Xüsusi təyinatlıların ən gənc şəhidi

 

 

Qısa tanıtım: Şahbazov Kənan Natiq oğlu 23 iyul 2002-ci il tarixdə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Doğum tarixi valideynlərinin yaşayış yeri üzrə rayonun Kəlbəhüseynli kəndində qeydiyyata alınıb. 2008-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçən Kənan Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Ələddin Məmmədov adına 76 saylı tam orta məktəbin birinci sinifinə qəbul olunub. 2010-cu ildən valideynlərinin işi ilə əlaqədar Tatarıstanın paytaxtı Kazan şəhərinə köçüb və orta təhsilini orada davam etdirib. Sonra yenidən Bakı şəhərinə qayıdıb və Xətai rayonunda 138 saylı tam orta məktəbdə təhsil alıb.

 

Qaydasız döyüşlər idman növü ilə məşğul olan K. Şahbazov yeniyetmələr arasında ölkə üzrə keçirilən idman yarışlarında və beynəlxalq turnirlərdə diplom və medallara layiq görülüb.

 

2019-cu ildə Kazan Açıq Federal Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olub. Ali məktəbin birinci kursunu bitirdikdən sonra 2020-ci ildə təhsilini qiyabi yolla davam etdirib.

 

2020-ci ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə çağırılıb. Fiziki hazırlığına, idman göstəricilərinə, eləcə də bilik və bacarığına görə hərbi xidmətə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) başlayıb.

 

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni seperatçılarının işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə qarşı keçirilən əks-hücum əməliyyatı zamanı düşmən gülləsinə tuş gələrək şəhid olub.

 

Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Kənan Şahbazov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

6 ölkənin 153 pəhləvanından biri

 

Gənclər və İdman Nazirliyinin Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş idmançıların siyahısında Kənan Şahbazovun adı uşu döyüşçüsü kimi təqdim olunub.

 

Kənan qədim Çin döyüş sənəti olan uşu ilə uşaqlıq çağlarınan məşğul olurdu. Kunq-fu" termini ilə eyni mənanı ifadə edən bu döyüş sənəti insandan daxili yetkinlik, inadkarlıq, özünə inam, böyük iradə tələb edir. Uşu qaydalarına görə döyüşçü özünü bütün təhlükələrə, o cümlədən də ölümə hazırlamalıdır.

 

Kənan isə təkcə idman uşu növünün deyil, həm də klassik güləşin sirlərinə yiyələnmişdi. Xaricdə idmanın bu növünə Yunan-Rma güləşi dyilir. 2015-ci ildə Bakıda Sərhədçi Olimpiya İdman Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında keçirilən beynəlxalq turnirdə Kənan Şahbazov 54 kq çəki dərəcəsi üzrə finala gürcüstanlı Vano Godelaşvili ilə fəxri kürsüyə çıxmışdı. Gürcüstanla yanaşı, İran, Qazaxstan, Rusiya və Özbəkistandan 153 pəhləvanın mübarizə apardığı yarışın ilk günü Kənan Azərbaycana 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazandıran güləşçilərimizdən biri olub.

 

Kənan Şahbazov Bakıda Prezident Kuboku daxil olmaqla Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda onlarla qızıl, gümüş və bürünc medallar qazanmış, diplom və pul mükafatları ilə təltif edilmişdir.

 

Professor Dilqəm Quliyev "İkinci Qarabağ müharibəsinin şəhid idmançıları adlı kitabın xüsusi buraxılışını nəşrə hazırlayır. Kitaba Vətən müharibəsində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş idmançıların keçdiyi şərəfli döyüş yolu, idman aləmində qazandıqları uğurlar barədə təəssüratlar, onların fotoşəkilləri daxil ediləcək. Azərbaycan xalqının milli suverenliyi və ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan idmançılarının vətənpərvərlik təşəbbüsünün təbliğ olunması çox təqdirəlayiq və xeyirxah işdir. Ümidvarıq ki, kitabın səhifələrində Kənan Şahbazov haqqında da maraqlı təəssüratlar əksini tapacaq və heç vaxt unudulmayacaq şəhidlərimizin qəhrəmanlığı, həyat və döyüş hekayələri ilə bərabər bir daha xatırlanıb, gənc nəsilə tanıdılacaqdır.

 

Anasını tək qoymaq istəmədi...

 

Dayısı Elçin Əsədovun dediyinə görə, Kənan yeniyetmə yaşlarından hüquqşünas olmaq arzusu ilə yaşayıb. Hələ səkkinci sinifdə oxuyanda atasına zarafatla deyərmiş ki, əgər mən prokuror və ya məhkəmə olsam, qayda- qanunla işləyəcəm. Atam olsan da qanunları əgər pozsan, sənə də qanunla müəyyən edilmiş cəza tətbiq edəcəyəm. Çox təəssüf ki, Tatarısatan paytaxtının havası Kənanın anası Alidə xanıma düşmür. Ona görə Bakıya qayıtmalı olur. Bacısı Röyalə ailə həyatı qurandan sonra Naxçıvanda yaşayırdı . Kənan da anası tək qalmasın deyə təhsilini qiyabi yolla davam etdirmək qərarına gəlir.

