Ruhun şad olsun, Ulu Öndər, Qarabağ bizimdir!

 

 

«Mən bu gün, eyni  zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında  baş əydim. Ürəyimdə dedim , xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun  Azərbaycan! Gözünüz aydın olsun dünya  azərbaycanlıları!» söyləyən Prezident İlham Əliyev  atasına yayiq olduğunu «Qarabağ Azərbaycandır! sözləri ilə doğrultdu

 

Ümummilli Lider adını  siyasi bacarığı, zəkası ilə doğruldan, Azərbaycan dövlətçiliynin siyasi, iqtisadi əsaslarını yaradan, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdıran, sağlığında  canlı əfsanəyə çevrilən ulu öndər Heydər Əliyev  ağlı,  uzaqgörən siyasəti ilə dahilik zirvəsinə qalxmışdır.

 

1969-cu ildə  Azərbaycana rəhbərliyə başladığı dövrdə zəngin idarəçilik təcrübəsi sayəsində   Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş respublikası  kimi tanıtsa da, xalqının müstəqillik arzusunu heç vaxt unutmayan Ulu Öndərin ən müqəddəs arzusu  Azərbaycanı müstəqilliyinə qovuşdurmaq idi. Siyasi fəaliyyəti dövründə respublika iqtisadiyyatının bütün sahələrində ciddi dönüş yaratsa da, ölkənin  inkişafını suverenliyin qazanılmasında görürdü.

 

Siyasi fəaliyyətinin bütün dövrlərində  başqa liderlərin öhdəsindən gələ bilmədiyi sınaqlardan mətinliklə çıxan böyük şəxsiyyət  Heydər Əliyev totalitar sistemin dağılması, dövlət müstəqilliyinin bərpa edilməsi, suveren, demokratik hakimiyyətin formalaşması prosesinin fəal iştiakçısı olmaqla, zəngin bilik və təcrübəsini Azərbaycanın qüdrətlənməsi, xalqının firavan yaşaması naminə sərf etdi.

 

Amma tərəqqiyə aparan yol heç də asan, hamar olmur. 1990-cı ildə  Kremlin əsarətindən qurtararaq Azərbaycana dönən fərdi pensiyaçı  Heydər Əliyev o dövrdə  respublikaya rəhbərlik edən səriştəsiz başçıların səbatsızlığı üzündən doğma yurdu Naxçıvana gəldi. Az müddətdən sonra  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə   Ali Məclisin Sədri seçilən Heydər Əliyev  siyasi fəaliyyətinin bu dövründə bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə çox mühüm xidmətləri ilə tariximizin yeni səhifəsini yazdı. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində insanlarda  yaranan ictimai inamsızlığın dərinləşdiyi,  hakimiyyəti  qeyri-qanuni yolla ələ keçirən diletant qüvvələrin yaratdığı sosial-iqtisadi tənəzzülün dərinləşdiyi bir zamanda  Naxçıvanda  həyata keçirdiyi  islahatlarla xalqımızın demokratik və hüquqi dövlətdə yaşamaq istəyini də gerçəkləşdirdi.

 

1992-1993-cü illərdə  iqtidarda olan,  törətdikləri qanunsuzluqları, vəzifə uğrunda çəkişmələri  «demokratiya bayrağı» altında gizlədən, xalqı hərc-mərcliyə, xaosa, siyasi qapşıdurmaya sürükləyən AXC-Müsavat hakimiyyətinin səbatsız başçılarının uğursuz idarəetmə metodu ölkəni parçalanmaya, vətəndaş müharibəsinə aparırdı. Məhz o illərdə Naxçıvan MR Ali Sovetinin sessiyasında  təcrübəli dövlət xadimi Heydər Əliyevin dövlət atributlarının- üçrəngli bayrağımızın, gerbimizin, Dövlət himnimizin bərpası ilə bağlı təşəbbüsü Azərbaycanın müstəqilliyinin, əbədiliyinin təminatı oldu. Sonrakı illərdə həyata keçirdiyi islahatlarla suverenliyimizin möhkəmlənməsi naminə tarixi xidmətlər göstərən ulu öndər Heydər Əliyev ölkədə baş verən siyasi qarşıdurmanın ağır nəticələrindən də narahat idi. AXC-Müsavat iqtidarının qeyri-peşəkar idarəçiliyi və yaranan hakimiyyət böhranı nəticəsində respublikada artan təhlükənin qarşısının alınması labüd idi. O dövrdə Azərbaycanda baş verən qarşıdurmaları,  hərc-mərcliyi, torpaqlarımızın zəbt olunmasını «Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa  məsuliyyətidir» sözləri ilə bildirən cənab İlham Əliyev 1992-ci ildə  hakimiyyəti zorla,  qeyri-qanuni yolla zəbt edən AXC-Müsavat iqtidarının, rayonlarımızın işğalında əli olan daxili səbatsızların  hakimiyyət uğrunda davasını o dövrdə çıxılmız vəziyyətdə qalan xalqa xəyanət adlandırdı.

