Vətən Simurqları hünər və qəhrəmanlıqlarla dolu tarixi salnamədir

 

 

 

Vətənimizin hər qarış torpağı uğrunda mücadilə və mübarizələrə atılan, bu şanlı və şərəfli yolda şirin canlarını qurban verən qəhrəman şəhidlərimizin hər birinin xatirəsi qəlbimizdə əbədidir, unudulmazdır. Hər şəhid bir zirvənin əbədi yolçusudur. Əbədiyyət ünvanlı ali və müqəddəs zirvədə qərar tutan Vətən aşiqlərinin nakam, qısa, şərəfli ömür yoluna işıq tutmağın özü də olduqca şərəfli bir duyğudur. Eyni zamanda nakam, şəhid ömürlərin, şərəfli tale yollarının sorağıyla qalaq-qalaq kitablar ərsəyə gətirməyin də məsuliyyəti böyük, yükü isə olduqca ağırdır. Bu ağır yükü daşımaq, bu məsuliyyətli işin öhdəsindən gəlmək bir qələm sahibi üçün nə qədər şərəfli də olsa bir o qədər də ağrılıdır. Çünki hər bir şəhidin ömür yolu ilə tanış olduqca, onun qəhrəmanlığı ilə qürur duyduğun qədər də yarıda qırılmış ömrünə, vaxtsız solan arzularına təəssüf hissləri keçirir, kədərinə şərik çıxır, ağrı-acısına mənən qatlaşmalı olursan. Ruhsuz, duyğusuz əsər yaratmaq isə qeyri-mümkündür. Bu səbəbdən Almaz Ülvinin uzun illərdir ülvi dünyasında şəhid nisgiliylə alışıb yanan kövrək qəlbində hansı ağrılı hisslər keçirdiyini də çox yaxşı dərk edirəm. Ülvi kimi paklıq, ülvilik şərbətini dadan yüzlərlə nakam şəhidlərimizin şərəfli ömrünə kitab bağlamaq missiyası bu baxımdan məni səmimi qəlbimlə qürur və məmnuniyyət hissi ilə duyğulandırır.

 

Filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz xanım Babaxanlının maliyyə dəstəyi ilə Vətən Simurqları kitabı işıq üzü görüb. Kitabın məsul katibləri Şəbnəm Babayeva və fil.f.d. Əzizağa Nəcəfovdur.

 

Kitabı toplayıb nəşrə hazırlayan və ön sözün müəllifi Almaz Ülvi oxucularını 1990-cı il 20 Yanvar faciəsinin qurbanı olmuş şəhid ədib Ülvi Bünyadzadənin Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik! adlı ölümsüz misraları ilə salamlayır. Kitabın müəyyən səhifələrində də azadlığımızın ilk carçılarından sayılan şəhid Ülvimizin Simurq qanadlı poetik düşüncələri də ara-sıra diqqətimizi cəlb edir. Belə ki, ön sözün ilk cümləsində vurğulanır: Qarabağ Azərbaycandır və nida! Dağlıq Qarabağı düşmən işğalından azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə bir şüarla səfərbərlik elan etdi və Qarabağa doğru yola başladıq! II Qarabağ Vətən Müharibəsinə başlamaq üçün 2020-ci ilin 27 sentyabr günü qəflətən seçilmədi. Bu günə 30-32 ili arxada qoyan dərd-ələm dolu illəri ağır addımlarla gəlmişdik. Nə edəcəyimizi, necə edəcəyimizi düşünürdük. Tarix boyu türk sınan, əyilən, məğlub xalq olmayıb. Zaman fürsətini, məqamını gözləməyi də bilən, səbr sahibi olub, kəmfürsət olmayıb, haqq meydanına cəsarətlə Kişi kimi girib, qalib olaraq çıxıb.

 

Bu kimi tarixi həssas məqamlara diqqət yetirdikcə təbii ki, gerçəkliyin özü xatırlanır. Bəs bu kitab hansı əfsanəvi, mənəvi duyğuların təsiri ilə ərsəyə gəldi? Gəlin, yenə də ön sözə diqqət edək: Azadlıq meydanında düşündüm ki, bəs biz nə edək, bu mübarizədə hansı əməyi ortaya qoyaq. Sosial şəbəkədə belə bir elan verdim: Qələbə Paradımızdan sonra hər kəs:

 

1. Qarabağ müharibəsi Şəhidindən

 

2. Qarabağ müharibəsi Qazisindən və ya Qəhrəmanından

 

- ən azı bir məqalə yazsın və qısa vaxt ərzində kitab kimi nəşr edək ( fotoları ilə).

 

Kim neçə səhifə və neçə qəhrəman haqqında yazırsa yazsın. Kitab pulsuz paylanacaq. Belə kitablara ehtiyac var: həm şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın tanınması, həm valideynlərinin mənən könlünü almaq məqsədilə, həm də dərslik kimi (sinifdənxaric oxu kitabı olaraq): (məqalələr bu e-poçta göndərilsin - [email protected]).

 

Budur, cəmi 10 günə 350-dən artıq Qəhrəmanımız haqqında yazı-məqalə aldım: Şəhidlər, qazilər, igidlərimiz haqqında. Davamı isə daxil olur. Belə fikirləşdik ki, şəhidlərimizin qırx gününə I kitabı nəşr edək, davamını - II kitabı isə Novruz bayramında nəşr edərik. Bu kitabdakı yazıların-məqalələrin hərəsi bir igidin ömründən bəhs etsə də, əslində hər yazıda döyüş meydanı görünür, döyüş əhval ruhiyyəsinə dolursan, özünü Qarabağda, işğaldan azad olmuş, bizdən ötrü qəribsəmiş Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Ağdərədə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında görürsən.

