Telli Pənahqızı: Əsl jurnalist

həqiqət uğrunda döyüşməlidir

 

İkisahil.TV-nin bugünkü müsahibi Azərbaycan Respublikası Milli TeleviziyaRadio Şurasının üzvü, Əməkdar jurnalist Telli Pənahqızıdır

 

- Telli xanım, 146 illiyini qeyd etdiyimiz mətbuata gəlişinizi necə xatırlayırsınız?

- Azərbaycan Dövlət Televiziyasında ilk olaraq müxbir kimi fəaliyyət göstərmişəm. Zamanla müxtəlif vəzifələrdə çalışmışam. Uzun illər Xəbərlər proqramını aparmışam, 10 il Qocalar evindən verilişlər çəkmişəm. Sonra Mədəniyyət xəbərlərini apardım. Ardınca verilişin adı dəyişib Mədəniyyət aləmində oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı Gümüşü yağışlar verilişim oldu. Teleməkanda o vaxt diktor deyilən anlayış var idi. Bizim diktorlar gözəl səs tembrinə, aydın tələffüzə, ifadəli danışıq qabiliyyətinə malik idilər. Onlar bizim yazdığımızı oxuyurdular və yazılan mətndən kənara çıxmağa ixtiyarları yox idi. Ora bir söz də əlavə edə bilməzdilər. Aparıcı isə daha sərbəstdir. Məsələn, mən ilk dəfə əlimdə qələm efirə çıxanda, çoxu çaş-baş qalmışdı. O vaxtın rəsmi xəbər proqramının aparıcısı üçün, bu cəsarətli bir addım sayılırdı.

-Tez- tez xatırladığınız, yaddaşınızdan silinməyən müsahibiniz olubmu?

-Əlbəttə. Bu, ulu öndərimiz Heydər Əliyevdir. Ulu Öndərdən iki dəfə müsahibə götürmüşəm. İndiki kimi xatırlayıram. Həmin müsahibələrin biri 1 saat 15 dəqiqə, digəri 1 saat davam elədi. Bu görüşlərdən sonra mən jurnalistliyin necə çətin, necə şərəfli və məsuliyyətli bir peşə olduğuna bir daha əmin oldum. Ulu Öndər nəhəng insan idi. Fenomen yaddaşı, savadı, işgüzarlığı, ağlı, zəkası və ən əsası dəmir məntiqi ilə hər kəsi mat qoymağı bacarırdı. Bu insan ədəbiyyatdan danışanda ədəbiyyatçı, musiqidən danışanda musiqişünas, teatrdan danışanda ən gözəl aktyorrejissor oyunlarını şərh edən bir teatr, səhnə bilicisi olurdu. Rəssamlar, memarlar, arxitektorlar onun tövsiyə və məsləhətlərini həvəslə dinləyirdilər. Kənd təsərrüfatından danışanda düşünürdün ki, yəqin nə vaxtsa Kənd Təsərrüfatı İnstitutunda oxuyub.

XX əsr Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində çox böyük dahilərimiz olub. Amma siyasətdə ikinci Heydər Əliyevimiz yoxdur. Sevindiriciqürürverici haldır ki, bu gün Ulu Öndərin varisi, davamçısı Prezident İlham Əliyev Onun yolunu çox uğurla davam etdirir. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən münaqişəni həll etdi.

-Müsahibələrinizin birində qeyd etmisiniz ki, Xalq Cəbhsinin hakimiyyəti illərində televiziyanın rəhbəri ilə Naxçıvandan gələn xəbərlərin efirə verilməsinə qadağa qoyulduğu üçün mübahisə etmisiniz

-Elədir. Mübahisələrimiz olmuşdu. Maraqlıdır ki, bunu Ulu Öndər bilmişdi. Həmin dövrdə AZTV-nin sədri də, müaviniXalq Cəbhəsinin nümayəndələri idilər. Mən də Xəbərlərdə işləyirdim. Naxçıvandakı müxbirimiz ara-sıra materiallar göndərirdi. Bu materiallar da Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin xarici qonaqlarla görüşləri zamanı lentə alınmışdı. Mən o materialları işləyib efirə vermək istəyəndə deyirdilər ki, olmaz. Deyirdim ki, sizin efirə vermək istəmədiyiniz şəxsiyyətin bu süjetin efirə getməsində heç marağı da yoxdur, amma əgər o, kimisə qəbul edirsə, hansısa xarici ölkənin rəsmiləri onun qəbuluna gəlirsə, onunla görüşüb Naxçıvanın və Azərbaycanın taleyi ilə bağlı məsələlər müzakirə olunursa, bizim xəbər proqramı olaraq bunu efirə vermək haqqımız var. Ali Sovetdəki müsahibəyə iki operatorla - Nadir Zeynalov və Rüstəm Zülalovla getmişdik. Bəylər Əyyubov qapını açdı və bizi içəri dəvət etdi. Ulu öndər Heydər Əliyev bizi çox səmimi qarşıladı, o, ümumiyyətlə, jurnalistlərlə ünsiyyət qurmağı sevirdibunu çox məharətlə bacarırdı. Sonra mənə dedi: Eşitmişəm, sən mənə görə çox əziyyət çəkmisən. Dedim ki, həqiqəti müdafiə eləmişəm.

