Nəsimini sevmək və sevdirmək lazımdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirdi ki, “Nəsimi ili” mütəfəkkir şair İmadəddin Nəsiminin Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, saflaşdırılması yönümündə  xidmətlərinə işıq salır

 

Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Ulu öndər Heydər Əliyevin bu fikirləri qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir:

“İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, həmin sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır.”

Son 15 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ilielan edilməsi də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı,  xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqlayır. Bu mühüm addımın ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcəyini bildirən elmi ictimaiyyət bu mühüm məqamı da önə çəkir ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə  gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bir sözlə, bu kimi mühüm qərarlar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”, həmçinin 2019-cu ilin “Nəsimi ilielan edilməsi ilə bağlı Sərəncamlarda da bu reallıqlar öz əksini tapıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.

“Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir” söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu  “Nəsimi ilinin Nəsimi yaradıcılığının təbliğində böyük rola malik olduğunu bildirdi:” “Ölkə Prezidenti İlham Əliyev ana dilimizinelmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb. 2019-cu ilin ölkəmizdə “Nəsimi ilielan edilməsi də bu addımlar silsiləsindəndir. Bu mühüm addım əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan dahi şəxsiyyət Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib. Bununla yanaşı, Ümummilli Lider 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub.”

 

M.Nağısoylu onu da bildirdi ki, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilməsi də təsadüfi deyil. Anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onu yeni-yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Məhz bu amil respublikamızda dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynamışdır. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb.

Akademik vurğuladı ki, Ümummilli Liderin bu təşəbbüslərini xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar: “Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESKO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.”

“Dövlətimizin başçısı İlham Əliyevin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, həmçinin 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirimək olar” söyləyən M. Nağısoylu qeyd etdi ki, bu mühüm sənədlər Dilçilik İnstitutunun, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının humanitar sahə üzrə fəaliyyət göstərən institutlarının bütün əməkdaşları, o cümlədən şərqşünaslar, dilçilər, ədəbiyyatşünaslar qarşısında vəzifələr qoyur. Nəsimi irsinin araşdırılması istiqamətində səylər daha da artırıldı. Ümumiyyətlə, müasir tələblər əsasında Nəsiminin əsərlərinin nəşrinə, o cümlədən yeni akademik və izahlı nəşrinə ehtiyac vardır.

Dilçi alim fikrini belə əsaslandırdı ki, Nəsimi ana dili ilə yanaşı, fars və ərəb dillərində də yazıb: “Nəsiminin ana dilimizdə və farsca olmaqla iki divanı bizə gəlib çatıb. Azərbaycan dilində olan divanı dəfələrlə nəşr olunub. Farsca divanı ilk dəfə şərqşünas-alim Rüstəm Əliyev tərəfindən İranda aşkar edilibfarsca nəşr olunub. Amma bir neçə şeirindən başqa, farsca divanı Azərbaycan dilinə tərcümə olunmayıb. Eyni zamanda, onun farsca yazdığı əsərləri tam araşdırılmayıb, bütövlükdə nəşr edilməyib. Ərəb dilində yazdığı əsərləri indiyə qədər tərcümə edilməyib, çap olunmayıb. “Nəsimi ili” çərçivəsində bu işlərin həyata keçirilməsi planlaşdırılır.”

M.Nağısoylu Azərbaycan ədəbiyyatının inkişafında Nəsiminin xidmətlərini belə ümumiləşdirdi: “Sovet ideologiyasının qoyduğu məhdudiyyətlər və çərçivələr Nəsiminin Azərbaycan ədəbiyyatının, fəlsəfəsinin, mədəniyyətinin inkişafında oynadığı rolu vaxtında tam şəkildə geniş ictimaiyyətə çatdırmağa imkan vermirdi. Bu birtərəfli yanaşma isə Nəsiminin az qala ateist kimi təqdim edilməsinə şərait yaradırdı. Amma fakt odur ki, Nəsiminin bütün əsərlərində “Qurani-Kərim”ə və hədislərə istinadlar var. Onun ilk mənbəyi də müqəddəs kitab idi. Hətta öz fikirlərini “Qurani-Kərim” əsasında yayırdı. Nəsimi insana böyük dəyər verir, onu ucaltmaqla bir növ gələcək təhlükələrdən qorumaq istəyirdi. Sözsüz ki, Allah-Təalanın yaratdığı ən uca varlıq insandır, ən kamili də insandır. Nəsimi fəlsəfəsinə görə, yalnız kamil insan Allahı dərk edə bilərdi. Buna görə də kamil insanın Allahı dərk edərək ona qovuşacağına inanır, bütün süfilər kimi, Nəsimi də bu dünyanı fani, müvəqqəti hesab edirdi.”

