Beyləqanın şəhid oğlu

 

 

 

Qısa tanıtım:  Əliyev Pərvin Vüqar oğlu 1997-ci ilin oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı  qəsəbəsində dünyaya göz açıb. 2003-2014-cü illərdə Tağı Məmmədov adına qəsəbə tam orta məktəbində təhsil alıb.

 

 2015-ci ilin oktyabrında Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. 2017-ci ilin martında ordudan tərxis olunub.

 

2017-ci ilin noyabrında  könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanıb. “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib.

 

2020-ci il sentyabrın 27- Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ön cəbhədə qəhrəmancasına vuruşaraq  şəhid olub.

 

Sentyabrın 28-də doğulub boya-başa çatdığı Qəhrəmanlı qəsəbə qəbiristanlığında izdihamla  son mənzilə yola salınıb.

 

 Azərbaycan Prezidenti İlham Ə liyevin Sərəncamına əsasən, Əliyev Pərvin Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Vətən sevgisi onun ayrıca silahı idi

 

Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. İdmanı çox sevib.  Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Ana Vətənin keşiyində sərvaxt mətin dayanaraq istidə, soyuqda, qarda, yağışda, çovğunda öz xidməti borcunu layiqincə yerinə yetirib   ailəsinin yanına başıuca qayıdıb.

 

Sonra müddətdən artıq hərbi qulluqçu  kimi kəşfiyyat bölüyündə fəaliyyətini davam etdirib.

 

Otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri olub. Düşmən təxribatı nəticəsində başlanan Tovuz döyüşlərindən üzü bəri həmin günü intizarla gözləmişdi. Səhər saatlarında döyüş əmri verilən ilk andan silahına sarılan təcrübəli, peşəkar kəşfiyyatçı, həm bölüyün rabitəçisi kimi hərbi hissənin əks -hücum əməliyyatında öz qəhrəmanlığı, şücaəti ilə seçilib, işğalçı erməni faşistlərinə qan uddurub...  Qanlı döyüşlərdə Vətən sevgisi onun ayrıca, susmaq bilməyən odlu-alovlu silahı idi.

 

Pərvinin komandiri Elsevər Hümbətov deyir ki, o,  hələ düşmənə vurulan ilk zərbədə qəhrəmanlığı ilə seçilirdi. “Pərvin bir kəşfiyyatçı kimi igidlik göstərdi, ağır atəş altında belə düşmən səddinin yarılması tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu..."

 

Sentyabrın 28-də qəhrəman kəşfiyyatçımızın Azərbaycan bayrağına bükülmüş tabutu doğulub boya-başa çatdığı Qəhrəmanlı qəsəbəsinə gətirilib. Vətən uğrunda canını fəda edən Pərvinin  nəşi qəsəbənin İkinci Qarabağ müharibəsində  ilk  şəhidlərindən biri kimi  çox  böyük coşqu ilə qarşılanıb, izdihamla son mənzilə yola salınıb. O gün ətrafına  əklillər, üzərinə  güllər düzülən şəhid məzarından ətrafa nur yayılırdı...

 

Pərvindən yadigar qalan bayraq

 

Ata ocağında Pərvinin  adına  yaradılmış Xatirə guşəsində  saxlanılan şəkilləri arasında onun Azərbaycan  Bayrağını öpüb gözlərinin üstünə qoymuş vəziyyətdə çəkilmiş bir şəkli diqqəti çox cəlb edir, həm adamı kövrəldir. Məhz  həmin bayrağı anasına verəndə o, şəhid olacağını ilk dəfə dilə gətirmişdi. “Şəhidlik oğlumun həm ürəyinə dammışdı, həm anlına yazılmışdı”  deyən anası Zəmanə Abıyeva infarkt keçirsə ,  Pərvindən söz düşəndə fəxarət hissi ilə danışır. Deyir ki, Pərvinin bir çox arzuları var idi, lakin söhbət Vətəndən düşəndə, o bütün istəklərini ikinci plana salardı: “Sonuncu dəfə evə gələndə ən çox xoşladığı yeməyi hazırlamağımı istədi mən bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana, mən Vətənim uğrunda şəhid olacağam. Amma mənimlə fəxr edin, hər zaman başınızı uca tutun. Belə oldu, o, öz qəhrəmanlığı ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi...”

 

O gün Pərvin tədbirlərin  birində ona təqdim olunan üçrəngli bayrağı anasına verəndə deyib: “Bunu evimizin pəncərəsindən asarsan!..”