- Sizcə, müasir Azərbaycan mətbuatında peşəkarlıq hansı səviyyədədir?

-Təssüf ki, mətbuatda problem, çatışmazlıq var deyəndə ancaq iqtisadi faktorları qabardırlar. Ancaq deyərdim ki, ən böyük bəlamız peşəkarların tükənməsi, yenilərin də onların yerini doldura bilməməsidir. Reytinq xatirinə veriliş hazırlayırıq deyirlər. Onu da qeyri-peşəkarlıqla ortalığa çıxardırlar. Sözləri düzgün tələffüz etmirlər, ləhcə ilə danışırlar. Həddən artıq bayağılıq efirləri zəbt edib. Medianın ən böyük problemi nə dərəcədə müstəqil, peşəkar olması, media orqanlarının nə dərəcədə dəqiq konsepsiyalara malik olmalarıdır. Bunlar çox vacibdir. Jurnalistlərimiz heç vaxt maddi problemlərin girovuna çevrilməməlidirlər. Əsl jurnalist ancaq həqiqət uğrunda döyüşməli, faktlara istinad edərək həqiqəti ortaya çıxarmalıdır. Efirə çıxan adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir. Əvvəllər tamaşaçı aparıcının sözündəki səmimiyyətə inanırdı onu öz evinin yuxarı başına keçirirdi. Yəni, televizor cihazını evinin ən baş köşəsinə yerləşdirirdi. O vaxt çoxları deyirdi ki, sizə də veriliş bəyəndirmək olmur, heç kimi bəyənmirsiniz, cavandırlar, öyrənəcəklər, təcrübə toplayacaqlar. Təəssüf ki, bu ötən illərdə artan, sadəcə, telekanalların sayı oldu. Kəmiyyət keyfiyyəti yedi, bitirdi!

Mən həmişə demişəm, yenə təkrar edirəm ki, efir, ekran hər kəsin evinin baş köşəsinə yerləşdirdiyi adi qutu deyil! Bu sehrli cihazın aynasında görünmək hüququ qazananlar dərk eləməlidirlər ki, çağırılmamış qonağı olduqları evlərə, ailələrə hörmət və ehtiram göstərmək onların boyunlarının borcu, jurnalistikanın yazılmamış əsas qanunlarından biri, bəlkə də birincisidir.

- Telli xanım, din içində dininizi, dil içində dilinizi çox mükəmməl şəkildə saxlamağı bacarmısınız

- Gözümü açandan evimizdə kitab görmüşəm. Anam oxuyub o kitabları. Sonra nənəm bizə bayatılar, nağıllar danışıb, laylalar oxuyub. Bizim evdə kitaba böyük hörmət olub, ailə üzvlərimiz, qonum-qonşularımız da elə təxminən mənim kimi danışıblar. Altı uşağıq, hamımıız ali təhsil almışıq. Bir vaxtlar Qərbi Azərbaycanda, erməninin içində yaşasaq da, din içində dinimizi, dil içində dilimizi çox mükəmməl şəkildə saxlamağı bacarmışıq.

- Özünüzü necə xarakterizə edərdiniz?

- Ambisiyasız, içi, çölü bir olan adamam. Mən həmişə nail olduğum kiçik bir uğurla da kifayətlənmişəm, Tanrının verdiyinə qane olmuşam. Heç vaxt istedadımdan, tutuğum mövqedən, vəzifəmdən istifadə edib özümü kimlərdənsə uca tutmadım, qürrələnmədim. Gözüm həmişə ayağımın altına baxdı ki, qalxdığım ucalıqda duruş gətirə biləm. Bu, bəlkə də aldığım tərbiyədən, məxsus olduğum ailənin həmişə qorunan gələnəklərindən qaynaqlanır. Ona görə də hər şeydə - əməllərimdə də, yazılarımda da bu qızıl ortanı qoruyub saxlamağa çalışıram.

- Son illər insanlarımızın bir çoxu bayağı əsərlərə, şou-biznesə həvəs göstərirlər. Bunun səbəbi nədir?

- Zövqələr korlandırılıb. Bunun da əsas səbəbi mədəniyyət sahəsindəki uzun illər yaşanan boşluqluqdur. Gecənin hansı saatında televizoru açsanız, özəl kanalların hamısında çalıb-oxuyanlardan başqa heç kəsi görməyəcəksiniz. Çünki bu adamlar o TV kanallara pul verir, sonra da verdiyinin müqabilində ona ayrılan saatda ağlına və ağzına gələni danışmaq sərbəstliyi qazanır. Beləliklə də, istedadsız və təsadüfi adamlar efirləri zəbt edərək insanların, əsasən də azyaşlıların zövqünü korlamaqla məşğuldurlar. Azyaşlılar da onlardan ibrət götürürlər. Ən ağrılı tərəfi odur ki, bu tip insanlar efirə çıxıb mentalitetdən də ağızdolusu danışırlar.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2021.- 23 iyul.- S.27.