Bərdə terroru dünya gündəmində

 

Bu haqsızlığa hətta qərəzli beynəlxalq təşkilatlar da susmadı

 

Məlum olduğu kimi, beynəlxalq mediada Ermənistanın cəbhədə silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın müharibə gedən ərazilərindən kənar kəndlərdə, insanların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror əməllərindən, insanlığa sığmayan vəhşi hərəkətlərindən, Azərbaycana kin-küdurətindən, təcavüzkar siyasətindən xəbər verən yazılar dərc olunur.

Son günlər isə dünya mətbuatı Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə dinc əhaliyə qarşı törətdiyi qanlı terror təxribatı, qadağan olunmuş kasetli raket zərbələrinin səbəb olduğu cinayət izləri ilə insanları tanış etməkdədir.

Düşmənin Bərdəyə raket zərbələri endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq, “cəfəngiyat və yalan” olduğunu yazmışdı. Almaniyanın  nüfuzlu “Züddoyçe Saytunq” (Süddeutsche Zeitung) nəşri isə Ermənistanın yalanlarını ifşa edib. Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu barədə deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə görüblər. Həmin vaxt Bərdəətrafı ərazilər, o cümlədən qonşu Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”. Nəşr, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb.

ABŞ-ın “The New-York Times” qəzetinin jurnalistləri də Bərdə terroru haqqında  reportajda bir sıra yaşayış yerlərinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığını yazırlar. Həmin materialda Bərdədə partlayış anı və partlayışdan sonra şəhərdə yaranan vəziyyət təsvir olunub və qəzetin əməkdaşı terror hücumunun bütün dəhşətini dilə gətirib: “Bayırda, yol ayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı. Bombaların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada döyüş sursatlarının üzərində dayanmışdılar”. Bildirilir ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurdlarından didərgin salıb. İndi isə Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün genişmiqyaslı əks-hücum həyata keçirir.

Tacikistanın “Avesta.tj” portalı Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” kaset bombasının atılması və dinc sakinlərin ölməsi barədə materiallar verib. Bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cinayətə görə cavab verməlidir. Qeyd olunur ki, dünya birliyi Ermənistanın bu qanunazidd hərəkətlərini ittiham etməli, işğalçını dayandırmalıdır. Yazılarda vurğulanır ki, bu tipli bomba və raketlərdən istifadə olunması 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

Norveçin “Klassekampen” qəzetində dərc olunmuş “Bir münaqişənin tarixi” adlı məqalədə Ermənistanın hərbi təxribatlarından bəhs olunur. Qeyd edilir ki,  Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Materialda azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən qovulduğu diqqətə çatdırılır. Məqalədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini dərhal, tam və qeyd-şərtsiz tərk etməlidir. Yazıda, həmçinin bu ilin sentyabr ayında Azərbaycan qoşunlarının əks-hücuma keçməyə məcbur olduğu qeyd edilir. Bildirilir ki, erməni tərəfi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Bu məqsədlə Ermənistan ballistik raketlərdən istifadə edərək, münaqişədən kənar zonada yerləşən dinc şəhərləri atəşə tutur.

İsveçin “İsveç Krallığının DN" (Dagens Nyheter), "Aftonbladet", "SvD" (Svenska Dagbladet), "GP posten "SVT nyheter" nüfuzlu qəzetləri və bir çox başqa tanınmış media qurumları Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı hərbi əməliyyatlar, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində dinc əhaliyə raket hücumu təşkil etməsi barədə materiallar dərc edib. Xüsusi olaraq qeyd edilib ki, bu hücum müharibə başlanandan bəri mülki əhaliyə qarşi törədilmiş ən qanlı cinayət hadisəsidir.

Çin Mərkəzi Televiziyasının CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məqalə yerləşdirilib. Məqalədə qeyd olunub ki, bu, son toqquşmaların başladığı bir aylıq dövrdə mülki insanlar arasında ən çox ölümlə nəticələnən hücumdur. Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib. Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərdə 30 min nəfərin ölümü ilə nəticələnən müharibə zamanı Dağlıq Qarabağa nəzarəti ələ alıblar. Onların elan etdiyi “müstəqilliyi” Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir. Sentyabrın 27-dən başlayan döyüşlərin gedişində Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri azad edir. Ermənistan bu döyüşlərdəki itkilərini etiraf edib və könüllüləri cəbhədə döyüşməyə çağırıb.

Bəli, Bərdə qətliamı zamanı günahsız insanların tükürpədici, qandondurucu qətlinə hətta Azərbaycana münasibətdə qərəzli münasibət göstərən, bitərəf, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar da reaksiya verdi. Çünki onlar bu dəfə də erməni vəhşiliyinə, faşizminə, vandallığına göz yumub, qulaq tutub, səssiz qalıb, görməzdən gələ bilmədi və həqiqətləri demək, yazmaq, yayımlamaq və ən əsası etiraf etmək məcburiyyətində qaldılar.

“Human Right Watch” beynəlxalq insan haqları təşkilatı da işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.Təşkilat açıqlamasında erməni qüvvələrinin 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərini istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə vurduğunu təsdiqləyib.“Human Rights Watch” beynəlxalq və yerli jurnalistlər, həmçinin sakinlər tərəfindən hadisə yerində və yaxınlığında çəkilmiş çoxlu silah-sursat qalıqlarının fotolarını təhlil edib. Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşib. Təşkilat bildirib ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur.  Bununla da “Human Rights Watch” hücumu Ermənistanın həyata keçirdiyini təsdiqləyib. Qeyd olunub ki, hücum nəticəsində 21 mülki vətəndaş həlak olub, 70 nəfər xəsarət alıb.

"Amnesty International" təşkilatı da Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. “Amnesty International"ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerch" 9N235 sursat parçalarının olduğunu təsdiqləyib: "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur". Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers bildirib ki, hər iki tərəfi kasetli silahların istifadəsindən çəkinməyə və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq. Vurğulanır ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.  “Amnesty International”ın hərbi mütəxəssisi Brian Kastner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerch” raket qalıqlarını və onun təsir dairəsini aşkar ediblər. Qeyd edilir ki, xəstəxana və mülki yaşayış evləri daxil olmaqla  atəşə məruz qalmış ərazilər araşdırılıb və yerdəki kiçik dairəvi kraterlər həmin raketdən istifadə olunduğunu göstərir. Həmçinin vurğulanır ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər meyitlərin üzərində dəridə yanıqlar, əzaların qopması faktını aşkarlayıblar ki, bu da partlayış xəsarətlərinə uyğundur.

Dünya mediasının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın azərbaycanlılara qarşı qadağan olunmuş silahdan istifadə etməsinə dair açıqlamaları, etirafları işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar mübarizəsini bir daha isbatladı. Artıq bütün dünya müşahidə edir ki, Paşinyanın rəhbər olduğu Ermənistanın bugünkü  xunta rejimi terrorçu və faşist  xislətlidir. Görünən odur ki, Ermənistanın Azərbaycana qarşı məkrli təxribatları, bəşəri cinayətləri, terror aktları, təcavüz cəhdləri ilə davam edən Dağlıq Qarabağ müharibəsi dünya mediasının gündəmini zəbt edir. Bütün bu məlumatlar da bir daha ermənilərin radikal, terrorçu mahiyyətini əks etdirir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2020.- 31 oktyabr.- S.17.