Milli baş örtüyümüz kələğayı

 

 

 

 

Xalqımız təkrarolunmaz və zəngin bir mədəniyyətə, çoxsaylı milli dəyərlərə malikdir. Bu dəyərlərdən biri milli baş örtüklərimizdir. Bir müsəlman qadınının baş örtüyü onun gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi hesab edilir. Azərbaycan ərazisində ən geniş yayılmış baş örtüyü olan kəlağayı dördkünc formada hazırlanır. Bu baş örtüyünü hazırlamaq üçün xüsusi yerlərdə, özəl bəslənmiş barama qurdlarından əldə olunmuş ipək saplardan toxunmuş parçalar istifadə olunur.

 

Azərbaycanda kələğayının istehsal tarixi kifayət qədər qədimdir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək səviyyəli kəlağayılar hazırlanırdı. Eləcə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ipək fabrikində incə ipək saplardan hazırlanan parçalar nəfis tərtibatdan sonra göz oxşayan baş örtüklərinə çevrilirdi. Qeyd edək ki, Ordubad ərazisində bu baş örtüyü çərqət ( ya çarqat), örpək adlandırılırdı. Onu da vurğulamaq yerinə düşər ki, kələğayı istifadəsi heç dinlə əlaqəli olmayıb. Bu baş örtüyü birbaşa milli geyim nümunələrimizi tamamlayan bir elementdir.

 

 

 

ipək sapdan toxunan kələğayının boyanması üçün müxtəlif bitkilərin qabığından, kökündən, meyvəsindən, çiçəyindən istifadə edilirdi. Boyanmış parça qurudulduqdan sonra xüsusi qəliblərdən istifadə edilərək bəzədilirdi. Qeyd edək ki, qəliblər davamlılığına görə xüsusi ağaclardan hazırlanırdı (xüsusən meşə armudunun oduncağından) üzərində Azərbaycan xalqının milli ornamentləri, həndəsi nəbati elementlər təsvir edilir, məhz bu üçün nəzərdə tutulurdu. Milli ornametlərimizdən olan buta kələğayıların bəzədilməsində sıxlıqla istifadə olunan elementlərdən biridir. Demək olar ki, hər bölgədə müəyyən ornamentlər o bölgənin ustaları tərəfindən özünəməxsus tərzdə bəzədilir bəzən elə həmin bölgənin adı ilə adlandırılırdı: Muğan-buta, Bakı-buta, Xilə-buta, Şirvan-buta, Naxçıvan buta s. Əgər diqqət etsək tərtibatına görə sadəcə buta ornamentinin onlarla növünü görmüş olarıq. Şah buta, saya buta, əyri buta, dilikli ( ya dişli) buta, qıvrım buta, qarmaqlı buta, şabalıd buta, badamı buta, dik (və ya iti uclu) buta, qoşa buta, qotazlı buta, çiçəkli buta s. kimi növləri var bu ornamentin. Kompozisiyada istifadəsinə görə ailə buta, dost buta, küsülü buta, sevgili buta s. kimi adlandırılır. Bununla yanaşı, dağı ifadə edən, suyu rəmzləndirən, günəşə, Yer kürəsinə həyata işarə olan digər elementlər, yerlə göy arasında əlaqəni ifadə edən quş motivləri eləcə nəbati ornamentlər kələğayıların tərtibatında əsrlərdir ki, istifadə olunan milli ornamentlərimizdir. Qəliblər üzərindəki ornamentlər oyma üsulu ilə hazırlanırdı müxtəlif rənglərə batırılaraq basma üsulu ilə bəzədilirdi.

 

Bu gözəl baş örtüyü həm sülh elçisi olub zamanında. Münaqişə böyüməsin deyə ağbirçək analarımız başlarındakı örpəklərini ayaq altına atar-atmaz tərəflər hörmət ehtiram əlaməti olaraq sakitləşər barış bağlamaq üçün ya görüşüb qucaqlaşar, ya da sakitcə oradan uzaqlaşardılar. Beləcə, kələğayı daha bir missiyanı daşımış olurdu.

Elə bu gün kələğayı Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ən-ənənələrini özündə ehtiva edir. Əsrlər keçsə belə kələğayı xalqımızın həyatında hər zaman önəmli rol oynamışdır.

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti Kəlağayı simvolizmi ənənəvi sənəti adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib! Bununla da Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Onun istehsalı təbliği sahəsində ard-arda işlər aparıldı. Bu gün yenə kələğayı anaların gəlinləri üçün sevə-sevə aldığı ilk baş örtüyünə çevrilib. O baş örtüyünə ki, nəsildən-nəsilə ötürüləcək. elə bu gün yenə hər zaman olduğu kimi, Qərb mədəniyyətinin qadın nümayəndələrinin maraq dairəsindədir kələğayı. Özünün təbii qumaşı, nəfis anlamlı tərtibatı ilə. Hər zaman olduğu kimi, yenə dillər əzbəri, şeirlər bəzəyidir kələğayı.

 

Gecənin sarvanı o ulduz, o ay,

Anamın örtdüyü sarı kəlağay.

Sözümdə qalmışdır ömrüm uzunu,

Bəlkə şairin taleyidir bu...

 

(Səməd Vurğun)

 

Sevinc Səbzəliyeva,

Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı

 

İki sahil.- 2021.- 9 iyun.- S.29.