Əliyevşünaslıq elmi məktəbinin yaradıcısı

Bu ilin fevral ayında AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaqub Mahmudovun anadan olmasının 80 illiyi geniş qeyd olundu. Bu görkəmli alim, vətənpərvər ziyalı, öz mənalı ömrünün böyük bir hissəsini Azərbaycan milli tarix elminin inkişafına həsr etmiş və bu elmə gətirdiyi yeniliklər sayəsində yüksəlmiş, böyük nüfuz və hörmət qazanmışdır.

 

Akademik Yaqub Mahmudov ölkəmizdə və onun hüdudlarından kənarda sayılıb-seçilən alimlərdən biri olmaqla, Azərbaycan milli tarix elmində, Vətən tarixşünaslığında, diplomatiya tarixi, itirilmiş torpaqlar, soyrıqımları tarixi sahəsində yeni elmi məktəblərin əsasını qoyan tarixçi alim kimi tanınır.

 

Yaqub Mahmudovun indiyədək ölkəmizdə və xaricdə Azərbaycan tarixinin çox aktual və əhəmiyyətli problemlərinin araşdırılmasına həsr edilmiş minə yaxın əsəri, o cümlədən monoqrafiyaları, kitabları, məqalələri çap olunmuş, nüfuzlu beynəlxalq elmi konfranslarda, simpoziumlarda böyük rəğbətlə qarşılanan çoxsaylı məruzələri dinlənilmişdir.

 

Görkəmli alimin tarix elminin inkişafı sahəsində göstərdiyi geniş və çoxşaxəli fəaliyyət milli tarixşünaslığın son nailiyyətləri əsasında oxucuya təqdim olunur. Bütövlükdə onun çox böyük zəhməti sayəsində ərsəyə gələn əsərləri istər məzmun və mündəricəsi, istərsə də öyrənilən məsələlərin elmi-nəzəri dərinliyi və sanbalı ilə diqqəti cəlb edir və çox böyük elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir.

 

Bütün bunlarla yanaşı, xüsusi olaraq vurğulamaq istərdim ki, akademik Yaqub Mahmudovun çoxşaxəli elmi fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı tədqiqatlar mühüm yer tutur. Təsadüfi deyildir ki, professor Yaqub Mahmudov Heydər Əliyev irsini araşdıran “Əliyevşünaslıq” elmi məktəbinin yaradıcılarından biri hesab olunur.

 

Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monumental monoqrafiyalarında və çoxsaylı məqalələrində Ümummilli Liderin zəngin dövlətçilik irsi və ictimai-siyasi fəaliyyəti dərindən təhlil edilir, bu dahi şəxsiyyətin fenomenal cəhət və xüsusiyyətləri çoxsaylı faktlarla ilk dəfə sistemli şəkildə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.

 

Akademikin “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (Bakı: 2002) monoqrafiyası genişmiqyaslı əsaslandırılmış fəaliyyət fonunda görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev dühasının Azərbaycanın tarixi taleyindəki əvəzsiz rolunun işıqlandırılmasına həsr olunmuşdur. Monoqrafiyada Heydər Əliyevin çoxşaxəli fəaliyyəti tutarlı dəlillərlə, məntiqi ardıcıllıqla çox parlaq şəkildə təqdim edilmişdir. Əsər Əliyevşünaslıqda mühüm hadisə olmaqla ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz tarixi xidmətlərinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Kitabın dəyərli cəhətlərindən biri müəllifin Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə bütöv tariximiz fonunda nəzər salmasıdır.

