə yadigar qoya bilər, həmin yazıları paylaşırsan... 

 

- Şeirlərinizi oxuduqca bir həsrət, kədər duyulur...

 

- Milli azadlıq hərəkatına başladıq. Ölkəmiz azad oldu. Bayram ab-havasına girdik. Buna baxmayaraq, ərazilərimiz işğal olundu. Elan olunmamış müharibəyə sürükləndik. Ermənistan başqa bir ölkənin forpostu kimi havadarlarının dəstəyi ilə insanlarımıza qəsd etdi. Şəhərlərimizi, kəndlərimizi xaraba qoydu. Belə bir vaxtda bizim qələmimiz, dəftərimiz, kağızımız necə ola bilər? Bizim nəslin, ədəbiyyat nümayəndələrinin yaradıcılığına baxsanız, onlarda da həmin kədəri görə bilərsiniz. Çünki Vətəndən, müstəqil dövlətimizdən daha öndə nəyimiz var?! Belə bir deyim var: sənət xalq üçündür. Ərazimiz işğal olunub, dövlətimizin suverən hüquqları Şuşada, Xankəndidə həyata keçirilə bilmir.  Doğmalarının qəbrini ziyarətə gedən soydaşlarımız qondarma rejim tərəfindən həbs olunur, onlara ömürlük həbs cəzası verilir. Bu dərd bizim istər-istəməz qələmimizə, yaradıcılığımıza da çökür.

 

- Deyirlər, milli olmayan bəşəri də ola bilməz. Bu gün ədəbiyyatımızın, ədəbiyyat nümayəndələrinin ötən əsrlərdə olduğu kimi, ümumbəşəri səviyyədə ola bilməməsi milliliyin azlığındandırmı?

 

- Çox doğru fikirdir. Milli olmayan bəşəri ola bilməz. Nə qədər istedadlı olub, gözəl əsər yaratsan da, əgər o əsərlə özünü dünyaya təqdim edə bilmirsənsə, o əsərin heç bir mənası yoxdur. Bir fransıza, ingilisə öz Azərbaycan mənini nədə göstərə bilər yazar? Əlbəttə ki, bu torpağın ağrılarını ifadə edərək. Təbii ki, dünyanın anladığı dillə, ümumbəşəri dəyərlərlə iç-içə təbliğ etsən daha yaxşıdır.  Deməzdim yazarlarımız keçmişimizi unudublar, yaradıcılıqlarında keçmişimizə geniş yer ayırsalar, təbii ki, daha yaxşı olardı.

 

- “Yaşadığımız dövrün reallıqlarını yaradıcılığımızda əks etdirməliyəmdediniz. Bu sözünüzü sanki ürək yanğısı ilə söylədiniz. Yoxsa gənclərimizin fəaliyyətindən, gələcəklərindən naümidsiniz?

 

-Bəzən əlinə qələm alıb tez bir zamanda özünü  yazar hesab edən gənclərimiz elə bilirlər ki, özlərini kiməsə oxşatmaqla nəyəsə nail ola bilərlər. İnsan ilk növbədə özü olmalıdır. Hansı istedad sahibi özünə rəva bilər ki, kiminsə ikincisi, üçüncüsü olsun. Şair  özü üçün də maraqlı olmalıdır. Amma ilk növbədə oxucu üçün maraqlı olmalıdır. Dünyaya çıxan yazarlarımızın bir çoxunun əsərlərinə baxanda heyrət edirsən ki, bunlar Azərbaycan sevgisinin hiss-həyəcanını nə vaxt çatdıracaqlar? Bəs qırılan talelər, nakam duyğular bir Azərbaycan şairinin şeirində, yazarının romanında əks olunmayacaqsa, kimdən gözləyəcəyik? Gəlib başqaları bizim dərdimizdən yazacaqlar? Bu mənada siz düzgün tutdunuz. Bu mövzuda qayğılarımız var. Amma bu o demək deyil ki, bütün şairlərin, yazarların hamısının yaradıcılığı sırf belədir. Dünya mədəniyyətinə zamanında verdiyimiz, bu gün də vermək potensialında olduğumuz mənəvi sərvətlər, onu dünyaya çatdıran gənc yazarlarımız da var. Mən bunu şükranlıqla qeyd edirəm.

 

- Bilmirəm mənimlə razılaşarsınız, ya yox, sanki Qərbdə özündən əvvəlkinə qısqanclıq var. Yenilik özündən əvvəlkini yox etmək, tamamilə təzədən başlamaqdır. Amma Şərq mədəniyyətində, ədəbiyyatında kökə bir bağlılıq, hörmət var. Sanki özündən əvvəlkini yox etməyə qıyılmır, onun kökünü saxlamaqla yeni çalarlar gətirilir.