Dilçi alim bu maraqlı faktı da açıqladı ki, elmi mənbələr və tarixi qaynaqlar sübut edir ki, Nəsimi edam edilmədən öncə üç dini cərəyanın qaziləri onu mühakimə edəndə şairin əsərlərində dinə qarşı çıxış etməsi barədə heçtapa bilməyiblər. Bu halda Misir məmlük sultanı əl-Məlik əl-Müəyyədə müraciət ediblər ki, Nəsimi haqqında hökmü onun özü çıxarsın. Əl-Müəyyəd onun edamı haqqında qərarı ona görə çıxarıb ki, əleyhdarları Nəsimini qəbul edir və yaydığı fikirlərdən ona qarşı istifadə edirdilər. Yəni, Nəsiminin edam edilməsində nəinki dini, əksinə siyasi məsələ daha çox rol oynayıb.

O da vurğulandı ki, Azərbaycanın dərin dini-fəlsəfi biliyə malik olan görkəmli şairi Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır:Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub. İnsan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib.”

“Nəsiminin 650 illik yubileyinin qeyd olunması o dövrün ideologiyasına, fəlsəfəsinə uyğun olaraq Nəsimi ideyalarını elmi cəhətdən əsaslandırmaq, həmçinin əsərlərini elmi şəkildə tədqiq etmək, dərin fəlsəfi məna tutumunu araşdırmaq və olduğu kimi Azərbaycan cəmiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırmaq, onu dünyaya tanıtdırmaq üçün bir fürsətdir” söyləyən dilçi alim bildirdi ki, olduqca melodik, zəngin, ahəngdar, şəffaf dildə yazan Nəsimini sevmək və sevdirmək lazımdır. Onu sevdirmək elə Azərbaycan dilini sevdirməyə bərabərdir. Nəsiminin böyüklüyü də ondadır ki, o, ana dilimizdə şah əsərlər yaradıb, işlətdiyi söz, ifadə və anlayışlarla bizim dilimizi zənginləşdirib. Məhz bu kontekstdə onu vurğulamaq yerinə düşər ki, ana dilinə böyük dəyər verən ulu öndər Heydər Əliyev bildirmişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm”. Bu fikirdən çıxış edərək deyim ki, ana dili bir millətin varlığı və ən böyük milli-mənəvi sərvətidir. Milləti dünyada tanıdan da onun dilidir. Dilimizin inkişafında Nəsiminin xidmətləri də az deyil, çünki o, sübut etdi ki, Azərbaycan dili həmin dövrdə geniş yayılmış ərəb və fars dilləri ilə eyni səviyyədə dayanan bir dildir. Bu xidmətin özü yüksək dəyərə layiqdir. Məhz buna görə də birmənalı şəkildə, demək olar ki, Azərbaycanda “Nəsimi ilielan edilməsi elə “Azərbaycan dili ilielan olunmasına bərabər bir hadisədir. Çünki xalqımızın ən böyük söz ustadlarından olan Nəsimi ana dilimizi yüksək zirvələrə qaldırıb.” 

M.Nağısoylu onu da bildirdi ki, növbəti tədris ilində ilk dərs gününün ilk dərsi İmadəddin Nəsimi yaradıcılığına həsr oluna bilər”. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə kimi dəyərləndirilir.

 

Yeganə Əliyeva

İki sahil.-2019.- 26 iyul.- S.8.