 

Hörmətli professorumuz Əli Həsənovun kitaba yazdığı “Ön söz”də qeyd edilir ki, “Əməkdar elm xadimi Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyası Əliyevşünaslığa mühüm töhfədir. Cəsarətlə demək olar ki, görkəmli tarixçimizin adı çəkilən əsəri indiyədək Heydər Əliyev barədə yazılmış kitablardan əsaslı surətdə fərqlənir. Alim özündən əvvəlki müəlliflərdən fərqli olaraq, Əliyevşünaslıqda ilk dəfədir ki, dahi şəxsiyyətin həyat yoluna bütün tariximiz fonunda nəzər salır. Əliyev şəxsiyyətinin nurlu əməlləri, həyata keçirdiyi böyük quruculuq işləri, islahatlar, dövlətçilik tarixindəki xilaskarlıq missiyası, diplomatiya tarixində həyata keçirdiyi yeniliklər yurdumuzun və xalqımızın beş minillik tarixi fonunda həqiqətən də daha aydın görünür. Azərbaycanın dahi tarixi simaları arasında Heydər Əliyev şəxsiyyəti daha əzəmətlə ucalır.”

 

Akademik Yaqub Mahmudovun əsərdə qeyd etdiyi “1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi nəticəsində tariximizdə müstəqilliyə doğru böyük dönüş və milli oyanış dövrü başlandı”, “Azərbaycanımızı bu günkü müstəqil həyata hələ keçən əsrin 70-80-ci illərinin əvvəllərində məhz Heydər Əliyev şəxsiyyəti hazırlamışdır” fikirlərinin konkret faktlarla əsaslandırılması tarixşünaslığımızda həm məzmun baxımından, həm də dövrləşdirmə baxımından mühüm addım, Əliyevşunaslıq elmində yenilikdir.

 

Akademik Yaqub Mahmudov əsərin digər bölmələrində ümummilli lider Heydər Əliyevin böyük dövlət xadimi və nüfuzlu siyasətçi kimi Azərbaycanın milli dövlətçiliyinin möhkəmləndirilməsi, inkişaf strategiyasının müəyyənləşdirilməsi, hüquqi dövlət quruculuğu sahəsində atdığı addımları hərtərəfli təhlil edir və yüksək qiymətləndirir. Alim düzgün olaraq tarixşünaslığımızda ilk dəfə olaraq Heydər Əliyevi Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin əsasını qoyan siyasi lider kimi səciyyələndirir.

 

Akademik Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Bakı: 2011) adlı monoqrafiyası onun bu istiqamətdə göstərdiyi fəaliyyətinin davamı olaraq Əliyevşünaslığa son dərəcə qiymətli bir töhfədir. Əsərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsi və ictimai-siyasi fəaliyyəti, bu böyük şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafı istiqamətində misilsiz xidmətləri tutarlı faklarla hərtərəfli işıqlandırılır.

 

Yaqub Mahmudovun bu əsəri həm zaman kəsiyi etibarilə, həm də ictimai həyatın bütün sahələrini əhatə etmək baxımından ona qədər Heydər Əliyev barəsində yazılmış kitablardan əsaslı şəkildə fərqlənir və Əliyevşünaslıq elmində ilk dəfə olaraq Ulu Öndərin timsalında xalqımızın tarixi və taleyi ilə bağlı böyük problemlər qaldırılır və onlar fəal düşüncə hədəfinə çevrilməklə ətraflı təhlil edilir. Əsəri səciyyələndirən mühüm xüsusiyyət müəllifin göstərilən dövrdə ayrı-ayrı tarixi proseslər və hadisələrə münasibət bildirərkən Ümummili Liderin konseptual müddəalarını diqqət mərkəzinə çəkməsi və keçmişimizə qiymət verərkən həmin məqamların əsas götürülməsidir.

 

Əsərin çox mühüm elmi əhəmiyyət kəsb edən səciyyəvi cəhətlərindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummili lider Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində ardıcıl və prinsipial fəaliyyətinin geniş və əhatəli şəkildə əks etdirilməsidir.

