Cənab Prezidentimizə dünən də

alternativ yox idi, bu gün də yoxdur

 

Artıq xeyli vaxtdır ki, həm dünya birliyi, həm də ölkə ictimaiyyəti Prezident İlham Əliyevin  həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatlara şahidlik edir. Dünyanı cənginə almış koronavirus pandemiyası dövründə də ölkəmizin bütün sferalarında islahatlar uğurla davam etdirilir. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim ilə də söhbətimiz elə bu mövzudadır.

 

- Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  islahatları necə qiymətləndirərdiniz?

- Bəri başdan qeyd edim ki, ölkəmizdə həyata keçirilən islahatlar həyatımızın bütün sferalarını əhatə edir. Bu da təsadüfi deyil. Belə ki, iqtisadiyyatın dayanıqlılığına nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisa­di-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Bəli, bu gün yeni peşəkar, bilikli, müasir kadrlar  önə çəkilir. Onlara çox mühüm vəzifələr həvalə edilir və bu da dövrümüzün tələbidir. Çünki bu gün dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə bu və digər proseslər müasir yanaşma­lar tələb edir. Bu mənada hazırda ölkəmizdə müstəqillik dövrünün ən genişmiqyaslı islahatları aparılır desəm, yanılmaram. Sevindirici haldır ki, özü də islahatlar paralel aparılır, nəticədə müəyyən uğurlara imza atılır. Belə ki, həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların maddi rifahı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Başqa sözlə desəm, islahatlar inkişafımızın lokomotivinə çevrilib. Yeri gəlmişkən qeyd edim ki, bu barədə Prezident İlham Əliyev çıxışlarının birində  demişdir: “Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən, doğ­rudan da, böyük uğurlara imza ata bilərik.”

-Bəs korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində atılan addımları necə xarakterizə edərdiniz?

- Bəli, bu gün ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Ona görə də ölkə başçısı respublikamızda bütün işlərin qanun çərçivəsində aparılmasını istəyir və tələb edir. Prezident İlham Əliyev demək olar ki, keçirilən bütün tədbirlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir. Prezident İlham Əliyev bu il mayın 1-də Azərbaycan Respubli­kasının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələni yenə ön plana çəkdi və bildirdi ki, heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır.

-Amma etiraf edək ki, bu kimi xəbərdarlıqlara baxmayaraq, hələ də əməllərindən əl çəkməyən məmurlar da var... Onlar niyə belə yolu tutublar?

- Bəli, artıq bu, bir faktdır. 5 rayonun icra hakimiyyətinin sabiq başçısı da həbs olunub. Prezidentin mayın 7-də modul tipli xəstəxana kompleksinin açılışında dediyi kimi, son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Halbuki cənab Prezident onları vəzifəyə təyin edəndə dönə-dönə tapşırmışdı ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol! Amma onlar neylədilər? Zənnimcə, onların bu hərəkətləri adi cinayət deyil. Prezidentin bildirdiyi kimi, əsl xəyanətdir. Bunun başqa adı yoxdur. Özlərinə xüsusu imtiyazlar “təsis etmiş” bu adamlarda vicdan deyilən şey yoxdur. Yəni, onlar cəmiyyətimiz üçün ləkədirlər. Həmin məmurların, eləcə də digərləriin niyə belə yolu tutduqlarına gəldikə isə onu deyə bilərəm ki, bu, onların mənəviyyatsızlıqlarından, göstərilən etimada göstərdikləri sayğısızlıqlardan irəli gəlib.

- Xahiş edirik, ölkəmizin koronavirusa qarşı apardığı mübarizə ilə bağlı fikirlərinizi də oxucularımızla bölüşəsiniz.

-Artıq neçə aydır ki, bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyası fəsadlar törətməkdədir. Belə ki, bir sıra ölkələr iqtisadi tənəzüllə məruz qalıb, çoxlu sayda insan tələfatı ilə üzləşib, iş yerləri itirilıb, əhali ciddi çətinliklərlə qarşı-qarşıya qalıb. Amma bütün ölkələr üçün gözlənilməz olan qlobal pandemiyanın ilk günlərindən başlayaraq Prezident İlham Əliyevin sərəncamları və göstərişləri ilə həyata keçirilən  qabaqlayıcı tədbirlər cəmiyyətimizin bu sınaqdan da az itkilərlə çıxmasına zəmin yaradıb. Yəni "Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir” deyən dövlət başçısının uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməklə nəticələnib. Bir neçə fakta da müraciət edək: ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Mayın 7-də modul tipli yeni bir xəstəxananın da açılışı keçirilib. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi də nəzərdə tutulur. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəmizə gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti verilib. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir və s. Üstəlik, heç bir sosial layihə də təxirə salınmayıb. Şübhəsiz, bütün bunlar  dövlət başçımızın düşünülmüş siyasi kursu və insan amilinə verdiyi yüksək dəyərdir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan bu istiqamətdə əldə etdiyi təcrübəni dünya ölkələri ilə də bölüşür. Aprelin 10-da  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfranslar vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş tədbirlərin keçirilməsi buna sübutdir. Onu da qeyd edim ki, hər iki tədbirin keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyev olub. Özü də bu tədbirlər dünyanın mötəbər qurumları tərəfindən yüksək səviyyədə dəyərləndirilib.

