Həyatlarını hər an riskə atan insanlar...

 

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür!

 

Bu gün koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə əsgərlərimiz həkimlər və tibbi xidmət personalıdır

 

17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır. 1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılmasının ardınca iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. Sovet hakimiyyəti dövründə bu sahədə müəyyən durğunluq müşahidə olunsa da, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində səhiyyə sahəsində sıçrayışlı bir inkişaf dövrü başlayıb. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilib. Müstəqillik əldə edildikdən sonra isə səhiyyənin inkişafı üçün yeni islahatlar layihəsi hazırlanıb.

Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi haqqında ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. 2006-cı ildə Nazirlər Kabinetində keçirilən fevral müşavirəsində Prezident İlham Əliyevin səhiyyə ilə bağlı tapşırıqlarından sonra bu sahədə əsaslı dönüş yaranıb. Səhiyyə sahəsində olan inkişaf göz qabağındadır.

Yeri gəlmişkən bu gün tibb işçiləri dünyanı cənginə alan koronavirusla mübarizənin ön xəttində əzmlə çalışırlar. Bu günümüzün qəhrəmanları adlandırılan həkimlər koronavirus xəstələri, sağlamlıq problemi yaşayan hər kəs üçün yeganə ümid yeridirlər. Həkimlər də gecə-gündüz gərgin əmək sərf edərək bütün xəstələrə yaşam şansı qazandırmağa çalışırlar. Hər dəqiqə öz həyatlarının təhlükədə olduğunu bilsələr də, vəzifə borclarını yerinə yetirməkdən usanmırlar, çünki insanları yaşatmaq kimi müqəddəs bir missiyanın daşıyıcıları olduqlarının fərqindədirlər.. Qürurvericidir ki, onların cərgəsində Azərbaycan həkimləri də əzmlə mübarizə aparır, xalqımızın yüzlərlə nümayəndəsinə həyat şansı tanıyırlar.. Və dövlətimizin dəstəyi, zəhmətlərinin ən ali səviyyədə təqdir edilməsi koronavirusla savaşan həkimlərimizə əlavə dəstək, ruh yüksəkliyi verir.

İyunun 9-da Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında çıxışı zamanı həkimlərin fəaliyyətini, fədakarlığını bir daha yüksək qiymətləndirib. Ölkə Prezidenti qeyd edib: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir. Eyni zamanda, bu Sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də ölkə Prezidentinin Sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər.

Ölkə başçısının pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaqüstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır, hər birimiz onların əməyini yüksək qiymətləndirməliyik. Hər birimiz xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin danılmaz olduğunu, pandemiya ilə mübarizədə uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu olduğunu bilməliyik. Çünki koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə əsgərlərimiz həkimlər və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Həkimlər bizim üçün ölümün mərkəzinə yollanıblar, biz də karantin qaydalarına riayət edərək, evdə qalaraq, həkimlərimizə bu mübarizədə yardımçı olmalıyıq.

 

Sevinc Azadi

 

İki sahil.- 2020.- 17 iyun.- S.5.