 

-Maraqlı fikirlərdir. əyyən mənada sizinlə razılaşıram. Amma həqiqət kimi qəbul etməkdə də xeyli çətinlik çəkirəm. Şərq, ümumiyyətlə, bəşər sivilizasiyasının beşiyidir. Qərbin bu gün istifadə etdiyi bir çox texnoloji yeniliyin mənbəyi Şərqə dayanır. Böyük Qərb klassiklərinin yaradıcılığında dahi Nizami Gəncəvinin ənənələri hiss olunur. Bu, dəfələrlə qeyd olunub. O zamanlar belə bir qayda var idi: Hər bildiyin şeyi hər adama öyrətməməli idin. O zamanlar alimlər arasında andiçmə var idi. Alimlər o adama elm öyrədirdilər ki, həmin adam öyrəndiklərini daşıya bilirdi.  Onlar düşünürdülər ki, enerjini öyrətsələr, kim onu öyrənib atom bombası icad edəcək, kim atom elektrik stansiyası tikəcək. Nə zaman ki, alimlər andlarını pozdular, artıq elm bəşəri xarakter aldı. Bu gün artıq hamı hər şeyi öyrənə bilər. Ədəbiyyat da klassik sözlə desək söz sənətidir. Ancaq bəzən ədəbiyyatla düzgün davranılmır. 

 

- 10 ildən çoxdur ki, şeirlər kitabınız nəşr olunmur. Bu nə ilə bağlıdır?

 

-Bəlkə də bir şairin kitabı elə 5-10 ildən bir çıxsa yaxşıdır. Bəzən görürsən ki, zalım uşaqları ilə 3-4 kitab nəşr etdirir(gülür). Sosializm dönəmində məhsuldarlıq deyə bir söz var idi.  Deyəsən bəziləri həmin havanı yaşatmağa çalışırlar. İnsan çox yaza bilər. Amma çox kitab nəşr etdirmək nə dərəcədə etikdir? Mən özümə bu qadağaları qoyan adamlardanam. Elə hesab edirəm ki, bütün ruhu ilə yeni kitaba yüklənmədən onu çap etdirməməlisən. İki şeirin yerini dəyişərək, əvvəlkinin gözünə iki yenisini əlavə edərək kitaba çıxartmağa qalsa, onda gərək hamı kitab nəşr etdirə.

 

- Türkçülüyə dərin məhəbbətlə bağlı insansınız. Sizin üçün türkçülük nədir?

 

-Qandan gəlir. Əlbəttə, soyumuza bağlı olmalıyıq, soyundan qopana soysuz deyərlər. Biz türk dünyasının ən strateji ölkəsinin vətəndaşlarıyıq.  Türkologiya” jurnalı Azərbaycanda çıxır, ilk türkoloji qurultay Azərbaycanda keçirilib. Yaxın Şərqdə ilk demokratik dövlət Azərbaycanda qurulub. Bu mənada soyumuza münasibətdə məhəbbətimiz təbiidir. Türk dünyasını sevmək işin bir tərəfidir. Bizim özümüzə nə qatırıq, gələcəyə bizdən nə qalacaq? İndi Yusiq Balasaqunlunu, Xətaini, Yunus Əmrəni oxuyuruq. Bizdən sonrakıların da bizə istinad edəcəkləri bir kitab, söz olmalıdır. Bu mənada məhəbbətin kökü həm də məsuliyyətdən irəli gəlir. Aldığımız qədər də verməliyik.

 

- Şair insanların necə ata, ailə başçısı olduqları həmişə mənə maraqlı olub. Məsələn, övladlarınıza, həyat yoldaşınıza şeir həsr edirsinizmi?

 

-(Gülür). Bu suala cavab verməyim nə dərəcədə düzgün çıxar bilmirəm. Anadoluluların yaxşı bir sözü var. Yaxşı deyək, qoy yaxşı olsun. İlk övladım Azərbaycan Turizm və Menecment  Universitetinin tələbəsidir. Artıq bu il ali məktəbi bitirir. İkinci övladım abituriyentdir. Bu il tələbə olmağa hazırlaşır. İnşallah, bu il o da bizə sevinc yaşadar.  Üçüncü övladım hələ orta məktəbdə oxuyur. Görürəm ki, indidən məktəbdə yazdığı inşalar maraq doğurur, örnək göstərilir. İstedad elə bir şeydir ki, o, gec-tez üzə çıxmalıdır.

 

Açığını deyim ki, övlad haqqında danışanda bir az utanıram. İnsan böyükləri, atası-anası haqqında danışar. İsa Muğannadan soruşurlar ki, niyə atandan çox yazırsan. Deyir çünki ən çox tanıdığım, sevdiyim o idi. Bildiyim yerdən danışmaq daha yaxşıdır.

 

Şəfiqə Dadaşova.

İki sahil.- 2017.- 30 mart.- S.14