 

Tarixçi alim əsərdə cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə dinamik, sosial-iqtisadi inkişaf yoluna çıxan Azərbaycanın regionun lider dövlətinə çevrilməsi prosesini ardıcıl izləyir, paralel aparılan siyasi və iqtisadi islahatların uğurlu nəticələrini təhlil edir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi istiqamətində böyük quruculuq və abadlıq işlərini, milli təəssübkeşlik fəaliyyəti fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çoxşaxəli fəaliyyətini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq artması və s. məsələləri zəngin faktlar əsasında araşdıraraq oxucuya təqdim edir. Əsər Prezident İlham Əliyevin şəxsiyyətinə dərin hörmət və ehtiram hissi ilə, həm də çox səmimi və anlaşıqlı dildə yazılmışdır. Buna görə də əsər ictimaiyyət tərəfindən çox maraqla qarşılanır.

 

Ümumiyyətlə, adı çəkilən hər iki əsər akademik Y.Mahmudovun Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi sahəsində apardığı zəngin tədqiqatların, çap etdirdiyi çoxsaylı kitab və məqalələrin məntiqi nəticəsi kimi Azərbaycan tarix elminin inkişafına mühüm töhfə olmaqla yanaşı, Əliyevşünaslıqda irəliyə doğru mühüm addımdır.

 

Akademik Y.Mahmudovun Əliyevşünaslıq elmi məktəbinin yaradılması və inkişafında göstərdiyi əsas xidmətlərdən biri də onun bu istiqamətdəki elmi-təşkilati fəaliyyətidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tarixi irsi, dövlətçilik nəzəriyyəsi, inkişaf konsepsiyası haqqında xeyli sayda kitablar, məqalələr yazılsa da, onun çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətinin bütöv sistem halında, akademik tələblər səviyyəsində öyrənilməsinə hələ də böyük ehtiyac hiss olunurdu. Məhz bu ehtiyac nəzərə alınaraq akademik Y.Mahmudovun təşəbbüsü və ciddi səyləri nəticəsində 2009-cu ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsi yaradıldı. Bununla, Ulu Öndərin zəngin elmi nəzəri irsinin öyrənilməsinə start verildi. Y.Mahmudovun bilavasitə təşəbbüsü ilə Tarix İnstitutunun Elmi Şurası Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ikicildlik fundamental akademik nəşrin hazırlanması və nəşr edilməsi ilə bağlı qərar qəbul etdi. Qısa müddət ərzində Rusiya və respublika arxivlərindən Ulu Öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən sənəd və materialların toplanılaraq təsnifatı aparıldı. İkicildliyin yazılması üçün möhkəm mənbə bazası yaradıldı. 2013-cü ildə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ikicildlik fundamental monoqrafiya nəşr olundu. Qeyd etmək lazımdır ki, “Heydər Əliyev” ikicildliyi dahi şəxsiyyətin ömür yolunun akademik tələblər səviyyəsində araşdırılması sahəsində ilk uğurlu addım idi. Yeni elmi baxışı ifadə edən bu qiymətli tədqiqat əsəri çoxsaylı və zəngin mənbələr əsasında yazılmışdır. Monoqrafiyanın strukturu Heydər Əliyevin siyasi fəaliyyətinin iki ictimai-siyasi dövrdə - sovet dövrü və müstəqillik dövrünə uyğun olaraq müəyyənləşdirilmişdir.

 

“Heydər Əliyev” monoqrafiyasının I cildində xalqımızın dahi oğlunun uşaqlıq və gənclik illərindən başlayaraq 1987-ci ilə qədər olan dövrdə ictimai-siyasi fəaliyyəti təfərrüatı ilə işıqlandırılmışdır. Əsərdə Heydər Əliyevin hüquq-mühafizə orqanlarında çalışdığı dövr, Azərbaycan KP MK-nın birinci katibi kimi respublikanın inkişafı və tərəqqisi naminə göstərdiyi genişmiqyaslı fəaliyyəti və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi gərgin əməyi müfəssəl şəkildə işıqlandırılmışdır.

 

“Heydər Əliyev” monoqrafiyasının II cildi 1987-ci ildən başlayaraq 2003-cü ilədək olan tariximizin ən məsuliyyətli mərhələsində onun fəaliyyətinin işıqlandırılmasına həsr edilmişdir. Burada Heydər Əliyevin Naxçıvan MR-ə rəhbərliyi dövrü, Azərbaycan Respublikasının rəhbəri kimi xalqımız üçün taleyüklü ictimai-siyasi fəaliyyəti ilk mənbələr əsasında təqdim olunmuşdur.

