Şuşa: Qarabağın İçəri şəhəri...

 

 

Bakı Azərbaycanın pasportu sayıldığı kimi, Şuşa da Qarabağımızın pasportudur, desək yəqin yanlış olmaz. İçərişəhər Azərbaycanın qədimliyini və özünəməxsus milli koloritini necə əks etdirirsə, Şuşa da külli-Qarabağın abi həyatını eləcə əks etdirir. Fərəhlə qeyd etməliyik ki, ölkəmizdə elə şəhər və yaşayış məntəqələri var ki, onlar Azərbaycanın varlığını, tarixini və rəmzlərini özündə yaşadır və əks etdirir. Belə şəhərlərdən biri olan Şuşa öz mədəniyyətinə və gözəlliyinə görə şöhrət qazanıb. Tariximizdə Qarabağın paytaxtı olduğu illərdə bu şəhər qeyrət və alınmazlıq simvoluna çevrilib.

 

Şuşanın yaradılmasının maraqlı tarixi var. Bu tarix Qarabağ xanlığının yaradıcısı və ona hakimlik edən Pənahəli xanın adı ilə bağlıdır. Nadir şah Pənahəli bəyin böyük qardaşı Fəzləli ağaya bəylik verib onu əvvəlcə öz naibi, sonra isə eşikağası təyin etdi. Fəzləli bəy sarayda müəmmalı şəkildə vəfat etdikdən sonra yerinə Pənahəli bəy təyin olundu. Məlumata görə, Fəzləli bəyin Nadir şahın tapşırığı ilə öldürülməsini hiss edən Pənahəli bəy acı aqibətin onu da gözlədiyini düşünərək saraydan uzaqlaşmağa qərar verdi. Günlərin birində o, bir neçə yaxın adamı ilə Naxçıvana, dostu Qara Murtuza bəyin yanına gəldi. Sonra Pənahəli bəy tərəfdarları ilə Gəncəyə, Şəkiyə, Kür qırağına və daha sonra Qarabağa yürüşlər etdi. Salnaməçi Əhməd bəy Cavanşir bu barədə yazır ki, Pənahəli bəy onu tutmağa gələn şahın silahlı dəstələrinə ciddi müqavimət göstərirdi, onu məğlub edə bilmirdilər. O, müstəqil dövlət yaratmaq barədə düşünür, gücünü sürətlə artırırdı. Xalqa zülm edənlərə qarşı amansız olması onu xalqa sevdirir və onun rəğbətini qazandırırdı.

 

1747-ci il iyulun 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində öldürüldü. Mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində Azərbaycanda 20 müstəqil xanlıq yaradıldı. Belə əlverişli şəraitdə Pənahəli bəy Qarabağda xanlıq təşkil etdi. O, vaxtilə Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir, Otuzikilər və başqa böyük tayfaları Qarabağa qaytardı. Köçən ailələrə yaşamaq üçün hər cür şərait yaradıldı. 1747-ci ilin sonunda Pənahəli bəy özünü Qarabağın hakimi elan etdi. Ancaq bəy başa düşürdü ki, gələcəkdə hücumlardan qorunmaq üçün möhkəm qala lazımdır. O, 1748-ci ildə Ağcabədi yaxınlığında Bayat qalasını inşa etdirdi. Bir müddətdən sonra Pənahəli bəy anladı ki, düzən yerdə tikilmiş bu qalada uzunmüddətli müdafiə mümkün deyil. Bundan bir qədər sonra xan Xocalı kəndinin beş kilometrliyində Əsgəran, daha sonra Şahbulaq qalalarını tikdirdi. Ancaq oralarda da möhkəmlənə bilmədi, bəyi yalnız alınmaz qala düşündürürdü. Nəhayət, çox axtarışlardan sonra Şüşə kəndinin yaxınlığında əlçatmaz yer tapıldı və burada Pənahəli bəyin arzuladığı qalanın inşasına başlandı və möhtəşəm, yenilməz bir qala quruldu. O vaxtdan belə bir fikir yarandı ki, Şuşa kimindirsə, Qarabağ onundur.

