Nizami ili dünyaya təqdimatımızda yeni səhifə açır

 

 

 

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən gənclərimizin milli-mənəvi dəyərlər ruhunda böyüməsini, formalaşmasını xüsusi qeyd edir. Təbii ki, bu dəyərlərə bağlılıq möhkəm təmələ əsaslanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli Lider bu çağırışı edirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclər tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, milli-mənəvi dəyərlərimizi dərindən bilməli və inkişaf etdirməlidirlər. Bu deyim də tarixin bütün sınaqlarından şərəflə çıxıb ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Zəngin tarixə malik olan xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir.

 

Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Məhz Ümummilli Liderin respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı. Ümummilli Liderin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

 

Təbii ki, bu kimi addımlar Azərbaycan tariximizə, ədəbiyyatımıza bağlılığımızın təsdiqidir. Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxacaq, davamlı uğurları ilə dünyanın diqqətində olacaq. Bu gün Azərbaycan xalqı bu yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətindədir. 30 ilin torpaq həsrətinə, acısına 44 gündə son qoyuldu. Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ilə şanlı tarix yazdı. Bu tarixin doğurduğu əks-səda bir daha Azərbaycan xalqının əyilməzliyini, milli qürurunu hər şeydən üstün tutduğunu təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrinin birində işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanladığı Dağlıq Qarabağ məsələsi milli qürur məsələsidir mesajı bir daha bu reallığı ortaya qoydu ki, bir qarış torpağımızı belə düşmənə verməyəcək, vaxtilə itirilmiş qürurumuzu dirçəldəcəyik və elə də oldu.

 

Dövlətimizin başçısı İlham Əliyev Qarabağın tacı, musiqimizin beşiyi olan Şuşanı mədəniyyət mərkəzi elan etdi. Şuşa sən azadsan! Şuşa səni dirçəldəcəyik! bəyan edən cənab İlham Əliyev Şuşamızda quruculuq və bərpa işləri ilə tanış olmaq üçün dəfələrlə bu şəhərə səfər edib. Zəfər tonqalımızın da Şuşada - Cıdır düzündə alovlandırılmasının öz rəmzi mənası var idi. Cənab İlham Əliyev hər daşı, hər qayası tarix olan Şuşanın cənnətməkana çevrilməsi üçün zəruri işlərin görülməsinə tapşırıqlarını verib.

 

2021-ci il Nizami ili olmaqla yanaşı, quruculuq və bərpa ili kimi tarixə yazılacaq. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub söyləyərək bildirir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Dövlət başçısı hər sahədə, o cümlədən ədəbiyyat sahəsində araşdırmaların miqyasının genişləndirilməsi, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verən qüdrətli söz ustalarının tanıdılması, irsinin öyrənilməsi istiqamətində tapşırıqlarını vermiş və mühüm addımlar atmışdır. Dünya ədəbiyyatının inkişafında Azərbaycan ədəbiyyatının rolu böyükdür. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili, 2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsində də məqsəd tariximizin, ədəbiyyatımızın hər bir dövrünü təhlil etmək, bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Ulu Öndər dünya təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırdılar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

 

Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Onun 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

 

Dövlətimizin başçısı İlham Əliyevin hər ili konkret bir sahənin adı ilə bağlaması dünənimizə baxış fonunda gələcəyimizi düzgün müəyyənləşdirməyə, yeni-yeni hədəflərə doğru irəliləməyə böyük stimul verir. Bugünümüzün Gənclər milli ruhda tərbiyə olunmalıdır tələbinə uyğun olaraq Nəsimi, sonra Nizami irsinin öyrənilməsi üçün belə mühüm sənədin imzalanması təqdir olunur, ədəbiyyatşünaslarımızın qarşısında mühüm vəzifələr qoyur. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri ilə əlaqədar olaraq distant təhsilə xüsusi önəm verilməsinə baxmayaraq nizamisevərlər onun yaradıcılığının təqdimatı üçün videoformat şəklində keçirilən tədbirlər əsasında diskussiyaların aparılmasında maraqlı olmalı, Nizami Gəncəvinin özünün bir tarix olduğunu əsaslı şəkildə geniş auditoriyaya çatdırmalıdır. Yeni-yeni araşdırmaların aparılmasına, dərliklərə əlavələrə böyük ehiyac vardır. Çünki Nizami Gəncəvini yalnız klassik kimi öyrənmirik, onun yaradıcılığından tariximizi, mədəniyyətimizi öyrənirik. Dövlətimizin başçısı İlham Əliyevin məlum Sərəncamı Azərbaycanın təqdimatında növbəti səhifəni açır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2021.- 10 aprel.- S.29.