Azərbaycanı heç bir şər qüvvə

siyasi iradəsindən döndərə bilməz

 

Bu gün bəşəriyyətin koronavirus pandemiyasının dəhşətli fəsadları ilə üz-üzə qaldığı bir zamanda, qonşu regionlarda yaşanan hadisələr, siyasi qarşıdurmalar, iqtisadiyyatın çöküşü, insanların dinc və təhlükəsiz yaşamaq imkanlarından məhrum olması fonunda Azərbaycandakı sabitlik mühiti diqqət çəkir. Əlbəttə, bunun başlıca səbəbi ölkə rəhbəri İlham Əliyevin xalqa sədaqətlə xidmət etməsi, cəmiyyətin bunu dərindən anlaması və dövləti dəstəkləməsidir. Dövlət-cəmiyyət, iqtidar-xalq birliyinin möhkəm olduğu təqdirdə isə, şübhəsiz ki, kənardan milli birliyi pozmağa yönələn cəhdlər və təxribatlar iflasa məhkumdur. Bütün bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının təzahürləridir.

Fikrimin təsdiqi üçün bəzi məqamlara aydınlıq gətirmək istərdim. Əvvəla qeyd edim ki, hazırda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığı, sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Azərbaycanda, eyni zamanda, genişmiqyaslı sosial siyasət aparılır. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi də Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi aradan qaldırmaq, yoxsulluğu azaltmaqdır.

Burada xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə ciddi tədbirlərin görülməsi üçün vaxtında göstərişlər verməsi ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaradıb. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi diqqət mərkəzində saxlanılıb.

Ümumiyyətlə, cənab Prezidentin uzaqgörən siyasəti sayəsində pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadi böhrana düçar olsa da, Azərbaycan Respublikası yüksək inkişaf nəticəsində bütün çətinliklərin öhdəsindən gəlməkdədir.

Bütün bunlarla bərabər, təəssüf hissi ilə bildirim ki, son zamanlar respublikamızda aparılan sosial-iqtisadi islahatlara, inkişaf prosesinə kölgə salmağa çalışan daxili və xarici qüvvələr də var. Amma ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən həmin şər qüvvələr istəklərinə çata bilməyəcəklər. Hazırda bütün Azərbaycan xalqı dövlətimizin başçısının hər bir qərarına güvənir və apardığı müdrik siyasəti dəstəkləyir.

Yuxarıdakı fikri bir qədər də dəqiqləşdirib deyə bilərəm ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə uğurlu gələcəyə doğru inamla irəliləyən Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından ötən 19 il ərzində bu qurum ölkəmizə qarşı ancaq ikili yanaşma, Ermənistana dəstək münasibəti sərgiləyib. AŞPA-nın qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən qondarma “prezident seçkilərinə” münasibətdə susqunluğu da bunun bariz ifadəsidir.

Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Tərtər rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində sözügedən məsələyə xüsusi diqqət yönəldərək deyib: “Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir.” Dövlətimizin başçısı daha sonra Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbini haqlı olaraq AŞPA-nın Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, respublikamız haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmək kimi əsaslandırıb.

Dövlətimizin başçısı İlham Əliyev daha sonra xatırladıb: “Dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, Azərbaycan geri çəkilmir, daim irəli baxır, erməni yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk.”

Ölkə rəhbəri çıxışında Avropa Şurası kimi qurumların artıq yalanlarının ayaq tutub yeriməsinin vaxtının çoxdan keçdiyini də vurğulayıb. Həmçinin müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni yalanlarının diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini xatırladıb. Prezident İlham Əliyev nitqində, həmçinin saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu, Azərbaycanın uğurlarının tarixin saxtakarlığı sevmədiyini, faktlara əsaslandığını təsdiqləməklə yanaşı, atılan addımların hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcəyə hesablandığını da xüsusi vurğulayıb.

Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev Ermənistandan fərqli olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərə sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-ın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq almışdır.”

Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində qondarma siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib: “Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.”

AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qərəzli mövqeyinə, faşistlərlə əməkdaşlıq etmiş Qareqin Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirməməsi məsələsinə toxunan Prezident İlham Əliyev çıxışına belə davam edib: “AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njde kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.”

Azərbaycan Prezidentinin çıxışından diqqətə çatdırdığımız bu nümunələr deməyə əsas verir ki, AŞPA-nın, eləcə də digər şər qüvvələrin qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan apardıqları qarayaxma kampaniyası ölkəmizi siyasi iradəsindən heç vaxt döndərə bilməyəcək, doğru və qanuni yoldan uzaqlaşdırmayacaq.

 

Həzərxan Əbilov,

Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Xəzər rayon təşkilatının sədri

 

İki sahil.- 2020.- 11 iyun.- S.23.