Xalça sənəti xalqımızın böyük sərvətidir

 

Bu günlərdə Xaçmazda Azərxalça ASC-nin filiallarından birində 100-cü xalçanın kəsilməsi xoş hadisə kimi qarşılanıb. Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, filialda Quba, Qusar, Şabran, Siyəzən, bir sözlə, respublikamızın şimal bölgəsinin kəndlərində toxunan qədim və orijinal xalça çeşniləri əsasında yeni xalçaların toxunmasına üstünlük veriləcək, həm də əvvəllər böyük zəhmət bahasına başa gələn gözəl xalçalar bundan sonra sənaye üsulu ilə istehsal olunacaq. Bu üsul xalçaçıları izafi vaxt və zəhmət sərf etməkdən qurtaracaq. Burada texniki hazırlıq işləri mexanikləşdiriləcək və beləliklə, xalça istehsalında xərclər azalacaq. Nəticədə maya dəyəri aşağı olan yüksək keyfiyyətli xalçalar istehsal ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində xalçaçılığın inkişafı barədə belə deyib: Biz indi xalçaçılığı geniş təbliğ edirik. Bu, bizim qədim sənətimizdir. Azərxalça yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam-Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır.

Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın.

Prezident İlham Əliyev xalçaçılıq sənətini bizim milli sərvətimiz kimi dəyərləndirib bildirib ki, biz onun daim inkişaf etməsinin qayğısına qalmalıyıq: Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilibdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda , biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.

Qürur duyuran faktdır ki, dünyanın ən qədim xalçasının vətəni Azərbaycandır. Həmin xalça 1950-ci illərdə Altayda tapılıb. Sovet arxeoloqları orada qazıntı apararkən bir kurqandan salamat qalmış bəzəkli xalça tapılıb. Onlarl müəyyən ediblər ki, həmin xalça bizim eradan əvvəl V əsrdə Bərdə şəhərində toxunub. 2500 il əvvəl toxunmuş həmin Bərdə saqa-oğuz xalçası indi də muzeydə saxlanır.

Belə faktı xüsusilə xatırlatmaq xoşdur ki, Azərbaycanda tarixən özünəməxsus sənətkarlıq üslubu olan xalçaçılıq məktəbləri mövcud olub. Təbriz, Ərdəbil, Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Şirvan, Quba xalçaları bəzəyinə, çeşnisinə, ölçüsünə və rəng çalarlarına görə bir-birlərindən fərqlənirdilər. Onların hər biri özünəməxsus gözəllikləri ilə göz oxşayırdı. İstər qədim dövrlərdə, istərsə də indiki zamanda Azərbaycan xalçaları bütün dünyada şöhrət tapıb.

Bu gün həmin şöhrəti daha da artırmaq və onu gələcək nəsillərə təqdim etmək üçün Azərbaycan dövləti lazım olan bütün tədbirləri həyata keçirir.

Azərxalça Acıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tural Səfərov qəzetimizə açıqlamasında bildirdi ki, dövlət başçısının qarşımıza qoyduğu bütün vəzifələr və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir. O, diqqətə çatdırdı ki, hazırda 10 xalça fabrikimiz işləyir, 10 fabrik bu il, 10 fabrik isə 2019-cu ildə tikilib istifadəyə veriləcək. Ölkə Prezidentinin Sərəncamı ilə Tərtər rayonunda daha bir xalça istehsalı emalatxanasının tikintisinə vəsait ayrılıb.

Tural Səfərov qeyd etdi ki, xalça istehsalına əsaslı baza yaratmaq üçün Sumqayıt şəhərində yun əyirici və boyaq müəssisəsi inşa edilir. Ölkəmizin beş regionunda-Naxçıvanda, Bərdədə, Sabirabadda, Şabranda və Qobustanda tikilməkdə olan yunun ilkin emalı və boyaq müəssisələri yaxın vaxtda istifadəyə veriləcəkdir. Bütün bu işlər başa çatandan sonra nəfis Azərbaycan xalçaları xarici ölkələrə ixrac ediləcək. Bununla da xalça istehsalı yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

 

Vəli İlyasov

 

İki sahil.- 2018.- 25 avqust.- S.14.