 

Şəhidin atası Vüqar Əliyev övladı ilə qürur duyduğunu dilə gətirir: “Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz yox idi. Həmin gün kəndimizdən başqa bir nəfərın  şəhid olduğunun xəbərini almışdıq, biz   onun dəfninə getməyə hazırlaşırdıq. Elə bu ərəfədə zəng gəldi Pərvinin şəhid olduğunu öyrəndim… Oğlumun döyüş yolu Talış-Suqovuşan istiqamətində olub. O, düşmənin qurduğu səddin yarılmasında iştirak edib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb

 

... Sosial  şəbəkələrdə beyləqanlı şəhidlərin şəkillərinin bir-bir göstərildiyi  bir videoçarxda ağıya bənzər mahnının sözlərini  sanki Pərvinin ruhu pıçıldayır:

 

Ana, mən şəhid oldum, nolar ağlama,

 

Yarım, mən şəhid oldum qara bağlama,

 

Ata, mən şəhid oldum yasımı saxlama...

 

Təki Vətən sağ olsun!..

 

 

 

 ...Pərvinin  döyüşçü yoldaşları, komandiri tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət edirlər. Pərvin şəhid olandan beş ay sonra komandiri  deyib ki, kəşfiyyatçı kimi  sıramızda  sənin yerin görünürSənə həmişəki kimi ehiyacımız var, Pərvin

 

 

 

                                   “Sən ölmədin ki...”

 

                 (Şəhid Pərvinə bacısından ad günü təbriki)

 

 Pərvin şəhid olandan  bir ay sonra 23 yaşı tamam  olub. Bacısı Nazilə Əliyevanın qardaşına ünvanladığı ad günü təbrikini PİA.az müəyyən düzəlişlərlə  sosial şəbəkə izləyicilərinə belə təqdim edib:

 

“Bu gün 23 yaşın oldu, qardaşım. Səni təbrik edirəm. Qələbəni bizə dadızdırdığına görə sənə təşəkkür edirəm. Sənin artıq olmadığına isə mən inanmıram. Bir ay əvvəl qara xəbərini alanda da inanmamışdım, bu gündə inanmıram. Sən varsan həmişə olacaqsan. Bunu başqa cür təsəvvür etmək mümkün deyil. Çünki sənin varlığını mən hər yerdə hiss edirəm. Sən işğaldan azad olunan torpaqlarımızın üzərində əsən rüzgarsan. Murdar ermənilərin ayaq izlərini torpaqlarımızdan yuyan yağışsan. Sən o torpaqlara düşən toxum kimisən, sabah cücərib artacaqsan. Hər fəsildə cücərib böyüyəcək, bizə nəfəs verəcəksən. Bilirəm ki, sən ölməmisən. Bilirəm ki, Zəfərimizin sevincini yaşayırsan. Bilirəm ki, vüqarla dalğalanan bayrağımızı qürurla öpürsən. Son döyüşə getməmişdən əvvəl öpdüyün kimi... Ad günün mübarək, qardaşım”.

 

Nazilə xanımın qardaşına ünvanladığı oxucuya  nikbin ovqat bəxş edən  təbrikin sözləri yadıma “Şəhid ruhları bizi görür” ifadəsini qələm dostum Arif Fərzəlinin bu şeirinin  məhz həmin  gerçəyi əks etdirdiyini saldı:

 

 

 

 

 

ŞƏHİDLƏR ÖLMƏZ Kİ…

 

 

 

Elə ölümə əyməz özünü,

 

Cismini tapşırıb ana torpağa.

 

Şəhidlər təzədən açar gözünü,

 

Şəhidlər təzədən qalxar ayağa.

 

 

 

Yenə alov saçar od baxışları,

 

Təpəri yerində, gücü yerində.

 

Yenə səngər-səngər zəfərə sarı,

 

Vətəni aparar çiyinlərində.

 

 

 

Yağan yağışlara, əsən küləyə,

 

Axan ulduzlara bənzər şəhidlər.

 

Dönər ildırıma, dönər şimşəyə,

 

Düşməni doğrayar, kəsər şəhidlər.

 

 

 

Gecələr qızarar Dan yeri kimi,

 

Gündüzlər nur damar şəfəqlərindən.

 

Beləcə bir Vətən əsgəri kimi,

 

Boylanar tarixin üfüqlərindən.

 

 

 

Nurəddin Ədiloğlu

İki sahil.- 2021.- 11 avqust.- S.8.