Azərbaycanın sosial dövlət

imici daha da möhkəmlənir

 

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur” söyləyərək bunu belə əsaslandırmışdır: “2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir.”

Hər zaman bu reallıq diqqətə çatdırılır ki, atılan bütün addımların təməlində məhz vətəndaş amili dayanır. Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Son 13 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə stimuldur.

Cənab İlham Əliyev bu fikri də böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 13 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək - Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir.

Təkmil islahatlar fonunda yeni hədəflərin gundəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsəddən irəli gəlir. Bu sənədə əsasən müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlar xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” çağırışının davamı kimi dəyərləndirilməlidir. Bu vacib məqam da qeyd olunmuşdur ki, iqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Xatırlasaq, ötən il dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyalar 10 faiz artırıldı. Cənab İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”, həmçinin “Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncamları da bu siyasətin davamıdır. Sərəncamda qeyd edilir ki, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilsin və fərdi uçot sistemində fərdi hesabların sığorta məbləğlərinin indeksləşdirilməsi həyata keçirilsin. Bu, sosial müdafiəyə daha çox ehtiyacı olan insanların rifahının yaxşılaşdırılması məqsədilə dövlətin atdığı növbəti addımdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Sərəncam da əhalinin geniş təbəqəsini əhatə edir. Sərəncama uyğun olaraq minimum əməkhaqqı yanvarın 1-dən 116 manat müəyyən edilib.

Uğurlarımız bir daha bu reallığı təsdiqləyir ki, inkişaf, tərəqqi, yeniləşmə, müasirləşmə, bir sözlə, davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir, yeni-yeni hədəflərə çatmaq üçün göstərilən səylər və əldə olunan göstəricilər ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Təbii ki, ilk olaraq insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır.

 Ötən il əsas diqqət göstərilən məsələlərdən biri də yeni sosial təşəbbüs - sosial mənzillərin inşası olmuşdur: “Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır.” Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Cənab İlham Əliyevin açıqladığı məqsəd və vəzifələrdən, irəli sürdüyü təşəbbüslərdən, verdiyi tapşırıqlardan bir daha bu reallıq özünü təsdiqləyir ki, Azərbaycanın hərtərəfli inkişafı, insanların rifah halının yaxşılaşması, bir sözlə, vətəndaş amili prioritetdir.

Cənab İlham Əliyevin 23 yanvar 2017-ci il tarixli “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı da bu istiqamətdə atılan addımlardandır. Məcburi köçkünlərin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdi. Bu günə qədər məcburi köçkünlər üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. O da məlumdur ki, Dövlət Neft Fondunun vəsait ayırdığı istiqamətlərdən biri qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllidir. 2016-cı ilin 3-cü rübünün yekununa olan məlumata əsasən, aktivlərinin həcmi 35822,1 mln. dollar olan Dövlət Neft Fondunun qeyd olunan istiqamətə ayırdığı vəsait 1981,5 mln. manatdır. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı da hər zaman bəyan edir ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Son Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə cari ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən ediləcək. Təbii ki, bu addım dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq.”

 

Yeganə Əliyeva

 

İki sahil.- 2017.- 25 yanvar.- S.2.