 

Monoqrafiyada, həmçinin Heydər Əliyev siyasi xəttinin davamçısı kimi cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi qətiyyətli tədbirlər, imzaladığı Fərman və sərəncamlar dərindən təhlil edilir, ölkəmizin ictimai həyatının bütün sahələrində qazanılmış böyük uğurlar zəngin faktlar kontekstində hərtərəfli işıqlandırılmışdır.

 

Kitabda Heydər Əliyev Fondunun ötən illər ərzindəki uğurlu fəaliyyətindən, o cümlədən Fondun prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə görülən və ölkəmizin hüdudlarından kənarda yüksək qiymətləndirilən işlərdən geniş bəhs edilir.

 

Ümumiyyətlə, Y.Mahmudovun rəhbərliyi altında tarixçi alimlərimizin böyük zəhməti, səmərəli axtarışları nəticəsində ərsəyə gətirilmiş “Heydər Əliyev” iki cildlik fundamental tədqiqat əsəri Ulu Öndərin şəxsiyyətinə, onun çoxşaxəli siyasi dövlətçilik fəaliyyətinə layiqli əsər olmaqla Əliyevşünaslığın, bütövlükdə tarix elminin inkişafında mühüm hadisə kimi səciyyələndirilə bilər.

 

Akademik Yaqub Mahmudovun Əliyevşünaslığın inkişafı sahəsində böyük xidmətlərindən biri də Ümummilli Liderin çoxşaxəli fəaliyyətini ilkin mənbələr əsasında tədqiq etməkdir. Doğrudur, Ulu Öndərin müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə bütün çıxışları, bəyanatları, müsahibələri, “Müstəqilliyimiz əbədidir” çoxcildliyində nəşr olunmuşdur. Lakin Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə dair arxiv sənədləri, o cümlədən çıxış və məruzələrinin tam mətnləri, imzaladığı qərar və sərəncamlar, məktublar və s. hələ də arxiv fondlarında saxlanılır. Əlbəttə, bu sənədlərin elmi dövriyyəyə daxil edilməsi çox böyük elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Bu mənada, akademik Y.Mahmudovun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə geniş oxucu kütləsinin istifadəsinə verilən “Heydər Əliyev elmin keşiyində” iki cildlik sənədlər toplusu Heydər Əliyev irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşrdir. Sənədlər toplusunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi siyasi strateq, uzaqgörən nəzəriyyəçi Heydər Əliyevin Azərbaycan elminin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət öz əksini tapmışdır.

 

“Heydər Əliyev elmin keşiyində” sənədlər toplusunun birinci cildində Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1980-ci illərdə respublikada elm sisteminin maddi-texniki bazasının və kadr potensialının inkişaf etdirilməsi strukturunun təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması mövzuların dəqiqləşdirilməsi ilə bağlı dövlət səviyyəsində qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilmişdir. Topluda, həmçinin Heydər Əliyevin həmin dövrdə Azərbaycanda elmin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və sair məsələlərə dair müxtəlif tədbirlərdə, forumlarda etdiyi çıxışlarda geniş yer verilmişdir.

 

Sənədlər toplusunun II cildində ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra elmin inkişafı ilə bağlı imzaladığı Fərman və sərəncamların, müxtəlif konfranslarda söylədiyi nitqlər, alim və ziyalılarla görüşündə çıxış, müsahibə və söhbətləri əhatəli şəkildə öz əksini tapmışdır.

 

Topluda yer almış sənədlərin dəyəri Heydər Əliyevin dövlət rəhbəri kimi vəzifələrinə məsuliyyətlə yanaşmasını təsdiq etməkdən daha çox o böyük şəxsiyyətin milli təəssübkeşliyini, şəxsi mərdliyini və əsl humanizmini ifadə etməsidir.