 

... Görənlər heyrət edirdilər ki, bu məkan sanki təbiətin bir möcüzəsidir. Sıldırım qayalarla əhatələnmiş və sərt yamacların üzərində bərqərar olmuşdur. Əvvəllər qalaya yalnız bir neçə dar cığırla çıxmaq mümkün idi. Bu cığırlarda duran on beş, iyirmi nəfər bir alayın qarşısını kəsə bilərdi, yəni qüdrətdən səngərli-qalalı idi. Başı daim dumanlı-çiskinli dağları ağuşuna alan sıx yaşıl meşələr, igidlərin yarış meydanı Cıdır düzü, həsrət rəmzi sayılan Gəlin qayası, əlçatmaz yalçın qayalar, Turşsu, İsa bulağı, saf havası Şuşaya özəl gözəlliklər verirdi. Dünyada nadir sayılan Xarıbülbül çiçəyi də Şuşanı tanıdan simvollardan biri kimi sevilirdi.

 

Qarabağ xanlığının paytaxtı olduğu illərdə tariximizdə alınmazlıq simvoluna çevrilmiş bu şəhər-qala həm də ədəbiyyatımıza, musiqimizə, folklorumuza, incəsənətimizə istedadlı sənətkarlar bəxş etməsi ilə də qürur ünvanımıza dönüb. Şuşalılar tanınmadıqları yerdə tanışlıq verəndə fəxrlə Qalalıyam deyirdilər. Məşhur müğənnimiz Rəşid Behbudov bir çox mahnılarında Qalalıyam ey, Qalalı ifadəsini şəstlə işlədirdi.

 

Qeyd etməliyik ki, şəhərin bönövrəsi təxminən 1751-1752-ci illərdə qouyulub və ilk çağlarda şəhər Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb. Bəzi məlumatlara görə, Şuşa qalasının tikintisinə xanın vəziri Molla Pənah Vaqif rəhbərlik edib. Şuşada karvansaralar, bazarlar və 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq.

 

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən qaynar şəhərlərindən birinə çevrildi. Onun dövrəsində böyük və güclü müdafiə səddi çəkilmiş, çoxsaylı sənətkar məhəllələri salınmışdı. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada Pənahabadi adlanan gümüş sikkə kəsilirdi.

 

XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət aldı.

 

İllər keçdikcə sürətlə inkişaf edən Şuşadan pərvəriş tapmış bir çox görkəmli dövlət xadimləri və elm adamları, maarifçilər, pedaqoqlar yetişdi. O zaman bu şəhərin yaşı çox olmasa da, burada bir çox istedadlı dövlət xadimləri yetişmişdi. Dövrünün görkəmli dövlət xadimi və şairi olan Molla Pənah Vaqif şuşalı olmasa da, diplomatik fəaliyyətinin hamısı, bədii yaradıcılığının isə böyük bir hissəsi məhz Şuşa ilə sıx bağlıdır. Molla Pənah Vaqif o şairlərdəndir ki, öz ana dilimizdə-Azərbaycan dilində yazıb-yaradırdı. Xatırladaq ki, o dövrdə bütün şairlər öz əsərlərini fars dilində yazırdılar. Çünki dövlət dili fars dili hesab olunurdu və bu dildə yazmaq tələb olunurdu. Ölməz şairimiz Səməd Vurğun Şah Qacarın dili ilə Vaqif pyesində Gərək fars dilində yazsın sənətkar deyərkən buna işarə etmişdi. Bununla bərabər, Qarabağ xanının vəziri olan Molla Pənah xarici dövlətlərlə, xüsusilə də Rusiya, İran və Gürcüstanla danışıqlar aparmış, mühüm diplomatik fəaliyyət göstərmişdir.

 

Qarabağ hakimi İbrahimxəlil xanın qızı Ağabəyim Ağa Şuşanın ilk qadın şairi olub. Onun şair kimi yetişməsində müəllimi Molla Pənah Vaqifin böyük rolu vardı. Ağabəyim ağa mükəmməl təhsil aldığı üçün bir neçə dildə sərbəst danışmağı bacarırdı. O, siyasi motivlərlə əlaqədar İran şahına ərə verildiyi üçün Tehranda yaşamalı olsa da, daim döğma Qarabağın həsrətini çəkirdi. Yurd nisgili, Vətən həsrəti onun bir çox şeirlərinin leytmotivi olub. Şeirlərinin birində Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ deyib. O zamandan indiyədək dillər əzbəri olan bu misraları bilməyən azərbaycanlı çətin tapılar.

 

Vətən bağı al-əlvandır,

 

Yox üstündə xarı bülbül,

 

Nədən hər yerin əlvandır,

 

Köksün altı sarı, bülbül!

 

Aşağıdakı bir bənd isə Ağabəyim ağanın doğma yurda nə qədər sıx bağlı olduğunu təcəssüm etdirir.