 

Vətən simurqları! Qarabağımızın xilaskar ərənləri! Parlaq qələbəmizin səbəbkarları! Məsləki, məramı müqəddəs, məqamı uca Şəhidlər! Üçrəngli Vətən bayrağına bükülüb gənc yaşında Vətən torpağının bağrına əmanət edilən ər oğullar! Vətənimizn azadlığı, suverenliyi, bütövlüyü uğrunda axıtdığınız qanlarınız bahasına qazandığımız parlaq qələbəmizi bizlərə halal edin! Çünki sizin mübarizə əzminiz, qeyrətiniz, şücaətiniz sayəsində əlimizdə tutduğumuz zəfər bayrağı ilə 30 ildir həsrətində olduğumuz Qarabağımıza dönüş edirik.

 

Vətən Simurqları hərbi-vətənpərvərlik toplusunda 44 günlük Vətən Müharibəsi müddətində itirilmiş tarixi torpaqlarımızı qanları, canları bahasına öz sahibinə qaytaran qəhrəman yurd oğullarının keçdiyi ağır döyüş yollarından bəhs edilir.

 

44 günün əfsanəsi adlı ön sözdə qeyd olunduğu kimi: Bu 44 günün hər dəqiqəsi bir tarix oldu. Bu 44 günün hər dəqiqəsində bir Azərbaycan qəhrəmanı kəşf olundu. Bu 44 gündə biz yenidən Simurq kimi doğulduq.

 

Kitabda müəlliflər tərəfindən Adil İbrahimli, Ağa Əmi Heybətov, Ağaəli Ağayev, Aqil Əliyev, Arəstə Baxışova, Aqşin İbadov, Alı Həsənli, Cəbrayıl Dövlətzadə, Elçin Mansurov, Elnur Vəliyev, Əmrah Həmidov, Fəqan Zalov, Faiq Qasımov, general Polad Həşimov, Hikmət Səfərov, Həmid Abbasbəyli, Həsən Məmmədli, Hüseyn İsmayılov, Elvin Məmmədov, Əkbər Hüseynov, Xansu Qurbanov, Xəyal Balakişiyev, Xudayar Yusifzadə, İlkin Ağaquliyev, Röyad Məmmədov, İlqar Bürcəliyev, Nurlan Ağakişiyev, Orxan Balayev, Sadiq Bağırzadə, Tural Cəlilov, Fuad Məmmədov, Turqut Xəlilbəyli, Yüksəl Əlizadə və digər qəhrəman şəhidlərimiz haqqında yazılar kövrək, duyğulu hisslərlə və ürək yanğısıyla qələmə alınmışdır. Belə ki, Vətən Müharibəsinin Qubadlı uğrunda şəhidlik məqamına ucalan qadın qəhrəmanı Arəstə Baxışovanın anasına Əgər mən gedib Vətən uğrunda Şəhid olacamsa, o mənim başımın ucalığıdır söyləməsi ruhumuza dərin kədər və eyni zamanda qürur hissləri aşılayır. Həmçinin Xüsusi Təyinatlı Qoşun komandiri, mayor Aqşin İbadovun Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olmamışdan öncə anasına yazdığı məktubunda Ağlama, ya qayıdaram, ya da şəhid olaram, ölmərəm ki... söyləməsi təsadüf hissləri doğurmur. Belə ki, igid Qəhrəmanımızın ölümsüzlük zirvəsində qərar tutacağı an sanki əzəldən ürəyinə damıbmış.

 

Ön sözdən: Bu kitab həm də psixoloji məqamları qabardıb. Bu kitabın qəhrəmanları Qarabağ torpaqlarını işğaldan azad edən şəhid olan qəhrəman oğullarımızdır, Ali Baş Komandandır, bütün ordumuzdur, bütün Azərbaycan xalqıdır, Azərbaycan-Türkiyə dostluğudur, atalarını gözləyən körpələrimiz, əlləri göyə uzalı Allaha duasını əsirgəməyən analar, atalar, bacılardır, körpələrdir.

 

Qarabağımızın xilası eyni zamanda milli ruhumuzun və qürurumuzun qələbəsidir. Qarabağ Azərbaycandır və nida müqəddəs şüarı qələbəmizin rəmzi ifadəsinə çevrildisə də, doğma Şuşamızın Xarı bülbülü isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda can qoymuş 2803 şəhidin əziz, müqəddəs ruhları qarşısında qəhrəmanlıq simvoluna, qeyrət tacına çevrildi.

 

Təbii ki, zəfərə nail olmaq heç də asan proses deyil. Biz də bir xalq olaraq Zəfərimizi qanla qazandıq. Bu kitabın ərsəyə gəlməsini böyük Zəfərimizi öz qanları ilə yazan igid Vətən oğullarınım əziz ruhu qarşısında bir vəfa borcu kimi dəyərləndirirəm. Mən şəxsən bir Azərbaycan vətəndaşı kimi bu çətin, məsuliyyətli, şərəfli və məhsuldar işdə tərtibçisinə böyük zəhməti müqabilində ən dərin, ən səmimi minnətdarlıq hisslərimi ifadə edirəm.

 

II Qarabağ Vətən Müharibəsinin qəhrəmanlarına ithaf edilmiş Vətən simurqları şanlı tarixi salnaməsinin nəşrinin 2-ci hissəsinin yaxın zamanlarda işıq üzü görməsi diləyilə! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Sevinc Ədalətqızı

İki sahil.- 2021.- 17 fevral.- S.13.