 

...Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılanda Kənanın 18 yaşı bir-iki gün idi ki, tamam olmuşdu. Peşəkar idmançı olması, Azərbaycan və türk dili ilə yanaşı, rus dilində sərbəst danışması onun XTQ-də nümunəvi əsgər kimi hörmətini, nüfuzunu artırmışdı.

 

Kənanın sevə-sevə xidmət etdiyi XTQ düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun demək olar ki, əsas güc mənbəyi hesab olunurdu. Xüsusi təyinatlıların arasında xüsusi hazırlanmış qruplar olur ki, onlar döyüş isitiqamətində aparılan əməliyyatlarda daha peşəkar olurlar. Kənan da belə oğullardan biri idi. Hərbi hissədə xidmətə başladığı üç ay qısa müddət olsa da o, universal döyüş vərdişlərinə yiyələnmişdi.

 

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində bütün növ atıcı silahlardan istifadə edə bilən, fiziki cəhətdən olduqca güclü, yüksək tələblərə cavab verən, iradəli, əlbəyaxa döyüşlərdə ustalıqla vəziyyətdən çıxa bilən, gecə və pis hava şəraitində istiqaməti və gediləcək məntəqəni dəqiq bilən xüsusi təyinatlılar erməni faşistlərinin canına qorxu salmışdı. Kənangilin qrupu da xüsusi tapşırıq əmrini mərdliklə yerinə yetirirdi. Hər zaman qorxmaz olan, bütün çətinliklərə sinə gəlməyi bacaran Kənan öz cəsarəti və çevikliyi ilə əməliyyatlarda fərqlənirdi. Nə yazıq ki, müharibədə ən uğurlu əməliyyatlar belə qurbansız ötüşmür. Oktyabrın 2-də igid pəhləvanımız növbəti əməliyyat tapşırığını yerinə yetirərkən düşmən mövqelərindən açılan atəş nəticəsində ölümcül yaralanır və şəhid olur.

 

Şəhidlik şərəf, qeyrət, ucalıq və qəhrəmanlıq zirvəsidir

 

Oktyabırn 3-də xüsusi təyinatlıların ən gənc şəhid əsgəri olan Kənan Şahbazovun Azərbaycan bayrağına bürünmüş tabutu Çaxırlı kəndində böyük izdihamın müşayiəti ilə son mənzilə yola salındı. Millət vəkillərinin, Masallı Rayon İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanları nümayəndələrinin, kənd sakinlərinin iştirak etdikləri mərasimdə nəvəsinin tabutunun büküldüyü bayrağı dəfələrlə öpüb gözlərini üstünə qoyan babası Yaşar kişi dedi: Mən nəvəmlə fəxr edirəm. Ona görə fəxr edirəm ki, Kənan Vətən uğrunda şəhid olub. Masallıda Kənan kimi oğullar çoxdur. Düşmən Kənanın qolunu da qatlaya bilməzdi. Şərəfsizlər onu uzaqdan güllə ilə vurublar...

 

Kənanın yolunu gözləyən anası Alidə xanım indi tək qalmasın deyə bacısı Röyalə Naxçıvandan Bakıya dönüb.

 

Uşaqlıq çağlarından qəribə tale yaşamış şəhid Kənanın dayısı Elçinlə Şərəfə kəndində görüşdük. Bacısı oğlunun Vətənə, anaya olan sevgisindən söhbət açan Elçin Əsədov onun idman yarışlarında qazandığı uğurlarından danışdı və uşaqlığı ilə bağlı xatirələrini bizimlə bölüşdü .

 

Şəhidlik - vətənpərvərliyin ən ali məqamıdır. Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Şəhidlik ona görə ölümlərin ən şərəflisi və müqəddəsi sayılır ki, bu zirvəyə ucalmaq hər kəsə qismət olmaz.

 

Qısa ömür sürsə də Kənanın əziz ruhu onun əməllərinin sorağı kimi yaşayır. Onun şəhid olması xəbəri Bakının Xətai rayonunda təhsil aldığı məktəbin müəllim və şagird kollektivini, Əhmədli qəsəbəsində qonşuluqda yaşadığı hər kəsi sarsıtmışdı. Sosial şəbəkə hesabında uşaqlıq yoldaşlarından biri Kənana xitabən yazır: Bir məhəllədə qalırdıq. Çox da aramız yox idi. Dalaşardıq səninlə. Heyif, kaş o günlər olardı, yenə dava edərdik. Bütün Əhmədli, bütün Azərbaycan səninlə fəxr edir, Kənan! Yeganə Talıbzadə adlı bir xanım isə yazır: Canım Kənanım, qara gözlüm, biz hələ də sənin yolunu gözləyirik...

 

Bu günlərdə Milli Məclisin deputatı Məşhur Məmmədovun ictimai əsaslarla köməkçisi Hekayət Nəzərov və Masallı RİHB-nın Çaxırlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin baş məsləhətçisi Ziyafət Məmmədovla Çaxırlı kənd qəbiristanlığında Vətən müharibəsində həlak olan şəhidlərin məzarlarını ziyarət etdik. Qəlbimdən keçən kövrək hisslərim, duyğularım ruhumda belə misralandı:

 

İgidin qaşı yaxşı,

Kirpiyi, qaşı yaxşı.

Şəhid yatan məzarın,

Torpağı, daşı yaxşı.

 

Nurəddin Ədiloğlu

 

İki sahil.- 2021.- 4 iyun.- S.21.