 

Ermənistanın torpaqlarımızı işğal etdiyi  o ağır günlərdə dövlət çevrilişi edərək, özlərinin etiraf etdikləri kimi, tanklar üstündə  iqtidara gələn AXC-Müsavat  cütlüyünün səriştəsizliyindən  Şuşa və Laçının ermənilər tərəfindən işğalı  ölkədə vəziyyəti  daha da  gərginləşdirdi. İqtidarda olduqları qısa müddətdə antidemokratik hərəkətləri ilə respublikanı uçuruma aparan həmin güvvələrin bacarıqsızlığı üzündən digər torpaqlarımız da  işğala məruz qaldı.  Ermənistan silahlıları tərəfindən  doğma yurdlarından zorla qovulan, təhqirə məruz qalan, öldürülən insanların taleyi ilə maraqlanmayan AXC-Müsavat başçılarının  şəxsi maraqlarından qaynaqlanan daxili çəkişmələr  üzündən ölkə iqtisadiyyatı dağıldı,  ulu öndər Heydər Əliyevin  min bir zəhmətlə yaratdığı iri sənaye müəssisələrinin qiymətli avadanlıqları  ucuz qiymətə xarici ölkələrə satıldı, ölkədə ərzaq qıtlığı  yarandı. «Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimyyətlərinin ömrünü uzatsınlar» sözləri ilə Azərbaycanı uçuruma sürükləyən  o dövrdə yaranan qarşıdurmaya səbəb olanların xəyanətlərini, yaranan vəziyyəti  təhlil edən Prezident İlham Əliyev idarəçilik təcrübəsi olmayanların ölkəyə vurduqları siyasi, iqtisadi zərbəni   xalqa xəyanət adlandırdı.Vəzifə hərisliyi xəstəliyinə tutulan,  şəxsi maraqlarının əsirinə çevrilən « rəhbərlərin» qeyri-peşəkarlığı üzündən ölkədə yaranan xaos,  hərc-mərclik Ermənistana işğalçılıq siyasətini daha da genişləndirmək imkanı yaratmışdı. «Baxın, görün,  Azərbaycanı o vaxt kimlər idarə edirdi? Parlamentin sədri kiçik elmi işçi idi, özü   uğursuz bir elmi işçi. Dövlət katibi komsomoldan çıxmış karyerist, özü də sonrakı  mərhələdə öz liderinə  xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölməyinə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında  keçirən bir adam. Onlardan hansı vətənpərvərlik  gözləmək olar» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici dil bilməyən fizika müəlliminin həmin iqtidarda  «xarici işlər naziri» vəzifəsini tutması, riyaziyyat müəlliminin müdafiə naziri, elmi kommunizm üzrə yarımçıq mütəxəssis olan bir şəxsin  hakimiyyəti idarə edən baş nazir postunu tutması  bu səbatsız iqtidarın idarəçilik təcrübəsinin yarıtmazlığını göstərirdi.

 

«Şuşa əldən getsə başıma güllə çaxacağam» söyləyən müdafiə naziri Rəhim Qazıyevin satdığı Şuşanı bu gün  yüksək ixtisaslı, hərb elminin sirlərini, döyüş taktika və strategiyasını dərindən mənimsəyən qüdrətli Azərbaycan Ordusunun təcrübəli zabitləri,  xalqına sadiq əsgərləri azad etdi. Özü də dünyanın hərb tarixində  görünməmiş  qəhrəmanlıqla, üzbəüz döyüşlə. O dövrdə  baş verən Gəncə hadisələrindən çıxış yolunu belə tapa bilməyən, «idarəçilik məharətləri» ilə xalqdan ayrı düşən, insanların nifrətini qazanan, ölkəni vətəndaş müharibəsinə sürükləyən AXC-Müsavat iqtidarının  respublikada yaratdığı anti-demokratik şərait, diplomatiyada  yol verilən səhvlər Azərbaycanı dünya  siyasətindən təcrid etmişdi. İqtidarda təmsil olunan baş nazir səviyyəsində onsuz da parçalanmaqda olan Azərbaycanın tərkib hissəsi, qədim  Naxçıvanın muxtariyyat statusunun,  Qars müqaviləsinin ləğv olunması kimi xəyanətkar təklifin  səslənməsi, sonrakı  hakimiyyət rəsmiləri tərəfindən Naxçıvanın «kor bağırsaq» adlandırılması xəyanət, erməni dəyirmanına su tökmək idi.    AXC-Müsavat  iqtidarı dövründə  dövlətçiliyimiz, Azərbaycanın varlığı  üçün təhlükə olan xəyanətlər biri-birindən təhlükəli idi. 1993-cü ilin iyun ayında ölkədəki  ciddi siyasi böhranın, anarxiyanın hökm sürməsi, Ermənistanın torpaqlarımızı işğal etməsi insanlarda  ümidsizlik yaratmışdı.