 

Ümumiyyətlə, Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm bir istiqamətini əks etdirən “Heydər Əliyev elmin keşiyində” sənədlər toplusu Heydər Əliyev düşüncəsinin təntənəsi kimi gələcək nəsillərə elmi həyata yanaşmağın nümunələrini verən bir dolğun məcmuə keyfiyyətindədir.

 

Akademik Y.Mahmudovun Əliyevşünaslığın inkişafında gərgin elmi və elmi təşkilatçılıq fəaliyyətinin ən diqqətiçəkən nəticələrindən biri də “Azərbaycan Respublikasının tarixi” ikicildlik monoqrafiyasının 2016-cı ildə nəşr olunmasıdır. Monoqrafiyada respublika həyatının bütün sahələri akademik prizmadan yanaşılaraq təhlil edilmiş, nəticədə tarixi reallıqlarla səsləşən çox sanballı bir əsər ərsəyə gətirmişdir. Əsərin birinci cildi fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi daxil olmuş 1991-2003-cü illəri əhatə edir. Cildliyin ayrı-ayrı fəsillərində Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasına həsr olunmuş yorulmaz fəaliyyəti geniş və əhatəli şəkildə işıqlandırılır.

 

“Azərbaycan Respublikası tarixi”nin ikinci cildi Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə işıqlandırılmasına ilk təşəbbüs olmaqla, Prezident İlham Əliyevin başçılığı ilə 2003-2010-cu illərdə əldə olunmuş tarixi nailiyyətlər və ölkədə aparılan böyük quruculuq, abadlıq işləri, xarici siyasət sahəsində əldə olunmuş uğurlar, Heydər Əliyev fondunun fəaliyyəti geniş işıqlandırılmışdır. Əsərin bütün fəsilləri Tarix İnstitutunda akademik Y.Mahmudovun rəhbərliyi altında aparılan tədqiqatlar əsasında yazılmışdır.

 

Görkəmli tarixçi alim Y.Mahmudovun rəhbərliyi altında Əliyevşünaslıq şöbəsinin əməkdaşları tərəfindən Heydər Əliyev elmi-nəzəri irsinin araşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Keçən müddət ərzində şöbədə beş monoqrafiya və kitab, 300-dən çox məqalə çap etdirilmişdir, bir doktorluq, beş fəlsəfə doktorluğu dissertasiyası hazırlanaraq müvəffəqiyyətlə müdafiə olunmuşdur.

 

Bu gün Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsində akademik Y.Mahmudovun rəhbərliyi altında Ulu Öndərin elmi-nəzəri irsinin araşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Şöbənin profilinə uyğun olaraq “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”, “Heydər Əliyev və Azərbaycan SSR-də ictimai-siyasi vəziyyət” adlı fundamental monoqrafiyalar üzərində intensiv tədqiqatlar aparılır.

 

Qeyd edilənlərdən göründüyü kimi, akademik Y.Mahmudovun rəhbərliyi ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər Əliyev irsinin tədqiqi sahəsində mühüm elmi nəticələr əldə edilmiş və gələcəkdə bu uğurları davam etdirmək üçün mühüm baza yaradılmışdır.

 

Sonda, Əliyevşünaslıq elmi məktəbinin yaradılması sahəsində əvəzsiz xidməti olan çox hörmətli akademik Yaqub Mahmudovu bir daha anadan olmasının 80 illik yubileyi münasibətilə təbrik edirik. Həm ruhu, həm də cismi gənc olan Yaqub müəllimə milli qeyrətlə aşılanmış elmi yaradıcılığında uğurlar, şəxsi həyatında xoşbəxtlik, möhkəm cansağlığı arzulayırıq və inanırıq ki, o, bundan sonra da yeni tədqiqatları ilə Əliyevsevərləri sevindirəcəkdir.

 

Ədalət Qasımov,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Əliyevşünaslıq şöbəsinin müdiri,

tarix elmləri doktoru

İki sahil.- 2019.- 28 fevral.- S.17