 

Əzizinəm, Qarabağ,

 

Şəki, Şirvan, Qarabağ,

 

Aləm cənnətə dönsə,

 

Yaddan çıxmaz Qarabağ!

 

Qeyd etməliyik ki, dini mövzuda olsa da, Azərbaycanda ilk tamaşa Şuşada göstərilmişdir. Bu tamaşanın müəllifləri və aktyorları şəhərin ziyalıları və sadə şuşalılar idi.

 

Əsasən XVIII əsrdən başlayaraq Şuşada anadan olan şair və yazıçılarımızın əksəriyyəti Azərbaycan dilində yazmaqla, şifahi və yazılı ədəbiyyatımızı, folklorumuzu zənginləşdirdilər. Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və bir çox başqaları öz yaradıcılıqları ilə ədəbi xəzinəmizə qiymətli incilər bəxş etmişlər. Görünür havasının, suyunun, torpağının təsirindəndir ki, Qarabağda, xüsusilə də Şuşada istedadlı xanəndələr, musiqi xadimləri, incəsənət ustaları yetişib. Onlar təkcə Azərbaycan səhnəsinin, Qafqaz regionunun deyil, bütün dünyanın mötəbər məclislərinin yaraşığı olublar. Yaşadıqları dövrün korifeyləri olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Rəşid Behbudov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Hacı Hüsü, Xarrat Qulu, Əbülfət Əliyev və başqaları öz gözəl səsləri və təkrarsız ifaları ilə könülləri fəth etmişlər. Onlar öz yüksək sənətkarlıqları ilə Şuşanı Qafqazın konservatoriyasına çevirmişlər. Qarabağ xanəndələrinin səsi Yaxın və Orta Şərq ölkələrindən, şahların saraylarından gəlirdi.

 

Təəssüf ki, Şuşamız 1992-ci ildə xəyanət nəticəsində erməni işğalçıları tərəfindən ələ keçirildi. Vandal ermənilər şəhərdəki məscidləri, evləri, müzeyləri və digər mədəniyyət abidələrimizi dağıdıb yerlə-yeksan etdilər. Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın güllələnmiş büstləri bu gün də erməni vəhşiliyinin izlərini özlərində saxlamaqdadır.

 

Nəhayət, iyirmi səkkiz illik həsrətdən sonra Şuşanın azad edilməsi bütün dünya azərbaycanlılarının ümumxalq bayramı kimi qarşılandı. Bu bayramı bizə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu yaşatdı. Rəhbərimiz və qəhrəman döyüşçülərimiz ermənilərin 28 ildən artıq müddətdə işğal altında işğal saxladıqları şəhəri və digər torpaqlarımızı cəmi 44 günlük ildırımsürətli döyüş əməliyyatları ilə azad etdilər. Prezidentimiz Əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik dedi. Dövlət başçımızın tapşırığı ilə Şuşa dağıntı olmamaq şərtilə xüsusi tapşırıqla- bir top mərmisi atılmadan azad edilib.

 

Prezident İlham Əliyevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə yanvar ayında birlikdə azad edilmiş Şuşada olmaları, dağıdılmış dini və mədəniyyət ocaqlarını ziyarət etmələri orada böyük işlər görüləcəyinə stimul yaradıb. Tezliklə xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın, Xan Şuşinskinin, Süleyman Ələsgərovun ev-muzeyləri, Vaqifin məqbərəsi yenidən qurulub abadlaşdırılacaq və əvvəlkindən də baxımlı vəziyyətə salınacaqdır.

 

Əvvəllər həmişə Şuşada Vaqif poeziya günləri, muğam yarışları, Xarıbülbül festivalları keçirilərdi. İyirmi səkkiz illik fasilədən sonra yasa bürünmüş Şuşa dağlarında, Cıdır düzündə bu festivallar yenidən keçirilməyə başladı, gözəl ənənəmiz bərpa olundu. Ellərin yığışıb böyük təm-təraqla keçirdikləri möhtəşəm Xarıbülbül festivalı əsarətdən təzəcə qurtulan doğma Vətən torpağımızı və onun əsrarəngiz gözəlliklərini qədərincə vəsf etdi. Bundan sonra Xarıbülbülümüz daha boynubükük olmayacaq, Qələbəmizin rəmzi kimi təqdim ediləcək. Şuşalı Xarıbülbülümüz hər yerdə dostlarımızı sevindirəcək, düşmənlərimizi isə xar edəcəkdir.

 

 

Vəli İlyasov

 

 

İki sahil.- 2021.- 31 iyul.- S.13.