-Eyni zamanda, bu addımlar vətəndaşlarımız tərəfindən də müsbət qarşılanır... Odur ki, onlar dövlət başçısına məktublar göndərir, göstərilən diqqət və qayğıya, eləcə də ölkə miqyasında həyata keçirilən islahatlara görə Prezident İlham Əliyevi alqışlayırlar.

- Elədir. Ümumiyyətlə, dövlət başçısının ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də koronavirusla mübarizə və insanların sağlamlığı və rifahı naminə dövlətin imkanlarını səfərbər etməsi vətəndaşlarımız, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən təqdir edilir, böyük razılıqla qarşılanır. Təsadüfi deyil ki, bu günlərdə cənab İlham Əliyevin ünvanına ölkəmizin  hər bir tərəfindən, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımızdan minlərlə təşəkkür məktubu gəlməkdə davam edir. Zənnimcə, həmin məktubların hər biri vətəndaşlarımızın öz rəhbəri ətrafında sıx birləşməsinin və bu çətin günlərdə milli həmrəylik nümayiş etdirməsinin göstəricisidir.

-Amma anti-Azərbaycan dairələr bununla bağlı ölkəmizdə həyata keçirilən tədbirlərə qara yaxmaqda davam edirlər.

-Bir tərəfdən, bəzi dünya güclərinin dəstəklədiyi erməni işğalı, digər tərəfdən, COVID-19 pandemiyası ilə üzləşmiş Azərbaycanda bütün görülən işlərə baxmayaraq “beşinci kolon” adlanan, xarici havadarlarının sifarişini yerinə yetirən AXCP, “Milli Şura” adlı marginal qrupcuqlar öz pozuculuq fəaliyyətlərini davam etdirməkdədirlər. Bu anti-Azərbaycan dairələr koronavirus pandemiyası mövzusundan istifadə etməklə millətimizin sağlamlığının qorunması naminə atılan addımları şübhə altına qoymağa, ölkədə və cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. Şübhəsiz, bu qrupcuqlar həmişə olduğu kimi, öz məkrli məqsədlərinə çatmayacaqlar, çünki tarix daim belə bir həqiqəti göstərir ki, Azərbaycan xalqı ermənipərəst xarici qüvvələrə bel bağlayan istənilən siyasi qrupun ardınca getmir, belərini bir qayda olaraq lənətləyir.

-Bir partiya rəhbəri kimi daha nələr demək istərdiniz?

- Azərbaycan millətçiləri olaraq biz - bölgədə və dünyada gedən proseslər fonunda azərbaycançılıq, dövlətçilik, millətsevərlik və milli maraqların təmini kimi prinsiplər üzərində qurulmuş ideoloji qayəmizdən çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməkdə və alqışlamaqdayıq.  İnanırıq ki, xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaqdır. Mən bir partiya sədri kimi demişəm, yenə də deyirəm: cənab Prezidentimizə dünən də alternativ yox idi, bu gün də yoxdur.

Burada bir məqama da toxunmaq istərdim. Bu da hakimiyyət tərəfindən müxalifət partiyaları ilə siyasi dialoqun aparılmasıdır. Yeri gəlmişkən onu da qeyd edim ki, müstəqillik dövründə bu sahədə heç vaxt belə hallara rast gəlinməyib. Prezident bununla bağlı çıxışlarınin birində demişdir: “Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir”. Doğrudur, iqtidarın dialoq təklifi ilə razılaşmayan müxalif siyasi partiyalar da oldu. Amma onları siyasi qüvvə də adlandırmaq doğru deyil.  Çünki həmin partiyalar elektoratdan məhrumdurlar. Məqsədləri də qeyd etdiyim kimi, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparmaqdır.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2020.- 9 may.- S.30.