 

Belə bir məqamda adları Azərbaycanın tarixinə «91-lər» kimi yazılan  ölkə ziyalıları yenə də  üzərlərinə düşən  vəzifələrini yerinə yetirdilər.  Ölkəni  böhrandan, vətəndaş müharibəsindən xilas etmək gücünə, bacarığına qüdrətinə malik Ulu Öndərə müraciət edərək ölkəni düşdüyu ağır vəziyyətdən çıxarmaq gücünə malik liderə ehtiyac duyulduğunu bildirdilər.  Həmişə azad fikrə, vətəndaş təşəbbüsünə, təklifinə hörmətlə yanaşan böyük şəxsiyyət Heydər Əliyev bu müraciəti dəyərləndirməklə, onu da bildirdi ki, demokratiya, çoxpartiyalı sistem, xalqın birlik və həmrəyliyi olmadan  siyasi, iqtisadi, sosial  tərəqqi mümkün deyil.

 

1993-cü ildə  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Gəncəni bombalayan, öz əsgərlərini əsir götürən belə dönük, satqın  ünsürlərin hakimiyyətinə son qoyuldu, ölkədə sabitlik, inkişaf, tərəqqi dövrü başladı. «Ona görə də siyasi hikkələrdən uzaqlaşmaq lazımdır, bir-birinə hörmət lazımdır, bir-birinə kömək etmək lazımdır»

 

 söyləyən Ulu Öndərin bu sözləri bütün respublika vətəndaşlarını milli həmrəyliyə, birliyə çağırış oldu. Partiyanın Proqramında göstərilən demokratik prinsiplərə sadiqlik, bazar iqtisadiyyatı, iqtisadi inkişaf prinsiplərinin həyata keçirilməsi, insanların sosial müdafəsinin yüksəldilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi sayəsində YAP-a rəğbət artdı.  1994-1995-ci illədə daxili və xarici bədxahların planlaşdırdıqları dövlət çevrilişlərinə cəhdlərin qarşısı ümummilli lider Heydər Əliyevin xalqla birliyi nəticəsində alındı.  Xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin  əbədi qarantı oldu.

 

           Son 17 ildə bütün sahələrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən, ölkəmizin xarici siyasətinin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması ilə bağlı  məqsədyönlü siyasət aparan Prezident İlham Əliyevin səyi nəticəsində ümummilli liderimiz Heydər Əliyevin arzusu gerçəkləşdi. Sentyabrın 27-də başlanan Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı uğurlu əks-əməliyyatlar nəticəsində  azad olunan torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Zəngilanda, Füzulidə,  Cəbrayılda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Şuşada, Hadrutda, Xudafərin körpüsündə…  dalğalanan üçrəngli bayrağımız   Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin liderlik qətiyyətinin, Milli Ordumuzun rəşadətinin xalqla iqtidarın birliyinin və həmrəyliyinin nəticəsidir. Azərbaycan, Rusiya, Ermənistan tərəfindən noyabrın 10-da  imzalanmış birgə Bəyanatda Naxçıvan Muxtar Respublikasına gedən, Ermənistanın yaratdığı blokada üzündən illərdən bəri  istifadəsiz qalan və barbarlar tərəfindən dağıdılan   dəmir yolunun bərpası ilə əlaqədar bəndin yer alması  Prezident İlham Əliyevin  göstərdiyi qətiyyətin nəticəsi, Ulu Öndərin arzusunun gerçəkləşməsidir.

 

Prezident İlham Əliyevin «Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən, ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik , nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında  götürə bilərdik»  sözlərində müdrik insan Heydər Əliyev məğrurluğu duyulur. Həmişə nəyi, nə vaxt edəcəyini dəqiqliklə  hesablayan Prezident İlham Əliyev xalqa, güclü ordumuza arxalanaraq hamını heyrətləndirən uğurlara nail oldu. Otuz il davam edən səmərəsiz, nəticəsiz danışıqlarda müzakirə olunan məsələləri 44 gündə həll edən Azərbaycan Ordusu işğalçıya tarixi dərs verməklə  Ali Baş Komandan cənab İlham Əliyevin atasına layiq oğul olduğunu təsdiqlədi. «Mən bu gün, eyni  zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında  baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun  Azərbaycan! Gözünüz aydın olsun dünya  azərbaycanlıları!» söyləyən Prezident İlham Əliyev  atasına yayiq olduğunu « Qarabağ Azərbaycandır! sözləri ilə doğrultdu.

 

Xuraman İsmayılqızı

 İki sahil.- 2020.- 11 dekabr.- S.18.