Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü

 

Martın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Elmi - Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar (DES) "İslam Həmrəyliyi İli" çərçivəsində "Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü" mövzusunda növbəti tədbiri keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşlarının, ziyalı və tələbələrin də iştirak etdiyi elmi seminarı tədbiri DES-in sədri, professor Etibar Nəcəfov açıb. Moderator ötən ilin yayında Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin respublikamızda, eləcə də müxtəlif ölkələrdə "Terror multikulturalizmə qarşı" layihəsinə start verdiyini diqqətə çatdırıb.

 

Elmi seminarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın "1918-cui il soyqırımı-erməni millətçilərinin cinayətləri tarixi sənədlərdə" mövzusunda məruzəsi dinlənilib.

 

Tədbirdə həmçinin 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edildiyi diqqətə çatdırılıb, onun regional və qlobal dünyəvi əhəmiyyətindən söhbət açılıb, sülhün, əməkdaşlığın və həmrəyliyin bərqərar olmasında önəmli rolu vurğulanıb.

 

Elmi seminarda çıxış edən Sofiya-Antipolis Universitetinin Hüquq və Siyasi elmlər fakültəsinin dekanı, professor Kristian Vallar, sözügedən universitetin dekan müavini Ksavye Latur, professorlar Klodin Terrazzioni və Poline Türk 31 Mart Soyqırımı qurbanlarını anıblar. Erməni terrorunu qətiyyətlə pisləyən alimlər çıxışlarında terrorun aradan qaldırılmasında multikulturalizmin və tolerantlığın böyük əhəmiyyətini önə çəkiblər

İki sahil.- 2017.- 31 mart.- S.4